Məhkəmə qərarları › İş №1(124)-288/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-288/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-288/2023 24.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Xaçmaz şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 07 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Xaçmaz rayon X4 bölməsində barəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə, həmin əmələ görə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə baxmayaraq, təkrar törədilməklə, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 9.415 qram olan narkotik vasitə heroini və küllü miqdarda, yəni təmiz çəkisi 4.460 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 11 may 2022-ci il tarixdə o Xaçmaz şəhəri Sara Xatun küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinə gətirildikdən sonra Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında saat 20:50-dən 21:10-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindəki çantadan içərisində təmiz çəkisi 9.415 qram olan narkotik vasitə heroin olan bir ədəd sellofan büküm və həmin çantadaki kisədən içərisində təmiz çəkisi 4.460 qram olan psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, təkrar, külli miqdarda, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadələrində göstərdi ki, 11 may 2022-ci il tarixdə saat 18:00-da həyat yoldaşını işdən götürüb evə gələndə qaynatasıgilin evinin qarşısında olanda Kamran, İbrahim, Vüsal adlı polis əməkdaşları avtomobildən düşüb ona yaxınlaşmışlar. Onlar onu tutmaq istəyirdilər. Bunu başa düşüb bıçağı götürərək öz boğazını kəsmişdir. O, məhkəmə axtarışı ilə tutulmuşdur. Tutulduqdan sonra şöbəyə gətirilmiş, şöbədə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Narkotik vasitə çantada idi. Çantanı isə özləri gətirmişlər. Onu maşına mindirib çantanı zorla yoldaşının əlindən almışlar. Vüsal onu döymüşdür. Ağrıları olduğu üçün məcbur olub istədikləri ifadəyə imza etmişdir. Gizləndiyi dövrdə o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün narkotik vasitə marixuana istifadə edirdi. Şəxsi axtarış və götürmə aparılması zamanı həyata keçirilmiş videoçəkiliş zamanı narkotik vasitələrin ona məxsus olmasına etiraz etməməyinin səbəbi polis əməkdaşlarının onu hədələmələri olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş İttiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, tutulmamışdan iki gün əvvəl adını xatırlamadığı tanışlarından biri ilə söhbət edərkən ona xatırlamadığı mobil telefon nömrəsini verib demişdir ki, «Whatsapp» vasitəsilə həmin mobil telenfonla əlaqə saxlayıb narkotik vasitə ala bilər. O həmin mobil telefona «Whatsapp» vasitəsilə mesaj yazıb özünün istifadəsi üçün narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin istəmişdir. Həmin şəxsdə cavabında ona yazmışdır ki, verdiyi hesaba pul köçürsə həmin narkotik vasitələri ona verə bilər. O mesaj yazıb pulu hansı hesaba köçürəcəyini soruşmuşdur, cavab olaraq isə həmin şəxs ona xatırlamadığı hesab nömrəsi vermiş, o da həmin hesab nömrəsinə 200 manat pul köçürmüşdür. Həmin gün mobil telefonunun «Whatsapp» səhifəsinə mesaj gəlmiş və o gələn mesajı oxuyanda görmüşdür ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində xatırlamadığı yerin fotoşəkili var və alt hissəsində yazılmışdır ki, narotik vasitəni həmin yerin yıxınlığına qoyacaqdır. O Bakı şəhərinə getmiş və maraqlanıb həmin yeri tapanda görmüşdür ki, deyilən yerdə bir ədəd sellofan torba var. O sellofan torbam götürüb oradan uzaqlaşdıqdan sonra açıb içərisinə baxdıqda görmüşdür ki, torbanın İçərisində sellofan bükümlərdə narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin var. O aldığı narkotik vasitə olan heroini, qurudulmuş marixuananı və psixotrop maddə olan metaınfetamini əl çantasına qoyub özü ilə Xaçmaz şəhərinə yaşadığı evə gətirmişdir. Sonrakı günlərdə aldığı heroindən bir qədər istifadə etmişdir, qalanını isə əl çantasında saxlamışdır ki, sonradan özü istifadə edər. 11 may 2022-ci il tarixdə təxminən saat 20 radələrində Xaçmaz şəhəri, Sara Xatun küçəsində olduğu zaman ona polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşlarının onu tutub Xaçmaz RPŞ-nə aparacaqlarını bilmiş və bu səbəbdən də üzərində olan bıçağı çıxarıb sol əlinə xəsarət yetirmişdir ki, polis əməkdaşları qorxub ona yaxın gəlməsinlər. Ancaq buna baxmayaraq polis əməkdaşları yaxınlaşıb onu tutaraq bıçağı əlindən almışlar və onu avtomobilə əyləşdirib Xaçmaz RPŞ-nə gətirmişlər. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi məqsədi ilə ona vəkil təqdim olunmuşdur. Bundan sonra müstəntiq ona axtarışda olduğunu, qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması, daşıması barədə məlumat daxil olduğunu bildirərək əl çantasının və bıçağın ona məxsus olub-olmadığını, bıçaqla özünə xəsarət yetirməyinin səbəbini soruşdu, o da əl çantasının, bıçağın özünə məxsus olduğunu və üzərində olan bıçaqla özünə xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra müstəntiq onun və müdafiəçisinin iştirakı ilə əl çantasını açıb baxış keçirmiş və əl çantasında bir ədəd qara rəngli süni dəridən olan kisə, bir ədəd qeyd dəftərçəsi, bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd sellofan bükümdə olan heroin, pul kisəsi, bir ədəd mobil telefon adapteri, bir ədəd alışqan, bir ədəd gümüşü rəngli falqa aşkar olunmuşdur. Müstəntiq ondan sellofan bükümdə olan maddənin nə olduğunu soruşmuşdur, o da sellofan bükümdə olan maddənin «kakos», yəni heroin olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən əvvəlcə pul kisəsinin, ondan sonra isə əl çantasında aşkar olunmuş qara rəngli süni dəridən olan kisənin içərisinə baxılmış və pul kisəsində orta hissədən rezinlə bağlanmış iki ədəd 200 manatlıq, bir ədəd 100 manatlıq əskinasların, üç ədəd 100, bir ədəd 50, beş ədəd 10 ABŞ dollarlarının, qəpik pulların, qara rəngli süni dəridən olan kisənin içərisində isə bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Müstəntiq həmin maddənin nə olduğunu soruşmuş, o da süni dəridən olan kisənin içərisində aşkar olunmuş maddənin «patı», yəni metamfetamin olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibinin üst hissəsində olan balaca cibdə bir ədəd sellofan bükümdə qurudulmuş marixuana, şalvarının sağ yan cibində qəpik pul, gödəkçəsinin sol yan cibində isə bir ədəd alışqan aşkar olunmuşdur. Müstəntiq tərəfindən əl çantasında aşkar olunmuş selofan bükümdə olan heroin, psixotrop maddə olan metamfetamin, üstündə aşkar olunmuş sellofan bükümdə olan qurudulmuş marixuana, bir ədəd bıçaq onun və müdafiəçisinin iştirakı ilə ayrı-ayrılıqda iki ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmişdir. O, da əl çantasında aşkar olunmuş heroinin, metamfetaminin, üstündə aşkar olunmuş qurudulmuş marixuananın və bıçağın qablaşdırıldığı zərflərin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. (Cild 1, iş vərəqləri 44-47, 58) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyat müvəkkilli Şahid1 ifadəsində göstərdi ki, təxminən may ayında Ramilin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Bununla bağlı şöbə rəisinə məruzə olunmuş, 3 nəfər sahə polis nəfərlərindən ibarət əməliyyat qrupu yaradılmışdır. Kamran onunla birgə gəlmiş, onlar küçəyə çatanda İbrahimlə Vüsal artıq Ramil adlı şəxsi saxlamışlar. Ramilin əlində bıçaq olmuş, özünə xəsarət yetirmişdi. Küçədə camaat da çox idi, qonum-qonşu, səs-küy var idi. Həmin vaxt intihar etmək istəyirdi, tutulmaq istəmirdi. Qolunda asma çanta olmuşdur. Orada da narkotik vasitəni özü qəbul etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in İTB-nin sahə polis nəfəri X3 ifadəsində göstərdi ki, təxminən may ayında onlar iclasa, şöbənin qabağına gəlmişlər. Şöbə rəisi Tahir müəllim Anar müəllimin əməliyyatı olduğunu, əməliyyatçılar tədbirdə olduğuna görə ona kömək etmələrini demişdir. O, Anar müəllimlə gəlmiş, İbrahimlə Kamran isə İbrahimin maşını ilə getmişlər. Onlar çatanda artıq X6 tutmuşdu. Təqsirləndirilən şəxs özünə bıçaqla xəsarət yetirdiyinə görə onun qollarını tutub bıçağı əlindən almışdılar. Çanta Ramildə olmuş, qadınlar çantanı Ramildən almaq istəmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in İTB-nin sahə polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, əməliyyat tədbiri ilə əlaqəli qaynanasıgilin küçəsinə yaxınlaşmışlar, onlar yaxınlaşan vaxt özünə xəsarət yetirmişdir. Həmin vaxt özünə xəsarət yetirməsin deyə bıçağı götürərək polis şöbəsinə aparmışlar. Qadınlar çantanı Ramilin əlindən almaq istəmiş, o da çantanı onlardan götürüb, özü ilə birlikdə Xaçmaz RPŞ-nə aparmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış aparılması” haqqında 11 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə marixuanaya bənzər bir ədəd sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs əl çantasından aşkar edilən bir ədəd bükümdəki ağ rəngli maddə, bir ədəd bükümdəki qəhvəyi rəngli maddə, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan bitki kütləsi, bir ədəd bıçaq, həmçinin pul əskinasları sübut əhəmiyyəti daşıya biləcəyindən müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. (Cild 1, iş vərəqləri 119-124) “Şəxsi axtarışın keçirilməsi barədə” 11 may 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd ”DVD” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan həmin diskə baxış keçirilməsi haqqında 27 avqust 2022-ci il tarixli protokolla, həmçinin məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 29, 123-124) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 12 may 2022-ci il tarixli 6/2731-7/474 saylı rəyinə əsasən götürülmüş şəffaf sellofanda təmiz çəkisi 9,415 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 4,460 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild 1, iş vərəq 38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 28 iyul 2022-ci il tarixli 4120 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 99-104) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə - psixatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2005 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Emosional davamsız tip şəxsiyyətin pozuntusu müəyyən olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ittiham olunan əməl dövründə onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları İdarə etmək iqtidarından məhrum etsin. Hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zamanı o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək İqtidarında olmuş, yəni anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəq 105) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan və iş üzrə maddi sübut kimi tanınmış 9,365 qram narkotik vasitə heroin, 4,410 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq qalan və iş üzrə maddi sübut kimi tanınmamış 0,259 qram marixuana Xaçmaz RPŞ-in saxlanc yerinə təhvil verilmişdir. Maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarına əlavə olunmuşdur. (Cild 1, iş vərəqləri 138-145) Cinayət işinin materiallarında olan “Cinayət işinin ayrılması və işin icraata götürülməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işi materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəq 147) Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni yalnız şəxsi istifadə məqsədilə saxlaması, polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Xaçmaz rayon prokurorluğundan daxil olmuş 20 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Xaçmaz rayon prokurorluğunun 20 avqust 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 9,415 qram heroinin şəxsi istehlak miqdarından təxminən 62 dəfə, külli miqdardan isə təxminən 4 dəfə; 4,460 qram psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından təxminən 29 dəfə, külli miqdardan isə təxminən 2 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 07 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 79-98) Məhkəmə qeyd edir ki, hazırki hökm üzrə təyin edilmiş cəza cinayətlərin məcmusu üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə toplanılmalı olduğu üçün, həmin cinayətə münasibətdə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olması müəyyən olunur, buna görə də bu hal onun cəzasını ağırlaşdıran hal kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Barəsində Sumqayıt Ağır Cinayətlər məhkəməsi tərəfindən 05 aprel 2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və həmin qərar əsasında 11 may 2022-ci il tarixdən həbs olunmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü qanuni qüvvəyə minməklə təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi davam etmişdir. (Cild 1, iş vərəqləri 48-60) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 may 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, onun barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan 9,365 qram, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 4,410 qram və maddi sübut kimi tanınmamış narkotik vasitə 0,309 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0,259 qram məhv edilməlidir. İş materiallarında olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 152 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 07 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan 9,365 qram, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 4,410 qram və maddi sübut kimi tanınmamış narkotik vasitə 0,309 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0,259 qram məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 152 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar