Məhkəmə qərarları › İş №1(124)-288/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-288/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-288/2024 27.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda əldə etdiyi 01 (bir) ədəd sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil edilmiş təmiz çəkisi 4,232 qram ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özü ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşıyaraq üzərində saxlamış, 13 may 2023-cü il tarixdə saat 16:00 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən o, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində yerləşən “Araz” marketin qarşısında saxlanılıb Saray polis bölməsinə gətirilmiş və polis bölməsində üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən həmin 01 ədəd sellofan bükümdə 4,232 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, 13 may 2023-cü il tarixdə işdən çıxıb evə gəlib istirahət edən zaman ona yaşadığı evlə bağlı MTK-dan zəng gəlmiş və o, ofisə dəvət olunmuşdur. O, həmin zəngdən sonra evdən çıxmış, bu zaman arxadan maşında olan 2 nəfər şəxs onu çağırmış, o da həmin maşına yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və onu şübhəli şəxs kimi saxladıqlarını bildirmişdirlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, şöbədə onun əllərini arxadan qandallayaraq 3-4 saat gözlətmişdirlər. Daha sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparmaq istəmiş, sonra bu fikirdən daşınmışdırlar. Bir neçə saat sonra bir nəfər gətirib ona vəkili olduğunu demiş və onun icazəsi ilə üstündə hal şahidlərinin iştirakı ilə axtarış aparılmış və onun cibindən 1 paket çıxararaq onun nə olduğunu soruşduqda, o da bilmədiyini demişdir. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, üzərindən çıxan metamfetamini gödəkçəsinin cibinə polis əməkdaşlarının qoymasından xəbəri olamamış və bunu hiss etməmişdir. O, ümumiyyətlə, bu günə qədər narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və ya satışı ilə məşğul olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq göstərilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 13 may 2023-cü il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olması, hazırda yaşadığı ünvanın yaxınlığında olması və üzərində psixotrop maddə olması barədə məlumat almış, dərhal həmin məlumatı rəhbərliyə məruzə etmiş, müvafiq sənədləşmə aparıldıqdan sonra polis əməkdaşı Şahid2 ilə birlikdə Saray qəsəbəsi, M.Əsədov küçəsinə getmişlər. Həmin vaxtı Saray qəsəbəsi, M.Əsədov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması barədə məlumatlarının olduğunu bildirib, polis bölməsinə dəvət etmiş, Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin cibindən 01 ədəd sellofana bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməsi və nə üçün üzərində saxlaması soruşulduqda, həmin maddənin özünə aid olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunaraq şəxsi axtarış aparılmasında iştirak edənlər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 13 may 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsində polis bölməsinin yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsində olan zaman iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyini və şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etməyini təklif etmişlər. O, təkliflə razılaşaraq onlarla polis bölməsinə getmiş və keçirilən şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış keçirilən zaman vəkil də orada olmuş, həmçinin başqa bir nəfər də hal şahidi olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 01 ədəd büküm çıxmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşmuşlar və Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olmadığını bildirmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və iştirakçıların hər biri tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 13 may 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsində polis bölməsinin yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsininin qarşısından keçən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və polis bölməsinə gətirilmiş bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etməsini təklif etmişlər. O, təkliflə razılaşmış və keçirilən şəxsi axtarışda iştirak etmişdir. Belə ki, polis bölməsində xidməti otaqların birində polis əməkdaşlarının, onun, müdafiəçinin və digər hal şahidinin yanında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülü büküm çıxarılmış və büküm açılaraq təqdim edilmişdir. Bükümdə ağ rəngli kristal formalı maddə olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşmuşlar və Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olmadığını bildirmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərfi o, digər hal şahidi, müdafiəçi və Təqsirləndirilən şəxs özü imza etmişdir. Sonra zərfə möhür vurulmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, münasibəti olmamış, həmçinin polis əməkdaşlarını da tanımır və polis əməkdaşları ilə də heç bir münasibəti olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron RPİ Saray PB-nə xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Saray MTK ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində psixotrop maddə qəbul etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə gəzdirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Ab.eron RPİ-nin Saray PB-nə gətirilmiş və onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zmaan üzərində olan 1 ədəd şəffaf sellofana bükülmüş içərisində olan kristal formalı psixitrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 13 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür.həmin maddəni haradan əldə etməsi və nə üçün üzərində gəzdirməsini ondan soruşduqda həmin əşyanın ona aid olmamasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı aşkar olunmuş metamfetaminə bənzər kütlə zərfə qoyulmuş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli, 6/2788 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi və ”... Təqsirləndirilən şəxs- imza, İştirak etdilər: beş imza Tərtib etdi: E.Əsgərov- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi -4,232 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr” in 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: metamfetaminin təmiz çəkisi – 4,232 qram, tədqiqata sərf olunan miqdar 0,1 qram, qalıq 4,132 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4261 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 Publik Hüquqi şəxsin 18 may 2023-cü il tarixli, 937 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra 4,132 qram qalmış psixotrop maddə olan metamfetamin maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən bilavasitə külli miqdarda psixotrop maddələrin və narkotik vasitələrinm satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatları əldə edilmiş, lakin konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,232 qram külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,232 qram külli miqdarda psixotrop maddə metamfetamin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına dair polis əməkdaşının raportunda və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarında göstərilənləri, həmçinin polis əməkdaşlarının məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasına dair verdikləri şahid ifadələrini dinləyib, həmin raportu, qərarı və ifadələri iş üzrə mövcud olan digər sübutlarla qarşılıqlı şəkildə araşdırıb, həmin şəxslərin ifadələrinə bu hissədə tənqidi yanaşır və hesab edir ki, şəxslərin bu xüsusatla bağlı ifadələri ehtimallara əsaslanır və iş materiallarında olan sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi şahid və hal şahidlərinin ifadələri (psixotrop maddənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin bildirdiklərini müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi kimi qiymətləndirir və onun cinayət məsuliyyətindən yaxa qurtarmağa, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı dövründə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şabhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 4,132 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 13 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,132 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar