Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-289/2024 16.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Məmməd» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Məmməd» adlı şəxs və qeyriləri külli miqdarda 12727 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2055,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 7483,1 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda Astara rayonu ərazisində dəqiq məlum olmayan ünvanda yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu istintaqa dəqiq məlum olmayan vaxtda 12727 qram narkotik vasitə heroini, 2055,0 qram narkotik vasitə qurudulmuş marixuananı və 7483,1 qram psixotrop maddə metamfetamini əldə edib yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Müşfiq küçəsi, ev 5 ünvanına qanunsuz daşıyaraq orada saxlamış, əvvəlcədən satışa hazırlamaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin 47,0 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 23 iyun 2023- cü il tarixdə saat 20:50-də Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Müşfiq küçəsi, ev 5 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4 yerləşən Baş İdarəyə aparılaraq həmin gün saat 22:30-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 47,0 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 iyun 2023-cü il tarixdə saat 00:10-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2a yerləşən fərdi yaşayış evinə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1025,0 qram və 1030,0 qram olmaqla ümumi çəkisi 2055,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iki ədəd bükümdə, külli miqdarda ayrı-ayrılıqda 856,6 qram, 853,0 qram, 902,7 qram, 861,7 qram, 654,4 qram, 956,8 qram, 834,1 qram, 922,1 qram, 1000,2 qram, 537,7 qram, 596,7 qram, 857,2 qram, 714,4 qram, 685,3 qram, 835,2 qram və 611,9 qram olmaqla ümumi çəkisi 12680 qram narkotik vasitə heroin on altı ədəd torbada, külli miqdarda ayrı-ayrılıqda 630,3 qram, 705,5 qram, 647,8 qram, 722,6 qram, 713,7 qram, 1030,6 qram, 915,2 qram, 631,3 qram, 554,0 qram və 932,1 qram olmaqla ümumi çəkisi 7483,1 qram psixotrop maddə metamfetamin on ədəd bükümdə, həmçinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi evin qonaq otağında olan üç ədəd qara rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, səhər evdən çıxmış və dostugilin məhləsinə getmişdir. O, taksi sürücüsü kimi işlədiyi üçün şəhərə getmiş və evinə qayıdan zaman polis əməkdaşlarını məhlədə görmüş, amma onun üçün gəldiklərini düşünməmişdir. Evə daxil olduqdan sonra hamama girmiş və polis əməkdaşları onu hamamdan çıxarmışlar. Həmin vaxt ailə üzvləri və qonaqlar evdə olmuş, polis əməkdaşları onu hamamdan çıxararaq aşağı qapıya aparmış və malın harada olduğunu soruşmuşlar. O da cavabında ondan malın olmadığını arada narkorik vasitə istifadə etdiyini bildirmişdir. Ailə üzvlərinin telefonlarını yığmışlar və onları əmisigilin həyətinə aparmışlar. Ailə üzvlərini orada qoyaraq onun özünü aşağı qapıya apararaq orada saxlamışlar. Malların harada olduğunu soruşduqda onda malın olmadığını, gedib evi axtara biləcəklərini bildirmişdir. Evdə qonaqlar ola-ola onu qonaq otağına gətirərək narkotik vasitələri çıxararaq onun olduğunu bildirmişlər. O isə həmin maddələrin ona məxsus olmadığını bildirmişdir. Boynuna almadıqda maddələrin onun deyilsə oğluna məxsus olduğunu bildirmişlər. Məcbur qalaraq həmin maddələri boynuna almış və sənədə imza çəkmişdir. Maddələri onun cibinə qoyaraq çəkiliş zamanı çıxarıb təqdim etməsini söyləmişlər. Həmçinin, bir cibinə də açar qoyaraq guya ayrı evdə yaşadığını söyləmişlər, amma onu öz evindən çıxarıb aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 20 ildir ki, narkotik vasitə istifadəçisidir. 2-3 dəfə metamfetamin istifadə etmişdir. Marixuananı kənddən əldə etmişdir. İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsi tanımır və o polis əməkdaşları tətəfindən yazılan ssenari olmuşdur. Tutulmamışdan əvvəl ayıq sürücü kimi Bakıdan Astara rayonuna getmiş və 150 manat pul almışdır. Astarada qalmamış, çatdıqdan sonra yol avtomobilləri ilə geri qayıtmışdır. Həmin vaxt üzərində ***-***-**-** nömrəsi olan telefon olmuşdur. ***-***-**-** nömrəsi isə atasına məxsus olmuşdur. Həmçinin, ***-***-**-** nömrəsi üzərində olmamış, həmin nömrəni az istifadə etmişdir. Polis əməkdaşlarını 1-2 dəfə görmüş, onu məcbur etməkdə məqsədlərinin nə olduğunu bilməmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra ona qarşı fiziki təsir göstərməmişlər, sadəcə olaraq ona psixi təsir göstərərək oğlu ilə hədələmişlər. Hüquq mühafizə orqanları əməkdaşlarının onu saxlamaqda məqsədinin nə olduğunu bilməmiş, aralarında düşmənçilik və ədavət olmamışdır. Nərimanov Rayon Məhkəməsində 20 kq maddənin ona məxsus olmadığını hakimə bildirməmiş, çünki hakim ondan heç nə soruşmamışdır. Dövlət hesabına təyin olunan vəkillə görüşən zaman günahsız olduğunu vəkilə bildirmişdir. Avqust ayında iş materialları ilə tanış olan zaman müstəntiqin dediklərini yazmış və imzalamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, uzun müddətdir düşəndə narkotik vasitə olan marixuanadan onu siqaret giləsinə doldurub siqaret kimi çəkməklə istifadə etmişdir. Təxminən bir aydır “instagram" sosial şəbəkəsində təsadüfən adını “Məmməd” kimi bildiyi İİR vətəndaşı ilə tanış olmuş, sonradan onunla mütəmadi olaraq “watsapp” ani mesajlaşma mübadiləsi sistemində danışmağa başlamış və ondan mütəmadi olaraq online qaydada narkotik vasitə olan marixuana alıb istifadə etmişdir. Təxminən 15 gün əvvəl "Məmməd” adlı şəxslə danışan zaman o, Astara rayonuna qoyduracağı narkotik vasitələri və psixotrop maddələri götürüb Bakı şəhərində deyəcəyi ünvanlara qoydurmağı müqabilində ona pul verəcəyini təklif etmişdir. İlk əvvəl təklifi rədd etsə də, Məmməd təkidlə onunla işləmək istədiyini, bu zaman yaxşı pul qazana bilcəyini demiş və maddi imkansızlıqdan onunla razılaşmışdır. Təxminən 10 gün əvvəl “Məmməd” adlı şəxslə danışan zaman sonuncu Astara rayonuna bağlamaları qoyduracağını və oraya getməyini istəmişdir. Bu zaman yol maşını ilə Astara rayona çatıb bu barədə Məmmədə demişdir. Məmməd adını bilməyi bir kəndə bağlamaları qoydurduğunu bildirmiş və ona “watsapp” ani mesajlaşma mübadiləsi sistemində konum, daha sonra isə bağlamaların olduğu yerin istiqamətləndirilmiş şəkillərini göndərmişdir. Konum üzrə getmiş və oraya çatan zaman şəkillər vasitəsilə bağlamaları götürüb yol maşını ilə yaşadığı evə gəlmişdir. Bağlamaları açan zaman orada elektron tərəzinin, heronin, marxiuananın və metafetaminin olmasını görmüş, evdə tək olduğu üçün onları evinin qonaq otağında saxlamaq qərarına gəlmişdir. Məmməd onunla danışan zaman ona deyəcəyi vaxtda deyəcəyi çəkilərdə maddələri hazırlayıb deyəcəyi ünvanlara atmağını istəmi, bu zaman onunla razılaşmış və təxminən 5 gün əvvəl 02 dəfə Bakı şəhərində Məmmədin dediyi yerlərə narkotik vasitələri və psxiotrop maddələri qoyub bu barədə Məmmədə məlumat vermiş, lakin həmin bağlamaları kimin götürməsindən xəbəri olmamışdır. Sonradan Məmmədə qorxduğunu və həmin maddələri evindən çıxarmaq istədiyini demiş, bu zaman Məmməd ona məlumat verəcəyini və həmin maddələri ondan götüzdürəcəyini bildirmişdir. 23 iyun 2023-cü İl tarixdə Məmmədin sözünə görə evdə olan heroindən bir bükümdə götürüb deyəcəyi yerə atmaq üçün evdən çıxan zaman saat 20:50 radələrində yaşadığı evin yaxınlığında bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim etdikdən sonra həmin şəxslər də, özlərini təqdim edib DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək Baş İdarəyə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və Baş İdarəyə gəlmişdir. Orada vəkillə təmin olunmuş və təhqiqatçı tərəfindən saxlanılmasının səbəbi ona izah edilmişdir. Vəkil gəldikdən sonra ona təqdim olunaraq hüquq və vəzifələri təkrar izah olunmuş və üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış başlanılmış, bu zaman ilkin olaraq ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman üzərində qanunsuz əşya olduğunu deyərək, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü, mobil telefonunu və açarı təqdim etmişdir. Üzərinə şəxsi axtarış aparılan zaman başqa qanunsuz əşya aşkar edilməmiş, sorğu zamanı üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə heroin olduğunu, onlan İİR vətəndaşı “Məmməd” adlı şəxsin dediyi yerdən götürüb Bakı şəhərinə çatdırmağı, sonradan həmin maddələri deyəcəyi yerlərə qoymağı müqabilində ona 10.000 manat pul veriləcəyini, həmin maddələrdən yaşadığı evdə də saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüş, mobil telefonu, götürülsə də, açar özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş dayandırılıb nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, prootkol düz yazıldığı üçün digər iştirakçılarla birlikdə imzalanmışdır. Bundan sonra ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və polis əməkdaşları ilə birlikdə video çəkilişdən istifadə edilməklə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı qapını özü açmış və polis əməkdaşlarını evin içərisinə dəvət etmişdir. Evə daxil olduqdan sonra evin qonaq otağında olan 03 ədəd qara rəngli bağlamaları təqdim etmiş, birinci qara rəngli bağlamanın içərisindən 01 ədəd elektron tərəzi və 10 ədəd bükümdə metamfetamin, ikinci bağlamanın içərisindən 02 ədəd bükümdə marixuana və üçüncü bağlamanın içərisindən isə 16 ədəd bükümdə heroin aşkar edilmişdir. Bağlamalar qablaşdırılaraq götürülmüş, sorğu zamanı ilkin izahatlarını təsdiq etmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmiş, orada videoçəkiliş nümayiş etdirilmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra protokola hər bir iştirakçı tərəfindən imzalanmışdır (cild 01, iş vər. 79-81). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün axşam saat 8-9 radələrində həmin şəxs yaşadığı ünvanın yaxınlığında onlar tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və xidməti otaqlardan birində çəkilişlə təhqiqatçı və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş heroinə bənzər kütləni təqdim etmiş, həmin kütləni adını “Məmməd” kimi bildiyi İran İslan Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Həmçinin, şəxs narkotik vasitənin bir qismini evində də saxladığını bildirmişdir. Evinə baxış keçirilən zaman isə müəyyən narkotik vasitələr aşkar olunaraq götürülmüş və şəxs həmin narkotik vasitələri Astara rayonu ərazisində yol kənarından götürdüyünü, onları müəyyən ünvanlara çatdıracağını və qarşılığında 10000 manat pul alacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Azadı yaşadığı ünvanın yaxınlığında saxlamışlar, oradan birbaşa idarəyə aparmışlar, daha sonra həmin gün gecə saatlarında şəxsin evinə baxış keçirilmişdir. Şəxs evdə olan narkotik vasitəni özü söyləmişdir. Evdən 03 ədəd qara sellofanda heroin, metamfetamin və marixuana aşkar olunmuşdur. Şəxsdən 20 kiloqramdan artıq narkotik vasitə aşkar olunmuşdur. Şəxs saxlanıldıqdan sonra ona heç bir fiziki, mənəvi təsir və təzyiq olunmamış, şəxs onlara müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, hadisə günü saat 6 radələrində həyətdə oturmuş və bir nəfərin həyətə daxil olduğunu görmüşdür. Şəxsin qabağına gedərək qapını döymədən həyətə daxil olmağın düz olmadığını bildirmiş və kim olduğunu soruşmuşdur. Həmin şəxs çöldəki avtomobilin sahibini axtardığını bildirmiş, daha sonra onlar arasında sözlə mübahisə yaranmışdır. Daha sonra həmin şəxsin arxasınca bir neçə nəfər mülki geyimli şəxslər də həyətə daxil olmuşdur. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Həmin şəxslər Azadgilin evinə tərəf getmiş, amma onlara Azadgilə getməyə icazə verməmişlər. Həmin vaxt Azad hamamda olmuş və həmin şəxslər Azadı hamamdan çıxarmışlar. Daha sonra həmin şəxslər onların telefonlarını yığmış və axşama kimi onlar bir yerdə qalmışdır. Daha sonra Azadı da özləri ilə apararaq getmişlər. Bir neçə saatdan sonra Azadı yenidən evə gətirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları gələn zaman Azad evdə olmuşdur. Polis əməkdaşları saat 6 radələrində gəlmişlər və çəkiliş etməmələri üçün onların telefonlarını əllərindən almışlar. Polis əməkdaşları birinci dəfə çıxıb getmiş və daha sonra yenə qayıtmışlar, onların telefonlarını isə sonuncu dəfə gedəndə özlərinə qaytarmışlar. Həmin həyətdə onların ailəsi və Azadgilin ailəsi yaşamışdır. Azad onun əmisi oğludur. Polis əməkdaşlarının axtardığı avtomobilin sahibi Azad olmuşdur. Polis əməkdaşları Azadı aparan zaman ona fiziki təsir və təzyiq göstərməmiş, həmçinin Azadın da onlara etiraz etdiyini eşitməmişdir. Onların yuxarı çıxmağına icazə verməmişlər, onlar həyətdə qalmışlar. Azad getdikdən sonra bir neçə polis əməkdaşı həyətdə qalmışdır. İbtidai istintaq zamanı onun ifadəsi alınmamışdır. Polis əməkdaşları gələn zaman əliboş gəlmişlər, yəni əllərində hər hansı bir torba, sellofan görməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1977-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə, saat 20:50 dəqiqədə Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Müşfiq küçəsi ev 5 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan heroinə bənzər kütləni, əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd açar və 01 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuş, aşkar olunan kütə qablaşdırılaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 30-31). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Əmirov X12 rayonu, Xırdalan qəsəbəsi, M.Müşfiq küçəsi ev 5 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 33). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxsnın yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Müşfiq küçəsi ev 5 ünvanına baxış keçirilmiş, baxış zamanı külli miqdarda narkotik vasitə heroin və qurudulmuş marixuana, həmçinin külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 35-36). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/926 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1025,0 qram və 1030,0 qram, ümumi təmiz çəkisi 2055,0 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (cild 01, iş vər. 45-47). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 6/3526 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 47,0 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”- li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı olan 2(iki) ədəd polietilen bağlamadakı, 16 (on) ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 856,6 qram, 853,0 qram, 902,7 qram, 861,7 qram, 654,4 qram, 956,8 qram, 834,1 qram, 922,1 qram, 1000,2 qram, 537,7 qram, 596,7 qram, 857,2 qram, 714,4 qram, 685,3 qram, 835,2 qram, 611,9 qram, ümumi təmiz çəkisi 12680 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 630,3 qram, 705,5 qram, 647,8 qram, 722,6 qram, 713,7 qram, 1030,6 qram, 915,2 qram, 631,3 qram, 554,0 qram, 932,1 qram ümumi təmiz çəkisi 7483,1 qram (7kq 483,1 qram) ağ rəngli kristalşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd üzərində “SF- 400” yazısı olan elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub - olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 12727 qram( 12kq 727 qr) təşkil edir. Heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər (cild 01, iş vər. 49-54). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (cild 01 iş vər. 103-104). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 avqust 2023-cü il tarixli 5036 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 128-129). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 130- 139). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1977-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, daha sonra şəxsin yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvandan külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, həmçinin, külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə bioloji və materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək külli miqdarda narkotik vasitə heroin və qurudulmuş marixuana, həmçinin külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxsnın əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsnın məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra özünün yazılı ərizəsi ilə və razılığı ilə yaşadığı ünvana baxış keçirilərkən, habelə şübhəli şəxs qismində ifadə verərkən, daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitələrin, psixotrop maddə metamfetaminin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxsnın məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitə və psixotrop maddənin onun üzərindən və yaşadığı evdən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında dindirilən əlavə şahidin ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs Təqsirləndirilən şəxsnın yaxın qohumu olmaqla onunla yaxşı münasibətdə olan insandır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxsin təqsirləndirilən şəxsin xeyrinə, onu məsuliyyətdən xilas etməyə yönəlmiş ifadə verməsi anlaşılandır. Odur ki, məhkəmə kollegiyası həmin ifadəyə də tənqidi yanaşır və onunla razılaşmır. Ona görə də həmin ifadəni obyektiv sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti Xocəsən qəsəbə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, vətəndaş xx.xx.1977-ci il təvəllüdlü Əmirov X9 Rayon Xocəsən qəsəbəsi H.Sultanov küçəsi 2 saylı evdə qeydiyyatdadır və onun haqqında qəsəbə nümayəndəliyinə heç bir şikayət və təqdimat daxil olmamışdır (cild 01, iş vər. 125) Cinayət işinin materiallarına əlavə edimiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X11 adında uşağı vardır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 111). Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması isə CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxsnın əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə narkotik vasitə və psixotrop maddənin çəkisinin həddindən artıq çox olmasını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 21, 95-100). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 12726,42 qram qalmış narkotik vasitə heroin, 2054,9 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 7482,8 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır İş üzrə 186 AZN (yüz səksən altı) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 12726,42 qram qalmış narkotik vasitə heroin, 2054,9 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 7482,8 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 186 AZN (yüz səksən altı) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-289/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-289/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver