Məhkəmə qərarları › İş №1(124)-289/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-289/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-289/2025 14.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Sumqayıt şəhər məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 il 04 ay müddətə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəlləd 6-da qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan 01 ədəd şəffaf selofan bükümdə 3,948 qram çəkidə ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan 01 ədəd siqaretin qara kağızı bükümdə 0,062 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 70 manat müqabilində qanunsuz əldə edərək Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və saxlamış, 26 iyul 2024-cü il tarixdə saat 15:00 radələrində Abşeron RPİ-nin X2 əməkdaşları tərəfindən Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində saxlanılaraq Saray polis bölməsinə gətirilib, həmin gün orada saat 15:50-dən saat 16:05-ə kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən həmin 01 şəffaf selofan bükümdə 3,948 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd siqaretin qara kağızı bükümdə 0,062 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, indiyə kimi sadəcə narkotik vasitə marixuanadan istifadə etmişdir. Psixotrop maddə metamfetamindən istifadə etməmişdir. 26 iyul 2024-cü il tarixdə, təxminən saat 14:00- 15:00 radələrində “Unibank”ın H.Əliyev parkının yaxınlığında yerləşən Sumqayıt filialına getmişdir. Bu zaman polis əməkdaşları daxil olmuşdur. Ona burda nə işinin olduğu soruşub, söyüş söyməyə başlamışlar. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Ona fiziki təzyiq göstərilməmişdir. Sadəcə evdə xəstə anası olduğu üçün evə baxış keçirilməsinin onu narahat etməsini istəməmişdir. Buna görə də, etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 il olar ki, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində tanımadığı şəxsdən 1 ədəd şəffaf rəngli selofanda olan bükümün içərisində psixotrop maddə hesab olunan metamfetomini və 1 ədəd qara rəngli siqaretin kağızma bükülmüş qəhvəyi rəngli narkotik maddə olan heroini 70 manat pul müqabilində əldə edib, tünd göy rəngli cins şalvarının sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Saray qəsəbəsində Üzümlük yaşayış massivində yolda hərəkətdə olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib anket məlumatlarını soruşmuşlar. Həmin zaman polis əməkdaşına lazımı məlumatları vermiş və polis əməkdaşlarına psixotrop maddə qəbul etdiyini demişdir. Daha sonra hərəkətləri polis əməkdaşlarında şübhəli gəldiyi üçün şübhələndiklərini bildirib birlikdə Abşeron RPİ-nin Saray polis bölməsinə getməli olduğunu demişlər. O, həmin zaman heç bir etiraz etmədən polis əməkdaşları ilə Saray polis bölməsinə getmişdir. Saray polis bölməsində üzərində psixotrop maddə və narkotik vasitə gəzdirdiyini və istifadə etdiyini etiraf etmişdir. Orada otaqların birində müdafiəçinin iştirakı ilə üzərində çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, varsa təqdim etməyi təklif edilmişdir. O, da əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd qara rəngli siqaretin kağızma bükülmüş qəhvəyi rəngli narkotik maddə olan heroini və 1 ədəd şəffaf selofanda bükülmüş metamfetamin bükümlərini təqdim etmişdir. Həmin vaxt ona məxsus olan 1 ədəd qara rəngli siqaretin kağızma bükülmüş qəhvəyi rəngli narkotik maddə olan heroin bükümü və psixotrop maddə olan 1 ədəd şəffaf selofanda bükülmüş metamfetamin bükümü ağ kağız zərfə qoyulub, qablaşdırılaraq möhürlənib bağlanmışdır. O, da həmin qablaşdırılmış zərfi, bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. (Cild 1, iş vərəqləri 61-62) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis Bölməsinin sahənin polis nəfəri, polis serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində 26 iyul 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əvvəl onlarla işləyən əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Hazırda o, Yasamal RPB-də işləmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında X2 inzibati ərazisində yerləşən “Üzümlük” massivində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilinmişdir. Qeyd olunan əraziyə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olub-olmaması ilə bağlı suallar verilmişdir. Daha sonra polis bölməsinə dəvət olunmuşdur. Videoçəkiliş zamanı narkotik vasitənin üzərində olduğunu və onu 2-3 gün əvvəl Sumqayıt şəhərinin Corat qəsəbəsindən aldığını səmimi olaraq etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs “Unibank”ın qabağında yox, Saray qəsəbəsindən tutmuşlar. Hətta özü “Unibankdan” gəldiyini, kartından 500 manat pul çıxartdığını bildirmiş və onlara təklif etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin X2 cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 26 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. O və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs Saray qəsəbəsi ərazisində saxlanılmış, Saray polis bölməsinə dəvət edilmişdir. Tutulan zaman müqavimət göstərmək istəmişdir. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi zamanı heroin və metamfetamin aşkar olunmuşdur. Videoçəkiliş zamanı özü də etiraf etmişdir ki, narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxsdən 70 manata öz istifadəsi üçün almışdır. Hətta şəxsin anası da qeyrirəsmi məlumat vermişdir ki, Rüstəm evdə televizoru satmış, narkotik almışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə psixotrop maddə metamafetaminə bənzər maddə və bir ədəd siqaretin qara rəngli kağızı bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 28-30) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 iyul 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli AZF/LGL-11608/24 nömrəli məktuba əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin sonuncu anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 14:38:40-da Abşeron rayonu, Saray qəsəbəsi olduğu müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 166-168) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2024-cü il tarixli 6/3837 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün № 246” möhür əksi, “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2(iki) ədəd büküm; /imza/ Təqsirləndirilən şəxs; /imza/ Şahid1; /imza/ Şahid2. /imza/ Valeh Məhərrəmov; Qablaşdırdı /imza/ V.Əliyev” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 3,948 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd bükümdə təmiz çəkisi: 0,062 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 37-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli 5993 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 113-114) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,848 qram psixotrop maddə metamfetamin və 0,032 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 175-182) Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, tələbnamədən və məhkəmə hökmünün surətinən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum edilmişdir. xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsassən 05 il 06 ay müddətə azadlıqdan məhrum edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilib, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ləğv edilərək cəzası 04 il 03 aya endirilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 1 ay vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə cəzanı çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1 maddələri ilə təqsirli bilinərəık qəti olaraq 02 il 09 ay 13 gün müddətə azadlıqdan məhrum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərık, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 il 04 ay müddətə azadlıqdan məhrum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqləri 86-87) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmünə əsasən məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətlər üzrə məhkumluğunun ödənildiyini vurğulamaqla yanaşı qeyd edir ki, ödənilmiş məhkumluqlar təqsirləndirilən şəxsə münasibətdə hər hansı bir hüquqi nəticə doğurmasa da, onun şəxsiyyətini xarakterizə edən hallar kimi məhkəmə tərəfindən nəzərdən keçirilməyə bilməz. Belə ki, Təqsirləndirilən şəxs oğurluq, narkotik vasitələrin və psixotrop maddələrin qanununsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə əvvəllər 5 dəfə məhkum olunmuşdur. Lakin təqsirləndirilən şəxs əvvəlki məhkumluqlardan, ona təyin edilmiş cəzalardan nəticə çıxarmamış və islah yoluna düşməyərək yenidən narkotik vasitələrin və psixotrop maddələrin qanununsuz dövriyyəsi ilə bağlı ağır cinayət törətmişdir. Bu amillər isə təqsirləndirilən şəxsin şəxsiyyətinin cinayətə meyilli olmasının bilvasitə təzahürüdür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 27 iyul 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 21 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 26, 73- 81, 151-155) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbsdə olduğu müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 iyul 2024-cü il tarixdən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,848 qram psixotrop maddə metamfetamin və 0,032 qram narkotik vasitə heroin məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 60 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,848 qram psixotrop maddə metamfetamin və 0,032 qram narkotik vasitə heroin məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar