Məhkəmə qərarları › İş №1(124)-290/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-290/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-290/2023 07.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: X1 iştirakları ilə xx.xx.2006-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Veysəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində dostu Şahid ilə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Qaçqınlar şəhərciyi” yaşayış massivinin həyətində görüşmüş, onun göz nahiyəsində olan xəsarəti görüb hansı səbəbdən yaranması ilə maraqlanmış, həmin xəsarətin bir gün əvvəl xx.xx.2022-ci tarixdə Zərərçəkmiş şəxs tərəfindən yetirilməsini öyrəndikdən sonra Şahidla birlikdə hərəkət edən zaman Zərərçəkmiş şəxsla qarşılaşmış, ondan Şahid nəyə görə döyməsi barədə soruşub üzr istəməsini tələb etmiş, həmin vaxt aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisənin davamı olaraq həmin tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 30 saylı tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs onun sifət nahiyəsindən bir dəfə yumruqla vuraraq sağ gözaltı nahiyənin, alt-dodağın qançırı, sağ əlin üstünün, sol dirsəyin, sol mil-bilək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi üçün o, üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin döş nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının boşluğuna keçərək ürəyi və sol ağ ciyəri zədələyən yarası ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəldən tanımamış, hadisə günü aralarında anlaşılmazlıq yaranmış və onlar mübahisə etmişlər. Həmin gün onun Nihadla görüşmək məqsədi olmamışdır. O, yaxın dostu Rəşad ilə görüşdüyü zaman onun gözünün altının qaraldığını görüb “Sənin gözünün altı niyə bu vəziyyətdədir” deyə soruşmuş, o isə dalaşdığını söyləmişdir. Kiminlə dava etdiyi ilə bağlı sual verdikdə Rəşadın ona “Lazım deyil, boş ver getsin” dediyini, Rəşadla olduğu zaman Nihadın qarşılarına çıxdığını və Rəşadın ona dalaşdığı şəxsin Nihad olduğunu bildirdiyini qeyd etmişdir. Bu vaxt o, Nihada Rəşaddan üzr istəməli olduğunu söyləmiş, aralarında mübahisə yaranmış və dava etməyə başlamışlar. Dava zamanı onlar yerə yıxılmış, hadisə yerində olanlar onları ayırmışdır. Dava zamanı hər ikisi yerə yıxılmış, onun başı yerə dəymiş, bu zaman özünü itirərək evin açarlarının üzərində suvenir kimi gəzdirdiyi bıçağı sağ cibindən çıxartmış, hadisə anında çox əsəbi olduğu üçün istəmədən də olsa Nihadın döş qəfəsindən vurmuşdur. Ardınca isə çox qorxduğu üçün qaçaraq getmiş, heç bir zaman özü ilə bıçaq gəzdirməmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq suvenir bıçağın kiçik, təxminən iki barmaq yarım ölçüdə olduğunu, kəsici olmadığı üçün açılıb-bağlanan olmadığını, hadisə vaxtı ön sağ cibində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Nihadı vurduqdan sonra özünü itirdiyi və qorxduğu üçün qaçmış, Nihadın ürək nahiyəsinə qəsdən xəsarət yetirməmiş və zərər çəkmiş tərəflə barışmışdır. Ümumiyyətlə, dava edən insan olmadığını, məqsədinin Nihadla Rəşad arasında mehribanlıq yaratmaq olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şahid onun həmkəndlisi və dostudur, onunla münasibətləri həmişə yaxşı olmuş, Nihad adlı şəxsi əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə, saat 18-30 radələrində o, Rəşadla əvvəlcədən danışdıqları kimi onun yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən binanın qarşısında görüşərkən o, Rəşadın sağ göz nahiyəsinin göyərdiyini görüb ondan kiminlə dalaşdığını soruşduqda, Rəşad 07 iyun 2022-ci il tarixdə, gecə saatlarında onunla bir binada yaşayan və onunla həmyaşıd olan Nihad adlı oğlanla sonuncunun onu söyməsi ilə əlaqədar əlbəyaxa olub dalaşdığını, dalaşma zamanı Nihadın yumruqla onu vurub xəsarətləndirdiyini bildirmişdir. O, bundan əsəbiləşərək ona təklif etmişdir ki, Nihadı ona göstərsin, o, da ondan Rəşadı döyməsinin səbəbini soruşsun. Onlar bu barədə söhbət edə-edə Rəşadgilin həyəti ilə gəzişərkən bu zaman qarşılarına ilk dəfə gördüyü oğlan çıxmış və Rəşad Nihadın həmin oğlan olduğunu bildirmişdir. O, Nihada yaxınlaşaraq nəyə görə Rəşadı söydüyünü və daha sonra döydüyünü soruşanda Nihad Rəşadı söymədiyini bildirmişdir. Həmin vaxt onunla Nihad arasında dalaşma baş vermiş və onlar əlbəyaxa olarkən Nihad yumruqla onun sifət nahiyəsindən vurmuşdur. Həmin zərbədən o, əsəbiləşib şalvarının kəmərinə keçirdiyi qatlanan cib bıçağını çıxarıb düyməsini basaraq açmış və bir dəfə Nihadın sinə nahiyəsindən vurmuşdur. Daha sonra qorxuya düşərək Rəşadla birlikdə qaçaraq oradan uzaqlaşmışlar. 17-ci mikrorayon dairəsində o, Rəşaddan ayrılmış və təklikdə bulvar küçəsinə getmişdir. O, Nihadın onu bıçaqla vurmağı nəticəsində hansı vəziyyətdə olduğunu bilməmiş, bu səbəbdən möhkəm qorxmuşdur. Ona görə də dənizkənarı parkda Nihadı vurduğu bıçağı dənizə atmışdır. Bildirirmiş ki, o, törətdiyi əməldən peşman olmuş və Nihadı vurmaqda məqsədi onu öldürmək və ya ağır xəsarət yetirmək olmamışdır. Sadəcə olaraq onu yumruqla vurmasından əsəbiləşdiyindən bıçaqla bir dəfə onu vurmuş və bıçağın dəqiq olaraq onun bədəninin hansı hissəsinə girdiyini bilməmişdir. Hazırda Nihad adlı şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Qeyd etmişdir ki, Nihadı vurmuş olduğu bıçağı təxminən 3-4 ay bundan əvvəl qız rəfiqəsi hədiyyə etmiş, lakin onun adını qeyd etmək istəməmişdir. Həmin bıçağı o, suvenir kimi daima üstündə gəzdirmiş, lakin qeyd olunan bıçaqla kimisə vurmaq fikri olmamış, həmin bıçağın ümumi uzunluğu təxminən 20 sm olan sap hissəsi qara rəngdə olmaqla tiyǝ hissəsi də təxminən 10 sm uzunluqda olmuş, Nihadla onun arasında olan dalaşma təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt həyətdə heç kəs olmadığından bu dalaşmanı başqa kimsə görməmiş, dalaşma Nihadla onun arasında olmuş, Rəşad isə dalaşmaya müdaxilə etmədən kənarda dayanmış, Nihadla dalaşma nəticəsində o, sifət və qol nahiyələrindən xəsarətlər almışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə Sumqayıt şəhəri 12-ci mikrorayon, “Qaçqın şəhərciyi” ərazisində baş vermiş, hadisədən bir gün əvvəl təxminən axşamüstü vaxtlarında Rəşadla sözləri zidd gəldiyindən dalaşmış, hadisə günü isə o, məhəllədə gəzərkən Rəşad və Ayxanla rastlaşmış, daha sonra onlar 30 nömrəli məktəbin arxasına keçmişlər. Ayxanın ondan “Rəşadı niyə vurmusan” deyə soruşduğunu, cavab olaraq ona Rəşadla sözlərinin düz gəlmədiyini bildirdiyini, bu zaman Ayxanın ona “ya üzr istəyəcəksən, ya da ki səni burada vuracam” dediyini, Ayxana “mən üzr istəyəcək hərəkət etməmişəm” deyə bildirdiyini, bu sözlərdən sonra dalaşmağa başladıqlarını, dava zamanı yerə yıxıldıqlarını və yoldan keçən bir kişinin onları ayırdığını bildirmişdir. O, cibindən düşən gümüş boyunbağını yerdə axtararkən Ayxanın hücum edərək bıçaqla onu yaraladığını, Ayxanın bıçaqla onun üzərinə hücum etdiyini gördüyünü, həmin bıçağın ölçüsünü təxmin edə bilmədiyini, lakin adi bıçaq ölçüsündə olduğunu, Ayxanın ona bir bıçaq xəsarəti yetirdiyini, hadisədən sonra Ayxanın ona kömək etmədiyini, o yaralandıqdan sonra Ayxan və Rəşadın oradan getdiklərini, hadisə zamanı Rəşadın kənarda dayandığını və onu vurmadığını, Rəşadın onları ayırmağa cəhd etmədiyini, hal-hazırda 10-cu sinifdə oxuduğunu bildirmişdir. Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını qeyd etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hadisədən əvvəl o, Nihadla qarşılaşmış, Nihad onunla söyüşlü ifadələr istifadə edərək danışmış o da Nihada “mənimlə elə söyüşlə danışma, mən səninlə normal danışıramsa sən də mənimlə normal danış” demiş, Nihad isə ona “yaxşı edirəm, mənim danışığım belədir” deyə cavab vermişdir. O da Nihadın ona qarşı istifadə etdiyi söyüşlərlə qarşılıq vermiş və Nihad yenidən onunla söyüş söyərək danışmış, daha sonra Nihad onun gözünə və qarın nahiyəsinə 3 dəfə yumruqla vurmuş, Nihadın onu vurmasına baxmayaraq Nihada qarşılıq verməmişdir. O, Nihadın onu vurmaması üçün qollarından tutduğunu və birisinin onları aralamasını gözlədiyini, aralandıqdan sonra da Nihadın onu təhqir etməyə davam etdiyini, daha sonra evə getdiyini və gözünü zərbənin təsirindən açmaqda çətinlik çəkdiyini bildirmişdir. Ayxanı əvvəl yaşadığı məhəllədən tanımış, aradabir onunla zəngləşərək görüşmüş, hadisə günü Ayxan ona zəng edərək yaşadığı məhəlləyə gəldiyini söyləmiş və onlar görüşmüşlər. Görüşdükləri zaman Ayxan ondan gözümün altının niyə qaraldığını soruşmuş, o da cavabında “boş ver, elə vacib deyil” demiş, bu söhbətdən sonra Ayxanla gəzərkən Nihad qarşılarına çıxmış, Nihad onun qolundan tutaraq “gəl bura, səninlə söhbətim var” demiş, bu zaman Ayxan ondan “Rəşad, bu, səni vurub” deyə soruşmuşdur. Həmin vaxt Ayxanla Nihad dalaşmağa başlamış, onları ayırmağa çalışmış, bu zaman hadisə yerində olan bir kişi də onları ayırmaq istəmiş, özünün Ayxanı, həmin kişinin isə Nihadı tutduğunu bildirmişdir. Bu zaman Nihad Ayxana nə isə demiş, Ayxan da bıçaqla onu vurmuş, Ayxanın üzərində bıçaq olduğunu bilməmiş, Ayxan bıçağı belindən çıxartmışdır. Hadisə zamanı balaca qardaşı yanında olduğu üçün diqqəti bir tərəfdən də onda olduğundan həmin bıçağın ölçüsünə fikir verməmiş, Ayxanın Nihada bir bıçaq xəsarəti yetirdiyini, hadisədən sonra özünün, qardaşının və Ayxanın oradan getdiklərini, Ayxanı ötürdükdən sonra məhəlləyə qayıtdığını, hadisə yerində olan adamın Nihada kömək etdiyini, əvvəllər Ayxanın kimləsə dalaşdığının şahidi olmadığını, Ayxanla aradabir görüşdüklərini, onların yaşadıqları yerlər arasında məsafə olduğunu qeyd etmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:20-də Sumqayıt şəhər TTYX-nın tibb bacısı Sumqayıt şəhər 12-ci mikrorayon Qaçqınlar şəhərciyi ev 10, mənzil 98-də yaşayan, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin daxilə dəlib keçən kəsilmiş deşilmiş bir bıçaq xəsarəti aldığı üçün Sumqayıt şəhər TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilməsi ilə bağlı məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 12-ci mikrorayon “Qaçqınlar şəhərciyi” yaşayış massividir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyi publik hüquqi şəxsi Sumqayıt MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 803 saylı rəyindən görünür ki, Şahid bədəni üzərində sağ gözaltı nahiyənin və alt göz qapağının, təpə-ənsə nahiyənin, sağ çiyinüstü nahiyənin və sağ bazunun qançırı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya təsirindən yaranmışdır, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla və təpiklə yetirilən zərbənin təsirindən əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyi publik hüquqi şəxsi Sumqayıt MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 814 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ gözaltı nahiyənin, alt dodağın qançırı, sağ əlinin üstünün, sol dirsəyin, sol mil-bilək nahiyəsinin sıyrığı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyi publik hüquqi şəxsi Sumqayıt MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 840 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının döş boşluğuna keçərək ürəyi və sol ağ ciyəri zədələyən yarası kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən yaranmışdır, törənmə müddəti zərər çəkmişin Sumqayıt TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2336 saylı rəyin yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışında Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, eləcə də şahidin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx xxxxxx 2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır, cinayət hadisəsini törədərkən isə 16 yaşı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan, məhkəməyədək icraat zamanı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən verilmiş və məhkəmə istntaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəmişlər. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.14-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsinin cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. O cümlədən, məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən verilmiş ərizədən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Fizuli rayon 9 №-li tam orta məktəbin direktoru tərəfindən verilən xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ildə həmin məktəbin 9-cu sinifini bitirib və həmin vaxtdan da məktəbdən çıxıb. Məktəbdə oxuduğu müddətdə öz çalışqanlığı, vətənpərvərliyi ilə seçilmiş və yaxşı bir şagird kimi məktəbdə hörmət qazanmışdır. AR DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlini etiraf edərək səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırılmaqla onu azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 10 iyun 2022-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə göstərilənləri nəzərə almaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət qanununun maddələrinin sanksiyası ilə müəyyən edilmiş cəza növündən daha yüngül cəza növünün təyin edilməsini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 günü müddətinə bərabər tutulmaqla həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan iş üzrə maddi sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 günü müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 ( bir) il 05 ( beş) ay 26 ( iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonundan məcburi köçkün olduğu nəzərə alınaraq Füzuli rayon icra hakimiyyəti aparatının vəzifəli şəxslərinin çağırışları istisna olmaqla yaşadığı Sumqayıt şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar