Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-292/2022 28.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X6 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili X9, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 01 azyaşlı övladı var), orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi Hacıbəyov küçəsi ev 15-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 06 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 3,698 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 11 ədəd ayrı-ayrı bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 10,846 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və üzərindəki göstəricilərə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 1,72 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edən külli miqdarda ümumi sayı 43 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həbləri əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 10:50-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi S.Bəhlulzadə küçəsində yerləşən «Qardaşlar» marketinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın və 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, 2-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli gödəkçəsinin sol içəri döş cibindən 01 ədəd şəffaf rəngli sellofanın içindən qara rəngli siqaret kağızına bükülmüş 05 ədəd ayrı-ayrı və gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümlərdə olmaqla 06 ədəd bükümlərdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 3,102 qram, 0,104 qram, 0,121 qram, 0,136 qram, 0,140 qram, 0,095 qram olan külli miqdarda ümumi təmiz çəkisi 3,698 qram olan kustar kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ağ rəngli siqaret kağızına bükülmüş 10 ədəd ayrıayrı və gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümlərdə olmaqla 11 ədəd bükümlərdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 9,591 qram, 0,104 qram, 0,147 qram, 0,141 qram, 0,134 qram, 0,136 qram, 0,112 qram, 0,155 qram, 0,110 qram, 0115 qram, 0,101 qram olan külli miqdarda ümumi təmiz çəkisi 10,846 qram olan kustar kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərindəki göstəricilərə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 1,72 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edən külli miqdarda ümumi sayı 43 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblər aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2014-cü ildə Almaniyaya qaçqın kimi köçmüş, siyasi fikirləri vardır. Almaniyaya getməmişdən əvvəl Bakı şəhərində yaşamış və işləmişdir, vergi ödəmişdir. Almaniyada olarkən nazirlər və məmurlar haqqında tənqidi fikirləri olmuş və mitinqlərdə, həmçinin hökümət əleyhinə olan aksiyalarda iştirak etmişdir. İctimai fəal olmuşdur. Tutulma səbəbi bu aksiyalarda iştirak etdiyinə görə olmuşdur. Narkotiklə heç bir əlaqəsi olmamış, polis əməkdaşları tərəfindən döyülmüş, ona qarşı fiziki və psixi təsir göstərilmişdir. Sosial şəbəkə istifadəçi olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində qaz kartına pul qoymaq üçün dükana gedən zaman ağ rəngli “Prado” markalı maşını görmüş, dükkandan geri qayıdanda “Qardaşlar” marketin yanından keçən zaman bir neçə nəfər özlərini polis əməkdaşı kimi təqdim edib ona yaxınlaşıb, polis avtomaşınına otuzduraraq Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə aparmışlar. Polis bölməsində onu 7-8 nəfər döymüş, bir nəfər polis əməkdaşı sellofan torbanı onun gödəkçəsinin cibinə qoymuşdur. Bundan sonra onu rəis müavini Tural Hüseynovun otağına aparmışlar. Orada yenidən döyməyə başlamışlar. Bir müddətdən sonra polis əməkdaşları ilə razılaşmışdır. Videoçəkiliş zamanı üzərində narkotik vasitə olmağını və həmin narkotiki Rauf adlı şəxsdən 150 manata aldığını deməyə və ona təqdim olunan bütün sənədlərə imza etməyə onu məcbur etmişlər. Daha sonra video çəkiliş aparılmışdır. Çəkiliş zamanı üzərindən narkotiki çıxartmışlar. Polislər onu döydüyünə görə narkotikin ona məxsus olmasını boynuna almışdır. Ümumiyyətlə narkotikdən istifadə etmir, narkotiklə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 10:50-də Sumqayıt şəhəri Zeynalabdin qəsəbəsi S.Bəhlulzadə küçəsində yerləşən «Qardaşlar» marketin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim edib, ona özünü təqdim etməyi xahiş etdikdə, o da özünü təqdim etmişdir. Onlar ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını izah edərək saxlanıldığı yerdə müvafiq şərait olmadığından sənədləşdirməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər və o buna etirazının olmadığını bildirmişdir. Bundan sonra o polis əməkdaşlarının müşayəti ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş, bölmədə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı Şahid1 özünü təqdim etmiş, o da özünü təqdim etmişdir. Həmin vaxt onu bölməyə gətirən polis əməkdaşları da özlərini təqdim etmişlər. Daha sonra üzərinə videoçəkiliş aparılmamışdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasov təqdim olunmuşdur. O bildirişlə tanış olub, vəkilinə etiraz etməmişdir. Bundan sonra üzərinə videçəkiliş aparılmaqla şəxsi axtarış keçiricələyi bildirilərək üzərimdə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuş, o da əynində olan göy rəngli gödəkçənin sol içəri döş cibindəndə saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofanı təqdim etmişdir. Sellofan büküm onun və orada olan şəxslərin iştirakı ilə açılan zaman içərisindən ağ rəngli siqaret kağızına bükülmüş 10 ədəd ayrı-ayrı büküm, qara rəngli siqaret kağızına bükülmüş 05 ədəd ayrı-ayrı büküm, gümüşü rəngli siqaret kağızına bükülmüş 02 ədəd ayrı-ayrı bükümlər və 43 ədəd üzərində M-40 yazıları olan həblər aşkar olunmuşdur. Onun üzərindən aşkar olunmuş həmin bükümlər və həblərin nə olması, kimdən əldə etməyim barədə soruşulduqda, bildirmişdir ki, ağ rəngli siqaret kağızına bükülmüş 10 ədəd ayrı-ayrı bükümdə və biri digərindən nisbətən böyük olan gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroindir, qara rəngli siqaret kağızına bükülmüş 05 ədəd büküm və biri digərindən nisbətən kiçik olan gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdə psixotorop maddə olan metamfetamindir, 43 ədəd həblər isə metadondur, onları təxminən 1 ay əvvəl avtomobil yumaqla məşğul olan Rauf adlı şəxsdən Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, «Sedmoy» kimi tanınan ərazidə 150 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmiş, Rauf adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və həblər tərəzidə çəkilərək qablaşdırılmışdır. O hüquqlarını bilir, ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, təsir və təziq göstərilməmiş və heç bir hüququ pozulmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində “Malik” adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 10:50-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi S.Bəhlulzadə küçəsi “Qardaşlar” marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində gödəkçəsinin cibindən narkotik vasitələri təqdim etmişdir. Bir neçə büküm narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət-Axtarış şöbəsinin, kiçik inspektor, polis baş serjantı Şahid4 ifadəsində göstərdi ki, , xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Malik adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə səhər saatlarında sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi S.Bəhlulzadə küçəsi “Qardaşlar” marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində gödəkçəsinin cibindən narkotik vasitələri təqdim etmişdir. Bir neçə büküm olmuşdur. Sorğu zamanı o, narkotik vasitələri 150 manata Rauf adlı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid3, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəis müavini Şahid2 Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəl tanımamışdır. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları ilə Sumqayıt ŞPİ-nin Cinayət- Axtarış Şöbəsinin əməkdaşları birgə tədbir qurmuşlar. Təqsirləndirilən şəxs bölməyə gətirmişlər. Bölməyə vəkil, ekspert-kriminalist dəvət eləmişdir. Onların iştirakı ilə şəxsi axtarış keçirmiş və lazımi bütün prosessul hərəkətləri yerinə yetirmişdir. Təqsirləndirilən şəxs üzərindən metamfetamin , heroin və metadon həbləri aşkar edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 oktyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, alqı-satqısı və üzərində gəzdirməsi ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 29 oktyabr 2021ci il tarixli qərarı ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid5 vətəndaş Təqsirləndirilən şəxs əməlinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 25 oktyabr 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 8, 92-94) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Diskə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollardan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Malik adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 10:50-də Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi SöBəhlulzadə küçəsi “Qardaşlar” marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPi-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl idarənin Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Şahid1 özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra baş təhqiqatçı Şahid1 ona daxil olmuş əməliyyat məlumatına əsasən üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması, satması və istifadə etdiyi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Qoşqar Abbasovu təqdim edir, Qoşqar bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan göy rəngli gödəkçəsinin sol içəri döş cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofanı təqdim edir. Sellofan büküm açılan zaman içərisindən ağ rəngli siqaret kağızına bükülmüş 10 ədəd ayrı-ayrı büküm, qara rəngli siqaret kağızına bükülmüş 05 ədəd ayrı-ayrı büküm, gümüşü rəngli siqaret kağızına bükülmüş 02 ədəd ayrı-ayrı bükümlər və 43 ədəd üzərində M-40 yazıları olan həblər aşkar olunur. Onun üzərindən aşkar olunmuş həmin bükümlər və həblərin nə olması, kimdən əldə etməsi barədə soruşulduqda, bildirir ki, ağ rəngli siqaret kağızına bükülmüş 10 ədəd ayrı-ayrı bükümdə və biri digərindən nisbətən böyük olan gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroindir, qara rəngli siqaret kağızına bükülmüş 05 ədəd büküm və biri digərindən nisbətən kiçik olan gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdə psixotorop maddə olan metamfetamindir, 43 ədəd həblər isə metadondur, onları təxminən 2 ay əvvəl avtomobil yumaqla məşğul olan Rauf adlı şəxsdən Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, «Sedmoy» kimi tanınan ərazidə 150 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmiş, Rauf adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və həblər tərəzidə çəkilərək qablaşdırılır. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş velosiped şininin ehtiyyat hissələri əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılır. Daha sonra videoçəkiliş dayandırılır. (cild 1, iş vərəq 107-109) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4742 saylı rəyindən görünür ki, tədqiqat obyektləri üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №126” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız içərisindən sellofan paketdə 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,102 qram, 0,104 qram, 0,121 qram, 0,136 qram, 0,140 qram, 0,095 qram ümumi təmiz çəkisi 3,698 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Digər 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,591 qram, 0,104 qram, 0,147 qram, 0,141 qram, 0,134 qram, 0,136 qram, 0,112 qram, 0,155 qram, 0,110 qram, 0,115 qram, 0,101 qram ümumi təmiz çəkisi 10,846 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş ümumi sayı 43 ədəd qəhvəyi rəngli dairəvi fomalı olan həblərdə üzərinqdəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 1,72 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edir. (cild 1 iş vərəqə 37-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5178 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1, iş vərəq 173-174) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, 17 noyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10,406 qram narkotik vasitə olan heroin, 3,458 qram psixotrop maddə olan metamfetamin və 41 ədəd metadon həbləri saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. ( cild 1, iş vərəqə 133) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (cild 1, iş vərəqə 263-272) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 177) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X7 adlı bir azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 tərəfindən qəbul edilmiş 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalması barədə müraciəti əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmış, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. ( cild 1, iş vərəqə 219-221) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələri və psixotrop maddənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən təqsirləndirilən şəxs X3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 21, 72-77) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan –qalıq çəkisi 10,406 qram narkotik vasitə heroin, 3,458 qram psixotrop maddə olan metamfetamin və 41 ədəd metadon həbi məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 37). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 il (yeddi il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan – qalıq çəkisi 10,406 qram narkotik vasitə heroin, 3,458 qram psixotrop maddə olan metamfetamin və 41 ədəd metadon həbi məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-292/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-292/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver