Məhkəmə qərarları › İş №1(124)-293/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-293/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-293/2024 17.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Əli-Bayramli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev 1də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksi, ev 66, mənzil 42-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə, saat 00:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Bakı gecələri” kafesinin qarşısında əvvəllər ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs ilə arasında kirayə yaşadıqları evin borclu qaldıqları kirayə pulunu ödəməməsi ilə bağlı mübahisəsi yaranmış, yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi iti deşici xassəli bıçaqla Zərərçəkmiş şəxs sağ kürək nahiyəsinə bir dəfə zərbə vuraraq, ona sağ kürək nahiyəsinin sağ plevra boşluğuna nüfuz edən sağ tərəfli pnevmatoraks (sağ plevra boşluğuna havanın toplanması) ilə nəticələnən həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, 8 yaşlı bir oğlu vardır, lakin evli olmamış, həmin oğlunun atası qeyri-rəsmi yaşadığı Amin adlı şəxsdir. Övladının ondan alındığını hazırda onun himayəsində olmadığını bildirmiş. Həmçinin barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra övladının yenidən onun himayəsinə verilməsi barədə müraciət etdiyin lakin hazırki vaxtadək övladının onun himayəsinə verilmədiyin bildirdi.O, heç yerdə işləmir, Xırdalan şəhərində müxtəlif yerlərdə kirayədə qalmış, Amin də arada ona pul göndərir. Kamil adlı şəxsi təxminən 1 il olar ki, tanıyır və həmin vaxtdan da onunla birlikdə ər-arvad kimi yaşayır. Bu müddət ərzində münasibətləri normal olmuşdur. Birlikdə yaşadığı müddət ərzində Kamil onunla birlikdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində, Qurtuluş-93 yaşayış kompleksində qalmışdır. 01 fevral 2023-cü il tarixdə Kamil yaşadığı evdə mübahisə edərək, onu qısqandığı üçün gecələr kafelərə getməyinə narazılıq etmişdir. Həmin tarixdə onu yaşadığı evdən çıxıb getməsini tələb etmişdir. Kamil evdən çıxıb gedəndə artıq yaşıdığı müddətdə borclu qaldığı evin kirayə haqqını verməyəcəyini bildirmişdir. O, Kamilin borclu qaldığı kirayə pulunu verməyəcəyini bildiyi üçün sonuncu pulu ödəyənə qədər onun evdə olan sənədlərini və əşyalarını verməyəcəyini demişdir. Kamil də demişdir ki, fevralın 10-da onunla görüşüb pulu ödəyəcəkdir. 10 fevral 2023-cü il tarixdə Kamil dostları Namiq və Anar ilə birlikdə onun yaşadığı ünvana gəlib sənədləri geri istəmişdir. Kamil ona kirayə pulunu fevral ayının 19 geri qaytaracağını bildirmişdir. O da Kamilə inanaraq sənədlərini vermişdir. Ondan sonra daha Kamil ilə əlaqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Xırdalan şəhərində ’’Bakı Gecələri” kafesinə gəlmiş və görmüşdür ki, Kamil dostu Anar ilə birlikdə həmin kafedə oturublar. Kafedə 3-4 nəfər tanımadığı müştərilər də olmuşdur. O da həmin kafedə oturub özünə pivə sifariş vermişdir. O, Kamili kafedə görən zaman ondan kirayə pulunu nə vaxt verəcəyini soruşmuşdur. Kamil ona pulu bir neçə saata ödəyəciyini bildirmişdir. Aradan bir qədər sonra tanıdığı Namiq adlı taksi sürücüsü də kafeyə gəlmiş və onun yanında oturmuşdur. Bir neçə saat sonra o, Kamil, Namiq və Anar kafenin bağlandığını görərərək çölə çıxıb söhbət eləməyə başlamışlar. Kafe bağlanmış və çöldə onlardan başqa heç kim olmamışdır. O, yenidən Kamildən bir neçə saat keçdiyini, pulu nə səbəbə ödəmək istəmədiyini soruşmuş, Kamil isə ona “vermirəm, get nə istəyirsən elə” sözlərini demişdir. Kamilin bu sözləri ona pis təsir etmiş, belə ki, birgə yaşadığı müddətdə kirayə pullarını sonuncu ödəməyib onun üçün borc qoyub getmişdir. O, bunu eşidib Kamilin üstünə hücum etmiş və onunla əlbəyaxa olmuşdur. O sonuncunun çiyinlərindən gödəkçəsini tutub üstündə olan kiçik bıçaqla arxadan kürəyindən bir dəfə vurmuş, bu zaman Kamil fırlanaraq əlindən çıxmış və oradan qaçıb yoxa çıxmışdır. Daha sonra Namiq idarə etdiyi avtomobillə onu Anar ilə aparıb yaşadığı Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində yerləşən evinə düşürmüşlər. O, maşında gedərkən Kamili vurduğu bıçağı hazırda xatırlamadığı istiqamətdə atmışdır. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda əməlinin cinayət olduğunu başa düşdüyünü, peşiman olduğunu, hazırda zərərçəkmişlə barışdığını, valideyn himayəsindən məhrum olmaqla uşaq evində böyüdüyünü, yetkinlik yaşına çatmayan bir uşağının olduğunu və hal-hazırda onu himayəsinə almağa çalışdığını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 2009-cü ildən Bakı şəhərində müxtəlif yerlərdə kirayədə qalıb tikintilərdə işləmiş, Xırdalan şəhərində yaşayan Şəbnəm adlı qadını təxminən iki ildir ki, tanıyır və Şəbnəm ilə münasibətləri yaxşı olduğu üçün 2022-ci ilin təxminən iyul ayında Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksində ev kirayə götürüb Şəbnəm və onun azyaşlı uşağı ilə həmin evdə ərarvad kimi yaşamağa başlamışdır. Şəbnəm ilə yaşadığı müddətdə də aralarında heç bir narazılığı olmamışdır. 2023-cü ilin yanvar ayında Şəbnəmin əvvəllər tanıdığı Anar adlı şəxs cəzaçəkmə müəssisəsindən azadlığa çıxandan sonra Şəbnəm ilə yenidən münasibəti yaranmışdır. O və Şəbnəm Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən “Bakı gecələri” kafesinə tez-tez getdiyi üçün Anarı həmin kafedə görüb tanımışdır. O hər gün səhər saat 08 radələrində işə gedib, axşam işdən gəlmişdir. 01 fevral 2023- cu ıl tarixdə saat 08 radələrində evdən çıxıb işə getmiş, Anar Şəbnəm ilə evdə olmuşdur. Saat təxminən 11 radələrində Şəbnəm onun telefonuna vatçapla səs atmışdır ki, bu gün Anarın atasının ad günüdür, ona 50 manat pul versin. O da Şəbnəmə demişdir ki, pulu yoxdur. Buna görə də Şəbnəm onunla telefonda dalaşmışdır. Saat təxminən 11 radələrində işdən çıxıb evə getmiş və görmüşdür Anar hələ onlardadır. Şəbnəm evdə ona pul vermədiyinə görə mübahisə edərək, evdən çıxıb getməyi tələb etmişdir. O da içərisində sürücülük vəsiqəsi, işlədiyi yerdə qeydiyyat apardığı üç ədəd kitabçalar və digər şəxsi əşyalar olan çantanı götürmək istəyəndə, çantanın dolabda olmadığını görüb Şəbnəmdən çantanın harada olduğunu soruşmuşdur. Şəbnəm də ona demişdir ki, evin kirayə haqqını ödəyəndən sonra içərisində sənədləri olan çantanı qaytaracaqdır. O da evdən çıxıb işə getmiş və bir daha həmin evə qayıtmamışdır. 10 fevral 2023-cü il tarixdə o, Arif və Namiq ilə Qurtuluş-93 yaşayış massivində olan “Qafqaz” kafesinə getmiş, Anar ilə Şəbnəm də həmin kafeyə gəlmişlər, orada olan söhbət zamanı razılaşmışdır ki, kirayə qaldığı evin borcunu ödəyəcəkdir və sonuncu da onun sənədləri olan çantasını ona qaytaracaqdır. Hətta yenə həmin günü “Şəmistan” marketi işlədən Mürsəl adlı şəxsdən 100 manat götürüb Şəbnəmə vermişdir. Şəbnəm Anar ilə evə qalxmış, o həyətdə gözləmiş və Anar onun sənədlər olan çantasını və bir neçə paltarları gətirib ona vermişdir. 19 fevral 2023-cü il tarixdə də Şəbnəmə yenə kirayə pulundan verməli olmuş, belə ki, 20 fevral '2023-cü il tarixdə Şəbnəmin yaşadığı evin kirayə pulunun vaxtı olmuşdur. 19 fevral 2023-cü il tarixdə, saat təxminən 23:50 radələrində Şəbnəmin “Bakı gecələri” kafesində olduğunu bilmiş, buna görə də Masazır qəsəbəsində xalası oğlu Royalın evindən çıxıb həmin kafeyə getmiş, bir qədər sonra Şəbnəm də kafeyə gəlmiş və kafeni işlədən Zərifə ilə bir stolda oturmuş, aradan bir qədər sonra Namiq də kafeyə gəlmişdir. O, Anar ilə “Yaquar” içkisindən içmişlər. Anar onunla kafedən çölə çıxmış və çöldə gəzişməyə başlamışlar. Anar ona demişdir ki, Şəbnəm evin kirayə pulunu ödəməyi istəyir. O da Anara demişdir ki, imkanı yoxdur, 1-2 günə pulu olarsa verəcəkdir. Anar da demişdir ki, bu barədə Şəbnəmdən soruşsun görək Şəbnəm nə deyir. Anar gedib Şəbnəmi kafedən çölə çağırmış, həmin vaxt Namiq də yanlarına gəlmişdir. Şəbnəm ondan təcili borcu ödəməyi təkidlə tələb etmiş, lakin ona da hazırda pulunun olmadığını demişdir. Şəbnəm üşüdüyü üçün Anar gödəkçəsini çıxarıb Şəbnəmə vermişdir. Artıq həmin kafe bağlanmış, Şəbnəm onlardan 3-4 metr aralıda gəzişirmiş, Anar ona kirayə pulunu ödəyə bilmədiyinə görə Şəbnəmin pis vəziyyətə düşdüyünü dedikdə sonuncuya bu məsələyə qarışmamasım bildirmiş, buna görə də Anarla mübahisəsi olmuşdur. Bu zəmində təxminən 10-15 dəqiqə mübahisə etmiş, Namiq onları sakitləşdirmişdir. Şəbnəm həmin vaxtı onun arxa tərəfində kafenin qabaq tərəfində yerdən təxminən 30-40 sm hündür olan yerdə dayanmış və pul verə bilməyəcəyini Anara dediyini sonuncu da eşitmişdir. Bu zaman Şəbnəm gözləmədiyi anda arxadan ona yaxınlaşmış və kürək nahiyəsinə bıçaqla bir dəfə zərbə vurmuş, o “Ay öldüm” deyərək qışqırmışdır. Şəbnəm onu aldatdığına və kirayə borcunu vermədiyinə əsəbləşib onu vurduğunu başa düşmüş, Namiqlə, Anar onun Şəbnəmə qarşı başqa hərəkət edəcəyindən ehtiyatlanıb onların arasına girmiş və onu kənara çəkmişlər. O da sonuncuya qarşı başqa bir hərəkət etmədən oradan aralaşmış, onun kürəyindən qan axmış, buna görə də oradan qaçaraq uzaqlaşıb, tanımadığı bir taksi avtomobilinə oturub, Masazır qəsəbəsində olan dayısı oğlu Royalın evinə getmiş və yolda sonuncuya zəng edib bıçaqlandığım demişdir. Royalın evinə çatandan sonra paltarlarını dəyişib qana bulaşdığı üçün atmışdır. Sonra Röyal onu xəstəxanaya aparmış və orada əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsini davam etdirərək təqsirləndirilən şəxs Şəbnəm Başıyevanı bağışladığını, onunla barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını, hazırdada birgə yaşadıqlarını bildirərək məhkəmədən ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası oğludur. Xalası oğlu Zərərçəkmiş şəxs 2009-cü ildən Bakı şəhərində müxtəlif yerlərdə kirayədə qalıb tikintilərdə işləmişdir. Kamil Xırdalan şəhərində yaşayan Şəbnəm adlı qadını təxminən iki ildir ki, tanıyır və Şəbnəm ilə münasibətləri yaxın olduğu üçün 2022-ci ilin təxminən iyul ayında Şəbnəm üçün Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş- 93 yaşayış kompleksində ev kirayə götürüb onun azyaşlı uşağı ilə həmin evdə ər-arvad kimi yaşamağa başlamışlar. 01 fevral 2023-cü il tarixdə xalası oğlu Kamil ilə Şəbnəm arasında mübahisə olduğu üçün kirayə qaldıqları evdən çıxmışdır. 19 fevral 2023-cü il tarixdə evdə olmuş, Kamil onlara gəlmiş, saat təxminən 23:50 radələri olmuş, Şəbnəmin “Bakı gecələri” kafesində olduğunu bildiyi üçün evdən çıxıb həmin kafeyə getmişdir. Gecədən keçmiş təxminən saat 01-02 radələri olmuş, evdə olarkən xalası oğlu Kamilin evə gəldiyini görmüş, onun kürəyindən qan gəlmiş və paltarları qana bulaşıq olmuşdur. Ondan nə baş vediyini soruşmuş, Kamil ona demişdir ki, tanışı Şəbnəmlə kirayə qaldıqları evin kirayə pulunun ödənilməsi ilə bağlı arasında mübahisəsi olub və Şəbnəm də əsəbi halda üstündə gəzdirdiyi bıçaqla Kamilin kürəyindən vuraraq ona xəsarət yetirmişdir. Belə olduqda onun vəziyyətinin ağırlaşmaması üçün cəld köməklik etmiş və paltarlırını dəyişib qana bulaşıb paltarları atmış, sonra isə onu xəstəxanaya aparmış, xəstəxanada Kamilə yardım edilmiş və sonuncu əməliyyat olunmuşdur. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılan Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, BMW markalı, 10VO543 qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi kimi fəaliyyət göstərir. O, gecələr avtomobili ilə Xırdalan şəhəri 28-ci məhəllənin ərazisində yerləşən “Bakı gecələri” kafesinin qarşısında dayanıb oradan çıxan müştəriləri aparır. 19 fevral 2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində həmin kafeyə gəlmiş və kafedə olan əvvəllər tanıdığı Şəbnəm adlı qadın da kafedə həmin kafeni işlədən Zərifə adlı qadın ilə oturub Şəbnəm pivə içmiş, o da gedib sonuncuların yanında oturmuşdur. O hər gecə gedib həmin kafedə oturur və müştəri olanda onları aparır. Kafedə 4-5 nəfər tanımadığı şəxslər də kafedə çay içmişlər. Digər stolda əvvəllər tanıdığı və onunla bir məhəllədə yaşayan Kamil adlı şəxs, həmin kafeyə müştəri kimi gəlib-getdiyi üçün tanıdığı Anar adlı şəxslə oturmuşlar. Artıq 20 fevral 2023-cü il saat təxminən 00:30 radələri olardı, kafeni işlədən Zərifə kafeni bağlamış, ona görə hamısı kafedən çölə çıxmışlar. Bu zaman çöldə kafenin qarşısında Kamil ilə Şəbnəm mübahisə etməyə başlamışlar. Sonuncular nəsə pula görə mübahisə etmiş, orada olan Anar onunla birlikdə sonuncuları aralamış ki, dalaşmasınlar. Həmin vaxt ətrafda artıq heç kim olmamışdır. X10 irad tutub hansısa borcun qartarılmasını dedikdə Kamil onunla da mübahisə etməyə başlamış, onlara irad bildirmişdir ki, mübahisə etməsinlər. Həmin vaxt qaranlıq olmuş, Şəbnəm isə bir qədər aralıda Kamilin arxa tərəfində olmuşdur. Bu zaman Kamil qəfildən “Ayyy” səsini çıxartmış və bir qədər qabağa getmiş, bu anda görmüşdür ki, sonuncunun kürək nahiyəsindən qan gəlir. Həmin vaxt görmüşdür ki, Şəbnəmin sağ əlində tiyəsi qara rəngli bıçaq vardır. Həmin anda Anarla birlikdə Kamilin qarşısına keçmiş ki, Şəbnəmə qarşı bir hərəkət etməsin. Belə olduqda Kamil oradan qaçıb getmiş, o da Anar ilə Şəbnəmi avtomobilimə mindirib Şəbnəmi Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksindəki evlərinə aparmış, sonra yenidən Xırdalana bazara gəlmiş və Anar da avtomobildən düşüb getmişdir. Onlar yolda da Şəbnəmə irad bildirmişlər ki, nəyə görə Kamili bıçaqla vurmuşdur. Şəbnəm isə əsəbi olduğu üçün heç nə deməmiş, sonra Kamilə zəng edib harada olduğunu soruşmuş, sonuncu da ailəsi ilə xəstəxanaya getdiyini bildirmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılan Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən «Bakı gecələri» adlı kafesini icarə əsasında işlədir. 19 fevral 2023-cü il tarixdə həmişə olduğu kimi icarə əsasında işlətdiyi kafedə olmuş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlətdiyi kafenin daimi müştəriləri olmuşdur. Həmin tarixdə axşam radələrində də Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi kafedə olmuşlar və o, kafeni saat 23:45 radələrində bağladığı üçün kafedə olan şəxslər oranı tərk etmişlər. O, kafeni bağlayan anadək kafedə hər hansı dava dalaş baş verməmişdir. 20 fevral 2023-cü il tarixdə kafeyə gəldikdə ona məlum olmuşdur ki, kafenin daimi müştəri olmuş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında borc pulla bağlı mübahisə baş vermiş və Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmışdır. Bir daha göstərmişdir ki, sonuncular arasında dava dalaş o, kafeni bağladıqdan sonra, yəni saat 23:45 radələrindən sonra baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 963 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ kürək nahiyəsinin sağ plevra boşluğuna nüfuz edən sağ tərəfli pnevmatoraks (sağ plevra boşluğuna havanın toplanması) ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatı yoxdur. 23 fevral 2024-cü il tarixli, 981489 saylı X4 görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan bir uşağı var. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Abşeron Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), əməlindən səmimi peşman olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə qanunun qeyd edilən müddəalarına, eləcə də işin faktiki hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təyin olunmuş cəzanın real çəkilməli olub-olmaması məsələsini müzakirə edərkən məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarını, işin faktiki hallarını eləcə də cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmasına dəlalət edir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Təqsirini səmimi etiraf edən, əməlindən peşman olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalı, bu imkandan ümumilikdə cəmiyyətdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsini aydınlaşdırmaq üçün o, müəyyən müddət sınaqdan keçirilməlidir. Eyni zamanda sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilməlidir. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Abşeron Rayon Məhəkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü ildən 17 aprel 2024-cü ilədək həbsdə və ev dustaqlığında olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli Qərarının 2.21-ci bəndinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasını şərti olaraq tətbiq edərkən Cinayət Məcəlləsinin 70.1-ci maddəsində məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı, hökmdə çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyi əks etdirilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilsin. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar