Məhkəmə qərarları › İş №1(124)-294/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-294/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-294/2025 17.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1991-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, M.Əzizbəyov küçəsi ev 16-da qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşma bağlar massivi, 5-ci dalan ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 09 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi dəniz kənarında yerləşən “Balıqçı” adlı kafenin qarşısında alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs bir qədər əvvəl kafenin həyətində nalayiq ifadələr işlətməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu tərəfindən ona irad bildirilib, ordan çıxıb getməsini tələb etməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıqca etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoymaqla, kənar şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə kafenin mətbəxindən götürdüyü zavod üsulu ilə hazırlanmış, üzərində təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmiş, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə 01 (bir) dəfə zərbə vurmaqla ona qaraciyərin sağ payının Vİİ-Vİİİ seqmentinin zədələnməsi ilə müşayət olunan qarnın sağ yarısının yan divarının boşluğa keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, hemoperitoneum, sağ İX qabırğanın yerdəyişən, sağ Vİİİ qabırğanın natamam xətti sınığı, hemorragik şok İİİ dərəcə kimi yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadə verməkdən imtina etmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Əziz oğlunun məhkəməyədək icraat zamanı verdiyi, məhkəmə tədqiq olunan ifadəsində o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər şəxsi tanışlığı olmamış, onunla əvvəllər Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində kirayəşin yaşayarkən bir iki dəfə təsadüfən qarşılaşmış, onun ancaq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşaması barədə məlumatı olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən kafelərin birində yemək yeyib spirtli içki qəbul etmiş, bundan sonra yaşadığı Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisinə getmək üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisinə gəlmiş, ancaq orda fikrini dəyişib Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıqçı” kafesinə balıq yeyib, pivə içmək üçün getmək qərarına gəlmiş, kafenin həyətinə saat təxminən 19 radələrində daxil olduqda, ilk əvvəl balıq və pivə sifariş vermək üçün kafenin mətbəxinə yaxınlaşmışdır. Ancaq içəridə heç kim olmadığından sifariş vermək üçün kafenin işçilərindən birini axtarmağa başlamış, bu zaman kiminsə onu arxadan çağırdığını hiss etmiş, geri çevriləndə Elmarın ünvanına nalayiq ifadə işlədərək nə istədiyini soruşduğunu görmüş, ilk əwəl ona cavab verməsədə, həmin şəxs yenidən ünvanına nalayiq ifadə işlədərək üstünə gəldiyindən və onun cüssəcə ondan dəfələrlə böyük olduğundan kafenin mətbəxindəki stolun üzrində olan bıçağı sağ əli ilə götürüb, tutacağını əlinin içərisində, kəsici hissəsini isə bilək nahiyəsinin arxasında gizlətmişdir. Bundan sonra Elmar üstünə gəldikcə oda geri çəkilməyə başlamış, ondan niyə ünvanına nalayiq ifadə işlətməsinin səbəbini soruşduqda o, heç bir səbəb olmadan ünvanına nalayiq ifadələr işlətməkdə davam etdmişdir. Cavabında onun ünvanına nalayiq ifadə işlətmiş, Elmar üstünə gəldikcə isə geri çəkilmiş, beləcə kafenin qarşısına çıxmışlar. Həmin vaxt əlindəki bıçağı Elmara göstərmişdir ki, bəlkə o qorxub geri çəkilər, ancaq Elmarın buna da əhəmiyyət vermədiyini, Elmarın onu vurmaq istədiyini görüb, onu qabaqlamaq üçün bıçaqla onun sağ tərəfdən qarın nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra Elmarda yumruqla baş nahiyəsinə bir zərbə vurduğundan yerə yıxılmış, daha sonra olanları xatırlamamışdır. Özünə gəldikdə isə ayağa qalxıb ordan uzaqlaşıb çıxıb getmiş, sonradan səhərə qədər Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 2 saylı orta məktəbin həyətində gizlənmiş, hadisə vaxtı ayaqqabısının bir tayı və papağı hadisə yerində qaldığından, eləcə də əynində olan geyim əşyaları çirkləndiyindən gedib özünə paltar almasını, sonra isə gedib polis əməkdaşlarına təslim olmasını fikirləşmiş, Sumqayıt şəhəri ərazisində yerləşən 2 saylı uşaq xəstəxanasının qarşısından keçərkən isə polis əməkdaşları ona yaxnlaşıb onu saxlamaq istəmişlər. Həmin vaxt üstünə gələn şəxslərin çox olduğunu görüb onları geri çəkilməsinə nail olmaq üçün üzərində olan ülgüclə boğazının sağ hissəsinə xəsarət yetirmiş, bundan sonra polis əməkdaşları ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirmişlər. Etdiyi əməldən səmimi olaraq peşmandır, gələcəkdə Zərərçəkmiş şəxs sağlamlığına dəymiş ziyanı ödəyərək onunla barışmağa çalışacağına söz verir. Hadisə vaxtı Elmar onu yumruqla başından vurduğundan, bıçaq əlindən hadisə yerində harasa düşmüş, ancaq bıçağın hara düşdüyünü görə bilməmişdir. Özünə gəldikdən sonra isə bıçağı axtarmadan ordan çıxıb getmişdir. Elmar üstünə gələrək onu vurmaq istədiyindən və ünvanına nalayiq ifadə işlətdiyindən onu cəzalandırmaq üçün vurmuş, onu həyatdan məhrum etmək, öldürmək fikri olmamışdır. Hadisə Balıqçı kefesinin qarşısında saat təxminən 20 radələrində baş vermiş, həmin vaxt yanlarında kənar şəxs olmamışdır. (Cild 1, iş vərəqləri 89-91, 228-230) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə kənddə eyni məhəllədə qalmışlar, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Hadisə 9 noyabr 2024-cü il tarixdə baş vermişdir. Həmin gün işdən gəlmişdir. “Balıqçı” kafesində yemək yemişdir. Tərlan da kafenin həyətində olmuşdur. Kafe onlara məxsus olduğu üçün özü özünə qulluq edirdi. Başqa heç kəs olmamışdır. Şahid2 həmin gün kafedə olmuş, balıq bişirirdi. Sonra Təqsirləndirilən şəxs hirsli olduğunu, ünvansız söyüşlər söydüyünü görmüşdür. Spirtli içki qəbul edib-etmədiyini bilməmişdir. Təqsirləndirilən şəxs söyüş söyməməsi üçün kafedən çıxarmışdır. Onu kafedən yola saldığı anda mübahisə yaranmış, Tərlan ona təsadüfən, bilmədən xəsarət yetirmişdir. Hadisə zamanı kafenin həyətində kimlərin olduğunu görməmişdir. Gözlərini açanda hər yeri qan idi. Onu xəstəxanaya dayısı oğlu Şahid1 aparmışdır. Tərlan onu qəsdən, bilərək yaralamamışdır. Hazırda barışıq əldə olunub, heç bir şikayəti yoxdur. Əvvəldən də heç bir şikayəti olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər şəxsi tanışlığı olmamış, onunla bir neçə dəfə yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində təsadüfən qarşılaşmış, bildiyi qədəri ilə Tərlan bir müddət yaşadığı H.Z.Tağıyev qəsəbəsi ərazisində kirayəşin yaşamış, aralarında əvvəllər hər hansı ədavətləri və ya pis münasibətləri olmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində gündəlik işlədiyi Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən iş yerindən çıxıb iki nəfər iş yoldaşı ilə birlikdə dayısı oğlu Fuada məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Balıqçı kafesinə şam etmək üçün gəlmiş, kafeyə daxil olduqdan sonra kafenin həyətindəki kabinetlərdən birində əyləşərək, sifarişlərini vermişlər. Bundan sonrakı müddətdə ayaqyoluna getmək üçün kabinetdən bayıra çıxdıqda, kafenin həyətində Tərlanın ünvansız nalayiq ifadələr işlətdiyini görüb ona irad bildirərək kafedə qadının olduğunu xatırladıb, söyüş söyməməsini tələb etmişdir. Həmin vaxt Tərlan ona heç bir cavab verməmiş, bundan sonra onun qoluna girib Tərlanı kafenin həyətindən kafenin qarşısına qədər təxminən 50 metr məsafədə aparmış və orda ona çıxıb getməsini bildirmiş, bu vaxt Tərlanın əlində bıçaq olduğunu görüb ondan bıçağı cibinə qoymasını tələb etmişdir. Tərlan isə bundan imtina etmiş, bu səbəbdən aralarında sözlü mübahisə yaranmış, həmin vaxt Tərlan heç bir səbəb olmadan əlindəki bıçaqla qarın nahiyəsinin sağ tərəfmə bir zərbə vurmuşdur. Bundan sonra olanları xatırlamamışdır. Özünə gələndə Sumqayıt şəhər TTY Xəstəxanasına yerləşdirildiyini, cərrahiyyə əməliyyatı olunduğunu görmüşdür. Sonrakı müddətdə isə təxminən üç həftə ərzində xəstəxanada stasionar şəraitdə müalicə olunmuş, sonradan isə ona ambulator müalicə təyin edilərək yaşadığı evə buraxılmışdır. Hadisə “Balıqçı” kafesinin qarşısında baş vermiş və təxminən 5-10 dəqiqə ərzində davam etmiş, həmin vaxt yanlarında kənar şəxs olmamışdır. Hadisədən əvvəl Tərlan ünvansız nalayiq ifadələr işlətdiyindən ona söyüş söydüyünə görə irad bildirmiş, sonra isə kafedən uzaqlaşdırmaq üçün onun qolundan tutub kafenin həyətindən kafenin qarşısına qədər aparmış, həmin vaxt onun əlində bıçaq olduğunu görüb bıçağı yığışdırmasını Tərlandan tələb etdikdə, aralarında ilk əvvəl sözlü mübahisə yaranmış, sonra isə Tərlan ona bıçaqla bədən xəsarəti yetirmişdir. Hadisə vaxtı Tərlanın ünvanına nalayiq ifadə işlətməmiş, onu yumruqla vurmamışdır. (Cild 1, iş vərəqləri 121-123) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, “Balıqçı” kafesində aşpaz olaraq işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Eyni kənddə yaşamışlar. Münasibətləri normal olmuşdur. Hadisə günü, yəni 9 noyabr 2024-cü il tarixdə axşam saatlarında kafedə balıq bişirərkən birdən səslər eşitmişdir. Çölə çıxanda Elmarı yerdə uzanmış vəziyyətdə qan içində görmüşdür. Özündən bu hala gəlməsinin səbəbini soruşmuşdur. Tərlan ilə aralarında söz-söhbət yarandığını bildirmiş, lakin sonra durub getmişdir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin yanvar ayından Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində dəniz kənarında yerləşən “Balıqçı” kafesində aşbaz işləyir. Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam saatlarında Elmar ona zəng vurub kafeyə gələcəyini bildirmiş, aradan təxminən yarım saat keçdikdən sonra o, işlədiyi kafeyə gəlmişdir. Bundan sonra o sifarişini verib kafenin kabinetlərinin birində yanındakı tanışları ilə birlikdə əyləşmiş, aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra kafedə xidmətçi işləyən Rəşidi axtarmış, onu tapa bilmədiyindən kafenin həyətinə çıxmış, bu zaman Rəşidlə qarşılaşdıqda ondan ilk əvvəl harda olduğunu soruşmuş, bu zaman kafenin qarşısından küçədən səs küy gəldiyini görüb, ondan orda nə baş verdiyimdə soruşmuş, Rəşid isə bir qədər əvvəl kafeyə müştəri kimi gəlmiş Tərlanın kafenin həyətində nalayiq ifadələr işlətdiyini, bu zaman ona irad bildirən Elmarla mübahisə etdiklərini, sonrada kefinin həyətindən çıxaraq kefenin qarşısında mübahisə etməkdə davam etdiklərini bildirdi. Bundan sonra Elmar və Tərlana tərəf getdikdə, onların əlbəyaxa olub dalaşdıqlarını görmüş, Elmara tərəf gedib, ondan nə baş verdiyini soruşduqda o əli ilə sağ böyür nahiyəsini tutub, “deyəsən məni vurdu" sözlərini demiş və yerə oturmuşdur. Bundan sonra Tərlana tərəf gedib nə etdiyini soruşanda, onun əlində bıçaq olduğunu görmüş, daha sonra onun sinəsindən kənara itələyib, Elmarın yanma qayıtmış, bir qədər sonra oraya digər şəxslərdə gəlmişdir. Sonra isə Dadaş adlı şəxs Elmarın bibisi oğlu X2 idarə etdiyi avtomobilə mindirib ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTY xəstəxanasına aparmışlar. (Cild 1, iş vərəqləri 127-129) Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Eyni kənddə yaşamışlar. Münasibətləri normal olmuşdur. Hadisə ötən ilin noyabr ayında baş vermişdir. Həmin gün dəniz qırağına maşınla düşərkən birdən kafenin qabağında Zərərçəkmiş şəxs yerə yıxılmış vəziyyətdə hər tərəfi qan içində olaraq uzandığını görmüşdür. Həmin an dərhal ona yaxınlaşıb, maşına mindirib, xəstəxanaya aparmışdır. Hadisənin necə baş verdiyini həmin an soruşa bilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrindo işdən çıxıb Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində dəniz kənarında yerləşən qardaşı Fuadın işlətdiyi “Balıqçı” kafesinə yeyib içmək üçün getmiş, kafeyə çatmağı təxminən 2 saat çəkmiş, kafenin qarşısına çatanda bibisi oğlu Elmarın kafenin qarşısında sağ böyür nahiyyəsini tutaraq yerdə oturduğunu, onun həmin nahiyyəsindən qan axdığını görüb dərhal ona yaxınlaşmış və ondan nə baş verdiyini soruşmuş, Elmar isə ancaq onu vurduqlarını bildirmişdir. Bundan sonra oraya gəlmiş Dadaş adlı tanışı ilə birlikdə Elmarı Dadaşın idarə etdiyi Mercedes markalı avtomobilə mindirib ona tibbi yardım göstərilməsi üçün onu Sumqayıt şəhər TTY xəstəxanasına gətirmişdir. (Cild 1, iş vərəqləri 124-126) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 6 saylı orta məktəbin 9-cu sinifində təhsil alır. Dərsdən sonra isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində dəniz kənarında yerləşən əmisi Fuada məxsus “Balıqçı” kafesində xidmətçi, ofısant işləyir. Zərərçəkmiş şəxs atasının bibisi oğludur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində Elmar işlədiyi kafeyə gəlmiş və kabinetlərin birində üç nəfər tanışları ilə birlikdə əyləşmişdir. Bundan təxminən 10- 15 dəqiqə sonra kefeyə müştəri kimi gəlmiş Tərlan adlı şəxs kafenin həyətində uca səslə nalayiq ifadələr işlətmiş, həmin vaxt kafenin həyətində olmuşdur. Tərlan nalayiq ifadə işlətdiyindən Elmar oturduğu kabinetdən çıxıb Tərlanın nalayiq ifadə işlətdiyinə görə ona irad bildirmiş, ondan niyə söyüş söyməsinin səbəbini soruşmuş, orda qadın, uşaq olduğunu bildirib, söyüş söyməsini və ordan çıxıb getməsini tələb etmişdir. Bundan sonra onlar söhbət edə edə kefenin qarşısına tərəf getmiş və orda mübahisə etməyə davam etmişlər. Daha sonra onu kabinetlərin birində əyləşmiş digər müştəri çağırdığından, həmin kabinetə daxil olub onun verdiyi sifarişləri qəbul etmiş, daha sonra kafedə aşbaz işləyən Fərrux onu axtardığından onun yanına getmişdir. Bu zaman kafenin qarşısından Elmarın qışqırtı səsi gəlmiş, o qışqırıb onu vurduqlarını bildirmiş, ancaq uzaqda olduğundan və hava qaranlıq olduğundan nə baş verdiyini görə bilməmişdir. Həmin tərəfə gedəndə kimsə ondan salfet və ya əski gətirməyini istəmiş, bundan sonra geri qayıdıb kafedən salfet götürüb yenidən oraya qayıtmış və gətirdiyi salfeti həmin şəxsə vermişdir. Bu zaman Elmarın əli ilə sağ böyür nahiyəsini tutub dizi üstə yerə oturduğunu görmüş, nə baş verdiyi ilə maraqlandıqda kimsə Tərlanın bıçaqla Elmarı vurduğunu bildirmiş, ancaq ətrafa baxdıqda Tərlanı orda görməmişdir. Daha sonra oraya digər şəxslərlə birlikdə gəlmiş atası X4 adlı şəxsin idarə etdiyi avtomobilə mindirib ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTY xəstəxanasına aparmışdır. Bundan sonra kafe bağlanmış və yaşadığı evə qayıtmışdır. (Cild 1, iş vərəqləri 136-138) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi dəniz kənarında yerləşən “Balıqçı” adlı kafenin qarşısında Zərərçəkmiş şəxs ilə Tərlan adlı şəxs arasında yaranmış mübahisə zamanı həmin şəxs üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona bədən xəsarəti yetirdiyindən, tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə həmin şəxsin xx.xx.1991 -ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, M.Əzizbəyov küçəsi ev 16-da qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşma bağlar massivi, 5-ci dalan ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu, həmçinin Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində yerləşən Uşaq Xəstəxanasının yaxınlığında olduğu müəyyən edildiyindən xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin digər əməkdaşları ilə birlikdə yaxınlaşaraq onu saxlamaq istəmişlər. Ancaq həmin vaxt Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi ülgücü çıxarıb, həmin ülgüclə boyun nahiyyəsinə xəsarət yetirmiş, bundan sonra ona tibbi yardım göstərilməsi üçün Təqsirləndirilən şəxs Sumqayıt şəhər TTY Xəstəxanasına aparıb, xəstəxanaya yerləşdirmişlər. Daha sonra isə bu barədə aidiyyatı üzrə məlumat vermişlər. (Cild 1, iş vərəqləri 149-151) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi və götürmə aparılması haqqında” 09 noyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, 09 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi dəniz kənarında yerləşən “Balıqçı” adlı kafeyə baxış keçirilmiş, kafenin həyətinə baxan hissəsində açıq vəziyyətdə olan bisetkanın qabaq hissəsində əkilmiş bitkilərin arasından kəsici hissəsi parlaq metaldan, tutacaq hissəsi qəhvəyi rəngli taxta materialdan hazırlanmış, ümumi uzunluğu 30 sm, tiyəsinin uzunluğu 19 sm, tutacaq hissəsinin uzunluğu 11 sm təşkil edən, üzərində qanabənzər ləkələr olan 01 ədəd bıçaq aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 8- 10) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 2121 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1976 №-li xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq bu nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qaraciyərin sağ payının Vİİ-Vİİİ seqmentinin zədələnməsi ilə müşayət olunan qarnın sağ yarısının yan divarının boşluğa keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, hemoperitoneum, sağ İX qabırğanın yerdəyişən, sağ Vİİİ qabırğanın natamam xətti sınığı, hemorragik şok İİİ dərəcə. 2. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən şəraitdə və qaydada, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 169-173) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə bioloji ekspertizasının 23 noyabr 2024-cü il tarixli № 786/2024-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən bu nəticəyə gəlinir: 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1). (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurəti). 2.Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1). (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurəti). 3.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka və qısaqol mayka üzərində olan ləkələrdə insan qam aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alnmadı. Belə olan halda bu qan ləkələri O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa) 4.Ekspertizaya təqdim edilmiş bıçaq üzərində zəif intensivlikdə qan ləkələri aşkar olundu. Həmin ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 157-162) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-trosoloji və soyuq silahın kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 553-2024-MTKŞ nömrəli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ nahiyəsində bir ədəd, maykanın ön səthinin sağ nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olndu. Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. 2.Tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar olunmuş zədə, onun bədəni üzərindəki xəsarətlərlə eynilik təşkil etməsini müəyyən etmək üçün Zərərçəkmiş şəxs aid Tibbi rəy göndərildikdən sonra bu suala cavab vermək mümkün olacaq. İİ. 1. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqləri 163-168) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator məhkəınə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3794 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəməpsixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan: hövsələsizlik, inadkarlıq, eqosentrizm, özünə qaışı hörmət tələb etmək və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan: hövsələsizlik, inadkarlıq, eqosentrizm, özünə qarşı hörmət tələb etmək və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (Cild 1, iş vərəqləri 184-187) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd qolsuz mayka, 01 (bir) ədəd qısaqol mayka, soyuq silah hesab edilməyən mətbəx bıçağı maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 205-215) Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li və “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli Qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, Ali Məhkəmənin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Bundan başqa, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun Qərarının 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli xuliqanlıq niyyəti kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək əməli xuliqanlıq niyyəti ilə törətməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə həmçinin zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsinə, yəni bıçağın təsadüfən, bilmədən ona dəyməsi ilə bağlı xüsusata tənqidi yanaşır və hesab edir ki, bu ifadə təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşdirilməsinə yönəldiyindən obyektiv ifadə kimi qəbul oluna bilməz, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə daha obyektiv ifadə kimi əsas götürülməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xızı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqləri 144-145) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 01 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 104-109, 270-271) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 13 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olub İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 01 (bir) ədəd qolsuz mayka, 01 (bir) ədəd qısaqol mayka, soyuq silah hesab edilməyən mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 01 (bir) ədəd qolsuz mayka, 01 (bir) ədəd qısaqol mayka, soyuq silah hesab edilməyən mətbəx bıçağı məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar