Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-296/2022 17.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Abşeron rayonu Saray qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə, saat 21:20 radələrində, sərxoş vəziyyətdə, Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “14 mərtəbə” deyilən binanın yaxınlığındakı “İçəri şəhər” kafesinin arxa hissəsində yerləşən parkda Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində üstündə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla, xuliqanlıq niyyəti ilə heç bir səbəb olmadan Zərərçəkmiş şəxs çiyin və bud nahiyələrindən iki dəfə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin, böyük döş əzələsinin hissəvi kəsilməsi ilə boşluğa keçən kəsilibdeşilmiş yarası, sol budun aşağı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci il oktyabr ayının 16-da tanışı Hüseynin doğum günü olduğundan saat 18 radələrində “Brend House” restoranında tanış dostları ilə doğum günü məclisinə toplaşmışmışlar. Saat 20 radələrindək orada yeyib spirtli içki qəbul edərəl bərk sərxoş olmuşdur. Oradan çıxıb “Kimyaçılar” mədəniyyət evinin arxa tərəfindəki parkla gedərkən dostları Etibarla Sadiqin yolun kənarında iki nəfər şəxslə dalaşdığını görmüşdür. Qaçaraq özünü onlara çatdırmış və aralarında mübahisə yaranmışdır. Bu zaman sonradan Fərid kimi tanıdığı şəxs onu itələyərək ona qarşı nalayiq ifadəlrə işlətdiyi üçün əsəbləşib üzərində olan və həmin günü ona hədiyə kimi dostları tərəfindən verilən bıçaqla onun bud və sinə nahiyyəsindən bıçaqla zərbələr vurmuşdur. Fəridi bıçaqla vurduqdan sonra qorxduğundan bıçağı orada olan otluq əraziyə ataraq hadisə yerindən qaçaraq uzaqlaşıb evlərinə getmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayının 16-da təxminən saat 19 radələrində uşaqlıq dostu Elcanla görüşmüşdür. Təxminən iki saata qədər parkda gəzdikdən sonra evə doğru “Bank Respublika” istiqamətində gedərkən yolda dostu Elcan onunla zarafat etmiş və qarşıdan gələn, sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxslə bir-biri ilə baxışdıqları üçün mübahisələri düşmüşdür. Eyni zamanda aralıda dayanan 2 nəfər cavan oğlan Nurlanla birlikdə onlarla mübahisə etməyə başlamışlar. İlkin olaraq Nurlan yumruq vuraraq mübahisəyə başlamışdır. Digər 2 şəxs isə Elcanı bir qədər kənarda yerə yıxıb təpikləmişlər və bu zaman onunla dalaşan Təqsirləndirilən şəxs bıçaq çıxarıb onun sol çiyin və sol bud nahiyəsindən iki dəfə vuraraq ona xəsarət yetirmişdir. Bıçaqla vurulduqdan sonra dostu Elcanla onlardan qaçmağa başlamışlar və arxaya baxdıqda onların da qaçaraq getdiklərini görmüşlər. Sonra qardaşı Vüqara zəng vuraraq hadisə barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, qardaşı Fərid ona zəng edib bıçaqlandığını deyərək çağırmış, hadisə yerinə gəldikdə onun bıçaqlandığını görüb xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayının 16-da təxminən saat 19 radələrində uşaqlıq dostu Fəridlə görüşüb Heydər Əliyev adına parkda gəzişmişlər. Daha sonra, evə qayıdarkən Fərid ilə bir-biri ilə zarafat etmişlər və üzbəüz gələn, sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxs Fərid ilə birbiri ilə baxışdıqları üçün aralarında mübahisə yaranmış, Nurlan yumruqla zərbələr vurmağa başlamış və onlar dalaşmışlar. Bu zaman “İol” göz klinikası yaxınlığında dayanan 2 nəfər cavan oğlan da qaçaraq Nurlana köməyə gəlib onu yerə yıxmışlar. Bu zaman Fərid onları aralamağa çalışdıqda qəflətən “Elcan bıçaq, bıçaq” qışqırmaqla ona tərəf axsayaraq qaçmışdır. Fəridin sol bud və sol çiyin nahiyələrindən qan gəldiyini görmüşdür. Fəridlə birlikdə qaçmışlar, həmin şəxslər də digər tərəfə qaçmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2021-ci ilin oktabr ayının 16-da təxminən saat 22 radələrində evdə olarkən oğlu Elcan evə baş nahiyəsi və barmaq nahiyəsindən almış olduğu xəsarətlərlə gəlmiş, ondan nə baş verdiyini soruşduqda “İçərişəhər” restoranın qarşısında 3 nəfər şəxslə mübahisə etdiklərini, onlardan bir nəfərin dostu Fəridi bıçaqla vurduğunudemişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, məşq yoldaşları Hüseynin 2021-ci il oktyabr ayının 16-da doğum günü oluğundan saat 18 radələrində “Brend Hause” restoranında dostları ilə yeyib-içmişlər. Saat 20:30 radələrində oarkda gəzmişlər və dostu Nurlanın yolda tanımadığı şəxslərlə dalaşaraq onu bıçaqla vurduğunu bilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1442 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin sol yarısının ön səthinin, böyük döş əzələsinin-hissəvi kəsilməsi ilə boşluğa keçən kəsilib-deşilmiş yarası, sol budun aşağı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə,ola bilsin ki,qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıcaqla yetirilmişdir, mütddəti xx.xx.2021-ci il tarxə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqləri 98-100) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 446 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmzsı, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir .Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iktidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəktlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, söz götürməmək, tənqid və təhqirə qarşı həssaslıq, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan hadisəni törədən zaman emosional vəziyyətdən asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs psixi emosional sferasında adi alkoqol sərxoşluğu fonunda situasiya ilə əlaqədar hirslillik halı yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillik əlamətləri aşkar edilmədi. (Cild 1, iş vərəqləri 143-146) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun hər hansı tələbi, şikayəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş, daha sonra barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 43, 117-118) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan onun tutulduğu iki gün çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri çıxarılacaq hökmlə dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunacağı 17 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 17 iyun 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-296/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-296/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver