Məhkəmə qərarları › İş №1(124)-296/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-296/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-296/2023 09.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısıun, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə iştirakları ilə, xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Göyərcik kəndində qeydiyyatda olmaqla Xızı rayonu, Sitalçay kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə və xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilməklə hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicə məqsədi ilə saxlanılan Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilməsi ilə bağlı onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, 13 may 2022-ci il tarixdə saat 21:00 radələrində Xızı rayonu Sitalçay kəndi ərazisindən keçən dəmir yol xəttinin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüşlər söyməsi səbəbindən şəxsi münasibətlər zəmnində tərəflər arasında yaranmış mübahisə zamanı, üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən qatlanan cib bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə bıçaq zərbələri vuraraq Zərərçəkmiş şəxs sağ kürək nahiyəsindən bir dəfə, sol qalça nahiyəsindən bir dəfə, sol bud nahiyəsindən 4 dəfə, sağ bud nahiyəsindən bir dəfə, sağ sağrı nahiyəsindən bir dəfə qəsdən vuraraq ona sağ kürək nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası, sol qalça nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası, sol bud nahiyəsinin 4 (dörd) ədəd kəsilmiş-deşilmiş yarası, sağ bud nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası, sağ sağrı nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmalığa yüngül zərərvurmaya aid olan xəsarətlər; həmin bıçaqla bel nahiyəsinin sol yarısına bir dəfə qəsdən vuraraq bel nahiyəsinin sol yarısının periton arxası sahəyə nüfuz edərək böyrəyi zədələyən və nefrektomiya (böyrəyin çıxarılması) ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və şəxsin məhkəmə baxışı zamanı da həmin vəziyyətdə olmasına, həmçinin, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olmasına dair məsələləri həll edərək belə nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar mövcuddur. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində anası Qanuni nümayəndə ilə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Dolanmaq üçün yaşadığı Sitalçay kəndində açıq ərazidən istifadə olunmayan dəmir parçaları toplayıb Sumqayıt şəhərində sataraq əldə pul edir. Təqsirləndirilən şəxs mahiyyəti üzrə qeyd etmişdir ki, 2013-cü il tarixdə hərbi qulluqda olarkən baş nahiyəsindən travma alıb.Başından travma aldığım üçün 8 ay xidmət etdikdən sonra tərxis olunmuş və yararsız hərbi bilet almışdır. Başından aldığım travma ilə əlaqədar Respublika Psixiatriya Xəstəxanasında 6 ay müalicə almışdır. Bu səbəbdən əsəbi olarkən evdə və ətrafda olan əşyaları sındırır. 14 may 2022-ci il tarixdə saat 20 radələrində Xızı rayon Sitalçay kəndi ərazisində dəmir yol xəttinin ətrafında gəzib dəmir parçaları toplayarkən həmin vaxt uzun müddət tanıdığı və onunla bir kənddə yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs ona yaxınlaşıb yanında oturmuşdur. Həmin vaxt kənardan "kahanın" yandığını görmüş və Qoşqara "kaha yanır kaha yanır" söyləmişdir. Qoqar isə həmin vaxt gülərək onun danışığına lağ edib Təqsirləndirilən şəxs ələ salaraq "kaha yanır kaha yanır" deyerək dediyi sözü təkrarlayıb ona lağ etmişdir.Həmin vaxt o, Qoşqara bir söz deməmiş, o da özünə məxsus heyvanları otlaq ərazidən evlərinə qaytarması üçün yanından durub getmişdir. O, həmin ərazidə dəmir parçaları toplamağa davam etmişdir. Az sonra dayısı oğlu İsmayılın işdən gəldiyini görmüş və ona topladığı dəmir parçalarını yaşadığı evə aparmasında oan köməklik göstərməsini xahiş etmişdir. Təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs həmin yerdən qayıdıb keçərkən kənardan ona yenidən "kaha yanır, kaha yanır" deyerək yenidən onu lağ etmişdir. O, həmin vaxt Qoşqara danışığını bilməsini və ona lağ etməməsini bildirmiş, lakin Qoşqar ona yaxınlaşaraq əl-qol atmışdır, o, üzünü kənara çəkdiyi üçün Qoşqarın atdığı yumruq ona dəyməmiş, əsəbləşərək Qoşqara yumruq atmış, lakin onun da yumruğu ona dəyməmişdir. Aralarında yaranan mübahisə zamanı o və Qoşqar biri-birilərinin yaxalarından tutaraq yerə yıxılmış, daha sonra Qoşqar onun boğazından yapışaraq onu boğmağa çalışmışdır. O, Qoşqarın əlindən çıxmış, sonra Qoşqar ondan təxminən 10-15 metr kənarlaşdıqdan sonara onun anasına və var-yoxuna söyməyə başlamışdır. O, həmin vaxt əsəbləşərək ona nə demək istədiyini deyib ona yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın cibindən açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb Qoşqarın sol böyrünə bir dəfə bıçaqla zərbə vurmuşdur. Həmin vaxt Qoşqar yenidən Zaurun boynundan tutanda əlində olan bıçaqla Qoşqarın sol buduna bir dəfə zərbə endirmişdir. Qoşqar Zaurun boynundan qolunu çəkdikdən və Zaurdan təxminən 6-7 metr uzaqlaşıb yerdən əlinə daş parçası alıb ona atmış, lakin həmin vaxt Zaur əyildiyi üçün daş ona dəyməmişdir. Bundan sonra Zaur yenidən Qoşqara yaxınlaşıb bədəninin müxtəlif hissələrinə bıçaqla zərbələr endirmiş, əsəbi olduğu üçün konkret olaraq hansı nahiyələrinə zərbə endirməsini xatırlamamışdır. Həmçinin, Təqsirləndirilən şəxs dayısı oğlu İsmayıl onları ayırmağa çalışmış, fiziki cəhətdən zəif olduğuna görə onları ayıra bilməmişdir. Həmin vaxt İsmayıl ona ucadan Qoşqarı vurmamağı və öləcəyini bildirmişdir. Bu sözdən sonra Zaur İsmayılla birlikdə oradan uzaqlaşmışdır. Oradan uzaqlaşarkən o, qonşusu Telmanın Qoşqara yaxınlaşdığını görmüş və yoluna davam etmişdir. xx.xx.2022-ci il tarixdə səhər yuxudan ayılarkən anası Qanuni nümayəndə ona yaxınlaşaraq ayağa durmasını və qonşunun oğlunu bıçaqladığımı bildirmişdir. Həmin an, o, anasının yaşlı olmasını fikirləşərək ona heç kəsi bıçaqlamadığını bildirmiş və dərman almaq üçün Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərindən qardaşı Xaliqin evinə gedib ona həmkəndliləri Qoşqarı gecə bıçaqla vurduğunu və onu polis şöbəsinə aparmasını, könüllü olaraq Qoşqarı bıçaqladığını etiraf edəcəyini bildirmiş. Sonra qardaşı Xaliqlə birlikdə Xızı rayon Polis şöbəsinə gələrək Qoşqarı bıçaqladığını etiraf etmiş və bıçağı könüllü olaraq təhvil vermişdir. Həmçinin, o, dişləri olmadığına görə meyvə yeyə bilmədiyini, meyvəni bıçaqla kəsdiyini, bu səbəbdən üzərində bıçaq gəzdirməsini bildirmişdir.( İ cild, iş vərəqə 57-60) Məhkəmədə əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kiçik oğludur, Zərərçəkmiş şəxs isə qonşusudur. Zaur 2013-cü il tarixdən "paranoid şizofreniya" xəstəsidir və ikinci qrup əlildir. 13 may 2022-ci il tarixdə saat 21 radələrində oğlu Zaur evə gələrək yataq otağına keçib yatmış, xx.xx.2022-ci il tarixdə səhər saatlarında kənd sakinlərindən axşam Zaurun həmkəndlisi Qoşqara bıçaqla xəsarət yetirdiyini eşitmişdir. Həmin vaxt yaşadıqları evə gedib Zauru yuxudan ayıldıb, ondan Qoşqarı bıçaqla xəsarət yetirib-yetirmədiyini soruşmuşdur. Zaur həmin vaxt heç kimi bıçaqla vurmadığını bildirərək Sumqayıt şəhərinə gedəcəyini və dərman alacağını bildirmişdir. Zaur Sumqayıt şəhərində olarkən digər oğlu Xaliq ona Zaurun Qoşqarı bıçaqladığını, Xızı rayon polis şöbəsinə gedəcəklərini və Zaurun təslim olacağını söyləmişdir. Zaurun xəstəliyi hərbi xidmətdə olarkan yaranmışdır. Zaur stasionar qaydada müalicə almışdır və axırıncı dəfə 6 ay xəstəxanada qalmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hər gün saat 20 radələrində örüş sahəsindən qayıdan iri buynuzlu heyvanları həyətə salır. 13 may 2022-ci il tarixdə saat 20 radələrində heyvanları üçün küçəyə çıxmış, həmin vaxt bir baş iri buynuzlu heyvanın örüş sahəsindən qayıtmadığını görmüş, heyvanı axtarmaq üçün Sitalçay kəndi ərazisindən keçən dəmir yol xətti istiqamətində hərəkət etmişdir. Dəmir yol xəttinin kənarında həmkəndlisi Zaurun və onun dayısı oğlu İsmayılın dəmir parçaları topladığını görərək ucadan səslənib Zaurdan ona məxsus heyvanı görüb-görmədiyini soruşmuşdur. Həmin vaxt Zaur ucadan Qoşqara heyvanın yol kənarına getdiyini bildirmişdir. Sonra Zaur ucadan qışqıraraq "kahı yanır kahı yanır" demiş, Zaurla onun uşaqlıq vaxtlarından aralarında zarafat olduğu üçün Zaurun dediyi sözləri təkrarlayıb gülərək onunla zarafat etmiş, həmin vaxt Zaur da ona qarşı zarafat etmiş, lakin həmin zarafat Qoşqara xoş gəlmədiyi üçün o, Zaurdan bir daha zarafat etməməsini bildirmişdir. Bu zaman Zaur nalayiq söyüşlər söyərək onun üzərinə getmiş, Qoşqar həmin vaxt qolu ilə Zaurun boynundan tutub ona söyüş söyməməsini bildirərkən Zaur əli ilə qolunu boynundan çəkib Qoşqara yumruq atmış, Qoşqar da Zaura yumruq atmışdır. Tərəflər yumruq zərbələrindən yayına bildiklərinə görə onlara zərbə dəyməmişdir. Həmin vaxt İsmayıl mübahisəyə müdaxilə etmək istəyərək onlara mübahisə etməməyi söyləmiş, sonra o, Zaurdan təxminən 10 metr kənarlaşarkən Zaurun yenidən əsəbi halda onun üzərinə gələrək əli ilə sol böyrünə və ayaq nahiyələrinə vurmağa başlamış, o, ayağında istilik hiss etmiş və təxminən 8-9 metr geriyə çəkilmişdir. Zaur bir daha Zərərçəkmiş şəxs yaxınlaşıb onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Daha sonra Zaur İsmayıl və Telmanın köməyi ilə oradan uzaqlaşdırılmışdır. O, Zaurla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 13 may 2022ci il tarixdə iribuynuzlu heyvanları örüş sahəsindən gəlmədiyi üçün Qoşqardan mal-qaranı axtarmasını xahiş etmiş, Qoşqar evdən çıxaraq təxminən yarım saatdan sonra evə qan içində qayıtmışdır. O, Qoşqardan nə baş verdiyini soruşduqda Qoşqar yıxıldığını bildirərək huşunu itirmişdir. Dərhal təcili tibbi yardıma müraciət etmiş, daha sonra onlar təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhər TTYX-yə getmişlər. Xəstəxanada həkimlər Qoşqarın xəsarətlərinin yıxılma nəticəsinə baş vermədiyini, həmin yaraların bıçaq izləri olduğunu bildirmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zaur 2013-cü il tarixdən ruhi-əsəb xəstəsidir və bir neçə dəfə xəstəliyi ilə əlaqədar Psixiatriya Xəstəxanasında müalicə olunub. 13 may 2022-ci il tarixdə Zaurla dəmir parçaları yığarkən Qoşqar yaxınlaşıb onlarla söhbət etməyə başlamış, həmin vaxt Zaur ucadan “kahı yanır, kahı yanır” deyə qışqırmış, Qoşqar Zaurun səsini lağ edərək onun sözlərini təkrarlayaraq gülməyə başlamış, Zaur isə buna fikir verməmişdir. Sonra Qoşqar özünə məxsus heyvanları axtarmaq üçün onlardan uzaqlaşmış, təxminin 10 dəqiqə sonra Qoşqar yenidən Zaura lağ edərək “kahı yanır, kahı yanır” deyərək gülməyə başlamışdır. Həmin vaxt Zaur Qoşqara yolunu getməsini bildirdikdə aralarında mübahisə yaranmış və bir-birilərini tutub yerə yıxmışlar. Həmin vaxt Qoşqar Zaurun boynundan tutub sıxmış, Zaur Qoşqara nəfəs ala bilməməsini bildirsə də Qoşqar onun sözünə qulaq asmayaraq boynunu sıxmağa davam etmişdir. Bu zaman dəmir yolu yaxınlığında Telmanı görmüş və onun köməyi ilə Qoşqar və Zauru ayırmışlar. X5 bıçaqlayacağını bildirmişdir, Qoşqar nalayiq söyüşlər söyərək “vurmayan kişi deyil” demiş, həmin vaxt Zaur Qoşqarın üzərinə qaçaraq onu vurmağa başlamış, sonra o və Telman onları ayırmışdır. O, İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə ifadəsi elan olunaraq aşardırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 25 iyun 2022-ci il tarixli 1693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə "Şizofreniya paranoid forma" xroniki psixi xəstəliyi qeyd olunmuş, təqdim olunmumuş tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs qeyd edilən "Şizofreniya paranoid forma" xroniki psixi xəstəliyi tibbi sənədlərdən göründüyü kimi fasiləziz gedişə malik olduğundan və davamlı hallüsinator paranoid sindromla müşayiət olunduğundan belə qənaətə gəlmək olar ki, o, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin fakti xarakterinin, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından törətdiyi əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs şizofreniya paranoid forma kəskinləşmə mərhələsi aşkar olunur. Təqsirləndirilən şəxs halhazırda onda qeyd olunan psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki, psixi vəziyyətinin daimi müşahidə tələb etdiyi nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 97.3-cü maddəsinə əsasən X1 məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etməmiş və onları idarə edə bilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da, onda qeyd olunan "Şizofreniya paranoid" xəstəliyi nəticəsində psixotik vəziyyətdə olduğundan öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür.( cild 1, iş vərəqə 120-123) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin stasionar məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 86 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən "Paranoid şizofreniya" psixi xəstəliyindən əziyyət çəkmişdir,yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törətdiyi dövürdə paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.Buna görə Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməli barəsində anlaqsız hesab edilməlidir;Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda da paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir.Həmin psixi xəstəlik hazırda kəskinləşmə mərhələsində olduğundan Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumuna görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir.Təqsirləndirilən şəxs barəsindəAzərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbirin tədbiq edilməsi məsləhət görülür .Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya satasionarında məcburi müalicə təyin edilə bilər.Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət hadisəsini törətdiyi dövrdə paranoid şizofreniya xəstəliyindən əziyyət şəkməsi və həmin xəstəliyin kəskinləşmə mərhələsində olması səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməli barəsində anlaqsız hesab edilməlidir.Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 22.1 və 22.2-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür.Hal-hazırda psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilərək barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbirin tədbiq edilməsi məsləhət görülmüşdür.(Cild 1, iş vərəqləri 143-150) İş materiallarında olan təkrar komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 66 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən «Paranoid şizofreniya» psixi xəstəliyindən əziyyət çəkmişdir. Buna görə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Paranoid şizofreniya» psixi xəstəliyindən əziyyət çəkir. Hazırda həmin xəstəlik kəskinləşmə mərhələsində olduğundan onun cəzaçəkmə müəssisəsi şəraitində saxlanılmasına imkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 2013-cü ildə hərbi xidmətdə olarkən psixi vəziyyətində dəyişiklik yaranmış, bununla əlaqədar olaraq hərbi xidmətə yararsız hesab edilərək vaxtından əvvəl tərxis edilmişdir. Sonrakı dövrdə dələlərlə psixiatriya xəstəxanasında stasionar şəraitdə ixtisaslaşdırılmış müalicə almış və müalicəsini ambulator qaydada davam etdirmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Paranoid şizofreniya» xəstəliyi fasiləsiz gedişlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs gələcəkdə bu qəbildən olan cinayət törədə bilməsi ehtimalı vardır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionannda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü tamamilə təkzib olunur. Çünki Təqsirləndirilən şəxs müşahidə olunan «Fasiləsiz gedişli paranoid şizofreniya» formasında psixi xəstəlik psixi fəaliyyətin ciddi şəkildə pozulmasından irəli gələn müxtəlif simptomların birləşdiyi patologiyadır. Əlbəttə, həmin mürəkkəb patologiyaya xas əlamətlərin simulyasiya və imitasiya hesabına yaradılması olduqca çətindir, belə bir cəhd edilərmişsə də, bu süni vəziyyəti yaratmaq üçün həmin şəxs psixiatriya sahəsində müəyyən edilən əlamətləri əzbər bilməli, onda yaradıcı şəxsiyyətə xas bir istedad olmalıdır. Öz şəxsiyyətinə bələdliyini formal saxlayan, zamana, məkana və ətraf mühitə görə bələdliyi büsbütün pozulan, narahat və gərgin olan, təfəkkürü paraloji xarakter daşıyan, fikirləri arasındakı məna əlaqəsi itən, emosiyalarında kasadlıq müşahidə edilən, maraq dairəsi məhdudlaşan, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləyə bilməyən, bir sözlə «Fasiləsiz gedişli paranoid şizofreniya» xəstəliyi kəskinləşmə mərhələsində olan Təqsirləndirilən şəxs öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması heç bir vəchləmümkün deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs aşkarlanan psixi xəstəlik bir tərəfdən şizofrenik spektrli, digər tərəfdən fasiləsiz gedişli olduğundan onun həkimyanıldıcı davranış kimi simulyasiya və imitasiya nümayiş etdirməsi mümkün ola bilməz. Adətən belə hallarda simulyasiya və imitasiya deyil, əksinə dissimulyasiya (şəxsin özündə obyektiv mövcud olan xəstəliyin əlamətlərini bilərəkdən, qəsdən və yaxud bilməyərəkdən, məqsədsiz şəkildə gizlətməyə çalışması) və dezaqravasiya (insanın özündəki xəstəliyi kiçiltməsi, hər hansı bir simptomun və yaxud patoloji vəziyyətin şiddətliliyini reallıqda olduğuna nisbətən çox azaltması, patologiyanın klinik mənzərəsinin ayrı-ayrı təzahürlərini ört-basdır etməsi) daha çox qeydə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97-ci maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi X1 məcburi müalicə təyin edilə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisasiaşdınlmış psixiatrıya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülməsi məhz bununla izah olunur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyun 2022-ci il tarixli protokolda göstərilmişdir ki, 15 may 2022-ci il tarixli protokolda göstərilmişdir ki, Hadisə yeri Xızı rayonu, Sitalçay kəndində Bakı-Yalama-Rusiya Federasiyası dəmir yol xəttinin həmin kənd ərazisindən keçən hissəsinin yaxınlığıdır. Hadisə yerinin ətrafı düzənlik, daşlıq və alçaq qayalıqdan ibarətdir.Təxminən 400-500 metr radiusda hər hansı yaşayış evi yoxdur. (cild1, iş vərəqə 45-49) İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 17 iyun 2022-ci il tarixli 22 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – bel nahiyəsinin sol yarısının peritonarxası sahəyə nüfuz edərək böyrəyi zədələyən və nefrektomiya (böyrəyin çıxarılması) ilə nəticələnən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası, sağ kürək nahiyəsinin 1 (bir) ədəd, sol qalça nahiyəsinin 1 (bir) ədəd, sol bud nahiyəsinin 4 (dörd) ədəd, sağ sağrı nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yaraları deşici-kəsici əşyanın təsirindən əmələ gəlmişdirlər, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (cild 1, iş vərəqə 116-119) İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 02Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – bel nahiyəsinin sol yarısının peritonarxası sahəyə nüfuz edərək böyrəyi zədələyən və nefrektomiya (böyrəyin çıxarılması) ilə nəticələnən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası, sağ kürək nahiyəsinin 1 (bir) ədəd, sol qalça nahiyəsinin 1 (bir) ədəd, sol bud nahiyəsinin 4 (dörd) ədəd, sağ sağrı nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsiri ilə qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər; Bel nahiyəsinin sol yarısının peritonarxası sahəyə nüfuz edərək böyrəyi zədələyən və nefrektomiya (böyrəyin çıxarılması) ilə nəticələnən 1 (bir) ədəd kəsilmişdeşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; sağ kürək nahiyəsinin 1 (bir) ədəd, sol qalça nahiyəsinin 1 (bir) ədəd, sol bud nahiyəsinin 4 (dörd) ədəd, sağ sağrı nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yaraları həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər.( cild 1, iş vərəqə 209-212) İş materiallarında olan kompleks məhkəmə-bioloji, trasoloji və soyuq silah ekspertizasının 16 avqust 2022-ci il tarixli 401/2022-MTKŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan paltarları üzərində aşağıdakı zədələr vardır : qısaqol qış gödəkçəsinin ön səthinin sol yarısının aşağı hissəsində 17 mm uzunluqlu bir ədəd dəlib keçən zədə vardır; gödəkçənin ön səthinin sol yarısında 30 mm uzunluqlu bir ədəd dəlib-keçən zədə vardır; gödəkçənin arxa səthinin sol yarısında 21 mm uzunluqlu bir ədəd dəlib keçən zədə vardır; puloverin arxa səthinin sol yarısında düz xətt formalı 20 mm uzuluqlu bir ədəd dəlib keçən zədə var; puloverin arxa səthinin sol yarısında düzgün xətt formalı 23 mm uzunluqlu bir ədəd dəlib keçən zədə var; şalvarın ön səthinin sol yarısının yuxarı hissəsində düz xətt formalı 21 mm uzunluqlu bir ədəd dəlibkeçən zədə var; şalvarın sol ayağının ön səthində düz xətt formalı, 20 mm uzunluqlu bir ədəd dəlib keçən zədə var; şalvarın sol ayağının arxa səthində uzunluqları 10 mm-dən 20 mm-ə qədər üç ədəd dəlib-keçən zədə var; şalvarın arxa səthinin sağ yarısında ziqzaq formalı, uzunluğu 28mm olan bir ədəd dəlib keçən zədə var; koftanın ön səthinin sol yarısının aşağı hissəsində düz xətt formalı bir ədəd 17 mm uzunluqda bir ədəd dəlibkeçən zədə var; koftanın arxa səthinin sol yarısında düz xətt formalı, 22 mm uzunluqlu bir ədəd dəlib keçən zədə var; Koftanın arxa səthinin sağ yarısının yuxarı hissəsində 27 mm uzunluqlu bir ədəd dəlib keçən zədə vardır.Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan bənövşəyi rəngli koftanın sağ yan nahiyəsində, aşağı azad kənarda sağ yan tikiş və qolun alt tikişinin üzərində 90 mm uzunluqlu bir ədəd zədə var, həmin zədə sökülmüş zədədir, küt mexanizmdən, paltarın həmin hissəsinindartılması nəticəsində törənmişdir.Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli kəsici-deşici alətin təsərindən törənmiş, həmin zədələrekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud konstruktiv xüsusiyyətə malik digər əşyanın təsirindən törənməsinin mümkünlüyü inkar olunmur.Zərərçəkmiş şəxs şalvarının sağ ayağının ön səthinin aşağı hissəsində bir ədəd zədə var. Həmin zədə cırılmış zədədir, paltarın həmin hissəsinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. (cild 1, i/v: 163-169) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin 15 avqust 2022-ci il tarixli, 495/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus jilet üzərində qanabənzər şübhəli ləkələr, Təqsirləndirilən şəxs məxsus sviter üzərindəki ləkələrdə isə qan aşkar olunmamışdır. ( cild 1. i/v 171-175) İş materiallarında olan DSMF-nin Qubadlı rayon şöbəsinin 04 iyul 2017-ci il tarixli 001468 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixədək İİ qrup əlillik təyin edilmişdir. ( cild1 i/v: 16) İş materiallarında olan Xızı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli, PHŞ/6.83-2-2022-130 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisədə narkoloji və nevroloji qeydiyyatda yoxdur. ( cild 1, i/v: 214-215 ) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ( cild 1, i/v: 97-98) İş materiallarında olan Xızı rayon İcra Hakimiyyəti Başçısının Sitalçay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xızı rayonu Sitalçay kəndində anası Qanuni nümayəndə ilə yaşayır. Yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şifahi və yazılı şikayət daxil olmamışdır. ( cild 1, i/v: 197-198) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. O, hazırda da həmin vəziyyətdədir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, X1 məcburi müalicə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Bundan başqa, icraat materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Xızı rayon məhkəməsinin 16 may 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Xızı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə stasionar tibb müəssisəsinə yerləşdirilməsi təhlükəsizlik tədbiri tətbiq edilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və stasionar tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar ləğv edilməli, onun barəsində seçilmiş stasionar tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraat materialları üzrə maddi sübutlar – Xızı RPŞ-nin saxlanc hissəsində saxlanılan- Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd bənövşəyi rəngli köynək, bir ədəd cib bıçağı və Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan paltarları məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın ədalətli məhkəmə araşdırılması hüququndan və qanunsuz cəzalandırılmamaqdan bəhs edən 6 və 7-ci maddələrinin tələblərinə uyğun hesab edir. Belə ki, Konvensiyanın həmin maddələrinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İş üzrə mülki iddia verilməmiş, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.2, 383-385, 468, 472-473, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.3-cü maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, məcburi qaydada X1 məcburi müalicə edilsin. Bu qərarın X1 məcburi müalicə ilə bağlı hissədə icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar ləğv edilsin, onun barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İcraat materialları üzrə maddi sübut hesab edilmiş Xızı RPŞ-nin saxlanc hissəsində saxlanılan- Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd bənövşəyi rəngli köynək, bir ədəd cib bıçağı və Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan paltarları məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar