Məhkəmə qərarları › İş №1(124)-299/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-299/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-299/2023 11.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin özünün iştirakı ilə, xx xxxx 1995-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Ağdam rayonu, Seyidli ərazi dairəsi, Seyidli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əlillər küçəsi adlanan ərazidə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əlillər küçəsində yaşayan tanışı Zərərçəkmiş şəxs fərdi yaşayış evinin qarşısında, sonuncuya onun icazəsi olmadan az yaşlı uşağına hədiyyə alıb gətirməsini və yaşadığı evin qarşısından tez-tez keçib getməsini irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı, əvvəlcədən üzərində olan istintaqla müəyyən edilməmiş, küpü kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici kəsici alətlə bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, sonuncyua döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən və hemopnevmatoraksla müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, insan həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid, sol bazu oynağı nahiyəsinin 1 (bir) ədəd və sol bazunun 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşaiyət olunan hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, özü əsəb xəstəsidir və Maştağa xəstəxanasında qeydiyyatdadır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır, Zərərçəkmiş şəxs onun qonşusudur. Zərərçəkmiş şəxs mütəmadi olaraq onun yaşadığı evə gələrək, 6 yaşlı qızı Güneli mağazaya aparıb ona oyuncaq, şirniyyat və s. şeylər aldığından, ona bir neçə dəfə bu barədə özü irad bildirmişdir. Zərərçəkmiş şəxs bir dəfə də ondan xəbərsiz gedib evdən onun vəsiqəsini istəyərək özünə nömrə alma istəmişdir. O, buna görə də Zərərçəkmiş şəxs iradını bildirmişdir. Sonuncu dəfə 2022-ci il aprelin 27-də saat 10:30 radələrində Zərərçəkmiş şəxs yenindən yaşadığı evə gəlib, evin qapısını döyərək qızı Güneli mağazaya aparmaq istədiyini bildirmişdir. Bunu eşidəndən sonra Zərərçəkmiş şəxs bu barədə yenidən irad bildirib onu evin qabağından qovmuşdur. O, həmin vaxt içkili olduğundan əsəblərini cilovlaya bilməmiş və yaşadığı evdən kiçik ölçülü bir mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs bir neçə dəfə bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr vurmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Abdulla oğlu ifradəsində göstərdi ki, 2022-ci il aprelin 27-də saat 11 radələrində kirayədə yaşadığı evdən bir qədər aralıda yerləşən mağazadan təndir çörəyi alıb qızım Esmiranın evinə getmək məqsədi ilə həyətdən küçəyə çıxanda qonşusu Elməddin ona yaxınlaşıb qızı Güneli niyə tez-tez marketə apardığını soruşmuş, daha sonra azyaşlı uşağına mağazadan oyuncaq, şirniyyat və s. şeylər alıb verdiyinə görə ona iradını bildirmişdir. Onunla mübahisə etmişlər və Elməddin bıçaqla onu bıçaqlamışdır. Elməddin onu bıçaqlayandan sonra qaçaraq uzaqlaşmışdır. Onun qışqırıq səsinə qonşusu Pənah gəlmiş və TTY avtomobilini çağırmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışlar, şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Mamedbagir qızı ifadəsində göstərdi ki, 2022-ci il aprel ayının 27-də yaşadığı evdə olanda atasının kirayədə yaşadığı evin qonşuluğunda yaşayan Pənah adlı şəxs onlara gələrək atası Elməddin tərəfindən bıçaqlandığını demişdir. Dərhal atasının yaşadığı evə getmiş, TTY avtomobilini çağıraraq, onu Bakı şəhəri X7 aparmışdır. Hadisənin necə baş verməsindən xəbəri olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 difadəsində göstərmişdir ki, Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əlillər küçəsində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs isə uzun müddətdir tanıyır. Belə ki, sonuncu onunla qonşuluda kirayədə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, yaşadığı evdə olduğu zaman, küçədə səs-küy olduğunu eşidib həyətindən darvazanın qarşısına çıxmışdır. Bu zaman o, bir qədər aralıda, yəni təxminən 20-30 metr məsafədə tanımadığı bir nəfər şəxsin qonşusu Mamedbagirə təpiklə zərbə endirib yerə yıxdığını görmüşdür. İlk öncə o, qonşusu Mamedbagirla həmin şəxsin zarafat etdiklərini düşündüyü üçün həmin şəxslərə yaxınlaşmamışdır. Lakin, həmin anda Mamedbagiri təpiklə vurub yerə yıxan şəxsin qaçaraq oradan uzaqlaşdığını, həmçinin Mamedbagirin də yıxıldığı yerdən ayağa qalxmaq istəyərkən çətinlik çəkdiyini görmüşdür. Bu səbəbdən də o, dərhal Mamedbagirə yaxınlaşmış və bu zaman ona məlum olmuşdur ki, həmin şəxs Mamedbagiri təpiklə vurub yerə yıxmazdan əvvəl onu bıçaqla vurub xəsarət yetirmişdir. Bundan sonra o, dərhal Mamedbagiri ayağa qaldıraraq, sonuncunu yaşadığı evin həyətinə aparmış, daha sonra isə qaçaraq, Mamedbagirin bir qədər aralıda yaşayan qızı Esmiranın evinə gedib bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da Esmira TTY avtomobili ilə atası Mamedbağırı Bakı şəhərinə xəstəxanaya aparmışdır. (Cild 1, iş vərəq 202) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə - tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 965 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən və hemopnevmatoraksla müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu oynağı nahiyəsinin 1 (bir) ədəd və sol bazunun 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları deşici kəsici əşyanın (alətin) təsirindən, onun tibbi yardım üçün X8 PHŞ-ə daxil olduğu və göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd edilən xəsarətlərdən döş qəfəsinin ön səthinin sağ yarsının daxilə nüfuz edən və və hemopnevmatoraksla müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya, digər xəsarətlər isə hər biri ayrıayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. (Cild 1, iş vərəqləri 44-46) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 X6 Ambulator Məhkəmə-psixiatrik və psixoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1754 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Somatik statusu. Yoxlanılan şəxs düzgün bəbən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patalogiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi üzvi dəyişiklik qeyd edilmir. Psixi statusu. Zahirən narahat görünür, xarici görkəmində natəmizlik nəzərə çarpır. Zamana, məkana və öz şəxsiyyətinə görə bələdliyi saxlanılıb. Ünsiyyətə formal daxil olur, verilən sullara əsasən qısa cavablar verir. Cibindən dərman reseptini çıxararaq, psixiatrik xəstəxanada bu il müalicə olduğunu, epilepsiya xəstəsi olduğunu, müalicə həkiminin adını söləyərəknə vaxt evə buraxılacağı haqqında sual verdi. Qərarın təsviri hissəində göstərilən əməl barəsində soruşduqda sorğunun əvvəlində heçnə etmədiyini, evdə yatdığı yerdə polislərin onu tutduğunu bildirdi. Kiminlə və hansı səbəbdən dalaşaraqona xəsarət yetirməsi barəsində soruşduqda, qonşunun söyüş söyərək onu əsəbləşdirdiyini və bu səbəbdən ona xəsarət yetirdiyini bildirdi. Baş vermiş hadisənin təfsilatı barəsində müəyyən adekvat cavablar almaq mümkün olmur. Əsəbiliyi sorğu gedişatında narahat və gərginliyi biruzə verir. Təqsirləndirilən şəxs əvvəllər «Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları» diaqnozu ilə əvvəllər psixiatrik xəstəxanalarda müalicədə olması nəzərə alaraq ona ittiham olunan əməl dövründə anlaqlı olub olmamasını müəyyən etmək ambulator şəraitdə bir qədər çətinlik törətdiyi üçün uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. (cild 1, iş vərəqləri 130-131) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 X5 Məhkəmə-psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 93 saylı rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. N.Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtdidarında olmamışdır. Buna görə də N.Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda anlaqlı olub-olmadığı müəyyənləşdirilə bilməz. Çünki «anlaqlılılq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hissəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlinin törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhin olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, N.Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtdidarındadır. Hal-hazırki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkdiyindən həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də N.Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. (cild 1, iş vərəqləri 167-171) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Səhiyyə Nazirliyi MTE və PA ETDB-dən alınmış xx.xx.2022-ci il tarixli, 425-MTKŞ/2022 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol qolunun arxa səthində bir ədəd, sol qolun ön səthində bir ədəd, ön səthində sağda bir ədəd, ön səthində solda bir ədəd, idman köynəyinin sol qolunun arxa səthində bir ədəd, sol qolun ön səthində bir ədəd, ön səthində sağda bir ədəd ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. (Cild 1, iş vərəqləri 173-175) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Səhiyyə Nazirliyi MTE və PA ETDB-dən alınmış xx.xx.2022-ci il tarixli, 536/2022-MTBŞ nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0(İ)-dir. 2. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçə, köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni 0(İ) qrupun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri AB0 sistemi üzrə 0(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 206-209) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd gödəkcə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 210-217) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 23) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində azyaşlı uşağın olması, cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntu halında törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.9 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəqləri 78, 153-155) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə X4 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə tutulmuş, Abşeron rayon məhkəməsinin 25 iyun 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 104-110, 188-192) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan bir ədəd köynək və bir ədəd gödəkçə Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.3-cü maddəsinə əsasən cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Lakin Təqsirləndirilən şəxs barəsində olan psixiatrik ekspertizasının rəyinə əsasən onun psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan bir ədəd köynək və bir ədəd gödəkçə Zərərçəkmiş şəxs qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar