Məhkəmə qərarları › İş №1(124)-30/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-30/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-30/2024 15.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1988-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orla təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonu, Qulabənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Boya zavodu yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Şixəli oğlu istintaqa şəxsiyyəti mətıım olmayan «Elçin» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında sonuncunun külli miqdarda narkotik vasitə heroini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini qoyduğu yerdən götürüb ona deyiləcək yerə qoyması və bunun müqabilində ona 300 manat pul veriləcəyi barədə qabaqcadan razılığa gəlmiş, bu məqsədlə 2022-ci ilin yanvar ayının əvvəllərində «Elçin» adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisinə qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələin siyahısı”na daxil edilmiş ümumi 790 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi 32,834 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələin siyahısı”na daxil edilmiş ümumi 8,938 qram çəkidə külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edib Xırdalan şəhərinə daşıyaraq qara rəngli parçadan hazırlanmış əl çantasında saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı xx.xx.2022-ci il tarixdə saat 21:20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, «Araz» marketin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əlindəki qara rəngli əl çantasının içərisində həmin bir ədəd bükümdə külli miqdarda 790 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 8,938 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sellofon bükümdə 32,834 qram bitki mənşəli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, sadəcə marixuana növündə narkotik vasitə istifadə etmişdir. Metamfetamin növündə psixotrop maddə və heroin növündə narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan 1 həftə əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan şəxs ona marixuana növündə narkotik vasitə təklif etmiş, o da onunla razılaşmışdır. Onun göndərdiyi bank kartına 50 manat məbləğində pulu vurduqdan sonra 35 qram miqdarında marixuana növündə narkotik vasitəni götürmüşdür. Həmin şəxs İran İslam Respublikasının vətəndaşı deyildi, polis əməkdaşı idi. Sadəcə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş, istifadəsində olan mobil telefon nömrəsini özü ona bildirmişdi.Bundan sonra o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə getmişdir. Daha sonra yas mərasimi üçün rayona getməli idi. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X3 keçdikdən sonra bir avtomobil onun idarə etdiyi avtomobilə yaxınlaşmış və bir nəfər şəxs onunla əlaqəsiz mövzuda danışmağa başlamışdır. Bir az irəlilədikdən sonra təxminən saat 20:00-21:00 radələrində yol polis əməkdaşları onu saxlamışlar. Yol polisi əməkdaşına yaxınlaşmış, ona xidməti avtomobilə getməyini, rəislərinin onunla danışmaq istədiyini bildirmişdir. O, onların avtomobilinə doğru yaxınlaşdıqda, təxminən 10 nəfər polis əməkdaşları onu əhatəyə alaraq, narkotik vasitələri təqdim etməyini tələb etmişlər. O da onlara sadəcə marixuana növündə narkotik vasitə olduğunu bildirmişdir. Onlar onu döymüşlər. Əməliyyatçılar 3 avtomobil ilə gəlmişdilər. Həmin avtomobillər ağ, qara və qırmız rənglərdə idilər. Qırmızı rəngdə olan avtomobil “Toyota Prius” markalı, digər avtomobillərdən biri isə “Skoda” markalı idi. Bu avtomobilləri bir neçə gün əvvəl yaşadığı ərazidə də görmüşdür. Daha sonra onu Abşeron Rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində ona başqa sellofan verərək, ona məxsus olduğunu deməyini bildirmişlər. Həmin sellofanın içərisində müxtəlif növ narkotik vasitə və psixotrop maddələr var idi. Onda sadəcə 35 qram miqdarında marixuana növündə narkotik vasitə olmuşdur. Onların verdiyi sellofanın onun olmadığını bildirmiş və onlarla razılaşmamışdır. Bundan sonra onlar, yenidən onu döymüşlər və onu ailəsi ilə hədələmişlər. Ailəsi ilə hədələdikdən sonra onlarla razılaşmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində ona elan edilmiş itiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə axşam saat təxminən 21:20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Araz marketin yaxınlığında etibarnamə ilə idarə etdiyi Chevrolet Cruze markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında əlində saxladı qara rəngli əl çantası itə birlikdə dayanan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onun külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində çıxarılmış əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Abşeron rayon Pİ-nə gəlmiş və avtomobilini də idarənin həyətində saxlamışdır. Bundan sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan olan hər hansı əşya vardırsa, təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o əlində saxladığı içərisində narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan qara rəngli əl çantasım, əynində olan göy rəngli şalvarımın sağ yan cibindən avtomobilinin açarını, 40 manat pulunu, sol yan cibindən isə İphone markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuş, sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qısaqol qış gödəkçəsinin sol iç cibindən özünə məxsus sürücülük vəsiqəsindən başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi avtomobilin açarı, 40 manat pul özümə qaytarılsa da, bir ədəd İphone markalı mobil telefonu ona izah edilməklə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra təqdim etdiyi əl çantasının içərisində olan heroinin, marixuananın və metamfetaminin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırmaqla bir ədəd içərisi boş ağ rəngli zərfə qoyularaq götürülmüşdür. Onun razılığı əsasında avtomobilinə baxış keçirilsə də, ondan qanunsuz saxladığı hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş maddələri 15 gün bundan öncə tanış olduğu «Elçin» adlı şəxsin vasitəsi ilə Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində onun ona dediyi yerdən götürdüyünü, 300 manat pul əldə etmək üçün bu əməli törətdiyini, özünün narkotik vasitə istifadəçisi olmadığını bildirmişdir. Göstərmişdir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olmur, həmin narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və qurudulmuş marixuananı internet sosial şəbəkədə polis əməkdaşları tərəfindən tutulmazdan təxminən 15 gün əvvəl tanış olduğu özünü Elçin kimi təqdim etmiş şəxsin ona bildirəcəyi yerə qoyacağı təqdirdə qazanc olaraq 300 manat pul əldə edəcəkdi. Elçin adlı şəxsin İran İslam Respublikası vətəndaşı olub-olmamasını dəqiq bilmir, həmin şəxslə bilavasitə dialoqda olmadığı üçün və onun üzünü görmədiyi üçün bu barədə dəqiq bir söz deyə bilmir. Həmçinin göstərmişdir ki, həmin Elçin adlı şəxs ona narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində qoyduğunu və həmin yeri ona sosial şəbəkədə yazdıqdan təxminən 1-2 saat sonra gedib deyildiyi yerdən götürmüş, buna görə də yəqin edir ki, həmin şəxs Azərbaycan Respublikası hüdudları daxilindədir, həm də narkotik vasitələri və psixotrop maddələri qoyduğu yer barədə ona dəqiq məlumat vermişdir. Onun bu kimi hərəkətindən başqa heç kəsin xəbəri olmamış, narkotik vasitələri və psixotrop maddələri əldə etdikdən sonra həmin Elçin adlı şəxs ona bu barədə əlavə məlumat verməli idi. Elçin adlı şəxsi üzdən görməmiş, onun dəqiq anket məlumatlarını bilmir, həmin şəxs onunla yalnız sosial şəbəkədə danışmışdır. (Cild 1, iş vərəqləri 219-221) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Rəhbəri o olmaqla digər polis əməkdaşları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə getmişlər. Abşeron rayonu, Heydər Əliyev prospektində yerləşən «Araz» marketin yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanında dayandığını görmüşlər. Bundan sonra həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən 10 qram miqdarında metamfetamin növündə psixotrop maddə, 800 qramdan artıq miqdarda heroin növündə narkotik vasitə və 35 qram marixuana növündə narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunmuş qanunsuz vasitələri Elçin adlı şəxsdən əldə etdiyini, onun dediyi yerlərə qoyacağı təqdirdə 300 manat məbləğində pul qazanacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Rəhbəri Şahid1 olmaqla o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə getmişlər. Abşeron rayonu, Heydər Əliyev prospektində yerləşən «Araz» marketin yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanında dayandığını görmüşlər. Bundan sonra həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən metamfetamin növündə psixotrop maddə, heroin növündə narkotik vasitə və marixuana növündə narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunmuş qanunsuz vasitələri Elçin adlı şəxsdən əldə etdiyini, onun dediyi yerlərə qoyacağı təqdirdə 300 manat məbləğində pul qazanacağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxladıqda o, «Araz» marketin qarşısında avtomobildən düşərək onun yanında dayanmışdı. Təqsirləndirilən şəxs saxlamazdan əvvəl güdməmişlər, onun barəsində soraqlaşma əməliyyat-axtarış tədbiri tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində digər şahidlər Şahid3 və Şahid1la oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 177-180) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 yanvar 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əlindəki qara rəngli əl çantasının içərisində bir ədəd bağlamada tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər və bir ədəd sellofon bükümdə bitki mənşəli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 30-32) «Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 yanvar 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/300 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr» sözləri yazılmış kağız paketdəki bir ədəd qara rəngli əl çantasındakı 1 ədəd bağlamada təmiz çəkisi 790 qram qəhvəyi rəngli lozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 8,938 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 43-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/46 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış kağız paketdəki bir ədəd qara rəngli çantanın içərisində 01 ədəd sellofan bükülüdə təmiz çəkisi - 32,834 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vəərqləri 50-53) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 102 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və onun izi aşkar edilmədi. (Cild 1, iş vərəqləri 114-115) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının «25».05.2022-ci il tarixli «2768» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin istifadə etmə hallan olub. Lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 189-190) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(Cild 1, iş vərəq 106-107) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə əməlin tövsif olunması və sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 789,8 qram heroin, 8,838 qram metamfetamin, 32,734 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 214-224) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetanin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, qurudulmuş marixuananın isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı, daşıdığı narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin həmin narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən, həmçinin külli miqdar daxil olmaqla aşağı həddindən böyük həcmdə artıq olması, həmçinin üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda marixuananın aşkar olunması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni polis əməkdaşlar tərəfindən döyülməsi, hədələnməsi nəticəsində etirafedici ifadələr verməsi ilə bağlı bağlı gətirdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 87-90, 161-164) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 789,8 qram heroin, 8,838 qram metamfetamin, 32,734 qram qurudulmuş marixuana məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 192 manat 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrii ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 789,8 qram heroin, 8,838 qram metamfetamin, 32,734 qram qurudulmuş marixuana məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 192 manat 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Fəhmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar