Məhkəmə qərarları › İş №1(124)-301/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-301/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-301/2023 13.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs : Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, оrtа təhsilli, işsiz, ünvan 3-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 4,799 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və ümumilikdə 0,271 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 08 sentyabr 2022-ci il tarixdə saat 12:25-də ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi evin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindəki üzərində “Rothmans” markalanma yazısı olan siqaret qutusunun içərisində saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,799 qram, külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd sellofan bükmdə, təmiz çəkisi 0,271 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadə verməkdən imtina etmiş və dövlət ittihamçısının suallarına cavab olaraq 10 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əmədaşları onu Corat qəsəbəsində saxlamışdırlar. Polis əməkdaşları arasında həm mülki geyimdə, həmdə ki polis formasında olan əməkdaşlar olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, narkotik tərkibli maddələrin aludəçisidir, uzun müddətdir səhhətində ağrıları olduğundan narkotik və psixotrop tərkibli maddələri qarışdırıb inyeksiya yolu ilə qəbul etməyə başlamışdır. Qəbul etdiyi narkotik vasitəni və psixotrop maddəni isə müxtəlif, tanımadığı şəxslərdən alaraq istifadə etmiş, polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılmamışdan bir gün əvvəl axşam saatlarında Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən, təsadüfən tanış olduğu, adını, ata adını, soyadını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsin narkotik vasitə və psixotrop maddə satdığını öyrənib, həmin şəxslə aralarındakı söhbət zamanı ona narkotik vasitə olan, “kakos” adlandırılan heroin və psixotrop maddə olan “patı” adlandırılan metamfetamin almaq istədiyini bildirmiş, həmin şəxs ona narkotik vasitə və psixotrop maddə sata biləcəyini bildirdiyindən, aralarında yaranmış şifahi razlığa əsasən həmin şəxsə yüz manat pul verib ondan bir ədəd sellofan bükümə qablaşdırılmış “kakos” adlandırılan, narkotik vasitə olan heroin və bir ədəd sellofan bükümə qablaşdırılmış “patı” adlandırılan, psixotrop maddə olan metamfetamin almış, daha sonra yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisinə geri qayıtmış, sonradan aldığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə sonradan istifadə etmək üçün istifadə etdiyi “Rothmans” markalı siqaret qutusunun içinə qoyub üzərində saxlamış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında olarkən ona üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik tərkibli maddələrin, eləcədə psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmiş, polis bölməsinin xidməti otaqlarından birində narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkiliş də aparılmış, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya Sumqayıt Regional Vəkil Bürosundan vəkil Rəşad İldırımzadədə dəvət edilmişdir. Polis əməkdaşlarının və hüquq, eləcədə qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan idman şalvarının sağ yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd sellofan bükümdəki narkotik vasitə olan heroini və bir ədəd sellofan bükümdəki psixotrop maddə metamfetamini, eləcədə aldığı və istifadə etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyi elektron tərəzini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi bükümlərdəki maddələrin nə olduğunu, hardan əldə edib üzərində saxladığını soruşduqda isə həmin bükümlərdəki maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, narkotik vasitə və psixotrop maddəni saxlanılmamışdan bir gün əvvəl, axşam saatlarında Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən təsadüfən tanış olduğu, adını, ata adını, soyadını, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə yüz manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi sellofan bükümlərə qablaşdırılmış narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qablaşdırıldıqları sellofan bükümlərin içərisinə baxış keçirilməklə elektron tərəzidə çəkilmiş, hər bir bükümün ayrı-ayrılıqda çəkisi müəyyən edildikdən sonra isə, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş bir ədəd elektron tərəzi ilə birlikdə içərisi boş ağ rəngli zərflərə qoyulmaqla qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmiş, narkotik vasitələrin və ya psixotrop tərkibli maddələrin alqı satqısı ilə məşğul olmamış, narkotik vasitə və psixotrop maddələrin alqı satqısı ilə məşğul olan şəxs tapmaqda çətinlik çəkdiyindən və bir dəfəyə ümumilikdə 4,799 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroinlə, ümumilikdə 0,271 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edərkən həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini bir dəfə alıb, sonradan isə bir neçə gün ərzində rahatlıqla hissə hissə istifadə edəcəyini fikirləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvvəkkili Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs haqqında polis şöbəsinə əməliyyat məlumatları daxil olub rəhbərliyə məlum olandan sonra barəsində əməliyyat tədbiri keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zaman Təqsirləndirilən şəxs Corat qəsəbəsində, yəni yaşadığı evin yaxınlığında digər polis əməkdaşları Eyvaz və Nihadın iştirakı ilə saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən narkotik maddə və tərəzi aşkarlanmışdır. Toplanılmış maddələr istintaq şöbəsinə göndərilmişdir. Əməliyyat məlumatının məzmunu narkotik maddələrinin qəbulu ilə bağlı olmuşdur. Narkotik maddələr iki büküm olmuş, biri sellofan torbada, birinin isə çəkisi nisbətən ağır olmuşdur. Çəkisini 4-6 qram olmalıdır. Narkotik vasitələr qarışıq olmuşdur. İçərisində heroin də olmuşdur. Bununla bağlı saxlanılan şəxsdən soruşanda özünün bu maddələri şəxsi istifadəsi üçün “20 Yanvar” ərazisindən əldə etdiyini qeyd etmişdir. Polis əməkdaşları təqsirləndirilən şəxsə qəflətən yaxınlaşan zaman təqsirləndirilən şəxs tərəfindən heç bir müqavimətə rast gəlməmişdirlər. Polis əməkdaşları təqsirləndirilən şəxsi tutaraq şöbəyə gətirmiş, sonra onun üzərindən siqaret qutusunun içərisindən narkotik maddələr aşkar etmişdirlər. Əməliyyatın rəhbəri o olmuşdur. Daxil olmuş məlumat narkotik maddələrin istifadəsi və üzərində daşınması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsin nə vaxt tutulmasının tarixi dəqiq yadında olmamışdır. Sözügedən şəxsin tutulması yay aylarında baş vermişdir. Hadisələrin 8 sentyabr 2022-ci il tarixində olmasını təsdiq etmişdir. Aşkar etdikləri narkotik vasitələrinin içərisinə heroin və metamfetamin daxil olmuşdur. Təqsirləndirilən şəxsi Corat qəsəbəsi, yəni yaşadığı evin yaxınlığında saxlamışdırlar. Şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis leytenantı Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Novruz adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də Novruz adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmiş, bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Novruz adlı şəxsin xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş, ünvan 3-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 12:25-də ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkiləri Şahid1 və Nihat Rəhimovla yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərlərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satşı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİnin 1-ci PB-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 1-ci PB-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər, daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkilləri Şahid1 və Nihat Rəhimovun, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs xidməti otaqdakı masaya yaxınlaşaraq sağ əlini əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə salaraq həmin cibindən bir ədəd üzərində “Rothmans” markalanma yazısı olan siqaret qutusunu və bir ədəd elektron tərəziyə oxşar əşyanı çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş siqaret qutusunun içərisinə baxış keçirildikdə siqaret qutusunun içərisindən iki ədəd, biri digərinə nisbətdə iri həcimli olan sellofan bükümlər və iki ədəd siqaret dənəsi aşkar edilmiş, ondan üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddələrin nə olduğunu, hardan, kimdən, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini, üzərindən aşkar edilərək götürülmüş elektron tərəziyə oxşar əşyanı nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddələrin “kakos” adlandırılan narkotik vasitə heroin və “şüşə” adlandırılan psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən, barəsində hər hansı anket məlumatlarını bilmədiyi şəxsə yüz manat pul verərək şəxsi istifadəsi üçün aldığını, üzərindən aşkar edilmiş elektron tərəzini isə qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş siqaret qutusunun içərisindən aşkar edilmiş bükümlərə baxış keçirildikdə digərinə nisbətən iri həcimli olan bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş, həmin bükümdəki maddə elektron tərəziyə qoyulub çəkilən zaman çəkisinin 5,12 qram olduğu müəyyən edilmiş, daha sonra digər bükümündə içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən isə ağ rəngli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilmiş, həmin bükümdəki maddə elektron tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,39 qram olduğu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə, lakin onun üzərindən digər hər hansı əşya və ya pridmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis leytenantı Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təqdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 08 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİnin 1-ci PB-nə dəqiq və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 08 sentyabr 2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq sağ əlini əynində olan idman şalvarının sağ yan cibinə salaraq həmin cibindən bir ədəd siqaret qutusunu və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddələrin “kakos” adlandırılan narkotik vasitə heroin və “şüşə” adlandırılan psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən, tanımadığı şəxsə yüz manat pul verərək şəxsi istifadəsi üçün aldığını, üzərindən aşkar edilmiş elektron tərəzini isə qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskdə əks olunan məlumatlar və həmin diskə baxış keçirilməsi haqqında 26 oktyabr 2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən məlum olur ki, təqsirləndirilən şəxsin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlamasında iştirak etmiş polis əməkdaşı Şahid1 istifadəsində olan “050 648 84 48” saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdə 11:16:06-da Sumqait, saat 12:01:18-də Sumqayit sh., 8-ci mikrorayon, saat 13:56656-da Sumqait, saat 19:11:49-da Sumqait sh., Shirvan sadliq sarayı ünvanından şəbəkəyə qoşulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4963 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 125” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd siqaret qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 0,271 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 4,799 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetamin - 0,271 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq – 0,221 qram. Heroin – 4,799 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq - 4,699 qram. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 14 sentyabr 2022ci il tarixli və “Sübutların qiymətləndirilməsi barədə” 03 noyabr 2022-ci il tarixli qərarlardan görünür ki, iş üzrə bir ədəd zərfdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,221 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4,699 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd səthində narkotik vasitə olan heroinə məxsus izlər olan 7*11 sm ölçüdə gümüşüqara rəngli elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə 02 (iki) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5320 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....1 ədəd elektron tərəzi Təqsirləndirilən şəxs .......” yazı və imzalar olan zərfdə 1 ədəd 7*11 sm ölçüdə gümüşü-qara rəngli elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5604 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı övladı- xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 vardır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «metamfetamin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində 2 (iki) azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 sentyabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və təqsirləndirilən şəxsin hal-hazırda həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 noyabr 2023-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd səthində narkotik vasitə olan heroinə məxsus izlər olan bir ədəd 7*11 sm ölçüdə gümüşüqara rəngli elektron tərəzi xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancı ambarına təhvil verilmiş iş üzrə bir ədəd zərfdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,221 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4,699 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 198 (bir yüz doxsan səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, təqsirləndirilən şəxsin halhazırda həbsdə olması nəzərə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 13 noyabr 2023-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin saxlancı ambarına təhvil verilmiş iş üzrə bir ədəd zərfdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,221 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4,699 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, 01 ədəd səthində narkotik vasitə olan heroinə məxsus izlər olan bir ədəd 7*11 sm ölçüdə gümüşü-qara rəngli elektron tərəzi müsadirə edilsin, 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 198 (bir yüz doxsan səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar