Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-302/2025 27.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X5 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi: Şahid, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü, “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmayan, orta təhsilli, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o tamah niyyəti ilə özgə əmlakını əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində rəfiqəsi, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 yaşadığı, sonuncunun anası Şahid məxsus ünvan 2 ünvanında yerləşən mənzildə olan zaman mənzilin giriş qapısının açarını digər açarla dəyişdirərək özündə saxlayıb həmin gün saat 16 radələrində sonuncunun hazırlıq kursunda olması və mənzildə başqa şəxsin olmamasından istifadə edib həmin açarla qapının kilidini açmaqla qeyd olunan yaşayış sahəsinə qanunsuz daxil olub mənzilin yataq otağında yerləşən şkafdakı çantanın içərisindən Zərərçəkmiş şəxs2 xalası Zərərçəkmiş şəxs1 məxsus 6800 manat dəyərində 4000 ABŞ dollarını gizli olaraq talayıb sonuncuya xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə günorta saatlarında rəfiqəsi, xx.xx.2010cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 yaşadığı, sonuncunun anası Şahid məxsus ünvan 3 ünvanında yerləşən mənzildə heç kimin olmamasını ehtimal edib özündə saxladığı eyni açarla mənzilin qapısını açıb qanunsuz daxil olmaq istəyən zaman onu qarşılayan rəfiqəsi Zərərçəkmiş şəxs2 əlində olan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı ilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək sonuncunun anasına məxsus pullarını saxladığı yeri deməsini tələb edərək quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirsiz bilərək ifadəsində göstərdi ki, Elmira ilə 2024-cü ildən əlaqələri olmuş, daha sonra Elmira ilə yaxın rəfiqə olmuş, bir-birilərinin evinə gedib gəlmişdirlər. O, 9-cu sinifdə, Elmira isə 8-ci sinifdə oxuyarkən Elmira ilk dəfə onu öz evinə dəvət etmiş, 1-2 saat evlərində oturub söhbət etdikdən sonra geri dönmüşdür. Elmira ona hər şənbə günü boş vaxtının olduğunu və evə yanına gələ biləcəyini demiş, o da Elmira ilə razılaşaraq hər həftənin şənbə günü evlərinə getmiş, dostu ilə söhbətləşmiş və bir neçə saat birlikdə oturmuşdurlar. Elmira şirniyyat bişirmiş, şiniyyatla birlikdə qabı da ona vermiş və Elmira qablarını istəyəndə hər dəfə qabları aparmaq yadından çıxmışdır. 9 dekabr 2024-cü il tarixdə Elmira və başqa bir rəfiqələri ilə aşağıda görüşmüş, daha sonra Elmira evə getməli olmuşdur. O, digər rəfiqəsi ilə mağazaya getmiş, öz telefonu işləmədiyi üçün həmin vaxt yanındakı rəfiqəsinə Elmira zəng edərək “Aysun yanındadır?”, daha sonra isə “Aysun, bizim evə gələ bilərsən?” demiş və o da Elmira ilə razılaşaraq rəfiqəsini yola salandan sonra Elmiragilin evinə getmişdir. Elmira ona güvəndiyi başqa adam olmadığını, bir miqdar pulu olduğunu və onu heç kimə əmanət edə bilmədiyini demiş, o da pulu ona əmanət edə biləcəyini demiş, lakin həmin vaxt pulun miqdarından xəbəri olmamışdır. Bu söhbətdən sonra Elmira digər otaqda hazırlığa getmək üçün hazırlaşarkən o, ac olduğunu demiş, Elmira isə mətbəxdə olan pizzadan yeyə biləcəyini, daha sonra isə qalan qabları gətirməsini bildirmişdir. O, bu vaxtı çölə çıxa bilməyəcəyini demiş, Elmira isə başqa vaxt qabları evə qoyub çıxması üçün evin açarını ona verməyi təklif etmiş və şkafdakı açarı götürərək digər açarların yanına taxmasını bildirmişdir. Elmira şkafdakı açarı səbəbsiz yerə götürsə, anasının şübhələnəcəyini və anası soruşsa, həmin açarın itdiyini deyəcəyini bildirmişdir. O, Elmira ilə razılaşaraq açarı şkafdan götürmüş, bundan sonra Elmira telefonla danışa-danışa evin dəhlizinə gəlmiş, ona internetin zəif olduğundan şəbəkənin düzəlməsi üçün wifi cihazını 2-3 dəfə yandırıb-söndürməsini demiş, o da Elmiranın dediyini etmişdir. Bundan sonra evdən çıxdıqda Elmira qapını bağlaya bilməmiş, ona səhv açarı dəyişdiyini, lakin problem olmadığını, bir azdan hazırlıqdan qayıdacaqlarını, hər yerdə kamera olduğunu bildirmiş və hər ikisi evdən çıxaraq hazırlığa getmişdirlər. Hazırlığa gedib çatdıqda Elmira pulların yaddan çıxdığını və ona verə bilmədiyini demiş, o isə narahat olmamasını, sabah gəlib götürəcəyini bildirmişdir. Elmira onsuz da açarın onda olduğunu, gedib anasının yataq otağında pəncərə tərəfdəki şkafda böyük qara rəngli çantadan rezinə bükülmüş pulu götürməsini demiş, o Elmiradan evə gedib dediyi yerdən pulları götürsə, anasının kameralardan baxıb nə düşünəcəyini soruşmuş, Elmira isə qapının girişində olan avtomatı (dövrə kəsici) aşağı çəkməsini və başqa heç bir şeydən narahat olmamasını bildirmişdir. O, hər şeyi Elmiranın dediyi kimi emiş və dediyi yerdən pulu götürüb cibinə qoyaraq evdən çıxmışdır. Həmin pulu yolda 903 ABŞ dolları olaraq saymış, lakin evə gedib pulu yenidən saydıqda 803 ABŞ dolları olduğunu görmüşdür. Elmira həmin pulları gizlətməyini xahiş etmiş, lakin onun evdə pulları gizlədəcək bir yeri olmamış, anasının şübhələnəcəyi üçün həmin pulları tapdığını demiş, anası əvvəlcə pulları tapması, yoxsa haradansa götürməsi ilə bağlı çoxlu suallar vermiş, o da and içərək həmin pulları nənəsigildən qayıdanda yolda pul qabının içərisindən tapdığını və pulu götürüb pul qabını da kənara atdığını bildirmişdir. Bundan sonra anası yenə də suallar verərək onu sıxışdırmış, lakin o, hər dəfə eyni cavabı vermiş və anası pulları ondan alıb paltarların arasına qoymuşdur. Bundan 2 gün sonra Elmira ilə üzbəüz gəlmiş və ondan bu qədər pulu nə edəcəyini soruşmuş, Elmira Ayxan adlı dostuna yeni il hədiyəsi alacağını, bir hissəsini PUBG oyununa qoyacağını bildirmişdir. O, pulu bacardığı qədər tez götürməsini Elmiraya demiş və səhəri gün Elmira ona zəng etdikdə pulları anasına verdiyini bildirmişdir. Elmira buna etiraz edərək telefonda qışqırmağa başlamış və 2 günə pulu götürəcəyini bildirmişdir. Anası bir neçə gündən sonra pulların saxta olma ehtimalına görə problem yaranmaması üçün həmin pulların polisə təhvil verilməsinin ən yaxşı yol olduğunu bildirmişdir. O, işin polisə qədər gedib çıxmağını istəməmiş, qorxmuş və Elmiraya zəng edib hazırlığa birlikdə gedə biləcəklərini soruşmuş, lakin Elmira ona dəqiq cavab verməmiş, o da pulu da, açarı da götürərək Elmiragilin evinə getməyin ən yaxşı yol olduğunu düşünmüş və 16 dekabr 2024-cü il tarixdə gedib qapını döymüş, lakin cavab verən olmamışdır. Həmin vaxt içəridən Elmiranın səsi gəlmişdir. Bundan sonra o, evə daxil olduqda hər yer qaranlıq olduğundan ona tərəf gələn şəxsin kim olmasını dəqiq görməmiş, Elmiranın anasının olduğunu düşünüb çəkinərək evdən çıxmışdır. O, 9 dekabr və 16 dekabr tarixlərində Elmiragilə gedəndə üzərində bıçaq olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, hazırlıqdan gec qayıtdığı üçün həmin vaxt gəldiyi ara məhəllələrdə narkomanlar çox olduğundan özünü müdafiə məqsədi ilə üzərində bıçaq olmuşdur. O, kimisə bıçaqla vurmaq niyyəti olmadığını, sadəcə olaraq özünü müdafiə məqsədilə axşamlar üzərində bıçaq gəzdirdiyini, narkomanlarla bağlı polisə şikayət etmədiyini, yolun yarısına qədər sinif yoldaşları ilə gəldiyini və sonradan yollarının ayrıldığını bildirmişdir. Üzərindəki açılıbqatlanan bıçaq məhkum olan atasına məxsus olmuşdur. 20 dekabr 2024-cü il tarixdə polis əməkdaşları yaşadığı evə gəlib bıçağı götürmüş, daha sonra isə hər şeyi öz üzərinə götürməsi üçün ona təzyiq göstərmişdirlər. Həmin tarixdə Elmira mesaj yazaraq pulları geri gətirməsini bildirmişdir. Polis idarəsində Şahid ona hələ uşaq olduğunu və gətirib pulları qaytarmasını bildirmiş, təhqiqatçı isə video görüntülərin olduğunu, hər şeyi öz üzərinə götürməsə, anasının da tutulacağını və qardaşlarının yetim qalacağını deyərək hədələmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni xatırladığını, oğurluğu etiraf etdiyini, lakin quldurluğu qəbul etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, 16 dekabr 2024-cü il tarixdə evə pulu qaytarmaq məqsədi ilə getmiş, əlində paltar olmuş, həmin tarixdə saat 15-16 radələrində onlara gedəndə evdən səslər gəlmiş, lakin qapıya heç kim çıxmamış, həmin gün saat 20-21 radələrində yenidən Elmiragilə getmişdir. Həmin tarixdə Elmiranın anası ona zəng edərək evdən nə götürübsə, hamısını geri gətirməsini, əks halda onu biabır edəcəyini demiş, sonradan o, Elmiranın anasına zəng edərək paltarları gətirib qapının yanına qoyduğunu, qapını nə qədər döysə də, heç kimin açmadığını bildirmişdir. Açarı dəyişdikdən sonra Elmiranı hazırlığa yola salmış, yenidən onun sözü ilə evlərinə gedib pulu götürüb öz evinə qayıtmışdır. O, hazırlığa gedib-gələndə həmin yerdə yaşayanlardan oralarda narkomanların çox olmasını eşitmiş, buna görə üzərində bıçaq gəzdirmiş, həmin bıçaq üstündə ola-ola Elmiragilə gedib-gəlmiş, lakin hadisə baş verən günlər üzərində bıçaq olmamışdır. Bütün bu hadisələrdən anasının xəbəri olmamışdır. Elmira ona pul göstərməmiş, sadəcə olaraq tək güvəndiyi dostu olduğunu bildirərək pulun yerini demiş, həmin pulları götürüb saxlamasını, daha sonra ona verməsini xahiş etmiş və o, Elmira ilə razılaşmışdır. O, pulun məbləğini əvvəl bilməmiş, pulları götürüb öz evində saxlamış və açarı Elmiranın göstərişi ilə dəyişmişdir. Əvvəl hazırlığa getdiyini, lakin bir müddətlik hazırlığa getməyi dayandırdığını bildirmişdir. O, təzyiq altında qaldığı üçün ibtidai istintaq zamanı elə formada ifadə verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, əvvəlcə pulun məbləğini bilməmiş, 60-70 manat məbləğində puldan söhbət getdiyini fikirləşmiş, pulu götürəndə saymamış, dollarlar olduğunu görmüş, pulu yolda 903 ABŞ dolları olaraq saymış, lakin evə gedib pulu yenidən saydıqda 803 ABŞ dolları olduğunu görmüşdür. O, konkert olaraq pulun kimə məxsus olmasını bilməmiş və Elmira həmin pulu özününkü imiş kimi təqdim etmişdir. Əvvəlcə Elmira pulu əlbəəl ona verməyi planlamış, sonradan isə hazırlıqdan gec çıxdığı üçün ona gedib pulu evlərindən götürməsini demiş, o, buna narazılıq edərək sabahkı gün özünün pulu verməsini demiş, lakin Elmira bacısı evdə olacağı üçün pulu verə bilməyəcəyini demişdir. Elmira özü wifi cihazını söndürüb yandırdıqda internet şəbəkəsinin daha yaxşı tutacağını demiş, ona görə də Elmiranın dediyini etmiş, lakin işlərin bura qədər gələcəyini düşünməmişdir. O, açarı 9 dekabr 2024cü il tarixdə dəyişmiş, sonradan dəfələrlə Elmiraya pulu da, açarı da götürməsini demiş, 16 dekabr 2024-cü il tarixdə Elmiragilə gedəndə açar da, pul da üzərində olmuş, Elmiraya qaytarmaq məqsədilə onlara getmiş və açarı qaytarmışdır. 17 dekabr 2024-cü il tarixdə Elmira pulları gətirmək barədə mesaj yazmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. Xırdalan şəhər 9 nömrəli məktəbin 10E sinfində təhsil alır. 2023-cü ilin yay aylarından Elmiranı həmin məktəbdə tanımış, münasibətləri yaranmış və rəfiqə olmuşlar. 2024-cü ilin oktyabr ayından isə bir-birilərinin evinə gedib-gəlmişlər. Elmiranın atası anasından ayrılmış, Elmiranın dediyinə görə atası Rusiya Federasiyasında yaşayır, anası isə səhər saat 07 də işə gedir, gecə isə 01-02 radələrində evə qayıdır. Elmira ona demişdi ki, anası Arzu evə quraşdırdığı video kameraları öz mobil telefonunda uzaqdan idarə edir, həmçinin Elmiraya bununla nəzarət edir. O, bildirmişdir ki, evdə 3 yerdə quraşdırılmış video kameralar vasitəsilə fasiləsiz video yazı aparılır. Elmira ona hər həftə mesaj yazaraq həftənin şənbə günləri hazırlıqlarının olmamasını deyərək yaşadıqları evə dəvət etmişdir. Bundan sonra onun yaşadığı evə gedib gəlmiş, hər dəfə getdiyində Elmira və bacısı Xədicə ilə 2-3 saat vaxt keçirmişdir. Hər dəfə təxminən saat 14-16 radələrində Elmiranın yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə Elmiranın yaşadığı evə getmiş, Elmira ona demişdir ki, Xədicə məktəbə getmişdir. Onların evlərində dəbdəbəli əşyalar olmasını görmüş, hətta Elmira ilə münasibətləri o qədər yaxın olmuşdur ki, Elmira ona anasının qara rəngli donunu hədiyyə etmişdir. Ona görə qərara gəlmişdir ki, onların evindən oğurluq etsin. Saat 14 radələrində Elmira evdə olan zaman evin qapısının açarını Elmiranın yaşadığı evdə tapdığı köhnə açarla dəyişdirmiş, Elmiranın yaşadığı evin giriş qapısının üst və alt olmaqla 2 yerdə açarlı kilidi olmuşdur. O, istəmişdir ki, Elmira yanlış açarı götürərək evdən çıxsın. Həmçinin, Elmiradan öyrənmişdir ki, işıqları ümumi elektrik şitindən söndürdükdə wifi cihazı işləmir, bunun nəticəsində isə evdə quraşdırılmış video kameralara uzaqdan baxmaq olmur. Həmçinin wifi cihazını söndürdükdə də həmin nəticə baş verir və heç kim video kameralara uzaqdan baxa bilmir. Elmira evdə olduğu zaman onun bir neçə dəqiqə sonra hazırlığa gedəcəyini dəqiq bildiyi üçün wifi cihazının düyməsini basaraq söndürmüş, həmçinin dəyişdirdiyi açarı özü ilə götürmüşdür. Elmiraya demişdir ki, onu hazırlığa yola salsın, oradan isə evə gedər. Elmira onunla razılaşmış, evdən çıxan zaman Elmira ona demişdir ki, qapının aşağı kilidini bağlayacaq, çünki Xədicənin yuxarı kilidə düşən açarı olduğundan evə girə bilməyəcək. Onun götürdüyü açar isə yuxarı kilidin açarı olmuş, Elmira qapını bağlamışdır. O, saat 15:30 radələrində Elmira ilə birlikdə onların yaşadığı Xırdalan şəhəri “Kristal Abşeron 1” yaşayış kompleksi bina 18 mənzil 78 ünvanından çıxmışlar, piyada hərəkət edərək Xırdalan şəhəri Köhnə bazar adlanan yerə getmişlər. Orada 9 nömrəli məktəbin yaxınlığında «Miss Bujiteriya» mağazasının yanında yerləşən binanın qarşısına çatmışlar. Elmira binaya, hazırlığa getmək üçün qalxmış, o isə geri qayıtmışdır. Piyada hərəkət edərək əvvəlcə «Kristal Abşeron 1» yaşayış kompleksinin yaxınlığına çatmış, piyada «Kristal Abşeron 1» yaşayış kompelksinin içərisindən keçməklə daha əlverişli olduğu üçün həmin istiqamətdə hərəkət etmişdir. Məqsədinə uyğun olaraq 18 saylı binanın 78 saylı mənzilinə qalxmışdır. Oğurluq niyyəti ilə dəyişdirərək özünə götürdüyü açarla mənzilin qapısını açmış, modem wifi cihazını qabaqcadan söndürmüşdür. Lakin video qeydiyyat «DVR» aparatı fasiləsiz qeydiyyat aparmış, ona görə də elektrik şitindən evin işıqlarını söndürmüşdür. Gündüz vaxtı olduğu üçün təbii işıqlandırma şəraitində evi axtarmağa başlamış, yataq otağında şkafın içərisində qara rəngli parça materialdan olan səyahət çantasını çıxararaq yerə qoymuş, çantanın içərisini açdıqda içərəsində qızıl-zinət əşyaları və 1 dəst 100 ABŞ dolları nominalından ibarət pul əskinaslarını görmüşdür. Həmin dəst pul rezini ilə orta hissədən bağlanmışdır. Həmin dəstin içərisindən saymadan bir neçə 100 ABŞ dolları götürmüş, həmçinin çantanın içərisində olan 3 ədəd 1 ABŞ dolları nominalından ibarət pul əskinaslarını da oğurlamışdır. Oğurladığı pulları həmin an saymamışdır. Başqa heç bir şey oğurlamamışdır. Çantanı bükərək olduğu kimi yerinə qoymuş, işığı yandırmışdır. Qapını çöldən bağlamış və çıxaraq evə getmişdir. Yolda pulu saydıqda 9 ədəd 100 ABŞ dolları, 3 ədəd isə 1 ABŞ dolları olmaqla 903 ABŞ dolları pul olduğunu görmüşdür. Piyada hərəkət edərək yaşadıqları evə çatmışdır. Anası işdə olmuş, evdə pulu təkrar saymış və 803 ABŞ dolları olmasını görmüşdür. 100 ABŞ dollarını yolda salıb itirməyini yəqin etmişdir. Anasına mesaj yazaraq yoldan qırmızı rəngli pulqabı tapmağını, içərisində isə 9 ədəd 100 ABŞ dolları, 3 ədəd isə 1 ABŞ dolları olmaqla 903 ABŞ dolları, həmçinin 5 manat və bank kartları olmasını, pulları götürdükdən sonra 100 ABŞ dollarını itirməyini, hazırda 803 ABŞ dolları pulun onda olmasını demişdir. Anası da ona demişdir ki, axşam gəldikdə danışarlar. Axşam anası evə gəldikdə pulları anasına vermiş, anası ondan təkidlə soruşmuşdur ki, bu pulları hardan almışdır. Anasına da yenə yalandan demişdir ki, tapmışdır. Anası pulları götürmüş və evə qoymuşdur. xx.xx.2024-cü il tarixdə Elmira ona mesaj yazaraq anasının paltarını və evin açarını götürməyinin video kameraya düşməsini, həmin əşyaları ona qaytarmağı tələb etmişdir. O da Elmiraya bildirmişdir ki, həmin donu o, özü vermişdir. Evin açarını isə dəyişik saldığını, səhvən götürdüyünü demişdir. Elmiranın anası Arzu ona mesaj yazaraq donunu və evin açarını oğurlamağını ona demişdir. O isə ona həmin donu Elmiranın verməsini demiş, həmçinin açarı da dəyişik salaraq götürməyini bildirmişdir. Həmin gün onların evinə getmiş, Arzu onu evlərinə dəvət etmiş, həmin gün saat 18:30 radələrində açarı və donu götürərək onların evlərinə getmişdir. Qapını döymüş, lakin qapını açan olmamış, içəridən səslər eşitmiş, nə qədər səsləsə də qapını açmamışlar. O, paltar olan sellofanı və açarı qapının qulpuna asmışdır. Bundan sonra çıxaraq piyada yaşadığı evə qayıtmışdır. Sonra Arzu ona yenə mesaj yazmış ki, donunu versin və çıxıb getsin. O da demişdir ki, həmin donu qapıdan asmışdır. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Arzu ona mesaj yazmışdır ki, 5000 ABŞ dolları pulunu və qızıllarını oğurlamışdır. O da ona böhtan olduğunu bildirmiş və demişdir ki, Elmiranı bıçaqla hədələyib evdən pul oğurlamadığını, ona düzgün danışmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə polis idarəsindən anasına zəng gəlmiş, onları polis idarəsinə dəvət etmişlər. Anası ilə birlikdə polis idarəsinə gəldikdə öyrənmişdir ki, Elmira onun barəsində şikayət ərizəsi yazıb və 4000 ABŞ dolları pulunun oğurlamağını ərizəsində qeyd etmişdir. Həmçinin guya bıçaqla Elmiranı hədələyib pulların yerini soruşmağını, bundan sonra pulları götürməyini qeyd etmişdir. O, həmin evdən 903 ABŞ dolları pul oğurlamış, oğurluq etdiyi zaman evdə heç kim olmamışdır. Elmiranı heç bir formada hədələməmiş, yalnız 903 ABŞ dolları pul oğurlamışdır. Pulu oğurlamaqda məqsədi isə özünə «İphone 14» markalı mobil telefon almaq olmuşdur. Onun və ailəsinin maddi imkanı həmin telefonu almağa çatmadığına görə bu əməli törətmişdir. Törətdiyi əmələ görə peşmandır. xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən və rəfiqəsi Zərərçəkmiş şəxs2 yaşadığı mənzilin yataq otağındakı şkafın içərisində qara rəngli çantanın içərisindən 903 ABŞ dolları pul oğurlamışdır. Zərərçəkmiş şəxs2 məbləği 4000 ABŞ dolları kimi göstərməsi şər və böhtandır. O, pulun və qızılların hamısını götürmək istəsəydi, götürərdi. Məqsədi bir miqdar pul götürmək olmuş, onu da götürmüşdür. O, cəmi 1 dəfə oğurluq etmiş, həmin əməli də xx.xx.2024-cü il tarixdə törətmiş, yalnız pul oğurlamışdır. Həmin mənzilə də açarla daxil olmuşdur. Onun həmin mənzilə daxil olmağa icazəsi olmamışdır. O, evə oğurluq məqsədi ilə daxil olan zaman evdə heç kim olmamışdır. O, həmin vaxt heç kimlə danışmamış, nə də mübahisə etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı mənzildən oğurluq edərkən heç kimlə rastlaşmamış, həmin gün, eləcə də həmin gündən əvvəl və sonra heç kimi hədələməmişdir. Oğurladığı 903 ABŞ dolları pulun 100 ABŞ dollarını itirmiş, lakin 803 ABŞ dolları pulu istintaqa təqdim etmişdir. O, 2024-cü ilin dekabr ayının dəqiq xatırlamadığı günündə rəfiqəsi Elmiranın yaşadığı evdə olarkən əvvəllər atasına məxsus və çantada unutduğu qatlanan bıçağı əlinə alarkən Elmira bunu görmüş və maraq cəlb etdiyi üçün götürüb baxmışdır. Sonra isə özünə qaytarmışdır. 2023-cü ildə hazırlığa gedən zaman arxasınca 1 dəfə oğlanlar düşmüş, 1 dəfə isə narkoman arxasınca düşmüşdür. Qorxduğu və özünü müdafiə etməyi üçün bıçağı çantasında gəzdirmişdir. 2024-cü ilin oktyabr ayından hazırlığa getmir və bıçağı evə qoymuşdur. Həmin bıçaqla heç bir cinayət törətməmişdir. Bıçağı istintaqa təqdim etmişdir. Anası Qanuni nümayəndə pulu yoldan tapdığını bilmiş, həmin pulları oğurluq yolu ilə ələ keçriməyi barədə məlumatı olmamışdır. Həmçinin, ona qabaqcadan pul oğurlayacağı barədə vəd verməmiş, həmin əməli törətdiyi gün, eləcə də əvvəl və sonra hər hansı şəxsə bu barədə məlumat verməmişdir. Oğurladığı pul Elmiranın deyil, ya anasının, ya da xalasının puludur. Oğurluğu yalnız özü planlaşdırmış, özü də icra etmişdir. Pulu oğurlamaqda məqsədi isə özünə «İphone 14» markalı mobil telefon almaq olmuşdur. Onun və ailəsinin maddi imkanı həmin telefonu almağa çatmadığına görə bu əməli törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibiüzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 20 dekabr 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, qızıllarını və pulunu artıq iki ildir ki, bacısıgildə saxlamış, hər şeyini bacısına etibar etmiş, xarici ölkəyə getməmişdən əvvəl onun 10.000 ABŞ dolları məbləğində pulu olmuş, həmin pulu da qızıllarının yanına qoymuşdur. Daha sonra həmin puldan 3.200 ABŞ dollarını götürmüş, 6.800 ABŞ dolları isə qalmışdır. Həmin puldan 4.000 ABŞ dolları oğurlanmış, 2.800 ABŞ dolları məbləğində pul isə yerində qalmışdır. Əmin olmaq üçün getməmişdən əvvəl pulları sayıb yenidən yerinə qoymuşdur. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamış, pul götürmək üçün evə getdikdə bir dəfə Təqsirləndirilən şəxs Elmiranın yanında gömüş və bundan sonra Elmiraya Aysunla yaxınlıq etməməsini tapşırmışdır. Bacısı Şahid işdə olanda təqsirləndirilən şəxs Aysun Elmiranın yanına gedib-gəlmiş, bunları sonradan kameradan görmüşdürlər. O, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın 803 ABŞ dollar məbləğinin ödənildiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Zərər çəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, xarici ölkədən yanvar ayında geri dönmüş, bacısı ilə ikisi xarici ölkəyə eyni vaxtda getmiş və eyni vaxtda Azərbaycan Respublikasına qayıtmışdırlar. Zərər çəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, ona dəymiş zərərin 803 ABŞ dolları geri qaytarılmış, onun pullarının içərisində təxminən 14-15 ədəd 1 ABŞ dolları olmuşdur. Pullar və qızıllar bacısının evində yataq otağına bitişik şkafın içərisində, yuxarı hissədə çantanın içərisində olmuş və kamera birbaşa həmin yataq otağını çəkmişdir. O, Aysun həmin yerə əl atıb baxmaq istəyəndə Elmiranın ona icazə verməməsini video görüntülərdən görmüş, bacısının pulları evdə başqa yerdə olmuş, onun pulları ilə eyni yerdə saxlanmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam şəhəri Vidadi küçəsi ev 8-də qeydiyyatda olmaqla, Abşeron rayonu “Kristal-Abşeron 1” yaşayış kompleksi bina 6 mənzil 181-də yaşayır. Zərərçəkmiş şəxs2 doğma bacısı qızıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla və ya onun valdeyinləri ilə əvvəllər heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. O, 6800 ABŞ dollar nağd pulunu təxminən 2 il bundan əvvəl bacısı Arzunun yaşadığı evə aparmış və ondan xahiş etmişdir ki, pulunu saxlasın. Onun belə etməkdə məqsədi o olmuşdur ki, bacısı Arzunun evində müşahidə kameraları var və evdə baş verən prosesləri rahat şəkildə video qeydiyyata alır. 16 dekabr 2024-cü il tarixdə günorta saatlarında bacısı Arzu ilə Gürcüstan Respublikasında olan zaman bacısı qızı Elmira anası Arzuya zəng edərək bir nəfər qızın sifətini gizlətmiş formada yaşadıqları evə gələrək onun üzərinə bıçaq çıxarıb hədələyərək evdə anasının pularını saxladığı yeri deməsini tələb etməsini, o da buna əsəbləşib həmin qızın üzərinə qışqıran vaxt həmin qızın evdən qaçaraq getməsini demişdir. Bacısı Arzu da telefon vasitəsi ilə video kameralara baxanda həmin qızın Elmiranın rəfiqəsi Təqsirləndirilən şəxs olmasını bilmiş və bu barədə Elmiraya demişdir. Daha sonra Elmiradan Aysunun hansı tarixlərdə evə gəlməsini soruşmuş, sonra əvvəlki vaxtların müşahidə kameralarına baxdıqda bacısı qızı Elmiranın rəfiqəsi Təqsirləndirilən şəxs guya Elmira ilə evdə söhbət etmək üçün 07 dekabr 2024-cü il tarixdə bacısı gilə evə gələn zaman evdə Elmiranın başının qarışıq olmasından istifadə edib evdə olan əşyaları, paltar şkafını, servantı, evdə olan digər şkafları axtarmasını, bəzi hallarda da bacısı qızı Elmira buna imkan verməməsini görmüşdür. 09 dekabr 2024-cü il tarixdə də Aysun bacısı qızı Elmiranı aparıb hazırlığa qoymuş, həmin vaxt evdə olan evin ehtiyat açarını yataq otağının açarı ilə dəyişdirmiş və evin wifi cihazını söndürmüşdür. Aysun elə başa düşmüşdür ki, evin wifi cihazını söndürəndə evin müşahidə kameraları işləmir. Sonra isə Aysun yenidən bacısı gilə gəlmiş və bu zaman onu evə quraşdırılmış müşahidə kamerası öz yaddaş enerjisi ilə çəkmiş, lakin Aysun bunu bilməmişdir. Həmin vaxt Aysun ona məxsus 6800 ABŞ dolları pulu olan şkafı axtarmış, həmin günü saat 15:06 evin işıqlarını söndürmüş və bu zaman evin müşahidə kamerası çəkməmiş, 15:17-də isə evin işıqları yanmış, evə quraşdırılmış müşahidə kameraları işləmiş, lakin evdə Aysun görsənməmişdir. Bundan sonra Bakı şəhərinə gəlmişlər və bacısı gilə gedib onlarda saxladığı pulları götürüb sayan zaman 4000 ABŞ dolları pulun yerində olmadığını bilmişlər. Həmin vaxtı bacısı Arzu ilə birlikdə evi axtarmış, evdən heç bir qızıl-zinət əşyalarının oğurlanmadığı görmüşlər. Bundan sonra bacısı qızı Elmira Azərbaycan Respublikası DİN- nin 102 xidmətinə zəng edərək evlərinə gəlmiş rəfiqəsi Təqsirləndirilən şəxs onun evdə olmamasından istifadə edərək ona məxsus 4000 ABŞ dolları pulu oğurlaması barədə məlumat vermişdir. Bundan sonra Abşeron Rayon Polis İdarəsinə gedərək ərizə ilə müraciət etmişdir. Yekun olaraq bildirmişdir ki, Aysun ona məxsus 4000 ABŞ dolları pulu oğurlamış və ona həmin məbləğdə, yəni 6800 manat maddi ziyan vurmuşdur. Həmçinin oğurluq etdikdən sonra təkrar evə gələrək bacısı qızı Zərərçəkmiş şəxs2 əlində olan bıçaqla hədələyərək sonradan qaçıb getmişdir. 17 yanvar 2025-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmə istintqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Aysunu məktəbdən tanımış, özü 8-ci sinifdə, Aysun isə 9-cu sinifdə oxumuşdur. Aysunla münasibətləri get-gedə daha da yaxın olmağa başlamış, təqsirləndirilən şəxs bir gün onlara gəlib oturub söhbət etmək istədiyini demiş, o da razılaşmışdır. Artıq Aysun onların evinə tez-tez gəlib getməyə başlamış, 07 dekabr 2024-cü il tarixdə sinif yoldaşının ad gününə hazırlaşmış və evdə ad günü üçün paltar seçmişdirlər. 09 dekabr 2024-cü il tarixdə Aysunla “Kristal” parkında görüşmüş, daha sonra o, hazırlığa getmək üçün evə getmiş, Aysun isə gəlməmişdir. Daha sonra Aysunun telefonu onların evində qırıldığı üçün anasının telefonu düzəltdirmək üçün kartına pul atacağını ona demiş, bir neçə dəqiqə keçəndən sonra qapı döyülmüş və Aysun evə gələrək hazırlığa birlikdə getməklərini təklif etmiş və bu barədə razılaşmışdırlar. O, paltarını dəyişəndə artıq Aysun açarları dəyişmiş, dəhlizdə isə interneti söndürmüşdür. Aysun yenidən 16 dekabr 2024-cü il tarixdə ona zəng edib əgər evdən çıxmamışdırsa, hazırlığa birlikdə getmələrini təklif etmiş, o isə artıq hazırlığa çatdığını bildirmişdir. Danışıqlarından bir neçə dəqiqə sonra evin qapısı döyülmüş, o, qapıya tərəf yaxınlaşmış, qapı açılmış, Aysun üzündə maska ilə başı bağlı halda evə daxil olmuş, həmin vaxt onu görüb üzərinə bıçaq çəkərək pulların və qızılların yerini öyrənmək istəmiş, o, bu zaman qışqırmış və Aysun qorxub çıxıb getmişdir. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Aysuna qızıl və pullarla bağlı heç nə demədiyini bildirmişdir. Zərər çəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq təqsirləndirilən şəxsin dediklərinin heç biri ilə razı olmadığını, Aysungilin evinə getmədiyini, onların ünvanını bilmədiyini, Aysunun özünün yaxınlaşıb dostluq etməyə başladığını və təxminən 2023-cü ilin sonlarından etibarən yaxınlaşdıqlarını bildirmişdir. 17 dekabr 2024-cü il tarixdə ilkin izahatını verərkən qonşusu yanında olmuş, ona qarşı hər hansı təzyiq göstərilməmiş və ilki izahatını təsdiq etdiyini qeyd etmişdir. O, Aysuna açar verməmiş və təqsirləndirilən şəxs üzü maskalı halda evlərinə gələndə qışqırıb onu qorxutduğu üçün evdən heç nə götürə bilməyərək qaçıb getmişdir. Hadisə 09 dekabr 2024-cü il tarixdə baş vermiş, oğurluqdan 16 dekabr 2024-cü il tarixdə xəbəri olmuş, hadisəni öyrənən kimi valideyninə bu barədə məlumat vermiş və anası kameralara baxaraq məsələni aydınlaşdırmışdır. 9-16 dekabr 2024-cü il tarixlərdə anası ilə əlaqə saxladıqda o, Azərbaycan Respublikasında olmamışdır. Zərər çəkmiş şəxs təqsirləndirilən şəxsin suallarına cavab olaraq ona saxlaması üçün pul vermədiyini, anasının göstərişi əsasında onlar ölkəyə qayıdana qədər onunla bu tərzdə danışaraq söz almağa çalışdığını bildirmişdir. Zərər çəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, evdəki pulun şkafda olduğundan xəbəri olmuş, 07 dekabr 2024-cü il tarixdə Aysun evlərində olanda yataq otağını gəzərkən pul olan tərəfə gedib orada nə olduğunu soruşmuş, o da həmin yerdə xalasının əşyaları olduğunu və onlara toxunmamasını bildirmişdir. Həmin vaxt orada özünə məxsus olan hansısa pulun saxlanması üçün Aysuna verilməsi barədə söhbət olmamışdır. Əgər belə bir hal olsaydı özü pulları götürüb Aysuna verə bilərdi, nəinki həmin pulların yerini Aysuna deyib ondan götürməsini xahiş etsin, onun bu barədə dedikləri tamamilə yalandır. Aysun otaqda olan şkafların hamısının içərisinə baxdıqda o, həmin əşyalara baxmamasını, anasının xoşu gəlmədiyini demiş, lakin Aysun əhəmiyyət verməyərək yenidən hər şeyə baxmışdır. Buna görə də o, Aysunu yıxaraq yatağa doğru itələmiş, bu zama onun telefonu əlindən yerə düşüb qırılmışdır. Aysun içəri daxil olanda üzünə maska taxmış olsa da, həmin geyimləri daha əvvəl də üzərində gördüyündən onu tanımışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron 1” ev 18 mənzil 78-də yaşayır. Heç bir psixi və ruhi xəstəliyi yoxdur, narkoloq və psixoloq kabinetlərində qeydiyyatda durmamışdır. Anası Şahid, atası isə X2r. Təqsirləndirilən şəxs 1 il olar ki, tanımış, onunla və ya onun valdeyinləri ilə əvvəllər heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 xalasıdır. Xalası Aynur özünə məxsus ABŞ dollarlarını və qızıl-zinət əşyalarını təxminən 2 il bundan əvvəl onların yaşadığı evə gətirmiş və anasından xahiş etmişdir ki, onun pulunu saxlasın. Anasıgilin belə etməkdə məqsədi o olmuşdur ki, evlərində müşahidə kameraları var və evdə baş verən prosesləri rahat şəkildə video qeydiyyata alır. 16 dekabr 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman bir nəfər qız sifətini gizlətmiş formada yaşadığı evə gələrək onun üzərinə bıçaq çıxarıb hədələyərək evdə anasının pullarını saxladığı yeri deməsini tələb etmiş, o da buna əsəbləşib həmin qızın üzərinə qışqıran vaxt həmin qız evdən qaçaraq getmişdir. O da dərhal zəng edərək bu barədə anası Arzuya demişdir. Həmin vaxt da anası Arzu xalası Aynur ilə Gürcüstan Respublikasında olmuşdur. Anası da telefon vasitəsi ilə video kameralara baxanda həmin qızın onun rəfiqəsi Təqsirləndirilən şəxs olmasını bilmiş və bu barədə ona demişdir. Daha sonra anası ondan Aysunun hansı tarixlərdə evə gəlməsini soruşmuş, sonra əvvəlki vaxtların müşahidə kameralarına baxdıqda rəfiqəsi Təqsirləndirilən şəxs guya onun ilə evdə söhbət etmək üçün 07 dekabr 2024-cü il tarixdə onlara gələn zaman evdə onun başının qarışıq olmasından istifadə edib evdə olan əşyaları, paltar şkafını, servantı, evdə olan digər şkafları axtarmasını, bəzi hallarda da onun buna imkan verməməyini görmüşdür. 09 dekabr 2024-cü il tarixdə də Aysun onlara gələrək onu aparıb hazırlığa qoymuş, həmin vaxt evdə olan evin ehtiyat açarını yataq otağının açarı ilə dəyişdirmiş və evin giriş qapısının sol tərəfində yerləşən elektrik şitindən evin işığını söndürməklə mənzilində quraşdırdığı wifi cihazının söndürülməsinə nail olmuş, video kameraların uzaqdan izlənilməsinə mane olmuşdur. Aysun başa düşmüşdür ki, evin wifi cihazını söndürəndə evin müşahidə kameraları işləmir. Sonra isə Aysun yenidən onlara gəlmiş və bu zaman onu evə quraşdırılmış müşahidə kamerası öz yaddaş enerjisi ilə çəkmiş, lakin Aysun bunu bilməmişdir. Həmin vaxt Aysun xalası Arzuya məxsus 6800 ABŞ dolları pul olan şkafı axtarmış, həmin günü saat 15:06 evin işıqlarını söndürmüş və bu zaman evin müşahidə kamerası çəkməmiş, 15:17-də isə evin işıqları yanmış, evə quraşdırılmış müşahidə kameraları işləmiş, lakin evdə Aysun görsənməmişdir. Bundan sonra anası ona demişdir ki, şakfda olan və xalası Aynurəyə məxsus pulların yerində olubolmamasına baxsın. O da xalasının şkafda saxladığı pulları sayanda 4000 ABŞ dollarının yerində olmadığını görmüş və bu barədə votsapla görüntülü danışdığı anasında demişdir. Anası da ona demişdir ki, zəng eləyib bu barədə 102 xidmətinə məlumat versin. O da səhərə yaxın DİN-nin 102 xidmətinə zəng edərək evlərinə gələn rəfiqəsi Təqsirləndirilən şəxs onun evdə olmamağından istifadə edərək xalasına məxsus 4000 ABŞ dolları pulu oğurlaması barədə məlumat vermişdir. Bundan sonra anası ilə xalası Bakı şəhərinə gəlmiş və yaşadıqları evə gəlib xalası Aynur ilə birlikdə evi axtarmışlar, evdən heç bir qızıl-zinət əşyaları oğurlanmadığını, yerində olmasını müəyyən etmişlər. Bundan sonra xalasıgil Abşeron rayon polis idarəsinə gedərək polisdə ərizə ilə müraciət etmişlər. Yekun olaraq bildirir ki, Aysun xalası Aynurəyə məxsus 4000 ABŞ dolları pulu oğurlamış və ona həmin məbləğdə, yəni 6800 manat maddi ziyan vurmuşdur. Həmçinin oğurluq etdikdən sonra 16 dekabr 2024-cü il tarixdə təkrar evə gələrək onu əlində olan bıçaqla hədələyərək sonradan qaçıb getmişdir. Belə ki, 16 dekabr 2024-cü il tarixdə saat 15:30-dan 16:00-dək olan müddət ərzində yaşadığı mənzilin yataq otağında çarpayıda uzanan zaman qapının döyülməsi səsini eşitmiş, qalxaraq qapıya tərəf boylanmışdır. Fikirləşmişdir ki, qonuşunun qapısı döyülə bilər, fikir verməmişdir. Bir qədər sonra qapının açarla açılmasını hiss etmişdir. Qapı açılmış və dərhal ayağa qalxmışdır. Qapını açan Aysunun üzündə maska və başında gödəkçənin papağı və üzü bağlı, əlində bıçaqla içəri daxil olmuşdur. Aysun ona mamasının pullarının yerini deməyini tələb etmiş, əlindəki bıçaqla onu hədələmişdir. O da qışqırmış və həmin vaxt Aysun qorxaraq qaçmışdır. O da təkrar anasına zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, hadisə vaxtı xarici ölkədə olmuş və qızı Elmira evdə bacısı ilə tək qalmışdır. Elmira evdə baş verən oğurluqla bağlı zəng edib məlumat vermişdir. Aysun Elmiranı oxuduğu məktəbdən tanımış, lakin çox yaxın münasibətləri olmamışdır. Bir müddətdən sonra isə Aysun Elmiranın sinif yoldaşından onun nömrəsini alaraq əlaqə saxlamağa başlamışdır. Aysunun bir neçə dəfə evlərinə gəldiyini bilmiş və bu hala etiraz etmişdir. 07 dekabr 2024-cü il tarixdə Elmiranın sinif yoldaşının ad gününə gedəcəkləri üçün Aysun onlara paltar götürmək üçün gəlmiş, onlarda olarkən Aysunun telefonu düşüb sınmışdır. Telefonu düzəltdirməsi üçün 145 manat məbləğində pulu qəbzlə ona vermişdir. Bundan sonra Aysunun onlara gəlməyinə etiraz etmişdir. 09 dekabr 2024-cü il tarixdə Aysun yenidən Elmira ilə əlaqə saxlayaraq onu hazırlığa aparmağı təklif etmiş, onlar razılaşmış, Aysun gəlib Elmiranı hazırlığa aparmış və həmin gün evin açarını dəyişdirmişdir. Aysun bir ədəd açar götürdüyünü desə də, 2 ədəd açar götürülmüş, lakin bunu əvvəlcədən bilməmişdirlər. 16 dekabr 2024-cü il tarixdə təkrar Elmira ilə əlaqə saxlayaraq onu hazırlığa aparmağı təklif etmiş, lakin Elmira buna etiraz etmiş və Aysunu aldadaraq artıq hazırlıqda olduğunu demişdir. Həmin vaxt isə Elmira xəstə olduğu üçün hazırlığa getməmişdir. Aysun evlərinə tez-tez gəlib getmiş, Elmira bu vəziyyətdən narahat olmuş, buna görə də Elmira ona belə bir yalan danışmışdır. X4 evdə tək olan vaxtı gəlib evin qapısını döyüb getmişdir. Hadisə günü Aysun onlara gəlib Elmiranın hazırlaqda olduğunu fikirləşmiş, evə daxil olmaq istəmiş, Elmira əvvəlcədən evə daxil olmaq istəyən şəxsin Aysun olduğunu bilməmişdir. Aysun Elmiradan evdə anasına məxsus pulların harda olmasını soruşmuş, o, Elmiraya zəng edərək evə gələnə qədər pis bir şey baş verməməsi üçün Aysunla pis rəftar etməməsini tapşırmışdır. Sonra o, qızından Aysunun sonuncu dəfə nə zaman evlərinə gəldiyini soruşmuş, Elmira 09 dekabr 2024-cü il tarixdə gəldiyini demişdir. Video görüntüyə baxarkən Aysunun evə gəlib wifi cihazını söndürdüyünü, Aysunun Elmiranı hazırlığa qoyub gəldikdən sonra video görüntüdə 10-11 dəqiqəlik fasilə olduğunu görmüş və ona hər şey məlum olmuşdur. Elmira ilə video görüntü ilə əlaqə saxlamış, evdə olan pullara baxmış və dolların qalınlığından miqdarının azaldığını başa düşmüş, qızıllara baxdıqda isə hər birinin yerində olduğunu görmüşdür. Bundan sonra o, evə gələn kimi baş verən hadisə ilə bağlı polisə şikayət etmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 16 dekabr 2024-cü il tarixdə evdə kameralar işləmiş, görüntülər kameranın yaddaşında 15 gün saxlanılmışdır. Həmin tarixdə Elmira evə tanımadığı bir nəfər şəxsin daxil olduğunu və həmin şəxsin Aysun olduğundan şübhələndiyini bildirmişdir. Aysun qapıdan içəri daxil olanda evin işıqlarını söndürmüş, Elmira onu gördükdə qışqırmış, Aysun da çıxıb getmişdir. 4.000 ABŞ dolları məbləğində ziyan dəymiş, bundan əlavə olaraq evdən paltar, “power bank”a məxsus kart da götürülmüş, lakin onlar barədə polisə şikayət edilməmişdir. Şahid müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, 09 dekabr 2024-cü il tarixdə Aysun tərəfindən 4.000 ABŞ dolları məbləğində pul götürülmüşdür. Elmira hadisə barədə məlumat verdikdən sonra o, video görüntülərə baxmış, 07 dekabr 2024-cü tarixdə Aysunun evin hər bir yerini axtardığını, hətta pul olan yerə baxmaq istəyəndə Elmiranın ona icazə vermədiyini görmüşdür. 16 dekabr 2024-cü tarixdə Azərbaycan Republikasında olmamış, bilet tapıb dərhal gələ bilmədiyi üçün Elmira ilk dəfə şikayət ərizəsi yazanda qızının yanında olmamışdır. Şahid məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinəuyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli raport və eyni tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 102 xidmətinə zəng vuraraq rəfiqəsi Təqsirləndirilən şəxs ünvan 2 ünvanından 4000 ABŞ dolları məbləğində pulu oğurlaması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2-dir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 8 ədəd 100 ABŞ dolları və 03 ədəd 01 ABŞ dolları pulu və 01 ədəd bıçağı təqdim edərək həmin pulların ünvan 2 ünvanından oğurladığı pullar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 803 ABŞ dolları və 01 ədəd bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq götürülmüş, pul əskinasları zərər çəkmiş şəxsin özünə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən tərtib olunmuş qəbzdən görünür ki, dəymiş ziyanın bir hissəsini — Təqsirləndirilən şəxs götürülmüş 803 ABŞ dollarını təhvil almışdır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə evdə söhbət etmək üçün sonuncunun yaşadığı evə gəlir, evdə Elmir Quliyeva olmayan vaxtı evdə olan əşyaları, paltar şkafını, servantı, evdə olan digər şkafları axtarır, bəzi hallarda da Zərərçəkmiş şəxs2 buna imkan vermir. 09 dekabr 2024-cü il tarix saat 14:08 qeydə alınmış video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs olduğu otaqda şkafın içərisnə baxdıqdan sonra yerə düşüb stolun üzərində olan açar dəstinin içərisindən açar çıxardaraq cibinə qoyur. Eyni tarixli saat 14:31-də qeydə alınmış video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs çıxaraq şkafın üzərində olan wifi cihazını söndürür, cihazın işığı yanmır. Həmin günü saat 15:06 evin işıqları sönmüş və bu zaman evin müşahidə kamerası çəkməni dayandırmış, 15:17-də isə evin işıqları yanmış, evə quraşdırılmış müşahidə kameraları işləmiş, lakin evdə Təqsirləndirilən şəxs görünməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-ballistik ekspertizasının 10 yanvar 2025-ci il tarixli 3/2010 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan 10 fevral 2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd turist bıçağı Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD markalı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi küçə 18 ev 200 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində 4 saylı MTİİTS-ə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmamaqla ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə törədilən cinayət hadisəsinə münasibətdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə verilən ittihamı əsaslı sayaraq məhkəmə istintaqı zamanı sübuta yetirilmiş hesab etsə də xx.xx.2024-cü il tarixdə törədilməklə Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əlində olan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı ilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etməsi ilə bağlı gəldiyi nəticəni və sonuncunun əməlinin CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif olunmasını əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə verilən ittiham məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlar-cinayət işinin materialları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərər çəkmiş şəxslərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadənin oğurluq hadisəsinə münasibətdə olan hissəsi ilə təsdiq edilir. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında olan və zərər çəkmiş şəxs tərəfindən istintaqa təqdim edilən mənzilin video kameralar vasitəsilə qeydə alınan görüntülər tarix və vaxt ardıcıllığı ilə tədqiq edilmişdir. Cəmi 14 video görüntü xx.xx.2024cü il tarixdə qeydə alınmaqla tədqiqi zamanı məlum olur ki, hadisədən əvvəl təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun bacısı ilə hadisənin baş verdiyi mənzildə əsasən birlikdə vaxt keçirmiş və bu vaxt təqsirləndirilən şəxsin evdə olan dolabın siyirmələrində olan əşyaları axtarması, götürməsi və baxması əks olunmuşdur. xx.xx.2024-cü il tarixli video görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs saat 14:08 stolun üzərində olan açar dəstinin içərisindən açar çıxardaraq cibinə qoyur, saat 14:31-də isə wifi cihazını söndürür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ittihamda qeyd olunan məbləğdə pul vəsaitini zərər çəkmiş şəxsin xahişi və təhriki ilə götürməsi, əslində oğurluq hadisəsini törətməməsi, zərər çəkmişin göstərişlərini icra etməsi, video görüntüdə əks olunan açarı da zərər çəkmiş şəxsin tapşırığı ilə götürməsi və onun tapşırığı ilə wifi cihazını söndürməsi barədə gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi 19 dekabr 2024-cü il tarixli, təqsirləndirilən şəxs kimi 20 dekabr 2024 və 15 fevral 2025-cil tarixli ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahid ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilməmiş, onun əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.5-ci maddələrindən CM-nin 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddəsinə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında olan və zərər çəkmiş şəxs tərəfindən istintaqa təqdim edilən mənzilin video kameraları vasitəsilə qeydə alınan 16 dekabr 2024-cü il tarixli video görüntü məhkəmə istintaqı zamanı tədqiq edilərkən məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanına gələrək əvvəlcə qapını döyür, sonra əlində olan açarla qapını açaraq içəri daxil olur, mənzildə cəmi 12 saniyə qaldıqdan sonra yenidən çölə çıxıb iti addımlarla ordan uzaqlaşır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə verilən ittihamın əsasına qoyulan sübutları ayrı-ayrılıqda və birlikdə tədqiq edib bildirir ki, 12 saniyə müddəti əhatə edən video görüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs içəri daxil olarkən və dəhlizə qaçarkən onun əlində mobil telefondan başqa digər bir predmet müşahidə olunmur, üstəlik belə hesab etsək ki, ittihamda qeyd olunan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı təqsirləndirilən şəxsin cibində olub, 12 saniyəlik müddət həmin bıçağı cibindən çıxarıb hazır vəziyyətə gətirmək, içəri daxil olduqdan sonra “kameranın olmadığı” evin dəhlizində zərər çəkmiş şəxslə qarşılaşmaq və ona “ananın pullarının yerini de” deyərək hədə-qorxu gəlmək üçün həddən artıq qısa bir müddətdir. Təqsirləndirilən şəxsə verilən ittihamdan və iş üzrə müəyyən edilən digər hallardan da göründüyü kimi o, mənzilə daxil olarkən “mənzildə heç kimin olmamasını” ehtimal etmiş, yəni quldurluq niyyəti mənzilə daxil olduqdan və zərər çəkmiş şəxslə qarşılaşdıqdan sonra yaranmış, belə olduğu halda cinayətin baş tutması üçün tələb olunan vaxt daha da qısalır. Yəni məhkəmə hesab edir ki, oğurluq məqsədilə mənzilə daxil olub zərər çəkmiş şəxslə qarşılaşdıqdan sonra quldurluq niyyətinin yaranması, bu niyyətin qadın cinsinə məxsus yetkinlik yaşına çatmayan tərəfindən idrak edilməsi, daha sonra cibində olduğunu fərz etdiyimiz qatlanan tipli bıçağın çıxarılaraq hazır vəziyyətə gətirilməsi “ananın pullarının yerini de” deməsindən ibarət hərəkətlərdə ifadə olunan quldurluq cinayətinin 12 saniyə ərzində realizə edilməsi ağlabatan deyil. Məhkəmə istintaqı zamanı zərər çəkmiş tərəf 16 dekabr 2024-cü il tarixdə “quldurluq” hadisəsi baş verdikdən sonra təqsirləndirilən şəxslə aralarında whatsapp vasitəsilə aparılan danışıqların məzmununu əks etdirən çıxarışları məhkəməyə təqdim etmiş, həmin danışıqlar da məhkəmə iclasında tədqiq olunmuşdur. Danışıqların məzmunundan görünür ki, 16 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mesaj yazaraq birlikdə həyətə düşməyi təklif edir, zərər çəkən dərsə getdiyini, onun ötürməyə ehtiyac olmadığını, çünki artıq çatdığını yazır. Təqsirləndirilən şəxs özündə kimin olduğunu bilmədiyi açar olduğunu deyərək Elmiradan evdən çıxarkən “yenə aşağıynan bağlayırsan?” soruşaraq dəqiqləşdirmə aparır, daha sonra özü həmin açarın nənəsigilə məxsus olduğunu deyir. 16 dekabr 2024-cü il tarix saat 18:29-da, yəni artıq hadisə baş verdikdən bir neçə saat sonra o, Aysuna mesaj yazaraq evə gələn şəxsin o olduğunu, kameraya düşdüyünü, təcili açarı gətirib qaytarmasını bildirir. Təqsirləndirilən şəxs evə daxil olan şəxsin əvvəlcə özü olmadığını desə də sonradan mənzilə gəldiyini, açarı bilmədən götürdüyünü, açarı yoxlamaq və qaytarmaq məqsədilə qapını açıb mənzilə daxil olduğunu, açarı “gizlincə” yerinə qoymaq istədiyini, onu evdə gördükdən sonra qaçıb getdiyini bildirir. Zərər çəkmiş şəxs də öz növbəsində nəyə görə onun “səsini eşidən kimi” çıxıb getdiyini soruşur. Zərər çəkən Zərərçəkmiş şəxs2 tədqiq edilən whatsapp mesajlarında təqsirləndirilən şəxsə onun üzü maskalı şəkildə evə daxil olması və əlində bıçaq olması barədə heç nə bildirməməklə məhkəmə istintaqı zamanı da həmin xüsusatı aydınlşdırmaq üçün verilən suallara cavab olaraq “anasının tapşırığı ilə bıçaq barədə həmin mesajlarda heç nə yazmadığını” bildirir. Digər tərəfdən zərər çəkmiş şəxsin quldurluq hadisəsinə münasibətdə ibtidai istintaqın əvvəlində verdiyi ilkin izahat və ifadələri bir birilə ziddiyyət təşkil etmiş, məhkəmə istintaqının gedişində də həmin ziddiyyətləri aradan qaldırmaq mümkün olmamışdır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 17 dekabr 2024-cü il tarixli ilkin izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs evdən götürdüyü açarla qapını açaraq və onun evdə olmadığını zənn edərək evə daxil olmuş, onun evdə olduğunu görüb özünü itirmiş, evdəki pulların yerini soruşmuş, daha sonra əlindəki bıçaqla hədə-qorxu gələrək pulun yerini soruşanda o, pulların yerini göstərmiş, həmin vaxt Aysun evdə olan 6800 ABŞ dollar puldan 4000 ABŞ dollarını götürmüş və getmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona zor tətbiq etməmişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 03 yanvar 2025-ci ol tarixli şahid kimi verdiyi və 17 yanvar 2025-ci il tarixli zərər çəkmiş şəxs kimi verdiyi ifadələrdə ilkin izahatında göstərdiklərinin əksinə olaraq oğurluq və quldurluq hadisələrinin müxtəlif tarixlərdə baş verdiyini, oğurluq hadisəsinin mənzildəki kameraların qeydə aldığı görüntülərə baxmaq nəticəsində aşkar edildiyini, quldurluq hadisəsinə isə bilavasitə məruz qalmaqla 16 dekabr 2024-cü il tarixdə baş verdiyini, kiminsə evin qapısını açarla açmağa çalışdığını, qapını açdıqdan sonra içəri daxil olduğunu, içəri daxil olan şəxsin qadın olmaqla üzündə maska, başında əynində olan gödəkçənin papağı, əlində isə bıçaq olduğunu, həmin bıçaqla onu hədələdiyini, hədələyərək anasının pullarının yerini deməsini tələb etdiyini, o da buna əsəbləşib qızın üzərinə qışqırdığını, bundan sonra həmin qızın qaçaraq getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində 09 dekabr 2024-cü il tarixdə oğurluq hadisəsini törətdiyini etiraf etmiş, quldurluq cinayətinə münasibətdə isə bildirmişdir ki, 16 dekabr 2024-cü il tarixdə eyni açarla mənzilə daxil olmuş, lakin evdə adam olduğunu gördüyü üçün qaçaraq mənzildən çıxmış, həmin gün onun üzərində bıçaq olmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum Qərarının 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 21-ci bəndində göstərilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Həmin Qərarın 22-ci bəndinə əsasən özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərər çəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərər çəkmişin zorakılıqla azadlığı məhdudlaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərər çəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etməsi qənaətinə gələrək təqsirləndirilən şəxsin əməlini CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif etsə də, quldurluq cinayətinin törədildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cinayət işinin materiallarında olan sübutlar isə həmin cinayətin törədildiyini təsdiq etməyə kifayət etməmişdir. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 mənzilində saxlanılan pul vəsaitlərini ələ keçirmək məqsədi ilə onun yaşadığı mənzilə qanunsuz daxil olmaqla zərər çəkmiş şəxsin əmlakını gizli olaraq talayıb oğurluq etməyə cəhd etmişdir, odur ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 29,177.2.2 və 29,177.2.3-cü maddələrinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində rəfiqəsi, Zərərçəkmiş şəxs2 yaşadığı, sonuncunun anası Şahid məxsus ünvan 2 ünvanında yerləşən mənzildə olan zaman mənzilin giriş qapısının açarını digər açarla dəyişdirərək özündə saxlayıb həmin gün saat 16 radələrində sonuncunun hazırlıq kursunda olması və mənzildə başqa şəxsin olmamasından istifadə edib həmin açarla qapının kilidini açmaqla qeyd olunan yaşayış sahəsinə qanunsuz daxil olub mənzilin yataq otağında yerləşən şkafdakı çantanın içərisindən Zərərçəkmiş şəxs2 xalası Zərərçəkmiş şəxs1 məxsus 6800 manat dəyərində 4000 ABŞ dollarını gizli olaraq talayıb sonuncuya xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 16 dekabr 2024-cü il tarixdə günorta saatlarında təkrarən tamah niyyəti ilə özgə əmlakını əvəzsiz, hüquqa zidd və gizli yolla talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 yaşadığı, sonuncunun anası Şahid məxsus ünvan 2 ünvanında heç kimin olmamasını ehtimal edib özündə saxladığı eyni açarla mənzilin qapısını açıb içəri daxil olduqdan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 evdə olduğunu görüb mənzildən qaçaraq çıxmış və iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyib oğurluq etməyə cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə tövsif edilməsi düzgündür, həmin əməl qəsdən törədilmiş, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il 4№li qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan və cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs iki azyaşlı qardaşı ilə uşaqlarını təkbaşına böyüdən anasının himayəsində yaşayır, təqsirləndirilən şəxsin atası isə ağır cinayətin törədilməsində təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmə cəza təyini zamanı təqsirləndirilən şəxsin cinayət törədən vaxt natamam ailədə böyüməsi və tərbiyə almasını onun həyat və tərbiyə şəraitini şərtləndirən hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində aşağı həddində azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsini cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiq hesab edir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi isə həmin məcəllənin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. Ona görə də, yetkinlik yaşına çatmayanlara CM-in 85.2-85.5-ci maddələrinin tələblərinə əsasən CM-in Xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin etmək zərurəti yarandıqda, bu cəza CM-in 62-ci maddəsinə istinad edilmədən təyin edilməlidir. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-in 66-cı maddəsinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən nəzərə alınmalıdır ki, cinayətlərin məcmusu üzrə təyin edilən cəzanın müddəti və miqdarı da CM-in 85-ci maddəsində nəzərdə tutulan hədlərdən yuxarı ola bilməz. Odur ki, məhkəmə yuxarıda göstərilən əsasları rəhbər tutub Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası təyin ediləcək cəzanın yuxarə həddinə münasibətdə CM-nin 85.4-1-ci maddəsinə istinad etməklə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin etmək zərurətinin olmadığı, lakin sanksiya daxilində aşağı həddə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli və cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarında olan 20 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyanın əvəzi olaraq 5.440 manat (beş min dörd yüz qırx) manat məbləğində mülki iddia və mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat, hüquqi yardım üçün ödənilmişin məbləğin əvəzi olaraq 325 (üç yüz iyirmi beş) manat və 108 (yüz səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8.873 (səkkiz min səkkiz yüz yetmiş üç) manat məbləğində pul vəsaitinin hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutulması barədə iddia ərizəsi vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək, mövcud sübutların məcmusu əsasında, mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələristisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq təqsirləndirilən şəxsin qanuni nümayəndəsinə qaytarılmalı, 01 ədəd DVD markalı diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi və 08 ədəd 100 ABŞ və 03 ədəd 01 ABŞ dollarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılarkən yetkinlik yaşına çatmamış şəxs olmaqla müstəqil əmək haqqı və əmlakının olmadığını nəzərə alıb onun yuxarıda qeyd olunan məhkəmə məsrəfindən azad edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququntətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-188, 346-347, 349, 351- 354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələri təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmadan saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan, 01 ədəd bıçaq təqsirləndirilən şəxsin qanuni nümayəndəsinə qaytarılsın, 01 ədəd DVD markalı diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi və 08 ədəd 100 ABŞ və 03 ədəd 01 ABŞ dollarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Dövlət büdcəsi hesabına məhkəmə-ballistik ekspertizasının keçirilməsinə sərf olunmuş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-302/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-302/2025
27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver