Məhkəmə qərarları › İş №1(124)-305/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-305/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-305/2023 19.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Tərcüməçi- X5, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 , «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasında doğulmuş, evli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Dağıstan Respublikası, Levoşinskiy rayonu, Ulluaya kəndində qeydiyyatda olmaqla hazırda Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə küçəsindəki fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs külli miqdar məbləğində mobil telefon aparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə 2021-ci ilin noyabr ayında Rusiya Federasiyası vətəndaşı X3 və xeyli miqdar məbləğində mobil telefon aparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə Rusiya Federasiyası vətəndaşı X2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq ümumilikdə külli miqdar məbləğində mobil telefon aparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə məlumatları olmayan Şahid4 vasitəsi ilə Şahid3 çatdırılması məqsədilə qrupun Dağıstan Respublikasındakı üzvü Arsen Amakhanovdan təhvil aldığı “USB” kabeli və qutusu ilə birlikdə bir ədədinin qiyməti 2100 manat olmaqla 6300 manat dəyərində 3 ədəd “İphone 13 Red 128 GB” markalı, bir ədədinin qiyməti 2300 manat olmaqla 89700 manat dəyərində 39 ədəd "İphone 13 Blue 256 GB” markalı, bir ədədinin qiyməti 2300 manat olmaqla 4600 manat dəyərində 2 ədəd “İphone 13 Pink 256 GB” markalı, bir ədədinin qiyməti 2300 manat olmaqla 4600 manat dəyərində 2 ədəd “İphone 13 Red 256 GB” markalı, bir ədədinin qiyməti 2900 manat olmaqla 8700 manat dəyərində 3 ədəd “İphone 13 Pro Silver 512 GB” markalı, bir ədədinin qiyməti 3100 manat olmaqla 9300 manat dəyərində 3 ədəd “İphone 13 Pro Gold 1 ТВ" markalı, bir ədədinin qiyməti 3100 manat olmaqla 9300 manat dəyərində 3 ədəd “İphone 13 Pro Silver 1 ТВ” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 6000 manat dəyərində 2 ədəd “İphone 13 X12 Blue 128 GB” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 18000 manat dəyərində 6 ədəd “İphone 13 X14 128 GB” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 24000 manat dəyərində 8 ədəd “İphone 13 X9 128 GB” markalı, bir ədədinin qiyməti 3200 manat 41600 manat dəyərində 13 ədəd “İphone 13 X12 Blue 256 GB" markalı, bir ədədinin qiyməti 3200 olmaqla 6400 manat dəyərində 2 ədəd “İphone 13 X13 256 GB” markalı, bir ədədinin qiyməti 3200 manat olmaqla 16000 manat dəyərində 5 ədəd “İphone 13 X9 256 GB” markalı, bir ədədinin qiyməti 3200 manat olmaqla 22400 manat dəyərində 7 ədəd “İphone 13 X14 256 GB” markalı, bir ədədinin qiyməti 3400 manat olmaqla 13600 manat dəyərində 4 ədəd “İphone 13 X9 512 GB” markalı, bir ədədinin qiyməti 3850 manat olmaqla 7700 manat dəyərində 2 ədəd “İphone 13 X13 1 ТВ" markalı və eləcə də, “USB" kabeli olmadan bir ədədinin qiyməti 3300 manat olmaqla 6600 manat dəyərində 2 ədəd “İphone 13 X9 512 GB” markalı, qiyməti 3750 manat olan 1 ədəd “İphone 13 X11 1 ТВ” markalı, cəmi külli miqdarda, cəmi 298550 (iki yüz doxsan səkkiz min beş yüz əlli) manat dəyərində 107 ədəd mobil telefon aparatını, həmçinin, xeyli miqdar məbləğində mobil telefon aparatlarını qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə çatdırılması məqsədi ilə qrupun Dağıstan Respublikasındakı üzvü Farid Qasanbekovdan təhvil aldığı “USB” kabeli və qutusu ilə birlikdə qiyməti 1950 manat olan 1 ədəd “İphone 12 X10 128 GB” markalı, bir ədədinin qiyməti 2150 manat olmaqla 4300 manat dəyərində 2 ədəd “İphone 12 Pro Graphite 256 GB" markalı, bir ədədinin qiyməti 2150 manat olmaqla 6450 manat dəyərində 3 ədəd “İphone 12 X10 256 GB" markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 6300 manat dəyərində 3 ədəd “İphone 13 Blue 128 GB” markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 14700 manat eləyərində 7 ədəd “İphone 13 Pink 128 GB" markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 4200 manat dəyərində 2 ədəd “İphone 13 Starlight 128 GB" markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 8400 manat dəyərində 4 ədəd “İphone 13 Midnight 128 GB” markalı, bir ədədinin qiyməti 2400 manat olmaqla 7200 manat dəyərində 3 ədəd “İphone 13 Pro Silver 128 GB” markalı, bir ədədinin qiyməti 2400 manat olmaqla 4800 manat dəyərində 2 ədəd “İphone 13 Pro Gold 128 GB” markalı, bir ədədinin qiyməti 2650 manat olmaqla 7950 manat dəyərində 3 ədəd “İphone 13 Pro Silver 256 GB” markalı, bir ədədinin qiyməti 2650 manat olmaqla 7950 manat dəyərində 3 ədəd “İphone 13 Pro Gold 256 GB” markalı, bir ədədinin qiyməti 2650 manat olmaqla 21200 manat dəyərində 8 ədəd “İphone 13 Pro Graphite 256 GB” markalı, qiyməti 2650 manat olan 1 ədəd “İphone 13 X11 256 GB” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 21000 manat dəyərində 7 ədəd “İphone 13 X14 128 GB” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 18000 manat dəyərində 6 ədəd “İphone 13 X9 128 GB” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 9000 manat dəyərində 3 ədəd “İphone 13 X13 128 GB” markalı, bir ədədinin qiyməti 3200 olmaqla 3200 manat dəyərində 1 ədəd “İphone 13 X13 256 GB” markalı, bir ədədinin qiyməti 3200 manat olmaqla 6400 manat dəyərində 2 ədəd “İphone 13 X9 256 GB” markalı, və eləcə də, “USB” kabeli olmadan qutusu ilə birlikdə qiyməti 3100 manat olan 1 ədəd “İphone 13 X13 256 GB” markalı, ümumilikdə xeyli miqdarda, cəmi 158750 (yüz əlli səkkiz min yeddi yüz əlli )manat dəyərində 62 ədəd mobil telefon aparatını, ümumilikdə 457.300 (dörd yüz əlli yeddi min üç yüz) manat dəyərində 169 ədəd mobil telefon aparatını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək idarə etdiyi “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında yataq yerlərində olan zəncirbəndli döşəklərin içərisindəki yaylı süngərin altında yerləşdirməklə gömrük nəzarətindən gizlətmiş, 19 noyabr 2021-ci il tarixdə, saat 22:30-da Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən “Samur" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tamah məqsədi ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün tam etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2 maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Arsen adlı şəxs ona zəng edib, telefonları gedib götürməsini demişdir. O da telefonarı götürəcəyini bildirmişdir. X4 yanında görüşməli olmuşlar. Sonra ona bildirmişdirlər ki, İrana gedəsi yük var. Sonra o, Arsen ilə əlaqə saxlamış, Arsen telefonların onda olduğunu bildirmişdir. O, Arsendən 107 ədəd telefonu götürmüşdür. Fərid adlı şəxs ilə əlaqə saxlamış, onunla Dərbənddə görüşmüş və o, ona 67 ədəd telefon vermişdir. Telefonları matrasın arasında gizlədib gömrük məntəqəsinə kimi getirmişdir. Azərbaycan gömrüyündə axtarış keçirilmiş və telefonlar aşkar olunaraq aktlaşdırılımışdır. Sonra Xaçmaz şəhərinə getmiş və orada təkrar axtarış aparmışdırlar. Növbəti gün maşını terminala gətirmişdirlər. Daha sonra Fuad və Zaur ona fərqli nömrələrdən zəng vurmağa başlamışdırlar. O, Zaurla Qusarda kafedə görüşmüşdür. Ardınca Fuad kafeyə gəlmiş və onu təhdid etməyə başlamışdır ki, gömrükdə özünü düzgün aparmadığına görə tutulmusan. Zaur ona bildirmişdir ki, onun ikili vətəndaşlığı var, gec də olsa Rusiyaya gəlib onu cəzalandıracaqdır. Fuad bildirmişdir ki, onun gömrükdə tanışları var. Sonra onlar ondan ifadəni dəyişib telefonların ona aid olduğunu bildirməyini istəmişdirlər. O, bunu etməyəcəyini bildirmiş və onlar ayrılmışdırlar. O, verilən suallara cavab olaraq göstərmişdir ki, telefonları pul müqabilində sərhəddən keçirməyə razılaşmışdır. Ona 1 telefona görə 2500 rubl veriləcəkdir. Telefonları keçirməyi Əhməd və Fərid xahiş etmişdir. Əhmədin verdiyi telefonları Azərbaycanda Fuada verəcəkdir. Fəridin verdiyi telefonları Fuada verməli olmuşdur, Fuad da Zaura verməli olmuşdur. Maşın firmaya məxsus olmuşdur. Maşını yol vərəqəsi ilə idarə etmişdir. Telefonlar aşkar olunandan sonra onlar zəng edib onu təhdid etmişdirlər. Bu barədə müstəntiqə bildirmişdir. Törətdiyi əməldən peşmandır. Arvadı epilepsiya xəstəsi olduğuna görə telefonları keçirtməyə razılaşmışdır. Onun mualicəsi üçün pul lazım olmuşdur. Birinci danışıqlarına görə telefonların hamısını Fuad qəbul etməli, lakin Sumqayıtda görüşəndə Fuad və Zaur bildirdilər ki, telefonları onlara verməlidir. Arsen və Fərid bildirdilər ki, onu sərhəddə tutmayacaqlar, əgər tutsalar problem olmayacaqdır. İbtidai istntaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Baş İdarənin "Samur” gömrük postunda idxal yük xəttində xidmətdə olmuşdur. Saat 22 radələrində Rusiya Federasiyasından Azərbaycana 0229EP05/AK460005 dövlət qeydiyyat mömrəli, “Volvo FH12” markalı nəqliyyat vasitəsi daxil olmuşdur. Sürücü əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs olmuşdur, ölkəyə gələcək nəqliyyat vasitəsində qaçaqmalçılıq predmetləri olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuş, gömrük əməkdaşı Şahid2la birlikdə yoxlamanı həyata keçirmişdir. Nəqliyyat vasitəsi idxal xəttinə gəldikdən sonra, nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməli olan, gömrük nəzarətindən gizlədilən malların olub-olmaması barədə sürücü Təqsirləndirilən şəxs sual vermiş, sürücü İsə nəqliyyat vasitəsində heç bir qanunsuz predmetin olmadığın, nəqliyyat vasitəsində şəxsi əşyalarının, üzərində isə 9050 dollar pulunun olduğunu bildirmiş, pulun məbləği qanunla gömrük sərhədindən keçirilməsinə icazə verilən hədd olduğundan yazılı bəyannaməyə təqdim etməsinə ehtiyac olmamış, pul Təqsirləndirilən şəxs özündə qalmışdır. Daha sonra, nəqliyyat vasitəsinə ümumi vizual baxış keçirilmiş, ilk öncə sürücü tərəfindən nəqliyyat vasitəsinin çöl hissəsinə, daha sonra yük yerinə, bak hissəsinə baxış keçirilmişdir. Daha sonra, nəqliyyat vasitəsinin kabinasında, salonunda yoxlama keçirilmişdir. Nəqliyyat vasitəsinin salonunda olan yataq yerlərinə baxan zaman yataq yerlərinin ağır olmasının fərqinə varmış, yataq yeri alt və üst hissədən ibarət olmaqla iki hissəli və qatlanan quruluşda olmuşdur. Digər gömrükçü Ruaf Şahbazovla birlikdə həmin yataq yerinin aralarında gizlədilmiş predmetlər ola biləcəyini düşünüb alt yataq yerinin zəncirbəndini açmış, süngərin altına baxmaq üçün süngəri qaldırdıqda altındakı purjunlu yayların altına düzülmüş telefon qutularını görmüşdür. Bundan sonra, üst yataq yerinə baxmış və üst yataq yerində də həmin şəkildə gizlədilmiş süngərin altındakı purjun yayların alt hissəsinə yığılmış mobil telefon qutularının olduğunu görmüşdür. Telefonları gizlədilən yerlərdən çıxarmış, yoxlama xəttində yerləşən əməliyyat otağına aparıb saymışlar. Həmin telefonlar “İphone” markalı telefonlar olmuş, bir neçəsi “İphone 12” modelli, əksəriyyəti isə "İphone 13” modelli telefonlar olmuşdur. Bütün telefonlar yığıldıqdan sonra, markalarına, modellərinə, modellərinin növ və yaddaş xüsusiyyətlərinə görə sayları dəqiqləşdirilmiş, ümumilikdə 169 ədəd telefon olmuşdur. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş digər gömrük əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, telefon biznesi ilə məşğul olmaq istəmişdir. O, Fuad adlı dostuma müraciət etmişdir ki, telefonların daşınmasını və rəsmiləşdirilməsini həyata keçirəcək tanışının olubolmamasını soruşmuşdur. Fuad bildirmişdir ki, Maxaçqala şəhərində Arsen adlı şəxs olmuşdur. Onlar Arsenlə “Whatsapp" proqramı vasitəsilə qrup şəkilində videogörüntülü danışmış və razılığa gəlmişdir ki, Arsen telefonları qanuni yolla qısa və daha asan yolla rəsmiləşdirib Bakıda ona təhvil verəcəkdir. Onlar Maxaçqala şəhərində telefonları Arsenə təhvil vermişdirlər. Bir müddət sonra xəbər tutmuşdur ki, hansısa tır maşınında telefonlar tutulmuşdur. 107 ədəd telefon almışdır. Telefonları Dağıstandan dostu almışdır. O, Dağıstanda çox olmuşdur. Telefonları Arsen yola salacaqdır. Telefonların gömrükdə necə rəsmiləşdiriləcəyini bilməmişdir. Mirza adlı şəxsi əvvəl tanımamışdır. Mirza ilə telefonlar tutulandan sonra görüşmüşdür. Fuad demişdir ki, telefonlar Mirzanın maşınında tutulmuşdur. O, Mirzanı hədələməmişdir. Axmed adlı şəxslə çox danışmamışdır. 107 ədəd telefonun dövlət rüsumunu ödəməmişdir. 62 ədəd telefonun sahibi Fərid adlı şəxs olmuşdur. 66 min 200 manat məbləğində rüsum ödəmişdir. O, telefonları gömrüyün anbarından almışdır. Telefonlar ona təhvil veriləndən sonra xərcini o, ödəyəcəkdir. Ona 107 ədəd telefon verilməli omuşdur. Müstəntiq icazə verdiyi üçün o, telefonları gömrükdən götürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahi qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Dağıstanın Maxaçqala şəhərində yaşayan Arseni 8-9 ildir tanımış, Şahid3 isə 10 ildir tanımış, dostluq münasibətləri olmuşdur. 2021-ci ilin yay aylarında Arsenlə danışan zaman Arsen ona Dağıstandan Azərbaycana mobil telefonlar rəsmiləşdirib göndərdiklərini demiş, kiməsə lazım olsa əlaqələndirməyini xahiş etmişdir. Bir müddət sonra Zaurla danışarkən onun telefon mağazası açmaq istədiyini bilmiş və Zaurla Arseni tanış etmişdir. Hadisədən xəbəri olmamışdır. Telefonların gömrükdən necə keçiriləcəyindən xəbəri olmamışdır. Mirzanı tanımamışdır. Telefonlar tutulandan sonra Mirza ilə görüşmüşdür. X7 münasibətindən xəbəri olmamışdır. O, telefon satışı ilə məşğul olmamışdır. Onun obyekti olmuş, onu telefon satışı dükanı kimi icarəyə vermişdir. Həmin obyektin kassası onun adına olmuşdur. Arsen notariat qaydada bildirmişdir ki, telefonlar Fuada məxsus olmamışdır. Telefonların qalan hissəsinin kimə məxsus olmasını bilməmişdir. O, Gömrükdən 3 km aralıda yaşamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “yoxlama haqqında” protokoldan göründüyü kimi, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə onun idarə etdiyi “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması barədə sual verilməklə müsbət halda belə malları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O isə, gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir hüquqpozma predmetinin olmadığını bildirmişdir. Sözügedən nəqliyyat vasitəsinin yoxlanılması nəticəsində isə, ümumilikdə 169 ədəd “İphone” markalı mobil telefon aparatları aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. ( cild 1, iş vərəqə 14-15) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 03 fevral 2022-cİ il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, usb kabeli və qutusu ilə birlikdə qiyməti 1950 manat olan 1 ədəd İphone 12 X10 128 GB markalı, bir ədədinin qiyməti 2150 manat olmaqla 4300 manat dəyərində 2 ədəd İphone 12 Pro Graphite 256 GB markalı, bir ədədinin qiyməti 2150 manat olmaqla 6450 manat dəyərində 3 ədəd İphone 12 X10 256 GB markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 6300 manat dəyərində 3 ədəd İphone 13 Blue 128 GB markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 14700 manat dəyərində 7 ədəd İphone 13 Pink 128 GB markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 6300 manat dəyərində 3 ədəd İphone 13 Red 128 GB markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 4200 manat dəyərində 2 ədəd İphone 13 Starlight 128 GB markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 8400 manat dəyərində 4 ədəd İphone 13 Midnight 128 GB markalı, bir ədədinin qiyməti 2300 manat olmaqla 89700 manat dəyərində 39 ədəd İphone 13 Blue 256 GB markalı, bir ədədinin qiyməti 2300 manat olmaqla 4600 manat dəyərində 2 ədəd İphone 13 Pink 256 GB markalı, bir ədədinin qiyməti 2300 manat olmaqla 4600 manat dəyərində 2 ədəd İphone 13 Red 256 GB markalı, bir ədədinin qiyməti 2400 manat olmaqla 7200 manat dəyərində 3 ədəd İphone 13 Pro Silver 128 GB markalı, bir ədədinin qiyməti 2400 manat olmaqla 4800 manat dəyərində 2 ədəd İphone 13 Pro Gold 128 GB markalı, bir ədədinin qiyməti 2650 manat olmaqla 7950 manat dəyərində 3 ədəd İphone 13 Pro Silver 256 GB markalı, bir ədədinin qiyməti 2650 manat olmaqla 7950 manat dəyərində 3 ədəd İphone 13 Pro Gold 256 GB markalı, bir ədədinin qiyməti 2650 manat olmaqla 21200 manat dəyərində 8 ədəd İphone 13 Pro Graphite 256 GB markalı, qiyməti 2650 manat olan 1 ədəd İphone 13 X11 256 GB markalı, bir ədədinin qiyməti 2900 manat olmaqla 8700 manat dəyərində 3 ədəd İphone 13 Pro Silver 512 GB markalı, bir ədədinin qiyməti 3100 manat olmaqla 9300 manat dəyərində 3 ədəd İphone 13 Pro Gold 1 ТВ markalı, bir ədədinin qiyməti 3100 manat olmaqla 9300 manat dəyərində 3 ədəd İphone 13 Pro Silver 1 ТВ markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 6000 manat dəyərində 2 ədəd İphone 13 X12 Blue 128 GB markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 39000 manat dəyərində 13 ədəd İphone 13 X14 128 GB markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 42000 manat dəyərində 14 ədəd İphone 13 X9 128 GB markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 9000 manat dəyərində 3 ədəd İphone 13 X13 128 GB markalı, bir ədədinin qiyməti 3200 manat 41600 manat dəyərində 13 ədəd İphone 13 X12 Blue 256 GB markalı, bir ədədinin qiyməti 3200 olmaqla 9600 manat dəyərində 3 ədəd İphone 13 X13 256 GB markalı, bir ədədinin qiyməti 3200 manat olmaqla 22400 manat dəyərində 7 ədəd İphone 13 X9 256 GB markalı, bir ədədinin qiyməti 3200 manat olmaqla 22400 manat dəyərində 7 ədəd İphone 13 X14 256 GB markalı, bir ədədinin qiyməti 3400 manat olmaqla 13600 manat dəyərində 4 ədəd İphone 13 X9 512 GB markalı, bir ədədinin qiyməti 3850 manat olmaqla 7700 manat dəyərində 2 ədəd İphone 13 X13 1 ТВ markalı və eləcə də, usb kabeli olmadan qutusu ilə birlikdə qiyməti 3100 manat olan 1 ədəd İphone 13 X13 256 GB markalı, bir ədədinin qiyməti 3300 manat olmaqla 6600 manat dəyərində 2 ədəd İphone 13 X9 512 GB markalı, qiyməti 3750 manat olan 1 ədəd İphone 13 X11 1 ТВ markalı ümumilikdə 169 ədəd mobil telefonların xx.xx.2021-ci il tarixə respublikadaxili orta bazar qiyməti ümumilikdə 457300 manat təşkil edir. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 17 dekabr 2021-ci il tarixli, 5/1034 nömrəli məhkəmə kompyutertexniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sözügedən 169 ədəd „İphone" markalı mobil telefonlar işlək vəziyyətdə olmaqla yararlıdırlar. (cild 1, iş vərəqə 115-118,136-141) İş üzrə aşkar olunaraq götürülmüş ümumilikdə 169 ədəd mobil telefon aparatları 22 fevral 2022-ci il tarixli qərarla maddi sübutu qismində tanınmış və hazırda DGK “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılır. (cild 1, iş vərəqə 163-164) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi 22 fevral 2022-ci il tarixli qərar əsasında cinayətin törədilməsində alət və vasitə hesab edilərək maddi sübut qismində tanınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında nəqliyyat vasitəsinin qoşqusu ilə birlikdə qiyməti 37000,00 manat olduğu müəyyən edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında üzərinə həbs qoyulmuşdur. Hazırda DGK “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı dayanacağında saxlanılır. (cild 1, iş vərəqə163-164, İİİ cild 25-26) Cinayət işinin materiallarından görünür ki, iş üzrə ilkin araşdırma dövründə müəyyən edilmişdir ki, ümumi dəyəri 457300,0 manat təşkil edən 169 ədəd “İphone” markalı mobil telefon aparatının gömrük rəsmiləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişlərinin cəmi 100999 manat təşkil edir. Şahid3 məxsus olan 107 ədəd mobil telefonların gömrük rəsmiləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişləri ümumilikdə 65560,0 manat, digər 62 ədəd telefon üçün ödənişlər isə, 35439,0 manat təşkil edir. Bununla əlaqədar olaraq, 65560,0 manat miqdarında ödənişlərin alınması məqsədilə mülki iddia verilmiş, Dövlət Gömrük Komitəsi mülki iddiaçı qismində, Şahid3 isə, mülki cavabdeh qismində tanınmışdır. İstintaqın gedişatında müvafiq ödənişlər Şahid3 tərəfindən tam olaraq dövlət büdcəsinə ödənilmiş və bu səbəbdən, mülki iddia təmin edilmişdir. (cild İ.v. İV cild 135, 140-141, 142-143, 188-189, 294-306) İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsindən daxil olmuş xx.xx.2022ci il tarixli 1000-154/1xx-xx/023728 nömrəli məktubdan görünür ki, 107 ədəd mobil telefon xx.xx.2022-ci il tarixli akt əsasında Şahid3 qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş İş üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələr görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur. ( cild 1, iş vərəqə 224) Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Bundan əlavə, sözü gedən Plenumun Qərarının 19-cu bəndinə görə məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmışdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)- 253/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Cinayət qanunun həmin normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub maddi sübut kimi tanınmış 107 ədəd mobil telefonun Şahid3 qaytarılması nəzərə alınmalı, Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılan –ümumilikdə 62 ədəd mobil telefon və Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 353,65 (üç yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 il 6 ay (altı il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 31 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "ev dustaqlığı” qətimkan “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış 107 ədəd mobil telefonun Şahid3 qaytarılması nəzərə alınsın, Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılan –ümumilikdə 62 ədəd mobil telefon və Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 353,65 (üç yüz əlli üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar