Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-306/2023 26.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3 , Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Quba şəhəri, X7ndə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, X7, Maarif küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə, külli miqdarda, yəni ümumilikdə 19 ədəd sellofan torbada ümumi təmiz çəkisi 11198,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib hissələrə bölməklə yaşadığı evdə saxlamış, 19 avqust 2022-ci il tarixdə saat 03 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Quba rayonu X7 Maarif küçəsi 16 ünvanında yerləşən evinin qarşısında saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman məişət avadanlıqlarının saxlanıldığı otaqda döşəmə üzərinə qoyulmuş 19 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 120,0 qram, 140,0 qram, 1020,0 qram, 670,0 qram, 935,0 qram, 1360,0 qram, 1200,0 qram, 595,0 qram, 240,0 qram, 965,0 qram, 360,0 qram, 1693,0 qram, 1005,0 qram, 370,0 qram, 410,0 qram, 50,0 qram, 10,0 qram, 35,0 qram və 20,0 qram çəkidə olmaqla ümumi təmiz çəkisi 11198,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun 62 yaşı var. Bu yaşına qədər heç bir cinayət işi olmamışdır. Cinayətdən uzaq olmuşdur. Narkotik maddədən ağrıları olduğu üçün istifadə etmişdir. Polis əmədaşları ona narkotiklə bağlı axtarış üçün gəldiklərini bildirmişdirlər. Həyətdə əkdiyi marixuananı “klok”a yığmış və çəkiliş aparmışdırlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, təxminən 1-2 il olar ki, narkotik vasitə istifadə edir. Ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə etmişdir. Dərmanlar ağrılarını dayanmasına kömək etməmişdir. “Youtube” proqramında marixuana maddəsinin ağrını sakitləşdirdiyini öyrənmişdir. Narkotik maddənin toxumunu Moskvadan əldə etmişdir. Moskvadan toxumu cibinə töküb gətirmişdir. 2 kol toxum əkmişdir. Toxumlar 3 aya bar vermişdir. Yarpaqların atmış, çubuqlarından, qozalarından istifadə etmişdir. Səhər vaxtı istifadə etmiş, bu qədəri axşama qədər bəs etmişdir. Evdə tək yaşamış və toxumları da yaşadığı evin həyətində əkmişdir. Ailəsinin bu işdən xəbəri olmamış, çünki evdə tək yaşamışdır. Əkdiyi kolları bir klokda saxlamışdır. Marixuana onda 390 qram olmuş, ancaq polis əməkdaşlarının nəyə görə 11 kq dediklərini bilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçilərin suallarına cavab olaraq bildirmişdir ki, həyətyanı torpaq sahəsi 1 sot yarım olmuşdur. 1 klok, yəni 390 qram narkotik vasitə ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, 1 klok narkotik vasitə ona məxsus olmuşdur. Boş siqaret qutularını hədiyyə qazanmaq üçün toplamışdır. Evində 1 bağlamada 300 qrama yaxın narkotik vasitə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il 19 avqust tarixində Quba rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və saxlaması ilə bağlı olmuşdur. O, Eyvaz Sultanov və Şahid2la birgə təqsirləndirilən şəxsin yaşadığı 4-cü qəsəbəyə getmiş və özlərini təqdim etmişdirlər. Təqsirləndirilən şəxsə onun narkotik vasitə istifadə etməsi və saxlaması ilə bağlı məlumatın daxil olması bildirilmişdir. Həyətdə 2 nəfər vətəndaş da olmuşdur. Təqsirləndirilən şəxs özü narkotik vasitə olan torbaları göstərmişdir. Narkotik vasitələrin satışı ilə bağlı ona məlumat daxil olmamışdır. Həmçinin narkotik vasitənin çəkisi və torbaların sayı da yadında qalmamışdır. Sasun narkotik vasitəni evinin həyətində əkmiş, əkdiyi yeri özü göstərmişdir. Təqsirləndirilən şəxsə hər hansı bir zor tətbiq olunmamışdır. Qabaq həyət balaca olmuş, sağ tərəfində isə bağ yerləşmiş, həmin bağa baxmışdırlar. Orda olan digər şəxslərlə bağlı malumat daxil olmamışdır. Nə əməliyyatdan əvvəl, nə də ki sonra narkotik vasitələrin satış məqsədilə saxlanması barədə məlumat almamışdır. İstintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Hadisə 19 avqust 2022-ci il tarixdə olmuşdur. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 19 avqust 2022-ci il tarixdə Quba rayonu Qırmızı Sloboda qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Fərid Rəcəbov, CAB-nin əməliyyat müvəkkili Şahid3, Şahid2 və ƏRQ-nun kiçik inspektoru Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 avqust 2022-ci il tarixdə saat 03 radələrində Quba rayonu, X7 Maarif küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında həyət darvazasını döyərək Təqsirləndirilən şəxs səsləmişlər. Təqsirləndirilən şəxs qapını açdıqdan sonra özlərini təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib vəkilin də iştirakı ilə yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədikdən sonra evə baxış keçirilməyə başlanılmışdır. Həyətə daxil olduqda Təqsirləndirilən şəxs əlavə iki nəfər vətəndaş da həyətdə dayanmışdılar. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmiş, lakin üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs, yaşayış evinə daxil olaraq yaşayış olmayan otaqda sellofan torbalarda saxladığı narkotik vasitələri təqdim etmişdir. Narkotik vasitələrdən əlavə yerdə iki ədəd də elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri yaşadığı evin həyətində əkdiyini və əkib yetişdirdiyi narkotik tərkibli bitkilərdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə olan iki nəfər vətəndaş isə narkotik vasitələrdən məlumatlarının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs da deyilənləri təsdiqləmişdir. Bunlardan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmiş, lakin həmin yerdə narkotik tərkibli bitkilər aşkar edilməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci il 19 avqust tarixində onlara daxil olan məlumat əsasında O, Şahid2, Şahid1 və baş tədqiqatçı ilə birlikdə təqsirləndirilən şəxsin yaşadığı ünvana daxil olmuşdurlar. Həyətə daxil olmuş, özlərini təqdim etmiş və baxış keçirmişdirlər. Təqsirləndirilən şəxsin etirazı olmamışdır. Narkotik vasitənin təxmini çəkisi 10 kiloqram olmuşdur. Narkotik vasitə ya iki, ya da ki üç bağlama olmuşdur. Şəxsə qarşı hər hansı təzyiq olmamışdır. Şəxsin evinə narkotik maddə qoymaqları ilə bağlı fikir düzgün deyildir. Həyətin sahəsi təxmini 1 sot olardı. Narkotik vasitə 2-3 bağlama olmuşdur. Narkotik maddə klokda olmuş və 10 kiloqramdan yuxarı olmuşdur. Məlumat narkotik maddənin saxlanması və istifadəsi ilə bağlı olmuşdur. Araşdırmada o, iştirak etməmişdir. Araşdırmanı həmin ərazi üzrə əməliyyatçılar həyata keçirmişdirlər. Narkotik maddə qurudulmuş halda olmuşdur. Şəxsin evi Quba rayon Qırmızı qəsəbədə yerləşir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Sasun onları qonaq çağırmışdır. Həyətin qapısı açıq olmuş və içəri 3 nəfər daxil olmuşdur. Polis əməkdaşı olduqlarını bildirmişdirlər. Qapının ağzında onun maşını olmuşdur. Onun maşınında polislər tərəfindən axtarış aparılmış, ancaq heç nə tapmamışdırlar. Oğlu yanında olmuşdur. Daha sonra oğlu ilə polis əməkdaşları təklikdə söhbət etmişdirlər. Polis əməkdaşları Sasunla içəri daxil olmuşdurlar. 10 dəqiqə söhbət etdikdən sonra söz-söhbət yaranmışdır. Saat 3-ə qədər çəkiliş aparılmışdır. Evdən marixuana olduğunu bildirmişdirlər. Polis əməkdaşları onu evə gətirəndə evin künçündə sellofan kloklara yığılmış marixuna görmüşdür. Polis əməkdaşları gələn zaman əllərində heç nə olmamışdır. Sasunun narkotik istifadə etdiyini bilməmişdir. Polis əməkdaşları ilə Sasun arasında kərpic söhbəti olmuş, çəkiliş dayandırılmış, daha sonra yenidən çəkiliş aparılmışdır. Çəkiliş 2 dəfə aparılmışdır. Çəkiliş zamanı evdən kərpic çıxmışdır. Sasunun nəsə təqdim etdiyini görməmişdir. Sasuna 1 şillə vurmuşdurlar. Onu vurmamışdırlar. Sasunu kərpic söhbətinə görə vurmuşdurlar. Kərpic klokun içində olmuşdur. Kərpicin klokun içində olduğun görmüşdür. Sasunun polisə nəsə verdiyini görməmişdir. Kərpicin ora necə gətirildiyini bilməmişdir. Sasun klokun özünün olduğunu etiraf etmiş, amma kərpic Sasunun dediyinə görə onun olmamışdır. Sasun klokların onun olduğunu etiraf etmişdir. Sasun qardaşlarının ona pul göndərdiklərini, pula ehtiyacı olmadığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, Sasun onları qonaq çağırmışdır. Onlar yemək yeyən zaman 3 nəfər polis əməkdaşı içəri daxil olmuşdur. Polis əməkdaşları vəsiqələrini göstərmişdirlər. Onu çöldə sorğu-sual etmişdirlər. O, Sasunun evində marixuana olub-olmadığını bilmədiyini demişdir. Daha sonra o, içəri keçmişdir. Çəkilişlə birgə evdən marixuana aşkar edilmişdir. O, içəridə, yəni Sasunun yanında olmamışdır. Polis əməkdaşları atasının maşınına baxmışdırlar. Çəkiliş onları yoxlayandan sonra başlamışdır. Sasun kərpicin ona aid olmadığını demişdir. Sasunun nə işlə məşğul olduğunu bilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 19 avqust 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, xx.xx.1961-ci ildə Quba rayonu X7ndə anadan olmuş, işsiz, evli, məhkumluğu olmayan, Quba rayonu X7ndə yaşayan Təqsirləndirilən şəxs Yusufoviçin qanunsuz olaraq narkotik vasitələrdən istifadəsi və yaşadığı evdə saxlaması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Quba rayon məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X4 tərəfindən tərtib edilmiş 19 avqust 2022-ci il tarixli qərar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. 19 avqust 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Sasun Yusifoviç polis əməkdaşları ilə birlikdə evə daxil olur, ona verilən suala cavab olaraq digər otağa açılan qapını açaraq həmin otaqda döşəmənin üzərinə qoyulmuş, 10 ədəd ağ rəngli, 6 ədəd çəhrayı, 2 ədəd sarı və 1 ədəd yaşıl rəngli sellofan torbalara yığılmaqla bir yerdə toplanan qurudulmuş marixuanaları təqdim edərək həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirir. Həmçinin baxış zamanı qeyd olunan otaqdan iki ədəd elektron tərəzinin və 5 ədəd sellofan torbada boş siqaret qutularının da aşakar edildiyi görsənir. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 22 avqust 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Yusufoviçin evindən aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni, 11197,62 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi, 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 20 avqust 2022-ci il tarixli 7/917 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Vət.Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş sellofan bükümdə kütlələr” yazılar və imzalar olan 1№-li qara rəngli polietilen torbadakı 7 (yeddi) ədəd sellofan torbalarda (2 ədəd çəhrayı, 1 ədəd yaşıl, 4 ədəd ağ rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri-120,0 qram; 140,0 qram 1020,0 qram; 670,0 qram; 935,0 qram; 1360,0 qram; 1200,0 qram, ümumi çəkisi 5445,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Vət.Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş sellofan ve kağız bükülüdə kütlələr" yazılar və imzalar olan 2№-li qara rəngli polietilen torbadakı 12 (on iki) ədəd sellofan torbalarda (4 ədəd çəhrayı, 6 ədəd ağ, 2 ədəd sarı rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri-595,0,0 qram; 240,0 qram; 965,0 qram; 360,0 qram; 1693,0 qram; 1005,0 qram; 370,0 qram; 410,0 qram; 50,0 qram; 10,0 qram; 35,0 qram və sarı rəngli sellofanın birinin içərisində kağız bükülüdə təmiz çəkisi-20,0 qram, ümumi çəkisi - 5753,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanalardır. İki ədəd qara rəngli polietilen torbalarda olan marixuanaların ümumi çəkisi-11198,0 qramdır. Təqdim olunmuş iki ədəd qara rangli polietilen torbalardakı marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərində "Vət Təqsirləndirilən şəxs evindən aşkar edilerek götürülmüş 2 ədəd elektron tərəzi" yazılar və imzalar olan bir ədəd ağ rəngli kağız paketdə 2 ədəd qara rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 20 oktyabr 2022-ci il tarixli 6181 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkhum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RİHB-nın Qırmızı qəsəbə İƏD üzrə nümayəndəliyinin 04 noyabr 2022-ci il tarixli 266 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Yusufoviçin arvadı X1, oğlu X8, qızı X5 və qızı X2 ibarət ailə tərkibi vardır. Quba RİHB-nın Qırmızı qəsəbə İƏD üzrə nümayəndəliyinin xasiyyatnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RİHB-nın Qırmızı qəsəbə İƏD üzrə nümayəndəliyinin 04 noyabr 2022-ci il tarixli 266 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Yusufoviçin övladları X5 xx.xx.2006-cı il, X6 xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandırlar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Quba rayon polis şöbəsinin saxlanc otağında saxlanılan 02 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Quba rayon polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs Yusufoviçin evindən aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni, 11197,62 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 19 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Quba RPŞ-nin maddi sübutlar saxlama otağına saxlanılan 11197,62 qram qalıq narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd elektron tərəzi müsadirə edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-306/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-306/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver