Məhkəmə qərarları › İş №1(124)-307/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-307/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-307/2023 08.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X4, xx.xx.1966-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamuş, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi 33 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli toxumları əldə edib 2022-ci ilin may ayının əvvəllərində 05 ədədini yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Neftçi küçəsi 24 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində, 28 ədədini isə həmin sahədən bir qədər aralıda, həmin küçədə yerləşən ona məxsus digər həyətyanı torpaq sahəsində olan istixanada öz istifadəsi üçün əkərək, müntəzəm olaraq suvarmaqla, dibini yumşaltmaqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan ümumilikdə 33 ədəd çətənə (kannabis) bitkisini külli miqdarda yetişdirməklə kultivasiya etmiş, 01 avqust 2022-ci il tarixdə saat 18:30 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşlarının Abşeron rayonu Digah qəsəbəsi ərazisində keçirdikləri əməliyyat- axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsinə baxış keçirilərkən oradan sonuncuya məxsus qanunsuz olaraq kultivasiya edilməklə əkilib- becərilmiş 05 ədəd kökündən çıxardılmış və həmin evdən bir qədər aralıda, həmin küçədə yerləşən digər həyətyanı torpaq sahəsinə baxış keçirilərkən orada sonuncuya məxsus qanunsuz olaraq kultivasiya edilməklə əkilib-becərilmiş 27 ədəd kökləri üzərindən çıxarılmış və həmin sahədə olan istixanada 01 kol, ümumilikdə 33 ədəd yaş vəziyyətdə ümumi çəkisi 26 kq 920 qram olan bitki nümunələri tərkibinə görə eyni olub, əkilib becərilməsi qadağan olunmuş külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün tam etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5-6 ildir ki, narkotik vasitə hesab olunan marixuana istifadə etmişdir. Çətənə tumlarını tapmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı qəsəbədə olarkən eşitmişdir ki, polis əməkdaşları həyətlərdə narkotik vasitələrin əkilib becərilməsi ilə bağlı nəzarəti gücləndirmişdirlər. Ona görə də xx.xx.2022-ci il tarixdə səhər saatlarında hər iki həyətyanı sahəsində əkdiyi ümumilikdə 33 ədəd çətənə kollarından 32-ni kökündən çıxararaq həyətə yığmışdır ki, axşam olsun kolları kisəyə yığıb, aparıb atsın. Sonra polis əməkdaşları gəlmiş, həyətə baxış keçirmiş və çətənə kollarını aşkar edilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, əvəllər marixuana istifadə etmişdir. Çətənə bitkisinin necə olduğunu telefonda görmüşdür. Törətdiyi əməlindən peşmandır. Çətənə bitkilərini şəxsi istifadəsi üçün əkmişdir. Çətənə bitkisi 33 ədəd olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, narkotik vasitə hesab olunan marixuana istifadəçisidir. Ona görə də 2022-ci ilin may ayının əvvəllərində özü istifadə etmək üçün yaşadığı evin həyətyanı torpaq sahəsində 5 ədəd, həmçinin yaşadığım evdən bir qədər aralıda yerləşən digər həyətyanı torpaq sahəsində də 28 ədəd çətənə kollarını əkib həmin çətənə kollarını suvararaq onlara aqrotexniki qaydada qulluq etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı qəsəbədə olarkən eşitmişdir ki, polis əməkdaşları həyətlərdə narkotik vasitələrin əkilib becərilməsi ilə bağlı nəzarəti gücləndiriblər. Ona görə də xx.xx.2022-ci il tarixdə səhər saatlarında hər iki həyətyanı sahəsində əkdiyi ümumilikdə 33 ədəd çətənə kollarından 32-ni kökündən çıxararaq həyətinə yığmış və həmin çətənə kollarını da həyətyanı torpaq sahəsində gizlətmək fikrində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:30 Abşeron rayonu Dİgah qəsəbəsində yaşadığı evin həyətində olarkən Abşeron RPİ-nin Mehdiabad PB-nin polis əməkdaşları yaşadığı evin həyətinə aqronom və müdafiəçi ilə birlikdə gələrək evinin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O da polis əməkdaşlarına onlara etiraz etmədiyi üçün polis əməkdaşları onun bu barədə ərizəsini almış və ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə polis əməkdaşları yaşadığı evin həyətinə baxış keçirməyə başlamışlar. Polis əməkdaşları həmin həyətyanı torpaq sahəsində aqrotexniki qaydada əkib-becərdiyi və kökündən çıxararaq həyətində sərilmiş vəziyyətdə saxladığı 5 ədəd çətənə kollarını aşkar etdikdən sonra saymışlar. Aşkar olunmuş həmin 5 ədəd çətənə kollarına polis əməkdaşları ilə birlikdə gəlmiş aqronom baxdıqdan sonra həmin bitkilərə suvarılaraq aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Sonra isə həmin 5 ədəd çətənə kolları kisələrə yığılaraq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, sonra heç bir etirazı olmadığına görə polis əməkdaşları tərəfindən yaşadığı evə də baxış keçirilmişdir. Lakin yaşadığı evdə qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və pedmet aşkar olunmamış, sonra polis əməkdaşları yaşadığı evdən bir qədər aralıda yerləşən digər həyətyanı torpaq sahəsinə də baxış keçirmək istədiklərini bildirdikdə onlara yenə də etiraz etməmiş, sonra proses iştirakçıları ilə birlikdə yaşadığı evin həyətindən çıxıb bir qədər aralıda yerləşən digər həyətyanı torpaq sahəsinə getmiş, polis əməkdaşları həmin həyətinə də baxış keçirdikləri zaman həmin həyətindəki istixanada aqrotexniki qaydada əkib becərdiyi və kökündən çıxararaq həyətinə sərdiyi 27 ədəd çətənə kollarını, eləcə də istixanada kökündən çıxarmadığı 1 ədəd çətənə kolunu aşkar etmişlər. Bundan sonra həyətində kökündən çıxarmadığı həmin 1 ədəd çətənə kolu da kökündən çıxarılaraq sayılmışdır. Göstərmişdir ki, həmin 28 ədəd çətənə kollarına polis əməkdaşları ilə birlikdə gəlmiş aqronom baxdıqdan sonra həmin bitkilərə də suvarılaraq aqrotexniki qaydada qulluq olunduğunu bildirmiş, sonra həmin 28 ədəd olan çətənə kolları da kisələrdə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sorğu zamanı o, hər iki həyətyanı sahəsində aşkar olunmuş, ümumilikdə 33 ədəddən ibarət həmin çətənə kollarını 2022-ci ilin may ayında özü istifadə etmək üçün əkdiyini və aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Polis əməkdaşları aqronom ilə birlikdə yaşadığı evin hər iki həyətyanı sahəsindən aşkar edib götürdükləri ümumilikdə 33 ədəd çətənə kollarını metrə ilə ölçərkən 05 ədədinin boyu 0.70-dən 140 sm olan hündürlükdə, 16 ədədinin isə 170-180 sm hündürlükdə, 12 ədədinin isə 0.90 sm hündürlükdə olduğu müəyyən olunmuş, sonra bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, o digər proses iştirakçıları kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Göstərmişdir ki, çətənə kollarını əkib becərməklə qulluq göstərməsinə səbəb, gələcəkdə özü istifadə etmək olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis kapitanıdır. xx.xx.1966- cı ildə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, Abşeron rayonu Digah qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi barədə Abşeron rayon Pİ-nin Mehdiabad PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsində şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Mehdiabad PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, CA üzrə məliyyat müvəkkili, polis kapitanı Şahid4 və polis sahə rəisi, polis kapitanı Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 01 avqust 2022-ci il tarixdə əməliyyat qrupunun üzvləri və aqronom Şahid6 İsrəfıl oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi həyətinə baxış keçirilmişdir. Baxış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş və evin həyətinə baxış keçirilməsinə razı olması ilə bağlı Təqsirləndirilən şəxs ərizə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evində və həmçinin həyətində qanunsuz olaraq əkib becərdiyi narkotik tərkibli bitki kollarının olub olmaması barədə soruşulmuş və əgər vardırsa, təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs özündə qanunla dövriyyəsi qadağan olmuş çətənə bitkisi kollarının olduğunu və həyətində əkib becərərək qulluq etdikdən sonra kökündən çıxarıb həyətində sərdiyi 5 ədəd kol olduğunu bildirmişdir. Sonra həmin 5 ədəd bitki kolunu təqdim etmiş, həmin kollara aqronom Nofəl Mutafayevin iştirakı ilə baxış keçirildikdə onların narkotik tərkibli çətənə kolan olduğunu məlum olmuş və həmin kollar aqronomun iştirakı ilə kisələrə yığılaraq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadağı fərdi həyət evinə baxış keçirilmiş, lakin evdən hər hansı qanunla saxlanılması qadağan edilən predmet və ya əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs səmimi etiraf edərək yaxınlıqda yerləşən digər ikinci fərdi evinin həyətində də narkotik tərkibli çətənə kollarının olduğunu da bildirmişdir. Bundan sonra aqronomun iştirakı ilə qeyd edilən həyətə gedilmiş, həmin fərdi həyətdə də yerə səpilmiş 27 ədəd qanunla dövriyyəsi qadağan olmuş çətənə bitkisi kollarının kökündən çıxarılmış vəziyyətdə olduğu aşkarlanmışdır. Həmin aşkar edilmiş 27 ədəd kol da aqronomun iştirakı ilə kisəyə yığılaraq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla saxlanılması qadağan olunmuş əşya olmadığını bildirmiş və onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən hər hansı qanunla saxlanılması qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğulna məxsus fərdi həyətlərdən aşkar edilmiş ümumilikdə 32 ədəd narkotik tərkibli çətənə kolları ilə bağlı protokol tərtib edilmiş və tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid5 eyni məzmunlu ifadələr verərək, Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 1, iş vərəqə, 94-96,) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Abşeron rayon Pİ-nin Mehdiabad PB-dən onu aqronom kimi dəvət etmişdirlər. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi həyətinə baxış keçirmiş və 33 ədəd kökləri üzərindən çıxarılmış halda həyətə səpilmiş vəziyyətdə kollar aşkar edilmişdir. Həmin bitkilərin yerləri müəyyən edilmiş və bitkilərə aqorotexniki qaydada qulluq edilmişdir. Kolların hündürlüyü 90 sm-dən 180 sm-dək uzunluğunda olmuşdur. Sonra Təqsirləndirilən şəxs oğulna məxsus fərdi həyətlərdən aşkar edilmiş ümumilikdə 33 ədəd narkotik tərkibli çətənə kolları ilə bağlı protokol tərtib edilmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır və eyni ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixdə axşam saatlarında işdən evə qayıdan zaman məlum olmuşdur ki, həmin gün Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yaşadığı evin həyətyanı torpaq sahəsində atası Təqsirləndirilən şəxs əkib becərdiyi 5 ədəd, həmçinin yaşadığımız evdən bir qədər aralıda yerləşən digər həyətyanı torpaq sahələrində də əkib becərdiyi 28 ədəd çətənə kolları, ümumilikdə 33 ədəd çətənə kolları aşkar olunaraq götürülmüşdür. Atası İntiqamın onlara məxsus hər iki həyətyanı sahələrində əkilib- becərilməsi qadağan olunan ümumilikdə 33 ədəd çətənə kollan əkib-becərməsindən əvvəlcədən məlumatı olmamışdır. Göstərmişdir ki, sonradan aydınlaşdırdıqda məlum olmuşdur ki, atası İntiqam yaşadığı evin həyətində əkdiyi 5 ədəd çətənə kollarını ağacların arxa tərəfində əkdiyinə və digər həyətyanı sahələrdədə əkdiyi 28 ədəd çətənə kollarını da xiyar ştillərinin yanında əkib-becərdiyinə görə bu haqda məlumatı olmamış, hər gün səhər evdən çıxaraq işə gedir və işdən evə gələrkən də hava qaranlıq olmuş, bu səbəbdən də nə onun və nə də ki, ailə üzvlərinin bu barədə heç bir məlumatı olmamışdır.( cild 1, iş vərəqə 105) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2022-ci il tarixli «baxış və götürmə» protokolundan görünür ki, 01 avqust 2022-ci il tarixdə saat 18:30 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşlarının Abşeron rayonu Digah qəsəbəsi ərazisində keçirdikləri əməliyyat- axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsinə baxış keçirilərkən oradan sonuncuya məxsus qanunsuz olaraq kultivasiya edilməklə əkilib- becərilmiş 05 (beş) ədəd və həmin evindən bir qədər aralıda yerləşən digər həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan sonuncuya məxsus qanunsuz olaraq kultivasiya edilməklə əkilibbecərilmiş 28 ədəd, ümumilikdə 33 (otuz üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 26 kq 920 qram olan bitki nümunələri tərkibinə görə eyni olub, əkilib becərilməsi qadağan olunmuş külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilib götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, istintaq materiallarına əlavə edilmiş 01 avqust 2022-ci il tarixdə saat 18:55 radələrindən saat 19:25 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Neftçi küçəsi 24 ünvanında yerləşən fərdi həyətlərə baxış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 01 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Neftçi küçəsi 24-də yerləşən həyətyani sahəəlrinə baxış keçirilərkən oradan sonuncuya məxsus qanunsuz olaraq kultivasiya edilməklə əkilib-becərilmiş 05 (beş) ədəd və həmin evindən bir qədər aralıda yerləşən digər həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan sonuncuya məxsus qanunsuz olaraq kultivasiya edilməklə əkilib-becərilmiş 28 ədəd, ümumilikdə 33 (otuz üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 26 kq 920 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilib götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 01 avqust 20220-ci il tarixdə onun yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Neftçi küçəsi 24-də yerləşən həyətyanı sahələrinə baxış keçirilərkən oradan əkib becərdiyi 05 (beş) ədəd və həmin evindən bir qədər aralıda yerləşən digər həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan kultivasiya edilməklə əkib- becərdiyi 28 ədəd, ümumilikdə 33 (otuz üç) ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilib götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, 01 avqust 2022-ci il tarixdə saat 19:35 radələrindən saat 19:55 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 01 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə üzərindən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, 01 avqust 2022-ci il tarixdə onun üzərinə şəxsi axtarış keçirildikdə üzərindən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış və şəxsi axtarış keçirilməsi haqqında 01 avqust 2022-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 02 avqust 2022-ci il tarixli, 7/859 №li rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsindən aşkar edilib götürülmüş ümumi sayı 33 ədəd yaş vəziyyətdə ümumi çəkisi 26 kq 920 qram olan bitki nümunələri tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib. (cild 1, iş vərəqə 36-41) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1755 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədi. (cild 1, iş vərəqə 77) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının «18».O8.2022-ci il tarixli «4572» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən İstifadə etmə hallan olub. Lakin hal-hazırda X3nda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı X3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 80-81) Odur ki, aşkar edilmiş ümumi 33 ədəd yaş vəziyyətdə ümumi çəkisi 26kq920qram narkotik tərkibli çətənə bitkisi və bir ədəd DVD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 26kq916,7 qram narkotik tərkibli çətənə bitkisi saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, bir ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 82-83, 31) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 78) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron rayonu, Digah kənd İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir, Abşeron rayonu, Digah qəsəbəsi Neftçi 24 nömrəli evdə yaşayır. (cild 1, iş vərəqə109) Təqsirləndirilən şəxs oğlu məhkəmədə öz müdafiəsi üçün dəlil gətirməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, etdiyi cinayət əməlini tam etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı X1 olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini də müstəsna hallar hesab edərək, habelə Təqsirləndirilən şəxs cinayətinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 03 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 9,62-64). Təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan əvvəlki 01 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixə kimi tutulduğu 02 (iki) gün müddəti çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərdən İstifadə etmə hallan olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 26 kq 916,7 qram narkotik tərkibli 33 ədəd çətənə bitkisi məhv edilməli, bir ədəd DVD diski iş materiallarına saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 39). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətinə azadlığdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə gətməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan – 26 kq 916,7 qram olan 33 ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar