Məhkəmə qərarları › İş №1(124)-31/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-31/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-31/2022 14.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 5, otaq 39 ünvanda qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən əldə edib üzərində daşıyaraq saxlamış, həmin gün saat 15:34-də Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yeni inşa edilmiş hündür mərtəbəli binanın yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılmış, xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləın zaman əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən “Vest” markalı siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş 7 (yeddi) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,310 qram, 0,301 qram, 0,302 qram, 0,344 qram, 0,236 qram, 0,285 qram və 0,309 qram olmaqla ümumilikdə təmiz çəkisi 2,087 qram təşkil edən kustar üsulla hazırlanmış kimyəvi tərkibinə görə eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 22 mart 2021-ci il tarixdə Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində aptekə girmişdir. Belə ki, 3 gün narkotik vasitələr qəbul etmədiyinə görə bənədində ağrılar olmuşdur. Aptekdən çıxdıqdan sonra 5 mərtəbəli binanın qarşısında onu polis əməkdaşları saxlayıb polis bölməsinə aparmışlar və orada onu təzyiq etmiş və döymüşlər. Aşkar edilən narkotik vasitə ona aid deyildir. Bölmədə videoçəkilişlə üzərinə baxış keçirilmiş, həmin vaxt vəkil də olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 6 aya yaxındır ki, narkotik vasitə olan “kakosdan” (heroindən) istifadə edir. 22 mart 2021-ci il tarixdə Bakıdan Sumqayıta getmək üçün maşın gözləyərkən yolun kənarında maşın gözləyən bir şəxslə söhbət etmiş, ona narkotik istifadəçisi olduğunu demiş, həmin şəxs də ona 7 büküm heroini 200 manata sata biləcəyini demişdir. Bundan sonra, o, həmin şəxsə 200 manat pul vermiş və «VEST» siqaretinin içərisində 07 ədəd balaca bükümdə narkotik vasitə olan heroini alaraq həmin heroini əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibinə qoymuşdur. O, yol maşınları ilə Sumqayıt şəhərinə gəlmiş, Sumqayıt şəhərində 8-ci mikrorayon ərazisində maşından düşüb saat 15:34 radələrində yaşadığı evə gedərkən təzə tikilən binanın yaxınlığında 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitələrin və psixatrop maddələrin dövrüyyəsində şübhəli olduğunu bildirərək onu Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nə dəvət etmiş, bölmədə xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona üzərində olan qanunla qadağan olunmuş əşyaların əqdim edilməsi deyildikdə o, əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibində saxladığım narkotik vasitə olan heroini, digər cibində olan tibbi maska, iki ədəd nemesil dərmanı və cib dəsmalımı polislərə təqdim etmişdir. Siqaret qutusunda olan maddənin nə olmasını soruşanda, həmin maddənin narkotik vasitə olan heroin olmasını demişdir. Eyni zamanda narkotik vasitəni tutulduğu gün tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Bundan sonra, təqdim etdiyi siqaret qutusunda olan 07 ədəd bükümdə olan heroin polis əməkdaşları tərəfindən qablaşdırmış və götürülmüşdür. (Cild 1, iş vərəqi 58) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 22 mart 2021-ci il tarixdə Sumqayıt şəhəri 41-ci məhəllə, yataqxana 5, otaq 39-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində olması barədə məlumat daxil olmuş, məlumat rəhbərliyə məruzə edildikdən sonra, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları təhqiqatçı Ruslan Vəliyev, kriminalist Rasim Paşayevdən, əməliyyatçılar Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən yeni inşa edilmiş hündürmərtəbəli binanın yanına gedərək rəqəmsal tipli “panasonik” markalı video kamera işə salınmış, sonra binanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz saxlanılmasında və istifadəsində şübhəli olduğunu bildirərək ona üzərinə şəxsi axtarış keçirilməsi üçün 1-ci PB-nə getməli olduqlarını demişlər. Təqsirləndirilən şəxs etiraz etmədən polis bölməsinə getmişdir. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə xəbərdarlıq edildikdən sonra ona üzərindəki olan əşyaların təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin qabağını açaraq sol əli ilə əynindəki gökdəçənin sağ iç cibindən siqaret qutusunu stolun üzərinə qoymuşdur. Daha sonra sağ əli ilə əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd nemesil dərmanını, bir ədəd qara rəngdə olan tibb maskasını və sol əli ilə əynindəki tünd boz rəngli şalvarının arxa sol cibindən bir ədəd cib dəsmalını təqdim etmişdir. “VEST” markalı siqaret qutusunun içərisində olanları stolun üstünə boşaldan zaman şəffaf sellofana bükülmüş 7 (yeddi) ədəd bükümlərin olduğu müəyyən edilmişdir. Şəxs həmin bükümlərin narkotik vasitə olan heroin olduğunu bildirmiş, daha sonra narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əçəliyyat müvəkkilləri Şahid3 və Şahid2 Şahid1la oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” 22 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:34-də Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən yeni inşa edilmiş hündürmərtəbəli binanın yanında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PByə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilərkən o, əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd “VEST” markalı siqaret qutusu təqdim etmiş, qutunun içərisi boşaldılaraq baxıldıqda isə şəffaf sellofana bükülmüş 7 (yeddi) ədəd bükümün olması müəyyən edilmişdir. Həmin bükümlərdə narkotik vasitə heroinə bənzər kütlələr olmuşdur. Hər bir büküm elektron tərəzidə ayrı-ayrılıqda çəkildikdə onların çəkisinin “0,41”, “0,41”, “0,38”, “0,37”, “0,39”, “0,37” və “0,32” olması müəyyən edilmişdir. Sonra həmin bükümlər prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqi 25) “Şəxsi axtarış keçirilməsi barədə” 01 may 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd DVD formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 30 aprel 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 59-60) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 mart 2021-ci il tarixli, 6/1152 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, bir ədəd zərfdəki içərisində 07 ədəd sellofan bükümdə olan kütlənin ayrı-ayrılıqda təmiz çəkiləri 0,310 qram, 0,301 qram, 0,302 qram, 0,344 qram, 0,236 qram, 0,285 qram və 0,309 qram olmaqla ümumilikdə təmiz çəkisi 2,087 qram təşkil edən kustar üsulla hazırlanmış kimyəvi tərkibinə görə eyni tərkibli narkotik vasitə olan heroin olmuşdur. (Cild 1, iş vərəqləri 30-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 27 may 2021-ci il tarixli, 1625 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 137-138) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyun 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 2,017 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmaqla saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 59-60, 122-127) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 08 iyun 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 129-130) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs tutularkən üzərində narkotik vasitə heroinin onda olmaması, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması, ittihamda göstərilən yerdə deyil başqa yerdə tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 2,087 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 14 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində 2009-cu il təvəllüdlü bir azyaşlı övladı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 24 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 70-71) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 2,017 qram olan narkotik vasitə heroin hazırki cinayət işindən narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrılan ********* nömrəli cinayət işində saxlanılmalı, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan: 2,017 qram çəkidə narkotik vasitə heroin hazırki cinayət işindən narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı ayrılan ********* nömrəli cinayət işində saxlanılsın, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar