Məhkəmə qərarları › İş №1(124)-31/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-31/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-31/2023 09.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 44, mənzil 36-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Əsgər adlı İran vətəndaşı ilə “Whatsapp” vasitəsilə danışıqlar apararaq əvvəlcədən razılaşdıqları kimi sonuncu qeyd olunan narkotik vasitənin və psixotrop maddənin qoyulduğu ərazi olan ünvan 1 ünvanında yerləşən fəaliyyət göstərməyən köşkə bənzər tikilinin fotoşəkilini “Whatsapp”-la ona göndərdikdən sonra fotoşəkil əsasında qeyd olunan ərazini müəyyən edib həmin yerə gedərək həmin tikilinin arxa hissəsindən külli miqdarda narkotik vasitə olan heroini və 3 ədəd bükümdə külli miqdarda psixotrop maddə olan metamfetamini aşkar edib götürərək satışını həyata keçirməkdən ötrü üzərində daşımış, 07 oktyabr 2021-ci il tarixdə saat 01:20-də Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhəri 1-ci mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən “24 saat” marketin yanında saxlanılıb 4-cü polis bölməsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroin və üzərinə “Coffe anytime” sözləri yazılmış qızılı rəngli metal qutunun içərisindən 3 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, təxminən 4-5 ildir ki, narkotik vasitə heroindən, arabir psixotrop maddə metamfetamindən istifadə edir. 2021-ci ilin sentyabr ayının ortalarında “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışaraq ondan narkotik vasitə heroin almışdır. O, “Azərsun Holdinq”də işləyərək aylıq 600-700 manat maaş alır və hər ay maaş aldıqdan sonra aylıq istifadə edəcəyi həcmdə narkotik vasitə alaraq bir ay müddətində istifadə edirdi. 06-07 oktyabr 2021-ci il tarixdə saat 21-23 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisindən şəxsi istifadəsi üçün İranlı şəxsin dediyi ünvandan narkotik vasitə və psixotrop maddəni götürdükdən sonra polislər onu saxlayıb 4-cü polis bölməsinə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. O da üzərində olan narkotik vasitə və psixotrop maddəni təqdim etmişdir. İttihamda göstərilən 36 qram narkotik vasitə ona məxsus olmuş və saxlanılan zaman üzərində olmuşdur. Həmin narkotik vasitəyə 420 manat məbləğində pul vermişdir. Saxlanılarkən polislər tərəfindən ona təzyiq edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradaraq həmin gün axşam saat 01 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən “24 saat” marketin yaxınlığında saxlamışlar. Saxladıqdan sonra onu 4-cü PB-ə gətirmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd ağ rəngli kağız bükülü və bir ədəd üzərində “Coffe anytime” sözləri yazılmış qızılı rəngli qutu aşkar edilmişdir. Ağ rəngli kağız bükülü açıldıqda içərisində narkotik vasitə olan heroin, üzərində “Coffe anytime” sözləri yazılmış qızılı rəngli qutuda isə 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Narkotik vasitənin çəkisi 35 qramdan çox olmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri 06 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il oktyabr ayının 7-də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və satışı ilə məşğul olmasına dair daxil olmuşdur. Məlumat əsasında o, Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, həmin gün gecə saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1-ci mikrorayonda yerləşən “24 saat” adlı marketin yaxınlığında saxlamışlar. Saxladıqdan sonra onu 4-cü PB-ə aparmışlar. Polis Bölməsində müdafiəçinin iştirakı təmin edilməklə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin, qutunun içərisində 3 büküm psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Aşkar edilən narkotik vasitə heroinin çəkisi ittiham aktında göstərildiyi kimi 36 qram olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin 4-cü PB-in baş əməliyyat müvəkkili Şahid3 ifadəsindən görünür ki, o, digər şahidlərlə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 111-113) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 07 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan edilən hər hansı əşya varsa təqdim etsin. O isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd üzəri ağ rəngli kağız bükülünü və içərisində 3 büküm olmaqla psixotrop maddə metamfetaminə bənzər kütlə olan üzərinə “Coffe anytime” sözləri yazılmış qızılı rəngli qutunu çıxararaq təqdim etmişdir. (Cild 1, iş vərəqləri 26-27) “Şəxsi axtarış keçirilməsi haqqında” 07 oktyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd ”DVD” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 08 oktyabr 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 28, 61) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 07 oktyabr .2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış keçirilən ərazi Bakı şəhəri, Yasamal rayonu, 3-9 Mirəli Seyidov küçəsidir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinə bənzər maddəni və psixotrop maddə olan metamfetaminə bənzər maddəni götürmüş olduğu yeri, yəni köşkə bənzər tikilinin arxa hissəsini göstərmişdir. (Cild 1 , iş vərəqləri 32-36) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefondakı “Whatsapp” mobil tətbiqində adı “Xalidə” kimi qeyd olunmuş şəxsdən Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqinə “İnsaatcilardan gelende asan xidmeti kecirsen asagi dusursen kaktus restatanina direnirsenve se sola yol donur donursen ora axira kimi gelirsen yol direnir sola don qabaga gel butkanin dibinde” məzmunlu ismarıclar, eləcədə Bakı şəhəri, Yasamal rayonu, 3-9 Mirəli Seyidov küçəsində yerləşən köşkə bənzər tikilinin işarələnmiş fotoşəkilləri, bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddənin elektron tərəzidə çəkilərək tərəzinin 40,00 qram göstərdiyi anın fotoşəkli göndərilmişdir. (Cild 1, iş vərəqləri 37-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskdən və həmin diskə baxış keçirilməsi haqqında 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 07:31:56-da ***-***-**- ** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə “23 den 5 qram cek kriti oturde mene”, xx.xx.2021-ci il tarixdə, saat 07:44:15-də “Olsun qaqa iki qramda tutdugun 20 deneden emi payi atda usdune gedim birez eyin bas alaram ozume”, xx.xx.2021-ci il tarixdə, saat 07:50:19-da “Olsun cek 6 dene abi opurem” məzmunlu, xx.xx.2021-ci il tarixdə, saat 00:43:57-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə “Ay yetim vəzyət pisdi, cola lazımdı 1 qram, aşırtda” məzmunlu SMS-lər müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 131-140) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 6/4446 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-in “Zərflər üçün №128” möhür əksi və “Təqsirləndirilən şəxs təqdim etdiyi” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd metal qutuda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,409 qram, 2,671 qram, 0,181 qram, ümumi təmiz çəkiləri 3,261 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 36,011 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metmafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqləri 45-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 78 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cil 1, iş vərəqləri 141-142) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 102-103) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 36,011 qram narkotik vasitə heroin, 3,261 qram psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,961 qram narkotik vasitə heroin, 3,171 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 187-201) Cinayət işinin materiallarında olan “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 23 yanvar 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 36,011 qram narkotik vasitə heroin və 3,261 qram psixotrop maddə metamfetamini ona qanunsuz olaraq satmış şəxsin, həmin cinayəti törətmiş digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 183-184) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 36,011 qram narkotik vasitə heroin, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 240 dəfə, külli miqdardan isə təxminən 18 dəfə artıq olması, o cümlədən 3,261 qram psixotrop maddə metamfetaminin də şəxsi istehlak miqdarından təxminən 21 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 18, 86-87, 216- 218) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,961 qram narkotik vasitə heroin və 3,171 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,961 qram narkotik vasitə olan heroin və 3,171 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar