Məhkəmə qərarları › İş №1(124)-310/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-310/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-310/2024 06.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1975-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 78 mənzil 37-də qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 6,574 qram çəkidə külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, 17 may 2023-cü il tarixdə saat 18:15-də Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “Ülvi” şadlıq sarayının yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofana qablaşdırılmış, 08 (səkkiz) ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,750 qram, 0,643 qram, 0,842 qram, 0,665 qram, 0,913 qram, 0,873 qram, 0,924 qram, 0,964 qram, ümumi təmiz çəkisi 6,574 qram külli miqdarda, xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 may 2023-cü il tarixdə saat 14:00 radələrində “Ülvi” şadlıq sarayının yaxınlığında avtomobillə hərəkətdə olan zaman bir avtomobil ona işarə etmiş və o, avtomobili saxlayaraq yerə enmiş baqajın açıq olduğunu düşünərək baqajı açan zaman polis əməkdaşları onun başına torba keçirərək avtomobilə əyləşdirmişlər. Avtomobildə o, fiziki təsirlərə məruz qalaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. Polis idarəsində olan zaman onu bir otağa gətirmişlər və gözü bağlı olduğu üçün ətrafı tam görə bilməmişdir. Otaqda bir şəxs ondan nə etdiyini soruşaraq bir yumruq vurmuş və o, yerə yıxılmışdır. Daha sonra cibindəki əşyaları təqdim etməsini tələb etmişlər. Həmin vaxt cibində avtomobilin açarı və pul olmuşdur. Cibindəki əşyaları çıxaran zaman xışıltı səsi gəlmiş və həmin əşyanın ona məxsus olmadığını bildirmişdir. Boynuna almadığı üçün onu başqa otağa apararaq fiziki təsir göstərmişlər və onu təhqir etmişlər. Bir neçə saat bağlı vəziyyətdə onu həmin otaqda saxlamışlar. Həmin gün müdafiəçi ilə tanış olmuş və təkbətək söhbət zamanı müdafiəçi ona narkotik vasitəni boynuna almamasını söyləmişdir. Videoçəkiliş zamanı əsəbləşərək narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Boynuna almadığı üçün onu yenə də başqa otağa apararaq ona təsir göstərmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə, hətta prokurora da hadisəni olduğu kimi danışmışdır. Polis əməkdaşları ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Seymur adlı şəxsin barəsində əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “Ülvi” şadlıq sarayının yaxınlığında Seymur adlı şəxs onlar tərfindən saxlanılmışdır. Daha sonra ona özlərini təqdim edib onlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt Şəhəhr Polis İdarəsinə gətirmişlər. Daha sonra xidməti otaqların birində təhqiqatçı və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı şəxs əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümün içərisinə baxış keçirildikdə isə onun içərisindən əlavə səkkiz ədəd bükümlər aşkar edilmişdir. Şəxs həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu və öz şəxsi istifadəsi üçün Bakı şəhəri ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onlara əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat yoxlanılır və məlumatı verən şəxs vasitəsi ilə şübhəli şəxsin şəxsiyyəti dəqiqləşdirilir, şəxs saxlanılan zaman günorta saatları olmuş, polis idarəsində çəkiliş zamanı o da iştirak etmiş və protokolu imzalamış, Seymur çəkilişin sonunda narkotik vasitənin ona məxsus olmadığını bildirməmiş, çəkilişin sonunda müdafiəçi suallar vermiş, hazırda Seymurun müdafiəçinin suallarına verdiyi cavabları xatırlamır, şəxs saxlanılan zaman və polis idarəsinə gətirilən zaman ona heç bir təzyiq olunmamış, həmin şəxsin barəsində əvvəllər onlarda əməliyyat məlumatı olmamış, şəxsin barəsində təxirəsalınmaz əməliyyat tədbirləri keçirilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, kriminalist vəzifəsində çalışır və hadisə ilə bağlı sadəcə çəkiliş aparmış, tədbirdə iştirak etməmişdir. Üzərindən uzun müddət keçdiyi üçün hadisəni tam xatırlamamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, şəxsin üzərindən 08 ədəd büküm “kakos” aşkar olunmuş, çəkilişin başlama və bitmə saatlarını təhqiqatçıya bildirmiş, çəkiliş sona kimi davam etmiş, müdafiəçi təqsirləndirilən şəxsə şablon suallar vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək Sumqayıt Şəhər Polis İdarəsinin növbətçi hissəsində təşkil edilmiş əməliyyat qrupunun üzvü olmuş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xidmət yerində olarkən Sumqayıt Şəhər Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 78 mənzil 37-də qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməsində, istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan həmin gün saat 18:15-də Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “Ülvi” şadlıq sarayının yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axştarış şöbəsinin əməliyyat baş müvəkkili, polis mayoru Şahid1 və cinayət axtarış şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid2 tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt Şəhəhr Polis İdarəsinə gətirilməsi barədə ona məlumat verildiyindən və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində təşkil edilmiş əməliyyat qrupunun üzvü və ekspert kriminalist kimi iştirak etmək üçün dəvət edildiyindən xidməti otaqlardan birinə yaxınlaşmış, daha sonra həmin xidməti otaqda onun, Sumqayıt Çəhəhr Polis İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 və cinayət axtarış şöbəsinin kiçik inspektoru Şahid2, Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkl Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış apanlmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, bundan sonra video çəkliş başlanmış və daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu təsdiq edərək xidməti otaqdakı masaya yaxınlaşmış və əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffav rəngli sellofan bükümü çıxararaq xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümün içərisinə baxış keçirildikdə isə onun içərisindən əlavə səkkiz ədəd nisbətən kiçik ölçülü bükümlər aşkar edilmiş, ondan aşkar edilmiş bükümlərdəki maddələrin nə olduğunu, hardan nə vaxt və nə məqsədlə əldə edib üzərində saxladığını soruşduqda o, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl şəxsi istifadəsi üçün Bakı şəhəri ərazisində tanımadığı şəxsə yüz manat pul verərək aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə olaraqda şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlavə olaraq həmin şəxsin əynindəki idman gödəkcəsinin sol yan cibindən ümumilikdə 91 manat məbləğində pul əskinazları və bir ədəd avtomobil açan, əynindəki idman şalvarının sol yan cibindən isə bir ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərə ayrı aurılıqda baxış keçirilərkən həmin bükümlərin içərisində qəhvəyi rəngli maddələr olduğu müəyyən edilmiş, bundan sonra aşkar edilmiş bükümlərdəki maddələr birlikdə elektron tərəzidə çəkilməklə ümumilikdə çəkiləri müəyyən edilmişdir. Həmin içərisində qəhvəyi rəngli maddələr olan bükümlər elektron tərəzidə çəkildikdə həmin bükümlərin birlikdə ümumi çəkilərinin 7,28 qram olduğu müəyyən edildikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş mobil telefon və avtombil açarı ilə birlikdə qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş pul əskinazları isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi ona izah edilərək özünə geri qaytarılmışır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu İmzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin gedişinin əks etdirən video görüntü tərəfindən “Panasonic” markalı videokameradan istifadə edilərək çəkilmiş və sonradan “DVD” diskə köçürülərək ilkin təhqiqat materiallarına əlavə edilməsi üçün təhqitaqçıya təqdim edilmiş, həmin video görüntünün cəmi 13 dəqiqə 28 saniyyə baxış keçirilməsinin mümkün olmasının, bundan sonra isə video görüntünün dayanmasının, qalan 01 dəqiqə 19 saniyyəlik hissəyə isə baxış keçirilməsinin mümkün olmamasının səbəbi ola bilər ki aparılan video çəklişin sonlarına yaxın videoçəkliş apardığı “Panasonic” markalı videokameranın enerjisinin azalması olmuş, şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişində video çəklişi dayandırmaq mümükün olmadığından və istintaq hərəkətinin sonlarına yaxın videoçəkliş apardığı videokameranın enerjisinin azalması səbəbindən aparılan çəklişi davam etdirsə də, ancaq video görüntü kameranın yaddaşına həkk olunmamış, bu səbəbdəndə diskə baxış keçirilərkən diskin əvvəlindəki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələrinə baxış keçirilməsinin mümükün olduğu, qalan hissəyə isə baxış keçirilməsinin mümkün olmamışdır(cild 01, iş vər. 127-129). Şahidin ifadəsi elan olunduqdan sonra ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, kameranın şarjı bitdiyi üçün bəzi hallarda olmuşdur ki, çəkiliş dayanmış və ya bir hissəsi yaddaşda əks olunmamışdır. Ola bilər ki, mexaniki səhvlik nəticəsində görüntülər silinmişdir. Lakin o, öz kompüterinə bir daha baxa bilər, əgər onda mövcuddursa həmin video görüntüləri məhkəməyə təqdim edə bilər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri ərazisində Seymur adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı, istifadəsi, evində və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 47-ci məhəllə, Ülvi restoranının yaxınlığında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofana qablaşdırılmış, 08 (səkkiz) ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 7,28 qram olan narkotik vasitə olan “heroinə” bənzər maddə aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 28-29). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 6/2872 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksi və “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 (səkkiz) büküm maddə, Təqsirləndirilən şəxs- İmza, .„imza, Qablaşdırdı: Səadət Qənbərov-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 08 (səkkiz) ədəd bükümlərdəki təmiz çəkiləri -0,750 qram, - 0,643 qram, -0,842 qram, - 0,665 qram, -0,913 qram, -0,873 qram, -0,924 qram, -0,964 qram, ümumi təmiz çəkisi - 6,574 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 43-47). Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Narkoloji Dispanserində qeydiyyatda yoxdur (cild 01, iş vər. 104). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi eskpertizasının xx.xx.2023-cü il tarixli 733 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır (cild 01, iş vər. 162-163). Cinayət işinin materiallarında olan Sumqayıt şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqə və təsirə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 134-135). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 3180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərdən istifadə etmə halları aşkar olunub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 164-165). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1, 234.4.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir (cild 01, iş vər. 197-212). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Seymur adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı, istifadəsi, evində və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1975-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofana qablaşdırılmış, 08 (səkkiz) ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən ümumi çəkisi 6,574 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan ümumi çəkisi 6,574 qram olan narkotik vasitə olan heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını narkotik vasitənin ona aid olmadığını bildirsə də, məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, onun polis əməkdaşları tərəfindən döyülməsi barədə qeyd etdiyi xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir, müdafiə tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən, müdafiə tərəfi israrla cinayət işinin materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” protokola əlavə olunmuş CD diskdəki video görüntünün yarımçıq olduğunu, bununla da təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu, həmin çəkiliş zamanı dövlət hesabına təyin olunan müdafiəçinin şəxsə təzyiqə məruz qalması ilə bağlı suallar ünvanladığını və təqsirləndirilən şəxsin də ona obyektiv cavab verdiyini, ona görə də həmin görüntünün məqsədli şəkildə silindiyini bildirmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən görüntülər cinayət işinin materiallarında həqiqətən də natamam vəziyyətdə olsa da, məhkəmə istintaqı zamanı sorğu edilərək həmin görüntülərin tam şəkildə əldə edilmiş və məhkəmə istintaqında tədqiq edilmişdir. Həmin görüntülərdə heç də hadisələr müdafiə tərəfin qeyd etdiyi kimi cərəyan etməmiş, əksinə təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, ona polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmadığını bildirmişdir. Bundan əlavə, müdafiə tərəfi cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi izahatının arxa hissəsində dövlət hesabına şəxsə ayrılan müdafiəçinin qeydinə (cild 01, iş vər. 35), daha sonra şəxsin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən söylədiklərinə istinad edərək həqiqətən də narkotik vasitənin Təqsirləndirilən şəxs aid olmadığını, bununla bağlı Təqsirləndirilən şəxs ilk dəfə konfidensial görüş zamanı hər şeyi müdafiəçiyə bildirdiyini vurğulayaraq təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını tələb etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası bildirir ki, bu hərəkətlərin özü belə müdafiə taktikasından irəli gələn hərəkətlər olmuşdur. Belə ki, müdafiəçi müvafiq qeyddə “təqsirləndirilən şəxsin video çəkilişdən əvvəl konfidensial görüş zamanı narkotik vasitənin ona məxsus olmadığını, lakin çəkiliş zamanı boynuna alacağını, buna məcbur olduğunu” qeyd etsə də, müdafiəçinin sözügedən qeydi şəxsin üzərində keçirilən şəxsi axtarış zamanı tərtib olunan protokolda deyil, ondan bir müddət keçəndən sonra şəxsin izahatı alınarkən qeyd etməsi onu deməyə əsas verir ki, bu hərəkətlər əvvəlcədən düşünülmüş müdafiə taktikasından irəli gələn hərəkətlərdir. Əgər hadisələr həqiqətən də müdafiə tərəfin dediyi kimi cərəyan etmiş olsaydı, onda müdafiəçi şəxsin izahatının sonunda deyil, məhz sözügedən şəxsi axtarış keçirilməsi barədə protokolda müvafiq qeydlərini etməli idi. O isə yalnız müəyyən müddət keçdikdən sonra, öz müdafiə taktikasını seçərək digər prosessual sənədin sonundaməhz bu qeydləri etmişdir. Odur ki, məhkəmə kollegiyası bu bu qeyd olunanların fonunda təqsirləndirilən şəxsin həm ibtidai iistintaq zamanı, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəyə tənqidi yanaşır və onlarla razılaşmır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 9-cu mikrorayon ev 78 mənzil 37-də qeydiyyatdadır, Təqsirləndirilən şəxs barəsində 14 saylı Mənzil Komunal Sahəsinə heç bir şikayət daxil olmayıb, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü (X11 oğlu) bir azyaşlı uşağı var (cild 01, iş vər. 156-160) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 105-106) Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 20, 85-86). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində 6,414 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalı 02 ədəd DVD diskin isə iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin cəza çəkmə müddətinin başlanğıcı 17 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 6,414 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın, 02 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar