Məhkəmə qərarları › İş №1(124)-311/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-311/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-311/2024 19.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə Abşeron rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 6,013 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış və daşımış, 13 may 2023- cü il tarixdə saat 15 radələrində Abşeron RPl-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Masazır kəndi, Z Həsənov küçəsində yerləşən yaşadığı 5 nömrəli evin yaxınlığında küçədə saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli pencəyin sağ daxili cibindən həmin 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 6,013 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o heç vaxt narkotik vasitə və psixotrop maddədən istifadə etməmiş, həmin vasitələri yalnız bu işlə bağlı Abşeron polisinə gətiriləndən sonra görmüşdür. Belə ki, 13 may 2023-cü il tarixdə saat təxminən 12 radələrində o, yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən küçəyə çıxıb, Sədərəyə getmək üçün küçədə saxladığı özünə məxsus avtomobilinə əyləşmişdir. Həmin vaxtı küçədə ağ rəngli “Kia” markalı avtomobil və içərisində iki nəfər mülki geyimli şəxsləri görmüşdür. Həmin avtomobil diqqətini çəkmiş, o, öz avtomobilini idarə etmiş, həmin avtomobil də onun arxasıyca gəlmişdir. O, avtomobilini saxladıqda həmin avtomobil də gəlib saxlamış, iki nəfər şəxs avtomobildən düşmüş və düşən kimi özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Birinin adı Məhəmməd, digərinin adı Zamiq idi. Həmin şəxslər ona yaxınlaşıb Abşeron polis idarəsinin rəhbərliyinin onu görmək istədiyini demiş, o da həmin şəxslərlə polis idarəsinə getməyə razılaşmışdır. Polis idarəsində Zamiq və İbrahimlə birlikdə idarənin zirzəmisində yerləşən xidməti otaqların birinə keçmişlər. Həmin otaqda Zamiq ona adının hansısa siyahıda gəldiyini və onun həbs olunmalı olduğunu demişdir. O, cinayət törətməyə görə onu hansı maddə ilə həbs etmək istədiklərini soruşduqda Zamiq də ona narkotik maddəsi, yəni ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirməyi təklif etmişdir. O, Zamiqdən həmin maddəni boynuna götürməsə, onu nəyin gözlədiyini soruşduqda, Zamiq ona narkotik maddəsini boynuna götürməsə, onu zorlama maddəsi ilə ittiham edəcəklərini demişdir. O, öz adından utanıb Zamiqlə razılaşmışdır. Ona bildirilmişdir ki, onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklər, həmin maddə ilə ona həbs seçilməyəcək, onsuz da narkotik vasitə istifadə etmədiyi üçün işi çətin olmaycaq və istintaq müddətində də o, vəkillə müqavilə bağlayıb özünə bəraət almağa vaxtı olacaq. Daha sonra Zamiq otaqdan çıxıb əlində gətirdiyi bükümü ona vermiş və içərisində psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Zamiq ona həmin bükümü cibinə qoymasını, çəkiliş olan zaman üzərində şəxsi axtarış keçiriləcəyini, həmin vaxtı bükümü cibindən çıxarıb təqdim etməsini, eyni zamanda bükümü yerdən tapdığını və maraqlı gəldiyi üçün götürüb cibinə qoyduğunu deməsini bildirmişdir. O, Zamiqin dediyi kimi həmin bükümü pencəyinin cibinə qoymuş və şəxsi axtarış zamanı Zamiqin dediklərinə əməl etmişdir. Bundan sonra işi istintaqa verilmişdir. Polis idarəsində olan zaman saat təxminən 15-17 radələrində o, Zamiqin istifadəsində olan telefon nömrəsi ilə azyaşlı oğlunun istifadəsində olan onun adına olan mobil telefon nömrəsinə zəng edib demişdir ki, ona məxsus olan evdə qalan mobil telefonunu qardaşı polis idarəsinə gətirib polislərə versin. O, narkotik vasitənin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki təsir olmasa da, ona psixoloji təsir olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun şübhəli şəxs qismində 13 may 2023-cü ildə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 13 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında olan zaman yerdən şəffaf sellofana bükülmüş büküm görüb maraq kəsb etdiyi üçün üzərində saxlamış və həmin gün saat təxminən 15 radələrində Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron RPİ-nə gətirmişdirlər. İdarədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir. Abşeron RPİ-nin inzibati binasında xidməti otaqlardan birində videoçəkiliş altında baxış keçirilərkən əynində olan göy rəngli pencəyin sağ iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş halda metamfetamin adlanan psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə trətib olunmuş protokolun doğruluğunu və zərfi öz imzası ilə təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə əldə edərək daşıması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. 13 may 2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır kəndində, Z.Həsənov küçəsində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş, Elxana üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan pencəyin cibindən şəffaf sellofana bükülmüş bir bükümdə metamfetaminə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərində iş üçün əhəmiyyət kəsb edə edən başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqdim edilən maddə müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda o, bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə metamfetamindir və onu 13 may 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron RPİ-nə xx.xx.1968-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və ya psixotrop maddələr gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.1968-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 13 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır kəndi, Z Həsənov küçəsində yerləşən yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq Abşeron RPİ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli pencəyin sağ iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Qeyd edilən DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən protokolda qeyd edilənlər və şahidlərin məhkəmədə ifadələrində göstərdiyi xüsusatlar bir daha təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 13 may 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin CD diskdə əks edilmiş görüntülər 13 may 2023-cü il tarixdə saat 16:20-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin təhqiqatçısı, polis mayoru İsmət Musayev əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli pencəyin sağ iç cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə ağ rəngli, kristallik formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin 01 ədəd bükümdə ağ rəngli, kristallik formalı psixotrop maddə olan metamfetaminə bənzər kütləni yerdən tapmışdır və içərisinə baxdıqda psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 01 sentyabr 2023-cü il tarixli, 02799 nömrəli “üzləşdirmə aparmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 arasında üzləşdirmə aparılmış və üzləşdirmə zamanı həm təqsirləndirilən şəxs, həm də şahid öz ifadələrində qeyd etdikləri xüsusatları təsdiq etmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 01 sentyabr 2023-cü il tarixli, 02800 nömrəli “üzləşdirmə aparmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 arasında üzləşdirmə aparılmış və üzləşdirmə zamanı həm təqsirləndirilən şəxs, həm də şahid öz ifadələrində qeyd etdikləri xüsusatları təsdiq etmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 may 2023-cü il tarixli, 6/2789 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, iştirak etdilər: beş imza, Tərtib etdi: İ.Musayev - imza...” yazı əlavə qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 6,013 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi- 6,013 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq çəkisi 5,913 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 936 nömrəli rəyində göstərilmişdir ki, 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan və “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 6,013 qram olan və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,913 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla Abşeron RPİ-də saxlanılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilərək iş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, , Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü əkiz uşaqları vardır. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 15 fevral 2024-cü il tarixli Müdafiəçi2 ünvanladığı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ funksional sinif. Arterial hipertoniya İİ dərəcə, əlavə risk İİ” diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi - 6,013 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini onun özü polis əməkdaşlarına təqdim etmişdir. Sözügedən psixotrop maddənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi - 6,013 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaqın əvvəlində şübhəli şəxs qismində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (psixotrop maddənin şəxsin üzərindən aşkar olunması ilə bağlı hissədə), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin bildirdiklərini müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi kimi qiymətləndirir və onun cinayət məsuliyyətindən yaxa qurtarmağa, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan psixotrop maddə olan metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən, həmçinin Təqsirləndirilən şəxs “Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ funksional sinif. Arterial hipertoniya İİ dərəcə, əlavə risk İİ” xəstəliyinin olmasını məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların olmamasını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1-1) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 13 may 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 13 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,913 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 92 (doxsan iki) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,913 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar