Məhkəmə qərarları › İş №1(124)-313/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-313/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-313/2024 24.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan yə ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə şəxsi istifadəsində olan “Redmi Note 7” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı istintaqa məlum olmayan vaxtda, şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, 01 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada, külli miqdarda, təmiz çəkisi 1200,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 02 ədəd bükümdə, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkisi 15,901 qram, 233,0 qram, ümumi təmiz çəkisi 248,901 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 163,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 01 ədəd bağlamada, külli miqdarda, üzərində “Methadone 40...Faran” yazıları olan 42 ədəd blisterdə, ümumilikdə 420 ədəd, təsiredici maddəsi 16,8 qram olan metadon həblərini İmişli rayonu ərazisində gizlətməklə yerləşdirərək həmin maddələrin və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 7” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, heroini, psixotrop maddə olan metamfetamini və 420 ədəd metadon həblərini satış məqsədi ilə sonradan deyəcəyi yerlərə qoymaq üçün həmin yerdən qanunsuz olaraq əldə etməklə daşıyaraq yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 44 ünvanında gizlədərək saxlamış, 18 fevral 2023-cü il tarixdə, saat 23:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı binanın yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 ədəd bükümdə təmiz çəkisi 15,901 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra 19 fevral 2023-cü il tarixdə, saat 02:30 radələrində sonuncunun yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 44 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağındakı çarpayının yan tərəfindən 01 ədəd sellofan torbanın içərisindən 01 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada, külli miqdarda, təmiz çəkisi 1200,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 233,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 163,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd bağlamada, külli miqdarda, üzərində “Methadone 40...Faran” yazıları olan 42 ədəd blisterdə, ümumilikdə 420 ədəd, təsiredici maddəsi 16,8 qram olan metadon həbləri və üzərində heroin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisə günü gün ərzində evdə olmuş, çölə çıxmamışdır.O, həyətdə yox, mənzildə tutulmuşdur. Onun yaşadığı binada bir polis əməkdaşı yaşamış və əməkdaşlar mənzilin işığını söndürüb mənzilə daxil olmaq istəyərkən mənzilin qapısını onun qızı açmış və polis əməkdaşları telefonun ışığı vasitəsi ilə mənzilə daxil olmuşlar. Həmin gün onların evində şəhid ailəsi qonaq olmuşdur, bundan əlavə evdə qayınatası, qayınanası, qayınatasının bacısıoğlu, həyat yoldaşı, uşaqlar və o özü olmuşlar. Polis əməkdaşları evə daxil olduqdan sonra evdə olan digər şəxləri bir otağa aparmış və onun qarşısına bağlamada narkotik vasitə qoyaraq boynuna almasını tələb edərək ona fiziki təsir göstərmişlər. Məcburiyyət qarşısında qalaraq o, narkotik vasitəni boynuna almışdır. Həmin gün onun üzərində 7400 manat pul olmuş, polis əməkdaşları həmin puldan 900 manatı götürərək 6500 manat pulu çəkilişdə onun cibindən çıxartmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əvvəllər onun məhkumluğu olmuş, onda 50 qram marixuana olmuş, həmin marixuananı “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsdən əldə etmiş, ittihamda qeyd olunan X12 vətəndaşı ilə onun “İnstagram” sosial şəbəkəsi vasitəi ilə əlaqəsi olmuş, həmin şəxsin iranlı olduğu barədə məlumatı olmamış, saxlanılan zaman və daha sonra polis əməkdaşları ona fiziki təzyiqlər göstərmiş, bununla bağlı prokurorluğa şikayət etmiş və prokurorluğun əməkdaşına məlumat vermiş, həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman narkotik vasitənin ona məxsus olmadığını, həmçinin polis əməkdaşlarının onu döydüklərini hakimə bildirməmiş, onu axşam saat 8-9 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 44 ünvanında saxlamışlar, o, hadisədən əvvəl 2 sutka evdə olmuş, çölə çıxmamış, həmin gün mobil telefonunu polis əməkdaşları ondan almış, mobil telefonun üzərində ********** və ********** nömrələri olmuş, polis əməkdaşlarının onu döyməsi nəticəsində üzərində xəsarət izləri qalmış, istintaq zamanı müdafiəçisinə narkotik vasitənin ona məxsus olduğunu bildirməmiş, ibtidai istintaq zamanı evdə olan şəxsləri məsulliyətə cəlb etməsinlər deyə etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 18 fevral 2023-cü il tarixdə, saat 23:50-də yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. O, da etiraz etmədən onlarla birlikdə həmin İdarəyə gəlmişdir. Orada xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan "Redmi" markalı mobil telefon, 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 6500 (altı min beş yüz) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, heroin kütləsinin çəkisi 17 (on yeddi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə və pul içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd "Redmi" markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar isə ona geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, üzərindən aşkar edilmiş pulun narkotik vasitələrin dövriyyəsindən əldə etdiyini, həmin kütlələri sosial şəbəkədən 3(üç)-4(dörd) aydır ki, tanıdığı İran İslam Respublikasının vətəndaşı "Vidadi" adlı şəxsin vasitəsi ilə 4(dörd) gün əvvəl İmişli şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 1500 (min beş yüz) manat pul qazanacağını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa ünvan 2adığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları, tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra xx.xx.2023-cü il tarixda gecə saat 02 radələrində o, müdafiəçisi və polis əməkdaşları ilə yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 44 ünvanında yerləşən mənzilinə getmişlər. Bundan sonra onlar mənzilə qeyrirəsmi yaşadığım X4 iştirakı ilə baxış keçirilməsinə başlanıldı. Mənzilə baxış zamanı o, yaşadığı mənzilin yataq otağındakı çarpayının yanından l(bir) ədəd qırmızı rəngli torbanın içərisindən l(bir) ədəd elektron tərəzi, l(bir) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuana kütləsi, l(bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsi, l(bir) ədəd sellofan bükümdə açıq ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metanfetamin kütləsi, 420 (dörd yüz iyirmi) ədəd "Metadone 40" həblərini kütləsi təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroin kütləsinin çəkisi 233 (iki yüz otuz üç) qram, metamfetamin kütləsinin çəkisi 168(yüz altmış səkkiz) qram, qurudulmuş marixuana kütləsinin çəkisi 1 kq 255(bir kilo iki yüz əlli beş) qram olmuşdur. Daha sonra həmin kütlələr, eletron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, qeyri rəsmi yaşadığı şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 3(üç)-4(dörd) aydır ki, tanıdığı İran İslam Respublikasının vətəndaşı "Vidadi" adlı şəxsin vasitəsi ilə 4(dörd) gün əvvəl İmişli şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 1500 (min beş yüz) manat pul qazanacağını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Zümrüd Salehova daxil heç kimin həmin kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Narkotik vasitələri əldə etdiyi şəxsin adı Vidadir, İran İslam Respublikasının vətəndaşıdır. Vidadinin başqa anket məlumatlarını bilmir, mobil telefon nömrəsini əzbərdən bilmir, istifadəsində olan mobil telefonunda var. O, saxlanılan zaman, eyni zamanda polis idarəsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olmamışdır. Aşkar olunmuş tərəzidən narkotik vasitənin çəkisini müəyyən etməkdən ötrü istifadə etmişdir (cild 01, iş vər. 70-72). İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs həmin ifadəsini təsdiq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində saxlanılaraq polis idarəsinə gətirilmişdir. İdarədə olan zaman müdafiəçi və təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükülünü çıxararaq təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitədən başqa yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 44 ünvanında da narkotik maddə olduğunu bildirmiş, həmin ünvana müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin yataq otağındakı çarpayının yan tərəfindən bir ədəd qara-qırmızı rəngli sellofan torbanı təqdim etmişdir. Torbanın içərisinə baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, narkotik vasitə olan heroinə bənzər maddə, psixotrop maddə olan metamfetaminə bənzər maddə və narkotik vasitə olan metadon həblərinə bənzər həblərin olması müəyyən olunmuşdur. Həmin maddələri 3-4 ay əvvəl tanıdığı X9 vətəndaşı Vidadi adlı şəxdən əldə etdiyini və onun deyəcəyi yerlərə qoyacağını bildirmişdir. Həmin maddələr elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və üzəri imzalanmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi 18 fevral 2023-cü il tarixdə axşam 12 radlərində tutmuşlar, idarədə çəkiliş 19 fevral 2023-cü il tarixdə olmuş, təqsirləndirilən şəxsi evdə yox, evin qarşısında saxlamışlar, əməliyyat məlumatı Şahid1 daxil olmuş, daxil olan məlumatla bağlı təxirə salınmaz əməliyyat tədbiri keçirilmiş, məlumat həmin gün daxil olmuş, şəxs saxlanılan zaman onlara müqavimət göstərməmiş, həmçinin onlar tərəfindən şəxsə heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1990-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1990-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə, saat 23:50 dəqiqədə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18 ünvanın yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd sellofan büküm, 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 6500 (altı min beş yüz) manat pul, mənzil açarları aşkar olunmuş. Aşkar olunmuş bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuş və həmin maddə elektron tərəzidə çəkilərək çəkisinin 17 qram olması müəyyən edilmiş, şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 28-29). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 44 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 34). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 17ci mikrorayon, ev 18, mənzil 44 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağındakı çarpayının yan tərəfindən bir ədəd qara-qırmızı rəngli sellofan torba aşkar olunmuş, torbanın içərisinə baxış keçirilən zaman bir ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlama, 02 ədəd sellofan bükülü, içərisində həblər olan bükülü və bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunaraq götürülmüş bir ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamanın içərisində baxıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, 01 ədəd şəffaf sellofan bükülü açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə, 01 ədəd şəffaf sellofan bükülünün içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə və üzərində “Metadone 40” yazısı olan 42 ədəd listdə ümumilikdə 420 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər həblərin olması müəyyən olunmuşdur. 01 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlama elektron tərəzidə çəkilərək çəkisinin 1255 qram, 01 ədəd heroinə bənzər maddənin çəkisinin 233 qram, metamfetaminə bənzər maddənin çəkisinin 168 qram olması müəyyən edilmişdir. Çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 35-36). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/252 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen torbada 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 1200,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 44-47). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1011 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 15,901 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində ‘Vət.Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlələr” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 233,0 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 163,0 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metmafetamindir, 01 ədəd bağlamada üzərlərində “Methadone 40...Faran” yazıları olan 42 ədəd blisterdə ümumilikdə 420 ədəd üzərilərində dərman tabletlərinin tərkiblərində ümumilikdə təmiz çəkisi 16,8 qram metadon təsiredici maddəsi müəyyən edilmişdir. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş ümumilikdə təmiz çəkisi 248,901 qram heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər (cild 01, iş vər. 50-54). Cinayət işinin materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qeyriinsanı rəftara, təsir və təzyiqə, fiziki zorakılığa məruz qalması barədə sonuncunun arvadı X4 etdiyi şikayət əsasında məlumatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış, göstərilən xüsusatlar öz təsdiqi tapmadığından, material üzrə cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilmişdir (cild 01, iş vər. 198-204). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin telefon “Redmi Note 7” markalı olmaqla qara rənglidir. Mobil telefonun menyusunda “Qalereya” adlanan bölməyə daxil olduqda həmin hissədə müxtəlif ərazilərin, narkotik vasitə bükümlərinə bənzər bükümlərin fotoşəkillərinin olması müəyyən olunmuşdur. Mobil telefonun yaddaşında başqa iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya video görüntülər müəyyən olunmamışdır. (cild 01, iş vər. 209-215). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 5410 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 249-251). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 32.5,206.3.2, 206.3.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 263-286). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1990-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, daha sonra şəxsin yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvandan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, narkotik vasitə olan heroinə bənzər maddə, psixotrop maddə olan metamfetaminə bənzər maddə və üzərində “Metadone 40” yazısı olan metadon həblərinə bənzər həblər aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək narkotik vasitə narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında protokol, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, narkotik vasitəni və psixotrop maddəni, habelə metadon həblərini üzərinə və evinə polis əməkdaşlarının qoyduğunu bildirsə də, məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, qeyd olunan xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir. Digər tərəfdən, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra yaşadığı evə baxış keçirilərkən, şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitənin, psixotrop maddənin, metadon həblərinin ona aid olmaması, evdən yalnız 50 qram narkotik vasitə marixuananın aşkar olunması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun üzərindən və yaşadığı evdən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayış, xasiyyətnamə, doğum haqqında şəhadətnamənin surəti və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, himayəsində 2015-ci il təvəllüdlü və 2021-ci il təvəllüdlü iki azyaşlı uşağı var, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 217-219) İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 190-191) Cinayət işinin materiallarına əlavə olunmuş “Sumqayıt Şəhər Probasiya Şöbəsi”nin xx.xx.2024-cü il tarixli, 21-2/3-136535 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci tarixdə şöbədə qeydiyyata düşmüş, xx.xx.2023-cü il tarixədək cəzasından 06 ay 28 gününü çəkmiş və çəkilməmiş cəzası 01 il 04 ay 28 gün təşkil edir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması isə CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə əvvəllər qəsdən törətdiyi eynicinsli cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına münasibətdə daha yüngül cəza təyin edilməsindən nəticə çıxarmayaraq daha ağır cinayət əməli törətməsini də nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki hökm üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi cinayət qanununun müddəalarına əsasən iki günün bir günə bərabər götürülməklə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilib hökmlərin məcmusu üzrə toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 20, 81-82). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1199,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 248,761 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 162,9 qram olan psixotrop maddə metamfetamin, 410 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 (üç) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalı, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 6500 AZN (altı min beş yüz manat) pul əskinasları məhkəmə istintaqı ilə narkotik vasitənin satışından əldə edilən pul məbləği olması müəyyən edilmədiyindən, o cümlədən 01 ədəd “Redmi Note 7” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 182 AZN (bir yüz səksən iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) günü həmin Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 14 (ön dörd) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1199,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 248,761 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 162,9 qram olan psixotrop maddə metamfetamin, 410 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 (üç) ədəd DVD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın, 01 ədəd “Redmi Note 7” markalı mobil telefon və 6500 AZN (altı min beş yüz manat) pul hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 182 AZN (bir yüz səksən iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar