Məhkəmə qərarları › İş №1(124)-315/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-315/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-315/2024 10.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1960-cı ildə Ermənistan Respublikası, Quqarn rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Quba rayonu, Davidoba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarım yaşadığı Quba rayonu, Davidoba kəndində yerləşən evin həyətyanı sahəsində torpaqda əkərək, həmin toxumlardan cücərmiş külli miqdarda, yəni 19 (on doqquz) ədəd çətənə (kannabis) bitkisinə 19 iyun 2023-cü il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları yetişdirib kultivasiya etmiş, 19 iyun 2023-cü il tarixdə, saat 16:30 radələrində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətinə baxış keçirilərkən həyətin sol tərəfində bağ sahəsində və həyətin sağ tərəfində yarımtikilinin içərisində torpaqda əkilmiş yaş vəziyyətdə ümumi çəkisi 475 qram, ümumilikdə əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda, yəni 19 (on doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 19 iyun 2023-cü il tarixdə günortadan sonrakı saatlarda yaşadığı evin həyətində ot biçərkən polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onun yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilməsinə dair məlumat əldə etdiklərini, həmin evin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər, o da etiraz etməmişdir. Baxış zamanı yaşadığı evin həyətindən 19 ədəd çətənə kolu aşkar edilmişdir. Narkotik tərkibli çətənə bitkilərinin aşkar olunduğu həyət onun yaşadığı evin həyətidir. O, özü ötən ilədək həmin evdə yaşamamış, ölkə xaricində, yəni Qazaxıstan Respublikasında olmuşdur. O, narkotik vasitə istifadəçisi deyildir. Müddətli həqiqi hərbi xidmət zamanı bronxit astma xəstəliyindən əziyyət çəkdiyi üçün narkotik vasitədən istifadə etmişdir. O, narkotik tərkibli çətənə bitkiləri əkməmiş, bir neçə şətənə kolu yabanı olaraq onun həyətində çıxmışdır. Oğlu 44 X8 ilk günü şəhid olduğundan şəhid atası kimi köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş mütəxəssis-aqronom Şahid1 ifadəsində göstərdi ki, Quba rayon Polis şöbəsinin əməkdaşlarının dəvəti əsasında onlarla birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 19 ədəd tərkibində narkotik maddələr olan müxtəlif boylarda çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Həmin bitkilər içərisində ən hündür olanın ölçüsü təxminən 1 metr idi. İyun ayında qeyd etdiyi hündürlükdə narkotik tərkibli bitkinin olması onlara su verilmədiyi halda mümkün deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Ona özlərini təqdim edərək, barəsində daxil olmuş əməliyyat məlumatını bildirmişlər. Bundan sonra onun icazəsi, videoçəkiliş vasitəsilə, aqronom və müdafiəçinin iştirakı ilə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə olan hasarın kənarında bir neçə ədəd, həmin hasarın digər kənarında da bir neçə ədəd, yarımtikilidə də bir neçə ədəd bitkilər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri özünün əkmədiyini bildirsə də, mütəxəssis həmin bitkilərə qulluq edildiyini demişdir. Hətta, yarpaqların bir neçəsi qırılmışdı. Təqsirləndirilən şəxs bunun səbəbini soruşduqda, bitkilərin daha yaxşı yetişməsi üçün olduğunu desə də, narkotik tərkibli bitkiləri onun əkmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 19 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Davidoba kəndində yerləşən evə getmişlər. Ona özlərini təqdim edərək, barəsində daxil olmuş əməliyyat məlumatını bildirmişlər. Bundan sonra onun icazəsi, videoçəkiliş vasitəsilə, aqronom və müdafiəçinin iştirakı ilə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı ümumilikdə, 19 ədəd ədəd narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Həmin bitkilərə qulluq edilmiş, diblərinə su tökülmüşdü. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirmə və götürmə haqqında” 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Davidoba kəndində yerləşən həyət evinə baxış keçirilmiş, həyətin sol tərəfində, bağ sahəsində, həmçinin həyətin sağ tərəfindəyarımtikilinin içərisində çətənə kollarına oxşar kollar aşkar edilib götürülmüşdür. (Cild 1, iş vərəqləri 11-13) Cinayət işinin materiallarında olan 19 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilərkən 19 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə kolu aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqi 33) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 7/898 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, ağkağız üzərində "... Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 19 ədəd çətənə bitkisinə oxşar kollar..." sözləri, yazılar və imzalar olan bir ədəd ağ rəngli sintetik torbada, yaş vəziyyətdə ümumi sayı 19 (on doqquz) ədəd, ümumi çəkisi - 475,0 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 42-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4- X10 Komissiyasının 22 iyun 2023-cü il tarixli, 3985 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7- ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 105-106) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 474,05 qram çətənə bitkiləri maddi sübut kimi tanınaraq Quba RPŞ-in maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 1 ədəd disk iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 107-112) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. (Cild 1, iş vərəqləri 103-104) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkməməsi, onlara aqrotexniki qaydada qulluq etməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, çətənə kollarına aqrotexniki qaydada qulluq edilərək bu bitkilər kultivasiya edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, 19 iyun 2023-cü il tarixli baxış protokoluna əlavə edilmiş video diskin boş olması səbəbində məhkəmə iclasında baxılması mümkün olmasa da, məhkəmə yalnız bu əsasa görə protokolun mötəbərliyini şübhə altına almır. Çünki təqsirləndirilən şəxs özü də qəbul edir ki, polis əməkdaşları tərəfindən həmin tarixdə onun evinə baxış keçirilmişdir. Bu xüsusat işin mübahisəsiz və təqsirləndirilən şəxs tərəfindən qəbul edilən halıdır. İşin təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilən halı isə yalnız ondan ibarətdir ki, aşkar edilmiş çətənə kolları yabanı şəkildə torpaqdan çıxmış, onlar kultivasiya edilərək aqrotexniki qaydada qulluq edilməmişdir. Təqsirləndirilən şəxsin bu kimi dəlilləri isə ittiham tərəfinə aid olmayan aronomun mütəxəssis rəyi ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.5-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin həmin müddəasını rəhbər tututaraq qeyd edir ki, 19 iyun 2023-cü il tarixli baxış protokolu sübut kimi qəbul edilməlidir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən və təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005ci il tarixli Qanununun və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən vəzəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 21-ci bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına» əsasən tərkibində narkotik maddələr olan bitkilərə aid İİİ siyahıya görə çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdarı 16-800 ədəd, xüsusilə külli miqdar (daxil olmaqla, aşağı hədləri) isə 801 ədəd (1551 hissə) müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Quba rayonu, Davidoba kəndində yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. (Cild 1, iş vərəqləri 87-88) İş materiallarında olan doğum və ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X6 44 gün sürən Vətən Müharibəsi (İİ Qarabağ müharibəsi) zamanı 27 sentyabr 2020-ci il tarixdə hərbi əməliyyatlarda iştirak edərkən partlayış və ya qəlpələrlə törənmiş zədələr nəticəsində şəhid olmuşdur. İş materialında olan müvafiq vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvüdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin qoca olması, müsbət xarakterizə olması, məhkumluğunun olmaması və şəhid atası olması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsə təyin edilən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməklə yanaşı dövlətin maraqlarına da xidmət etməli və cəmiyyət tərəfindən də qəbul edilməlidir. Məhkəmə hesab edir ki, ağır cinayət hesab olunsa belə hər hansı bir ağır nəticəyə səbəb olmayan əmələ görə, yəni öz həyətində cəmi 475 qram çəkidə 19 ədəd çətənə kolunun kultivasiya etməsinə görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşərək 44 gün sürən Vətən Müharibəsinin ilk günündə şəhid olan hərbi qulluqçunun 64 yaşlı atasının ən azı 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi dövlətin mənafeyinə zidd olmaqla yanaşı cəmiyyət tərəfindən də birmənalı qəbul edilə bilməz. Məhkəmə məhz bu halı və cəzanı yüngülləşdirən digər halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək həmin məcəllənin 237.2.3-cü maddəsində müəyyən edilən azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi əsaslı və qanuni olmaqla yanaşı, cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə, eləcə də dövlətin və cəmiyyətin maraqlarına da uyğun olardı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Quba rayon məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə göstərilənləri nəzərə almaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət qanununun maddələrinin sanksiyası ilə müəyyən edilmiş cəza növündən daha yüngül cəza növünün təyin edilməsini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən şəxsin 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, lakin narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən hallar olduğu üçün ona narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 474,05 qram (19 ədəd) çətənə bitkisi məhv edilməlidir. Video görüntülərin olmaması səbəbində maddi sübut əhəmiyyətini itirsə də bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə 72 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən vəzəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlığını məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 474,05 qram çəkidə 19 ədəd çətənə bitkisi məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. X3 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar