Məhkəmə qərarları › İş №1(124)-316/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-316/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-316/2025 23.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tovuz rayonu, Hununlar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, “Kaktus” restoranı yaxınlığında kirayədə yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 dekabr 2024-cü il tarixdə saat 20 radələrində tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK, bina 7, mənzil 60-da olarkən onun stulu əvvəlcə Təqsirləndirilən şəxs baş nahiyəsinə çırpması, daha sonra isə orada olan Şahid2 üstünə hücum çəkərək vurmasına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı mənzilin mətbəxindən götürdüyü, istintaqla müəyyən edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən 1 (bir) dəfə, döş qəfəsindən 1 (bir) dəfə, sol kürəkaltı nahiyəsindən 1 (bir) dəfə, sağ bud nahiyəsindən 1 (bir) dəfə və sol sağrı nahiyəsindən 1 (bir) dəfə zərbələr endirərək qarının ön divarının qarın boşluğuna keçərək qaraciyərin sol payını və qalça bağırsağı zədələyərək daxili qanaxmaya səbəb olmuş kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin, sol kürəkaltı nahiyənin, sağ budun və sol sağrının daxilə keçməyən kəsilmişdeşilmiş yaraları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etdiyi üçün ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Hununlar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, “Kaktus” restoranının yaxınlığında kirayədə yaşayır. Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Belə ki, Rövşən həmkəndlisidir və uşaqlıqdan bir yerdə böyümüşlər. 01 dekabr 2024-cü il tarixdə saat 18 radələrində tanışı Nahidlə birlikdə yaşadığı evdə olan zaman Rövşən Nahidlə əlaqə saxlayaraq halının pis olduğunu demiş və Nahidi yaşadığı evə çağırmışdır. Nahidlə Rövşən arasında həmin gün mübahisə olduğundan yenidən onlar arasında mübahisə olacağını fikirləşdiyi üçün Nahidə birlikdə getmələrini demişdir. Nahid isə onun getməyinə etiraz etmişdir. Buna baxmayaraq Nahidlə gedəcəyini bildirmişdir. Bundan sonra taksi ilə Rövşənin yaşadığı Abşeron rayonu, Bakı-Sumqayıt şossesində yerləşən "xxxx" MTK-ya gəlmişlər. Oraya çatdıqdan sonra Nahid Rövşənlə bir neçə dəfə əlaqə saxlasa da, Rövşən telefon zənglərinə cavab verməmişdir. Binanın həyətində olan zaman əvvəllər Rövşənin yanında gördüyü Nəcəfin də gəldiyini görmüş, Nəcəf onlardan nə üçün buraya gəldiklərini soruşmuş, onlar da Rövşənin əlaqə saxladığını və evinə dəvət etdiyini demişlər. Bundan sonra üçü birlikdə binanın 9-cu mərtəbəsinə qalxmışlar və bir neçə mənzilin qapısını döydükdən sonra Rövşənin yaşadığı mənzili tapmışlar. Mənzilin içərisinə daxil olduqda Rövşənin qonaq otağında divanda halsız vəziyyətdə uzandığını görmüşlər. Rövşənin üzünə su vurub ayıltmışlar. Rövşən ayıldıqdan sonra ac olduğunu demiş, Rövşənə çay və yemək hazırlamışlar. Həmçinin mənzilin içərisi dağınıq vəziyyətdə olduğundan oranı səliqəyə salmağa başlamışlar. Saat 20 radələrində Nahidlə mənzilin dəhliz hissəsində söhbət edən zaman Rövşən gözləmədiyi halda heç bir söz demədən orada olan stulu götürüb onun başına çırpmışdır. Daha sonra isə Nahidin üstünə hücum çəkməyə başlamış, o, bunun qarşısını almaq istədikdə Rövşənlə əlbəyaxa olmuşdur. Onlar əlbəyaxa ola-ola dəhlizdə yerləşən mətbəx mebelinin qarşısına gəlmişlər. Mətbəx mebelinin üstündə bıçaq olduğunu görmüş və həmin bıçağı götürüb 2-3 dəfə Rövşənin qarın nahiyəsinə zərbə vurmuşdur. Bu zaman orada olan Nəcəf onu tutub kənara itələmişdir. Rövşəndən qan axdığını görüb mənzildə olan Nahid və Nəcəfə Rövşəni xəstəxanaya aparmalarını demişdir. Özü isə qorxduğu üçün çıxıb gedərək oradan uzaqlaşmışdır. Həmçinin Rövşənə xəsarət yetirdiyi bıçağı da özü ilə götürmüşdür. Yaşayış binasından çıxdıqdan sonra yaxınlıqdakı yerüstü piyada keçidinə tərəf getmişdir. Piyada keçidinin yaxınlığında palçığa batmış, əlindəki bıçağı həmin yerə atıb qarşı tərəfə keçmişdir. Daha sonra törətdiyi əmələ görə Abşeron rayon Polis İdarəsinə gəlib təslim olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə 01 dekabr 2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Bakı-Sumqayıt şossesində yerləşən "xxxx" MTK, bina 7, mənzil 60-da baş vermişdir. Mübahisə təxminən 3- 4 dəqiqə davam etmiş, mübahisə zamanı mənzildə tanışı Nahid və Rövşənin tanışı Nəcəf adlı şəxslər olmuşdur. Mübahisənin yaranmasına səbəb Zərərçəkmiş şəxs əvvəlcə onu, daha sonra isə Nahidi vurması olmuşdur. Rövşənlə aralarındakı mübahisə sonuncunun yaşadığı mənzilin içərisində baş vermiş və səs-küy yaranmamışdır. Bundan başqa mübahisə zamanı oraya kənardan hər hansı bir şəxs yaxınlaşmamışdır. Nahid və Nəcəf adlı şəxslər Rövşənə heç bir xəsarət yetirməmişdir. Rövşənə xəsarəti yalnız o özü yetirmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs suallara cavab verərkən bildirmişdir ki, bıçaq mətbəxdə olmuş və zərərçəkmiş həmin bıçağı götürüb ona xəsarət yetirmək istədikdə ondan tez hərəkət edib o bıçağı götürərək zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Bundan başqa əməlindən peşiman olduğunu zərərçəkmiş şəxslə barışdığını ona dəymiş ziyanı aradan qaldırdığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2-ci Qarabağ müharibəsi iştirakçısı və qazisidir. Müharibədən sonra psixi durumunda şəxsiyyət dəyişkənliyi yaranmışdır. Bununla bağlı bir neçə dəfə müalicə almış, lakin yenə bu hallar ara-sıra özünü göstərmişdir. Sonuncu dəfə 01 dekabr 2024-cü il tarixdə yaşadıqları evdə ailə daxilində yoldaşı X9 ilə mübahisələri olmuş, mübahisədən sonra Nəzrin övladlarını da götürüb atasıgilə getmişdir. Bu hadisədən təsirlənərək müalicəsi üçün verilmiş dərman həblərindən 18 ədəd qəbul etmiş, bundan sonra halı pisləşmişdir. Saat 18 radələrində tanışları Nahid və Nəcəflə əlaqə saxlayaraq onlara halının pis olduğunu demiş və yaşadığı evə gəlib ona kömək etmələrini xahiş etmişdir. Təxminən bir saat sonra Nəcəf, Nahid və uşaqlıqdan bir yerdə böyüdüyü Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, onlar gəldikdən sonra dağınıq vəziyyətdə olan evi səliqəyə salmışlar. Həmçinin ona çay və yemək hazırlayıb vermişlər. Saat 20 radələrində evdə olan zaman hazırda tam xatırlamadığı və özündən asılı olmayan səbəbdən Özəllə aralarında mübahisə yaranmışdır. Bir-biriləri ilə əlbəyaxa olmuşlar. Mübahisə zamanı Özəl bıçaqla bir neçə dəfə qarın, kürək və ayaq nahiyələrinə zərbələr vurmuşdur. Evdə olan Nəcəf onları aralaşdırmışdır. Bundan sonra isə Özəl evdən çıxıb getmişdir. Sonradan evdə olan Nəcəf və Nahidin köməkliyi ilə təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılmışdır. Bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. 01 dekabr 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı ünvan 2 ünvanında tanışı Təqsirləndirilən şəxs ilə əlbəyaxa olmuş, mübahisə zamanı Özəl bıçaqla bir neçə dəfə qarın, kürək və ayaq nahiyələrinə zərbələr vurmuşdur. Özəl və Nahidə xəsarət yetirməyini tam olaraq xatırlamır, ola bilər ki, xəsarət yetirmişdir. X11 sualları cavablandırarkən bildirmişdir ki, o dayandığı yerdə təqsirləndirilən şəxs onu vurmamışdır. Hardasa o da özünün təqsirli bilir. O təqsirləndirilən şəxsi məcbur etmişdir ki, onu vursun. Uşaqlıqdan təqsirləndirilən Təqsirləndirilən şəxslə birlikdə böyüdüklərini ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin hazırda səhətində heç bir problemin olmadığını Təqsirləndirilən şəxs ailəsinin ona çox dəstək olduğunu nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə laqədar olmayan cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aşıq küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs təxminən 3 il müddətdir tanıyır. Belə ki, Rövşənin evində santexnik işlərini görmüş, bundan əlavə Rövşən həmyerlisidir. Bu səbəbdən də sonradan Rövşənlə aralarında münasibət yaranmışdır. 01 dekabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman Rövşən onunla əlaqə saxlayaraq halının pis olduğunu demiş və onun yaşadığı evə getməyini xahiş etmişdir. Buna görə Rövşənin yaşadığı Abşeron rayonu, Bakı- Sumqayıt şossesində yerləşən “Körpü-Bina-Tikinti" MTK-ya getmişdir. Rövşənin yaşadığı binanı bilsə də, mənzili unutduğu üçün bir neçə dəfə binanın 8 və 9-cu mərtəbələrinə qalxmışdır. Lakin Rövşənin yaşadığı mənzili tapa bilmədiyi üçün binanın həyətinə düşüb Rövşənlə əlaqə saxlamağa çalışmışdır. Buna baxmayaraq Rövşən telefon zənglərinə cavab verməmişdir. Binanın həyətində olan zaman əvvəllər Rövşənin yanında gördüyü Nahid və Ozan adlı şəxslərin gəldiyini görmüşdür. Həmin şəxslərdən nə üçün buraya gəldiyini soruşmuş, həmin şəxslər Rövşənin onlarla da əlaqə saxladığını və evinə dəvət etdiyini demişdir. Bundan sonra üçü birlikdə binanın 9-cu mərtəbəsinə qalxmışlar və Rövşənin yaşadığı mənzili tapmışlar. Mənzilin içərisinə daxil olduqda Rövşənin qonaq otağında divanda halsız vəziyyətdə uzandığını görmüşlər. Rövşənin üzünə su vurub ayıltmışlar. Rövşən ayıldıqdan sonra ac olduğunu demiş, Rövşənə çay və yemək hazırlamışlar. Həmçinin mənzilin içərisi dağınıq vəziyyətdə olduğundan oranı səliqəyə salmağa başlamışlar. Saat 20 radələrində iş görən zaman səs-küy gəldiyini eşitmişlər. Qonaq otağına daxil olduqda Rövşənlə Ozanın əlbəyaxa olduğunu görmüş və onları aralaşdırmışdır. Lakin onlar yenidən bir-biri ilə əlbəyaxa olmuşlar. O və Nahid onları aralaşdırmağa çalışmışlar. Buna baxmayaraq onlar əlbəyaxa ola-ola qonaq otağından mətbəx otağına daxil olmuşlar. Orada onları aralaşdıran zaman Özanın bıçaqla bir neçə dəfə Rövşənin qarın nahiyəsinə zərbə vurduğunu görmüş, bu zaman Özanın bıçaq olan əlinin biləyindən tutmuş və Rövşəni vurmasına mane olaraq onu kənara itələmişdir. Özəl bundan sonra oradan qaçıb getmiş, onlar isə oturmuş vəziyyətdə olan Rövşənə köməklik göstərmişlər. Daha sonra isə təcili tibbi yardım vasitəsilə Rövşəni xəstəxanaya aparmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli kəndində yaşayır. Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Belə ki, Rövşən həmkəndlisidir. 01 dekabr 2024-cü il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən yaşadığı evində olan zaman Rövşən onunla əlaqə saxlayaraq halının pis olduğunu demiş və ondan yaşadığı evə getməyini xahiş etmişdir. Özəl onunla birlikdə gəlmək istədiyini demiş, özələ getməməsini demişdir. Lakin Özəl onunla birlikdə gedəcəyini demişdir. Bundan sonra taksi ilə Rövşənin yaşadığı Abşeron rayonu, Bakı-Sumqayıt şossesində yerləşən "xxxx" MTK-ya gəlmişlər. Rövşənlə bir neçə dəfə əlaqə saxlasa da, o, telefon zənglərinə cavab verməmişdir. Binanın həyətində olan zaman əvvəllər Rövşənin yanında gördüyü Nəcəfin də gəldiyini görmüşdür. Nəcəf onlardan nə üçün buraya gəldiyini soruşmuş, Rövşənin əlaqə saxladığını və evinə dəvət etdiyini demişdir. Bundan sonra üçü də birlikdə binanın 9-cu mərtəbəsinə qalxmışlar və bir neçə mənzilin qapısını döydükdən sonra Rövşənin yaşadığı mənzili tapmışlar. Mənzilin içərisinə daxil olduqda Rövşənin qonaq otağında divanda halsız vəziyyətdə uzandığını görmüşlər. Rövşənin üzünə su vurub ayıltmışlar. Rövşən ayıldıqdan sonra ac olduğunu demiş, Rövşənə çay və yemək hazırlamışlar. Həmçinin mənzilin içərisi dağınıq vəziyyətdə olduğundan oranı səliqəyə salmağa başlamışlar. Saat 20 radələrində Özəllə mənzilin dəhliz hissəsində söhbət edən zaman Rövşən gözləmədiyi halda orada olan stulu götürüb Özəlin baş nahiyəsinə çırpmışdır. Daha sonra isə onun üstünə hücum çəkərək yumruq, təpiklə sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Özəl yaxınlaşaraq Rövşəni sakitləşdirməyə çalışmış, bu zaman Rövşən Özəllə mübahisə etməyə başlamış və onlar əlbəyaxa olmuşlar. Onlar əlbəyaxa ola-ola mətbəx mebelinin qarşısına gəlmişlər. Orada Özəlin bıçaqla bir neçə dəfə Rövşənin qarın nahiyəsinə zərbə vurduğunu görmüşdür. Bu zaman Nəcəf Özəli aralaşdıraraq kənara itələmişdir. Özəl bundan sonra oradan çıxıb getmiş, onlar isə oturmuş vəziyyətdə olan Rövşənə köməklik göstərmişlər. Daha sonra isə təcili tibbi yardım vasitəsilə Rövşən xəstəxanaya aparılmışdır. Zərərçəkmiş şəxs özəl xəsarət yetirmişdir. O və Nəcəf Rövşənə heç bir xəsarət yetirməmişlər. Bəli, Rövşən yumruq, təpiklə sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona xəsarət yetirmişdir. Lakin bununla bağlı Rövşən barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayır. Zərərçəkmiş şəxs təxminən iki il müddətdir tanıyır, qonşuluqda yaşayırlar. 01 dekabr 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı mənzildə olan zaman binanın dəhlizindən səs gəldiyini eşidib çölə çıxmışdır. Bu zaman binanın lift hissəsindən Rövşənin yaşadığı mənzilin qapısının qarşısına qədər qan izləri olduğunu görmüşdür. Həmçinin Rövşənin yaşadığı mənzilin qarşısına bir neçə nəfər şəxsin yığışdığını görüb oraya yaxınlaşmış, mənzilin içərisinə boylandıqda Rövşənin orada oturmuş vəziyyətdə, yanında olan iki nəfər şəxsin isə onun qarın nahiyəsini mələfə ilə bağlayaraq qan itirməsinin qarşısının alınmasına köməklik etməsini görmüşdür. Nə baş verdiyini soruşduqda, Rövşənin bıçaqlandığını və hadisəni törədən şəxsin orada olmadığını bildirmişlər. Daha sonra orada olan şəxslərdən bu barədə polisə və təcili tibbi yardıma məlumat verilib-verilməməsini soruşmuş, oradakı şəxslər bu barədə məlumat vermələrini bildirmişlər. Həmçinin özü də istifadəsində olan mobil nömrə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətinə və təcili tibbi yardım stansiyasının qaynar xəttinə məlumat vermişdir. Bundan sonra oraya polis və təcili tibbi yardım stansiyasının əməkdaşları yaxınlaşmışlar. Daha sonra Rövşən yanında olan iki nəfər şəxsin köməkliyi ilə təcili tibb yardım stansiyasının avtomobilinə əyləşdirilib xəstəxanaya aparılmışdır. O, baş vermiş hadisənin şahidi olmamışdır. Bundan başqa yaşadığı mənzildə olan zaman Zərərçəkmiş şəxs yaşadığı mənzildə mübahisə və ya dava-dalaş olmasına dair hər hansı bir səs-küy olmasını eşitməmişdir. Bu barədə sonradan məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 07Ə nömrəli ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qarının ön divarının 1 (bir) ədəd qarın boşluğuna keçərək qaraciyərin sol payını və qalça bağırsağı zədələyərək daxili qanaxmaya səbəb olmuş kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin 1 (bir) ədəd, sol kürəkaltı nahiyənin 1 (bir) ədəd, sağ budun 1 (bir) ədəd və sol sağrının 1 (bir) ədəd daxilə keçməyən (ümumilikdə beş ədəd) kəsilmiş-deşilmiş yaraları iti kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024- cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə-kriminalistik eskpertizasının 25 dekabr 2024-cü il tarixli 604-2024/MTKŞ nömrəli rəyinə əsasən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa hissəsində solda 01 (bir) ədəd, ön hissədə sağda 01 (bir) ədəd, tumanın arxa hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, bir cüt corab, kəmər və prostina üzərində hər hansı bir zədə aşkar edilmədi. Məhkəmə-bioloji ekspertizasının 27 dekabr 2024-cü il tarixli 875/2024-MTBŞ nömrəli rəyinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən qan qrupu B/111 /-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvara keçirilmiş kəmər, tuman (finka), bir cüt corab, mələfə (prostin) üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız B antigeni alındı. Bu antigen B(111) qan qrupunun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə B/111/ qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçə qan aşkar olunmadı Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3787 saylı rəyinə əsasən müəyyən olunur ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalarla müəyyən edilir. Zərərçəkmiş şəxs hazırkı psixi vəziyyətinə görə hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Zərərçəkmiş şəxs bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşübdüşməməsi və onun məcburi tibbi xarakterli tədbirlərin tətbiqinə ehtiyacın olub-olmaması barəsində qoyulmuş sual ona şamil edilmir. Zərərçəkmiş şəxs əqli inkişafında hadisə törədilən anda və hazırda ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Zərərçəkmiş şəxs emosional iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyrisabitlik, emosional dəyişkənlik, xarakterik xüsusiyyətlərində hövsələsizlik, neqativ amillərin təsirinə qarşı dözümsüzlük, tez özündən çıxmaq və s kimi əlamətlər müəyyən edilir. Ambulator komisyon məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 859 saylı əsasən müəyyən olunur ki ,yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır, hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respubliklası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(012) 828/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X10 dalı azyaşlı övladı vardır. Medalların vəsiqələrinin surətlərindən müəyyən olunur, təqsirləndirilən Təqsirləndirilən şəxs qardaşı X12 “Kəlbəcərin azad olunması” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əmisi Ağdam uğrunda gedən döyüşlərdə xx.xx.1993-cü ildə şəhid olmuşdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağın olmasını (CM-in 59.1.4 ), könüllü gəlib təqsirini boynuna alması (CM-nin 59.1.10) zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13) əməlindən səmimi peşman olmasını, qardaşının Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə qanunun qeyd edilən müddəalarına, eləcə də işin faktiki hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təyin olunmuş cəzanın real çəkilməli olub-olmaması məsələsini müzakirə edərkən məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarını, işin faktiki hallarını eləcə də cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 06 yadan artıq müddətdə həbsdə saxlanılması, əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmasına dəlalət edir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Təqsirini səmimi etiraf edən, əməlindən peşman olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalı, bu imkandan ümumilikdə cəmiyyətdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsini aydınlaşdırmaq üçün o, müəyyən müddət sınaqdan keçirilməlidir. Eyni zamanda sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilməlidir. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ləğv edilməli, Təqsirləndirilən şəxs saxlanıldığı İstintaq Təcridxanasından həbsdən azad ediməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li qərarının 25-ci bəndində göstərilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir”. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə 05 dekabr 2024-cü il tarixdən, hökmün elan olunduğu 23 iyul 2025-ci il tarixədək həbsdə saxnıldığı müddət ona təyin olunan cəza müddətinə hesablanmamalıdır. Hadisə yerindən götürülərək maddi sübut kimi tanınıb, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus gödəkçə, bir cüt corab, kəmər, şalvar və tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilsin. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı istintaq təcridxanasından azad edilsin. Hadisə yerindən götürülərək maddi sübut kimi tanınıb, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus gödəkçə, bir cüt corab, kəmər, şalvar və tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar