Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-318/2024 30.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Cəbrayıl rayonu, Daşkəsən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəbrayıl rayonu, Daşkəsən kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində hazırkı iş üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 19 mart 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan Mehram adlı şəxs tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Novxanı avtomobil yolunda yerləşən “Lukoil” YDM-nin yaxınlığına qoyulmuş külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 1050,2 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürərək satış məqsədi ilə qanunsuz olaraq 2500 manat pul müqabilində əldə edib, üzərində daşımaqla saxlamış, 19 mart 2023-cü il tarixdə saat 19:00 radələrində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad-Novxanı avtomobil yolunun kənarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq, Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan xaki rəngli qış gödəkçəsinin sağ yan cibində olan şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli sellofan kəsiyinə bükülmüş içərisindən həmin 1050,2 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, o, 2023-cü ildə barəsində CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlanıldığından axtarışda olub. Həmin ilin martın 18-də bacısının telefonuna zəng gəlib və o, polis idarəsinə dəvət olunub, o, Mehdiabadda 165 nömrəli marşrutda avtobus sürücüsü işlədiyindən avtobusun sonuncu dayanacağında polis əməkdaşlarını gözləyəcəyini bildirib. Həmin gün günorta saatlarında Mehdiabadda avtobus dayanacağında iki maşında Abşeron RPİ-nin altı nəfər polis əməkdaşı ona yaxınlaşaraq məhkəmədən yayındığını və axtarışda olduğunu deyib onu polis idarəsinə dəvət ediblər. O da etiraz etmədiyindən onu Mehdiabad PB-nə aparıblar, orda otaqların birində polis əməkdaşlarından biri 1 büküm gətirərək həmin bükümdə narkotik vasitə olduğunu deyib, həmin bükümü cibinə qoymasını və çəkiliş zamanı o bükümün özünə aid olduğunu deməsini tələb edib. Daha sonra onu Novxanıya aprıb ona orada işgəncələr verib, bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Abşeron rayon prokuroru və Abşeron rayon Məhkəməsinin hakimi aldığı xəsarətlərə görə onu həkimə göndəriblər. Martın 21-i onu Kürdəxanıya (Bakı istintaq Təcridxanasına) yerləşdirmək istədikdə aldığı xəsarətlər çox ağır olduğundan onu qəbul etməyib geri qaytarıblar. O, 1 həftə Abşeron RPİ-nin müvəqqəti saxlama yerində qalıb, sağaldıqdan sonra onu Bakı istintaq Təcridxanasına yerləşdiriblər. İttihama əsasən o, guya 1 kq heroini 2500 manata alıb, amma o qədər narkotiki 2500 manata almaq olmaz, həm də həmin dövrdə onun ümumiyyətlə, telefonu olmayıb. Telefonu olmadığı halda kiminləsə əlaqə saxlayıb narkotik almağı və ya satmağı qeyri-mümkündür. Onun həmin gün tutulmasına səbəb həmin dövrdə məhkəmədə olan CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı olub. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən sualları cavablandırarkən bildirdi ki, əvəllər narkotik vasitə istifadə edib. Onun barəsində olan cinayət işi Abşeron RM-nə 2023-cü ilin yanvarın 30-da göndərilib. Həmin işi araşdırılanda telefonu polis idarəsində qalıb. Sonradan bacısının telefonunu istifadə edib, ******* mobil nömrəsi ilə əlaqə saxlayıb. ********** saylı mobil nömrəni əvvəllər istifadə etsə də, sonradan telefonu olmayıb deyə istifadə etməyib. Tutulana qədər təxmini 03 ay xəstə olduğu üçün evdə olub, ancaq yatıb, işə təzə getməyə başlayıb. Heç kim narkotik satmaq və ya almaq barədə onunla əlaqə saxlamayıb. O, yaxşı yazıb-oxuya bilmir. İttiham aktında qeyd olunub ki, telefonu guya polislər onu saxlayanda düşüb itib, amma yalandır, çünki həmin vaxt onun telefonu olmayıb. O, 2023-cü il martın 19-u günorta saat 2-3 radələrində Mehdiabadda 165 nömrəli avtobusun axırıncı dayanacağında saxlanılıb və əvvəlcə Mehdiabad PB-nə gətirilib. Onu məhkəmədə olan işi ilə bağlı axtarışda olduğunu deyib saxlayıblar. Ona əsas fiziki təzyiq göstərən polis əməkdaşının adı Caviddir. Bu müddət ərzində heç bir orqana döyülməsi barədə şikayət etməyib. Lakin Abşeron rayon prokuroruna və barəsində 21 mart 2023-cü ildə həbs qətimkan tədbiri seçilərəkən Abşeron rayon Məhkəməsinin hakiminə döyüldüyünü bildirib. O, Bakı İstintaq Təcridxanasına martın 22-si deyil, 27-si qəbul olunub. Martın 27-nə kimi MSY-də qalıb. Martın 21-i ekspertizadan keçirilib, dişləri tökülüb, elektroşok verildiyindən ayaqlarında izləri qalıb. Martın 27-sinə kimi tam sağaldığı üçün Bakı İstintaq Təcridxanası onu qəbul edib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, şübhəli şəxs qismində tutulanadək ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanında yaşamışdır. Əvvəllər məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təxminən 2 ildir bədənində şiddətli ağrılar olduğu üçün narkotik vasitə heroindən istifadə edir. Lakin narkoloji dispanserdə qeydiyyatda deyildir. Hazırda Abşeron rayon məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi baxılma mərhələsindədir. O, təxminən 3-4 aydır İnstaqram sosial şəbəkəsində özünü “Mehram” adlı İran İslam Respublikasının vətəndaşı kimi ona təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxslə danışıq əsnasında onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Danışıq əsnasında həmin şəxsdən 2500 manat dəyərində narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Pulu ona göndərdikdən sonra həmin şəxs 19 mart 2023-cü il tarixdə, saat 18-19 radələrində bir böyük bükümdə narkotik vasitə olan heroini Abşeron rayonu, Mehdiabad-Novxanı avtomobil yolunun kənarında yerləşən “Lukoil” YDM-nin yaxınlığında yerə qoyduğunu bildirmişdir. O, həmin yerə Mehramın ona göndərdiyi məkan vasitəsi ilə gedib çatmışdır. Həmin narkotik vasitəni götürüb əynində olan xaki rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bükümü cibinə qoyub oradan uzaqlaşan kimi 4 nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşmış və özünü Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polislər onun narkotik vasitələrin qanunsuz üzərində gəzdirməyində, satmaqda şübhəli olduğunu bildirib, bu barədə onlarda əməliyyat məlumatlarının olduqlarını bildirmişlər. Bundan sonra onu Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, Abşeron RPİ-nin Mehdiabad PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməli olduqlarını bildirmişlər. Üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları ondan üzərində qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşmuşlar. O da səmimi olaraq əynində olan xaki rəngli qış gödəkçəsinin sağ yan cibində 01 (bir) ədəd bükülü olmasını və içərisində narkotik vasitə olan heorin olduğunu bildirib təqdim edə biləcəyini bildirmişdir. Polislərin razılığından sonra cibindən 01 (bir) ədəd böyük bükümdə şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan olan heroini çıxarıb təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Daha sonra üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, həmin narkotik vasitəni Mehram adlı şəxsdən aldığını, həmin bükülüdə olan narkotik vasitəni həm özü istifadə etməli olmuş, həm də satıb qazanc əldə etmək istəmişdir. O, üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi narkotik vasitə heroini İran vətəndaşı kimi özünü ona təqdim edən Mehram adlı şəxsdən 19 mart 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsindən əldə etmiş və həm şəxsi istifadəsi üçün həm də satmaq üçün üzərində saxlamışdır. Üzərində narkotik vasitə saxlamağı barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları ona heç bir zor tətbiq etməmiş, hər hansı psixi təzyiqə məruz qalmamışdır. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Onun üzərində olan mobil telefon polislər onu saxlayan zaman cibindən düşüb itmiş, ona görə də üzərinə baxış zamanı təqdim edə bilməmişdir. Həmçinin, narkotik alan zaman pulu Mehram adlı şəxsin tanışı olan tanımadığı şəxsə vermiş və həmin şəxsi tanımamışdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan oldunduqdan sonra ona verilən sualları cavablandırarkən bildirdi ki, onun heç bir İran İR vətəndaşı ilə əlaqəsi olmayıb, o elə bilib ki, digər cinayət işi ilə bağlı onu polis bölməsinə aparıblar və sənədləri də ona görə imzalayıb. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 19 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroindən istifadə etməsi, qanunsuz olaraq üzərində saxlayaraq, daşıması və satması barədə əməliyyat məlumat daxil olub. Daxil olmuş məlumat əsasında həmin tarixdə müvafiq rəsmiləşdirmə işləri həyata keçirildikdən sonra onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılıb. Qrupun üzvləri polis mayoru Şahid1 və iki nəfər sahə polis nəfəri olub. Bundan sonra onlar daxil olmuş məlumatda qeyd olunan yerə, Abşeron rayonu, Mehdiabad-Novxanı avtomobil yolunun kənarında yerləşən “Lukoil’ yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlib, Təqsirləndirilən şəxs oraya gəlməsini və narkotik vasitəni əldə etməsini güdməyə başlayıblar. Təqsirləndirilən şəxs oraya gəlib narkotik vasitəni götürüb paltarının cibinə qoyub oradan uzaqlaşan kimi tez onun yanına yaxınlaşıb özlərini təqdim edərək ona barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Abşeron RPİ-nin Mehdiabad PB-nə getməsini təklif ediblər. Bölmənin inzibati binasında müdafiəçisinin də iştirakı ilə Allahyarın üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkçəsinin cibindən yapışqanlı lentlə bağlanmış bükülünü çıxardıb təqdim edib, həmin bükülünün içərisində narkotik vasitə heroinə olduğunu bildirib. Təqsirləndirilən şəxs həmin bükümdə olan narkotik vasitə olan heroini İran vətəndaşı olan Mehram adlı şəxsdən əldə etdiyini, həm öz şəxsi istifadəsi üçün üzərində saxladığını və həm də satmaq məqsədinin olduğunu bildirib. Şahid ona verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsi martın 19-u axşamtərəfi saxlayıblar, aşkar olunan heroinin çəkisi təxmini ***-**** qram olub. Təqsirləndiirlən şəxs bildirib ki, həmin narkotik vasitəni İran İR-nın sifarişi ilə əldə edib. Saxlanılarkən təqsirləndirilən şəxsə axtarışda olması və.s deyilməyib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilib. Təqsirləndirilən şəxsə qarşı heç biri psixi və ya fiziki təzyiq göstərilməyib. Əgər elə bir hal olsaydı, təqsirləndirilən şəxs həmin vaxt ona təyin olunmuş müdafiəçisinə konfidensial görüş zamanı və ya çəkiliş vaxtı bildirə bilərdi, təqsirləndirilən şəxs indi məsuliyyətdən yaxa qurtarmaq üçün belə ifadə verir. Təqsirləndirilən şəxsi yol kənarında hərəkətdə olarkən saxlayıblar, saxlanılarkən təqsirləndirilən şəxs qaçmağa çalışmayıb, müqavimət göstərməyib. 15 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxsin mobil nömrə məlumatlarının əldə olunması ilə bağlı Abşeron rayon Məhkəməsinə onun tərəfindən müraciət edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində telefon olmayıb. Polis əməkdaşları Təqsirləndirilən şəxs şəxsiyyətini onu saxladıqdan sonra müəyyən ediblər, onlar Təqsirləndirilən şəxsı saxlayana qədər başqa cinayət işi ilə bağlı axtarışda olduğunu bilməyiblər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 şahid qismində dindirilmiş Şahid2 dediklərini təsdiq edərək onunla eyni məzmunda ifadə verdilər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən «şəxsi axtarış və götürmə barədə» Abşeron RPİ-nin Mehdiabad PB-də 19 mart 2023-cü il tarixdə saat 21:55-dən 22:20-dək tərtib edilmiş protokolla müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə Abşeron RPİ-nin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, baş əməliyyat müvəkkili, polis mayoru, Şahid1, sahənin polis nəfərləri, polis kiçik serjantları, Şahid3 və Şahid4, təhqiqatçı Zaur Məmmədovun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Rəhim Abbas-Zadənin iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixdə saat 21:55-22:20 radələrindək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində bir ədəd xaki rəngli, boynu qara rəngdə olan tüklü qış gödəkçəsinin, qara rəngli cins şalvarın və qara rəngli ayaqqabısının olduğu göründü. Baxış zamanı xaki rəngli qış gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli sellofan kəsiyinə bükülmüş içərisindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Həmin bükülü kəsilərək içərisinə baxıldı, içərisindən qəhvəyi rəngli narkotik vasitə olan heroin kütləsinin olduğu aşkar edildi. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından 2500 manata əldə etdiyini, həmin narkotik vasitəni həm özü, həm də satmaq məqsədi ilə üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilərkən yuxarıda protokolda qeyd edilənlər və şahidlərin məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" MMC-dən 14 iyun 2023-cü il tarixli, AZF/LGL-6504/23 saylı məktubla alınmış 01 (bir) ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olan Mehram adlı şəxslə aralarında hər hansı mobil telefon əlaqəsinin olubolmamasını və sonuncunun Təqsirləndirilən şəxs ilə əlbirliyinin olub-olmamasını təsdiqləmək üçün "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə İran İslam Respublikasına aid nömrə və ya Mehram adlı şəxslə arasında hər hansı telefon danışıqları müəyyən edilməmişdir. Həmçinin, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsində onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən mesajlar olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, 21 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərk götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1050,2 qram narkotik vasitə olan heroin ekspertiza keçirildikdən sonra qalıq qalmış 1050,1 qram heroin maddi sübut qismində tanınaraq, maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən 19 mart 2023-cü il tarixdə çəkilmiş 01 (bir) ədəd disk, "xxxx" MMC-dən 14 iyun 2023-cü il tarixli AZF/LGL- 6504/23 saylı məktubla alınmış 01 (bir) ədəd CD disk və "xxxx" MMC-dən 03 may 2023-cü il tarixli 10116 saylı məktubla alınmış 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 mart 2023-cü il tarixli, 6/1686 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün № 236” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1050,2 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyhasına (Siyahı İ) daxildir. Qeyd: Tədqiqata sərf olunan heroinin miqdarı 0,01 qram, ekspertiza tədqiqatından qalmış qalıq 1050,1 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli, 3275 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1812 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 536 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarət – sağ bazunun yuxarı 1/3-nin tış səthin sıyrığı küt əşya təsirindən törədilmiş, törədilmə müddəti müayinədən 3-4 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər; sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həmçinin rəydə qeyd olunmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs deməsinə görə xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən xəsarət almamışdır, ilk tibbi yardıma müraciət etməmişdir, şikayəti yoxdur. Məhkəmə tərəfindən verilmiş sorğulara əsasən Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdim olunmuş MSY-də saxlanılan şəxslərin uçotu və tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitablarının surətindən və Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin MSY-nə qəbul edilib və xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilib. Həmçinin Abşeron RPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Novruz bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləri olduğundan təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması barədə X3 müraciəti əsasında aparılmış araşdırma nəticəsində qeyd olunan xüsusat öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ondan aşkar olunan narkotik vasitə heroinin ona aid olmaması, həmçinin polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılığa məruz qalması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç nə bildirməmişdir. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi xüsusatlar şahid ifadələri, ekspertiza rəyləri, məhkəmənin sorğularına əsasən əldə edilmiş materiallar, mobil nömrəsindən aşkar edilmiş mesajlar və iş materiallarında olan digər sənədlərlə tamamilə təkzib edilir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələri məhz satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri, ekspertiza rəyləri, SMS-lər və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Abşeron Rayon Məhkəməsinin 21 mart 2023-cü il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq çəkisi 1050,1 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 03 (üç) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 1050,1 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-318/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-318/2024
30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver