Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-319/2023 04.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, 27 may 1995-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisindən 180 (yüz səksən) manat müqabilində satış məqsədi olmadan külli miqdarda, yəni ümumi təmiz çəkisi 11,996 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və 2 büküm ümumi təmiz çəkisi 2,815 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib hissələrə bölməklə idarə etdiyi “Mersedes-190” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla Quba rayon ərazisinə daşımış, 25 avqust 2022-ci il tarixdə saat 05:15-də Quba-Bakı yolunun Nərimanovka kəndindən keçən hissəsində yolun kənarında Təqsirləndirilən şəxs Quba RPŞ-in əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindən 2 büküm ümumi çəkisi 11,996 qram narkotik vasitə heroin və 2 büküm ümumi çəkiləri 2,815 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, özü əvvəllər heroin və metamfetamin istifadə etmişdir. Uzun müddət istifadə edə bilmək üçün 2022-ci il avqustun 23-də “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İranlı şəxsin bank kartı hesabına 180 manat pul göndərərək şəxsi istifadəsi üçün heroin və metamfetamin almaq qərarına gəlmişdir. Sonra Şahid1 avtomaşını ilə Bakı şəhərinə getmişlər, yolda olanda narkotik vasitəni aldığı şəxs narkotik vasitəni hara qoyduğuna dair ünvanın şəklini ona göndərmişdir. O, 25 avqust 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində reklam lövhəsinin altından heroin və metamfetamin olan bükümü götürüb Quba şəhərinə qayıtmışdır. O, hərəsi bir büküm olmaqla 10 qram heroin, 2 qram metamfetamin almışdır. Quba şəhərinin girişində polis maşını saxlamış, o, bükümü açıb metamfetamini ayaq altına səpmişdir. Polislər onları maşından düşürüb axtarış aparmışlar, ayaq altına səpdiyi metamfetamini yığıb 2 büküm etmişlər. Onun üstündə ümumilikdə 12 qram narkotik vasitə və psixotrop maddə olmuşdur . Aldığı heroini və etamfetamini 10-15 gün istifadə etmək məqsədi olmuşdur. Bakıya tez-tez gedib-gələ bilmədiyinə görə çox miqdarda narkotik vasitə almışdır. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Vüsal adlı polislə münasibəti olmuş, o, onun narkotik vasitə istifadəçisi olduğunu bilirdi. Lakin onun Bakıya getdiyini necə bildiyini bilməmişdir. Ona istintaq dövründə narkotik vasitənin çəkisini çox yazmaq üçün fiziki təzyiq göstərmişlər. Onun telefonunda narkotik vasitənin satışı ilə bağlı heçnə olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il avqustun 24-də Amil ona onu Bakı şəhərinə aparmağını demiş, onunla razılaşıb birlikdə həmin günü axşam saat təxminən 23 radələrində Bakı şəhərinə getmişlər. Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığına çatanda Amil maşından düşüb özü ilə gətirdiyi hansısa sənədi aparıb kiməsə verib geri qayıtmışdır. Sonra maşını Sulutəpə qəsəbəsinə sürməyini, orada işi olduğunu demişdir. Maşını Sulutəpə qəsəbəsinə sürmüşdür. Amil Sulutəpə qəsəbəsinə çatanda iki dəfə maşını saxlatdırıb yerə düşüb təxminən 3-5 dəqiqə sonra geri qayıtmışdır. Sonra birlikdə Quba şəhərinə geri qayıtmışlar. Quba şəhərinə çatanda polislər onları saxlamışlar. Onların üzərində axtarış aparmışlar, Amilin üzərindən nakrotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı raportla RPŞ-nin rəisinə məruzə edərək tədbirin keçirilməsi üçün əməliyyat qurupu yaradılmışdır. Qurupun üzvləri PŞ-nin baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Pənah İbrahimov və ƏRQ-nun kiçik inspektoru Eyvaz Sultanovdan ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 04 radələrində Quba-Bakı avtomobil yolunun Nərimanovka keçən hissəsində yolun kənarında MERSEDES-190 markalı avtomobilin dayandığını görüb maşına tərəf yaxınlaşaraq və görmüşdürlər ki, maşının yanında 2 nəfər oğlan vardır onlarda biri isə barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxsdur. Həmin vaxtı onlara özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və satışında şübhəli olduğunu bildirmişdirlər. Həmin vaxtı PŞ-nin TB-nin təhqiqatçısı Sənan Həsənov ona hüquq və vəzifələrini izahat etmiş sonra isə müdafiəçinin iştirakıilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxtı ona üzərində qanunla qadağan hər hansı bir əşyanın olub olmaması soruşulmuşdur. Şəxsi axtarış zamanı o, üzərindən “Kent” markalı siqaret qutusunu çıxaradaraq təqdim etmiş, onun içərisinə 2 ədəd bükümdə heroin və 2 ədəd bükümdə metamfetamin olduğu bildirmişdir. Həmin bükülülər elktron tərəzidə çəkilmiş və 2 ədəd heroin bükülüsünün çəkisi 14 qram, 2 ədəd metamfetamin bükülüsünün çəkisi 3.2 qram olduğu müəyyən olmuşdur. Həmin bükülüləri isə xx.xx.2022-ci il tarixdə İran vətəndaşından aldığını demişdir. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəni aldığı İran vətəndaşını hadisədən 3-4 gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanımış, ondan əvvəllər narkotik vasitə almadığını da qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və yaxud saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixoloji təsir olunmadığını da qeyd etmişdır. (Cild 1, iş vərəqləri 109-111) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Qusar şəhərində anadan olmuş, Quba rayonu Amsar kəndində qeydiyyatda olmaqla Quba şəhəri Qırmızı qəsəbə Nəsimi küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPŞ-nin rəisinə raportla məruzə etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 04 radələrində Quba-Bakı avtomobil yolunun Nərimanovka keçən hissəsində yolun kənarında MERSEDES-190 markalı avtomobilin dayandığını görüb maşına tərəf yaxınlaşıb və görmüşdürlər ki, maşının yanında 2 nəfər oğlan vardır onlardan biri isə barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxsdur.Həmin vaxtı onlara özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və satışında şübhəli olduğunu bildirmişlər. Həmin vaxtı PŞ-nin TB-nin təhqiqatçısı Sənan Həsənov ona hüquq və vəzifələrini izahat etmiş sonra isə müdafiəçinin iştirakıilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxtı ona üzərində qanunla qadağan hər hansı bir əşyanın olub olmaması soruşulmuş o, isə üzərindən “Kent” markalı siqaret qutusunu çıxaradaraq təqdim etmiş, onun içərisinə 2 ədəd bükümdə heroin və 2 ədəd bükümdə metamfetamin olduğu bildirmişdir. Həmin bükülülər elktron tərəzidə çəkilmiş və 2 ədəd heroin bükülüsünün çəkisi 14 qram, 2 ədəd metamfetamin bükülüsünün çəkisi 3.2 qram olduğu müəyyən olmuşdur. Həmin bükülüləri isə xx.xx.2022-ci il tarixdə İran vətəndaşından aldığını demişdir. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəni aldığı İran vətəndaşını hadisədən 3-4 gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanımış, ondan əvvəllər narkotik vasitə almadığını da qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və yaxud saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixoloji təsir olunmadığını da qeyd etmişdır. (Cild 1, iş vərəqləri 117-119) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış keçirilməsi barədə” 25 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanı təqdim etməsi bildirilmiş, o da əynində olan qara rəngli cins şalvarın arxa cibindən içərisində iki büküm heroinə bənzər və iki büküm metamfetaminə bənzər maddə olan “Kent-8” markalı siqaret qutusunu təqdim etmişdir. (Cild 1, iş vərəq 27) Həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin qeydə alındığı bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 25 avqust 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mopedə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 27, 58) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 25 avqust 2022-ci il tarixli 6/4533 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 11,609 və 0,387 qram olmaqla ümumi təmiz çəkisi isə 11,996 qram təşkil edən, qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 2,517 qram və 0,298 qram ümumi təmiz çəkisi 2,815 qram sarımtıl rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə olub, eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadagan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadagan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir.(Cild 1, iş vərəqləri 40-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 6184 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərinvə psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs məcburi müalicəyə məhz hansı müddətdə təyin edilməsi Ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir.Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 139-140) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 26 avqust 2022-ci il tarixli və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 24 noyabr 2022-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,896 qram narkotik vasitə heroin; 2,715 qram pixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq Quba RPŞ-in maddi sübutları saxlama otağına təhvil verilmişdir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 84-85, 141-149) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 114) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni məzmunda 234.1-1-ci maddə əlavə edilmişdir. Həmin qanun 20 may 2022-ci il tarixdə “Azərbaycan” qəzetində dərc olunmuş və həmin gündən qanuni qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs isə ittiham olunduğu cinayət əməlini 24 avqust 2022-ci il tarixdə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 25, 79-80) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda astinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, işi üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 11,896 qram narkotik vasitə heroin və 2,715 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsindən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 11,896 qram narkotik vasitə heroin və 2,715 qram psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-319/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-319/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver