Məhkəmə qərarları › İş №1(124)-319/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-319/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-319/2025 28.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X4, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, oıta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yardımlı rayonu, Avaş ərazi dairəsi, Avaş kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 sentyabr 2024-cü il tarixdə Yardımlı rayonu, Avaş kəndi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5 ədəd şəffaf rənğli selofan bağlamada 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin sıyahısı”na daxil edilmiş ayrı-ayrılıqda çəkiləri 790,0 qram, 950,0 qram, 930,0 qram, 905.0 qram, 915,0 qram, ümumi çəkisi 4490,0 qram tərkiblərinə görə eyni olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı 7000 manat müqabilində əldə edib idarə etdiyi “Opel Vectra” markalı ** CK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yük yerinə qoyaraq Abşeron rayonu, Masazır kəndinə daşımış və saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 14 dekabr 2024-cü il tarixdə saat 23:20 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndində yerləşən “Ağ Hotel” adı ilə fəaliyyət göstərən hotelin qarşısında qeyd edilən “Opel Vectra” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılaraq həmin yerdə saat 23:24-dən 23:40- a kimi həmin avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən üzərində sarı rəngli hərflərlə “Ecuasabor” sözü yazılmış bir ədəd yaşıl rəngli karton qutunun içərisində 5 ədəd şəffaf rənğli selofan bağlamada ayrı-ayrılıqda çəkiləri 790,0 qram, 950.0 qram, 930,0 qram, 905,0 qram, 915,0 qram, ümumi çəkisi 4490,0 qram tərkiblərinə görə eyni olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə olduğu kimi baş vermişdir, lakin o, narkotik vasitə aludəçisi olmamışdır, həmçinin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Sentyabr-oktyabr aylarında “instagram” sosial şəbəkəsi vasitəsilə İran İslam Respublikasının vətəndaşı ilə danışmışdır. Ona narkotik vasitəni götürüb göndərilən adresə qoymağını, əvəzində 7000 manat pul alacağını bildirmişdir. Yardımlı rayonunda olarkən onunla əlaqə saxlamışdır. Orada bulağın yanına qoymuşdur. Onda narkotik vasitəni götürmüş və 14 dekabr 2024-cü il tarixədək onda qalmışdır. Narkotik vasitəni götürəndə 1000 manat pul atmışdır.O, 4 kiloqram yarım çəkidə olan narkotik vasitə marixuananı Masazır ərazisinə gətirib qoymuşdur. Sumqayıt yolunda isə gecə saat 23:00-00:00 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq olunmamışdır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu, Avaş ərazi dairəsi, Avaş kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən nömrəsiz evdə yaşayır. Ruhi və əsəb xətəlikləri keçirtməmiş, bununla əlaqədar heç bir yerdə müalicə almamış və qeydiyyatda olmamışdır. Təxminən 2 il olar ki, narkotik vasitələri və psixotrop maddələri heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən ayrı-ayrı üsullarla könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Qeyd etmişdir ki, tutulanadək istifadəsində "Redmi" markalı 1 ədəd mobil telefon olmuşdur. Həmin mobil telefona +**********41 saylı mobil nömrə taxaraq həmin nömrədən istifadə etmişdir. İstifadəsində olmuş "Redmi" markalı mobil telefon web proqramları dəstəklədiyindən, həmin telefona taxılmış +**********41 saylı mobil nömrə vasitəsilə "Whatshapp web" proqramı açaraq istifadə etmişdir. 15 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Yardımlı rayonu, Avaş kəndində olan zaman tanımadığı və şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən 7000 manat pul verməklə 5 ədəd şəffaf rəngli bağlamada qurudulmuş marixuana alıb bir ədəd selofan kisəyə qoyaraq idarə etdiyi “Opel Vektra” markalı ** CK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yük yerinə qoyub Abşeron rayonu, Masazır qəsəbəsinə daşıyaraq yaşadığı evin zirzəmisində gizlədərək saxlamışdır. Onun evdə narkotik vasitə saxlamasından heç kimin xəbəri olmamışdır. Başqa işləri olduğundan həmin narkotik vasitəyə baxa bilməmişdir. 14 dekabr 2024-cü il tarixdə saat 01 radələrində evdə heç kimin olmadığı vaxtda satmaq məqsədi ilə yaşadığı evin zirzəmisində gizlətdiyi həmin bir ədəd selofan kisəyə qoyduğu 5 ədəd şəffaf rəngli sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı kisədən çıxarıb üzərində sarı rəngli hərflərlə “Ecuasabor” sözü yazılmış bir ədəd yaşıl rəngli karton qutunun içərisinə yığaraq idarə etdiyi “Opel Vektra” markalı ** CK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yük yerinə qoymuşdur. Həmin günü 5 ədəd şəffaf rənğli selofan bağlamalarda olan narkotik vasitə qurudulmuş marixuanaları idarə etdiyi avtomobilində gəzdirmişdir ki, bəlkə sata bilsin, lakin sata bilməmişdir. Həmin gün narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi ilə avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsində “Ağ HoteP’in qarşısında olan zaman saat 22:30 radələrində 3 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib səs-küy salmamasmı və narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə olub-olmamasını sorğu etmişlər, olduğu halda təqdim etməsini təklif etmişlər. Həmin vaxt o, özünü şübhəli apardığından saxlanıldığı yerdə polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Üzərinə baxış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş əşya, peredmet və ya narkotik vasitə aşkar olunmamışdır. Sonra polis əməkdaşları idarə etdiyi “Opel Vektra” markalı ** CK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirən zaman avtomobilin yük yerindən üzərində sarı rəngli hərflərlə “Ecuasabor” sözü yazılmış bir ədəd yaşıl rəngli karton qutunun içərisində 5 ədəd şəffaf rəngli bağlamada qurudulmuş marixuana aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun razılığı ilə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən nömrəsiz evə baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşadığı evdən qanunla qadağan olunmuş əşya, peredmet və ya narkotik vasitə aşkar olunmamışdır. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər.(Cild 1, iş vərəqləri 71-74) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 14 dekabr 2024-cü il tarixdə saat 23:10 radələrində Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin an ona hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə və maşına baxış keçirilmişdir. Daha sonra evinə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxsdən təxminən 4 kq çəkidə olan 05 ədəd şəffaf bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra təqsirləndirilən şəxsi idarəyə aparmışlar. Əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Əməliyyat qrupunda ondan başqa Şahid3 və Rəsulov Rüstəm olmuşdur. Saxlanılan zaman təqsirləndirilən şəxsə heç bir təzyiq göstərilməmişdir. Həmçinin o da heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 14 dekabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Şahid1 rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmış, həmin gün Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin an ona hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə və maşına baxış keçirilmişdir. Daha sonra evinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyətli heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxsdən 05 ədəd şəffaf bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxslə danışıq zamanı narkotik vasitəni 3 ay əvvəl Yardımlı rayonundan satış məqsədilə götürdüyünü bildirmişdir. Daha sonra təqsirləndirilən şəxsi idarəyə aparmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X3 digər şahidlər Şahid3 və Şahid1 ifadələrinə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 129-132) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” 14 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstünə və boz rəngli “Opel Vectra” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin yek yerindən 5 ədəd şəffaf rəgli selofan bağlamada varkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 12-15) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” 14 dekabr 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 15 dekabr 2024-cü il tarixli 7/2011 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan bir ədəd skoçla bağlanmış qara rəngli poletilen torbada 5(beş) ədəd üzərləri skoçla bağlanmış selofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 790,0 qram, 950,0 qram, 930,0 qram, 905,0 qram, 915,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Vətəndaş Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş 05 (beş) ədəd ədəd bağlamada olan marixuanalar tərkibinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 48-52) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 07 mart 2025-ci il tarixli 1375 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nətcəsində yaranan asıllıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.(Cild 1, iş vərəqləri 151-152) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizası təyin edilərək rəy alınmışdır, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 760 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, həssaslıq, eqosentizm kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları norma daxilindədir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır. (Cild 1, iş vərəqləri 153-156) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və cinayət işindən yeni icraatın ayrılması barədə” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, 4489,75 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 164-178) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin təqsirliyi və əməlinin düzgün tövsif edilməsi ilə bağlı nəticəyə gələrkən həmçinin narkotik vasitənin həcminin külli miqdarda olmasını da əsas götürür. Bundan başqa, işinin halları da təqsirləndirilən şəxsin məqsədinin satışla bağlı olmasından işarə edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yardımlı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 70-ci maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə, 01 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə sınaq müddəti bitmişdir. (Cild 1, iş vərəqləri 105-106) Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluqları ödənilmiş sayılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən peşman olması, etirafedici ifadələr verməklə istintaqla əməkdaşlıq etməsi də onun cəzasını yüngülləşdirən hallar kimi də nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 04 aprel 2025-ci il tarixli qərarı ilə barəsində seçiliş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 213-216) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertizadan sonra qalıq qalmış 4489,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 4489,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar