Məhkəmə qərarları › İş №1(124)-32/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-32/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-32/2025 15.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cü il tarixdə Abşeron rayonu Hökməli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində satış məqsədi olmadan qanunsuz olaraq, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 01 ədəd sellofan bükümdə çəkisi 7,553 qram olan külli miqdarda narkotik vasitə heroini və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 01 bükümdə çəkisi 1,449 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini 100 manat müqabilində əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış və üzərində saxlamış, 13 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-yə gətirilib, orada həmin gün saat 04:30-dan 04:38-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 7,553 qram çəkidə narkotik vasitə heroin və 1,449 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etmiş, lakin üstündə ittihamda qeyd olunan narkotik vasitə olmamışdır. Evdən çıxıb marketə getmiş, bazarlıq edib evə qayıdanda uşaqlarla söhbət etdiyi zaman polis əməkdaşları gəlib onu aparmış, həmin vaxt üstündə heç nə olmamışdır. İttiham aktında narkotik vasitəni Yasamal rayonundan aldığı qeyd edilsə də, o, Yasamal rayonuna nə vaxt getdiyini belə xatırlamamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq narkotik vasitə heroin istifadə etdiyini, metamfetamin istifadə etmədiyini bildirmişdir. O, gecə saat 12-1 radələrində saxlanılmış, “Nur” marketdən çıxıb evə gedəndə məhlə uşaqlarını görüb salamlaşmış, söhbətləşən vaxt əməliyyatçılar gəlmişdir. Söhbət etdiyi şəxslər məhlədən tanıdığı Sabir Soltanov və Şahin Əliquliyev olmuş, Şahinin narkotik vasitə istifadə etdiyini və üstündə narkotik vasitə olduğunu bilməmişdir. Polis əməkdaşları 1 kq narkotik vasitə aparıb evinə qoyacaqlarını dedikləri üçün məcbur qalıb onlarla razılaşmış, bütün bu hallar barədə sanksiya məhkəməsində hakimə və prokurora məlumat vermişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq saxlanıldığı günün səhər saatlarında narkotik vasitə qəbul etdiyini, 4 nəfər polis əməkdaşı tərəfindən Sabir və Şahinlə birlikdə tutulub aparıldıqlarını, üzərlərinə şöbədə baxış keçirildiyini, şöbəyə aparılanadək üzərinə baxış keçirilmədiyini bildirmişdir. Şöbədə ona qarşı təzyiq göstərilmiş, polis əməkdaşları 1 kq narkotik vasitəni çəkiliş ilə evdən çıxaracaqlarını dedikləri üçün sənədlərə imza çəkmiş, sonradan istintaq zamanı heç bir sənədə imza çəkməmiş, müstəntiqə heç bir sənədə imza çəkməyəcəyini bildirmişdir. Saxlanılan zaman vəkil də orada olmuş, lakin ona ittiham veriləndə kömək etməmiş, ona istintaq zamanı sənədlərə imza çəkməsi deyiləndə isə vəkil orada olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq videoda polis əməkdaşlarının dediyi sözləri təkrarladığını, onların 1 kq narkotiki çəkiliş ilə evdən çıxaracaqlarını dedikləri üçün məcbur sənədlərə imza çəkdiyini, sonrakı sənədlərdəki imzaların ona məxsus olmadığını bildirmişdir. Üzərində metamfetamin olmamış, təxminən 1 ildir ki, narkotik vasitə heroin istifadə etmiş, metadon və metamfetamin istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Kamal Qasımov küçəsi ilə piyada yaşadığı evə gedən zaman mülki geyim formasında olan iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Daha sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video görüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq tünd göy rəngli cins şalvarının sağ yan cibində olan şəffaf rangli sellofana bükülmüş bükümü təqdim edərək içərisində iki ədəd büküm olduğunu, həmin bükümlərdən birinin içərisində heroin, digər bükümün içərisində isə metamfetamin olmasını bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə axşam radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 100 manat məbləğində öz şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı maddələri də özü istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Abşeron RPİ-nin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə baxış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin CAŞın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində təqsirləndirilən şəxsi əvvəlcədən tanımadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, digər məlumatları, həmçinin əməliyyata kimin rəhbərlik etdiyini xatırlamadığını, əməliyyat zamanı 2 nəfər olduqlarını bildirmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq təqsirləndirilən şəxsin gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirildiyini, bölmədə 17 əməliyyatçı olduğunu və ola bilər ki, sənədləri rəsmiləşdirdikdən sonra gedib qayıtdığını bildirmişdir. Şahid müdafiəçinin suallarına cavab olaraq saatı dəqiq xatırlamadığını, Təqsirləndirilən şəxs gecə saatlarında saxlanıldığını, həmin vaxt başqa şəxsin saxlanılmadığını, heç bir digər prosesdə iştirak etmədiyini, hadisələrin raportda qeyd edildiyi ardıcıllıqda olduğunu bildirmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq Sabirin və Xanbalanın dəqiq hansı saatlarda saxlanılmasını xatırlamadığını, gecə saatlaında saxlanıldıqlarını, tədbirlər çox olduğu üçün yadından çıxdığını, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq Şahid1 xatırlamadığını bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində narkotik vasitələri üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə 13 oktyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 2 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olan zaman orada Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroini və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bır büküm ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində toz şəkilli bir büküm heroin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kristal formalı bir büküm metamfetamin içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy cins şalvarın sağ yan cibindən aşkar olunmuş 02 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Xanbala bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroin və 01 ədəd bükümdəki ağ rəngli kristal formalı maddə psixotrop maddə olan metamfetamindir. O, həmin maddələri 100 manata xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin CAŞın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində Xanbala ilə əvvəlcədən heç bir münasibəti, tanışlığı olmadığını, təqsirləndirilən şəxsin Hökməli kəndində saxlanılaraq Abşeron RPİ-ə dəvət edildiyini, Təqsirləndirilən şəxs idarədə olan zaman cibində olan bükümləri könüllü şəkildə təqdim etdiyini və istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, onlar da Xanbalaya qarşı heç bir qanunsuzluq etməmişdirlər. Şahid müdafiəçinin verdiyi suallara cavab olaraq təqsirləndirilən şəxsi saxladıqları günü və saatı dəqiq xatırlamadığını, Xanbalanı qış ayında gecə vaxtı saxladıqlarını, əməliyyat məlumatının nə vaxt və hansı şəraitdə daxil olduğunu xatırlamadığını bildirmişdir. Əməliyyat məlumatı Xanbala adlı şəxsin Hökməli kəndində narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Xanbalanın adı və soyadı onlara məlum olmuş, lakin xarici görünüşünü bilməmiş, özünə yaxınlaşaraq şəxsiyyətini müəyyənləşdirmişdirlər. O, Xanbalanı tək saxladıqlarını, həmin gün həmin əraziyə neçə dəfə getdiklərini xatırlamadığını, orada Şahid1la birlikdə olduqlarını, həmin gün Hökməli kəndində digər əməliyyatların keçirilməsinin də mümkün olduğunu bildirmişdir. O, X9 Məlikovun ayrı-ayrı saxlanılaraq rəsmiləşdirildiyini, həmin gün bu şəxslərdən əlavə bir nəfərin də tutulduğunu, lakin həmin şəxsin onun tərəfindən tutulmadığını, birinci hansı şəxsin tutulmasını xatırlamadığını qeyd etmişdir. Sabirlə Xanbalanın hər ikisinin tutulmasında iştirak etmişdirsə, orada ziddiyyət olmadığını, ola bilər ki, Xanbalanı təhqiqatçı Nurlanın yanına apardıqdan sonra digər şəxsi tutduqlarını, onu da bölməyə gətirdikdən sonra videoçəkilişlə Xanbalanın üzərinə aparılan baxışda iştirak etdiyini, lakin bu prosesləri dəqiq xatırlamadığını bildirmişdir. Şahid təqsirləndirilən şəxsin sualına cavab olaraq onun üzərində narkotik vasitənin olmaması barədə dediklərinin yalan olduğunu bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Vəkil Bürosunun vəkili X12 ifadəsində bildirmişdir ki, onlar ilk öncə orderin əslini yazmış, məktub və qərar əsl orderə tikilmiş, daha sonra isə surətini göndərmiş, vəkil sorğu əsasında orderi Abşerondan götürmüş, cinayət işi materiallarında olan order onun ikinci surətidir. O, Xanbalanı xatırladığını, növbətçilik cədvəlinə, yəni qrafikə uyğun olaraq hər ayın 12-si onun növbə günü olduğunu, səhv xatırlamırsa, 12 oktyabr tarixində büroya məktub daxil olduğunu, həmin gün çox işi olduğunu, ən çox da polis idarəsində olduğunu, büroda vəkillərin hansı gün növbədədirlərsə, gecə yarısı belə olsa həmin günün tarixini yazdıqlarını, əks təqdirdə növbəti gün gələn vəkil bəzən 13-ü tarixini yazdıqda anlaşılmazlıqların olduğunu bildirmişdir. Yəni tarix ayın 12-dən 13-nə keçən gecə ayın 13-ü olsa belə, o, növbədə olduğu günü — ayın 12-ni orderdə qeyd etmiş, növbəti gün qarışıq düşməsin deyə belə yazmışdır. O, idarəyə oktyabrın 12-dən 13-nə keçən gecə saat 00-dan sonra gecə yarısı telefonla çağırılmış, büroya yaxınlaşaraq qərar təqdim etdikdən sonra isə onlar polis bölməsinə getmişdirlər. O, Xanbalanı tək görmüş, Xanbala həmin vaxt sənədləri özü imzalamış, müdafiəçi kimi orada iştirak etmiş, istintaq zamanı da orada olmuş, MSY-də Xanbalanın sənədlərə imza çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs sədrlik edənin suallarına cavab olaraq bölməyə gətirildikdən 2- 3 saat sonra vəkilin gəldiyini, vəkil olmadan da üzərinə baxış keçirildiyini, yalnız çəkilişdə vəkili gördüyünü, vəkilin bölmədə ondan heç nə soruşmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 ifadəsində bildirmişdir ki, həmin gün əməliyyat qrupunda olmuş, Xanbala gecə saatlarında narkotik vasitənin dövriyyəsində şübhəli şəxs kimi gətirilmiş, sənədləşdirilərək məlumatlar istintaqa göndərilmişdir. Həmin gün ərzində başqa şəxslərin də sənədləşdirilməsinin olduğunu, bir gün ərzində iki-üç, hətta dörd narkotik işini sənədləşdirdiklərini bildirmişdir. Tutulma protokolunda saatın göstərilməməsinin mümkün olmadığını, Təqsirləndirilən şəxs saat 03 radələrində saxlanıldığını, 04:10-da şübhəli şəxs kimi tutulduğunu və 04:30-da üzərinə şəxsi axtarış keçirildiyini qeyd etmişdir. Vəkilin iştirak etdiyi tarixə uyğun order gətirdiyini, şəxs ayın 13-ü saxlanılıbsa, orderdə də ayın 13-ü qeyd edilməli olduğunu, həmin vaxt ayın 12-si növbədə olan vəkili çağırdıqlarını, orderə fikir vemədiyini, orderdəki ayın tarixini indi gördüyünü bildirmişdir. Şəxsi axtarış zamanı səhv xatırlamırsa, həm heroin, həm də metamfetamin aşkar olunmuş, sənədləşdirmə aparılarkən Təqsirləndirilən şəxs tək olmuş, ilkin izahatı alarkən Xanbalanın 03:00-da saxlanıldığını bildirməsi səbəbindən izahatda da həmin məlumat qeyd olunmuşdur. Yəqin ki, Təqsirləndirilən şəxs kimi ifadəsində saat 02:00-da tutulduğunu və ya başqa saatda tutulduğu qeyd etdiyi üçün şəxsin ifadəsinə əsaslanaraq cəlb hissəsinə saat 02:00 yazılmışdır. O, Sabir Soltanovun tutulması ilə bağlı məlumatı olmadığını, şəxsin özündən izahat almamışdan öncə əməliyyatçıdan soruşduqlarını, təqsirləndirilən şəxsin dediyi ilə uyğun gəlirsə, həmin tarixi yazdıqlarını, bu zaman təqsirləndirilən şəxsin dediyi ilə əməliyyatçının dedikləri arasında 4-5 saat fərq olmadığını bildirmişdir. Şəxsin saxlanma vaxtı həm özünün, həm də əməliyyatçının ifadəsi ilə müəyyən edilmiş, Təqsirləndirilən şəxs saat 03:00-da saxlanılmış, 04:00-05:00 arasında sənədləşdirmə aparılmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, 12 oktyabr tarixində saat 23 radələrində Şahinlə Hökməli kəndində yerləşən “Nur” marketə siqaret almaq üçün getmiş, Xanbala da bazarlıq edib kassanın qabağında əlində sellofonla dayanmış, siqaret alıb birlikdə marketdən çıxanda, mağazadan 5-6 metr aralıda polis əməkdaşları onlara yaxınlaşmış, daha sonra üstlərinə baxış keçirilərkən onlar da üzərində olanı çıxarıb təqdim etmişdirlər. Xanbalanın üzərinə baxış keçirdikdə heç nə aşkar olunmamış, lakin onu da polis idarəsinə aparmışdırlar. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Həmin vaxt Şahinin də, onun da üzərindən narkotik vasitə aşkar olunmuş, Xanbaladan isə heç nə aşkar olunmamış, üzərindən mobil telefon aşkar olunmasını xatırlamamışdır. O, Şahinlə bir məhlədə qaldıqlarını, Xanbalanın isə bir az aralı məsafədə yaşadığını, narkotik vasitəni Şahinlə birlikdə almadıqlarını, lakin Şahinlə birlikdə narkotik vasitə istifadə etdiyi vaxtların olduğunu, Xanbala ilə birlikdə narkotik vasitə istifadə etmədiklərini bildirmişdir. Xanbalanın narkotik vasitə istifadəsi ilə bağlı heç bir məlumatı olmamış, onu maşın ustası kimi tanımışdır. Saxlanıldıqdan sonra üzərlərinə baxış keçirilmiş, daha sonra hər üçü bölməyə aparılmış, üzərlərindən çıxanlar polis əməkdaşlarında qalmış, polis bölməsinə bir maşında aparılmış, bölmədə ayrı düşmüşdürlər. Polis bölməsində digərlərinin üzərinə keçirilən baxışda iştirak etməmiş, hər üçünün çəkilişi ayrı-ayrılıqda olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, Sabirlə Hökməli kəndində yerləşən “Nur” marketə siqaret almaq üçün getmiş, Xanbala da bazarlıq edib kassanın qabağında əlində sellofonla dayanmış, siqaret alıb birlikdə marketdən çıxanda, mağazadan 5-6 metr aralıda qara “Hundai” markalı maşın yaxınlaşmış, 4 nəfər özlərini təqdim edərək polis olduqlarını və baxış keçirəcəklərini bildirmişdirlər. Həmin vaxt onun və Sabirin üstündə narkotik vasitə olmuş, daha sonra Xanbalanın üstünə baxdıqda heç nə aşkar olunmamışdır. O, üstündə 2 qram narkotik vasitə olduğunu, lakin bölmədə döyülərək 7-8 qram narkotik vasitənin onun üstünə qoyulduğunu, özünün təqsirləndirildiyi işdə Təqsirləndirilən şəxs və Sabir Soltanovun adlarını çəkmədiyini bildirmişdir. O, saxlanıldıqları günü və saatı dəqiq xatırlamadığını, ayın 12-si ya da 13-ü axşam saatlarında saxlanıldıqlarını, polis bölməsinə bir maşında aparıldıqlarını qeyd etmişdir. Yanlarında Xanbalanın üzərinə axtarış aparanda görmüş, lakin bölmədə görməmişdir. Üstlərinə bölmədə baxılmış və narkotik vasitəni də orada vermişdirlər. O, polisdə vəkilinin kim olduğunu xatırlamamış, Xanbalanın telefon nömrəsini və onun üstündə telefon olduğunu dəqiq bilmədiyini qeyd etmişdir. Yanlarında Xanbalanın üzərinə baxanda heç nə görməmiş, onun üzərindən heç nə aşkar olunmamış, əlində ev üçün marketdən aldığı ərzaqlar olmuşdur. O, Xanbalanı buraxacaqlarını düşünmüş, sonradan onun da tutulmasından xəbəri olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində narkotik vasitə olan heroini və psixtorop maddə olan metamfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə Abşeron RPİ-yə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini və ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 12 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 100 manat müqabilində aldığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 6/5372 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik və psixotrop maddə” yazısı və imzalar olan paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,553 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,449 qram ağ rəngli kristallar kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 11 dekabr 2023-cü il tarixli, 8122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 312 45 04 saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 18:23-də Masazır qəsəbəsi, Təzə yol 1-ci km Beton zavodu ərazisində olduğu müəyyən edilmiş, qeyd olunmuş nömrənin anten əhatə dairəsində iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 4/2032 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 10-cu vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza; 13-14-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində olan "Məlikov” soyadının qarşısındakı imza; 17-ci vərəqində olan müdafiəçinin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 22-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 23-24-cü vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza; 25-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 26-cı vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə "Bildirişi aldım:" qrafasındakı imza; 27-ci vərəqində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli qərarda "Şübhəli şəxs:" qrafasındakı imza; 29-cu vərəqində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 30-31-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında və “3)” rəqəminin qarşısındakı imzalar, 2-ci vərəqində "3.” Rəqəminin qarşısındakı imza; 36-cı vərəqində olan xx.xx.2023-cü il tarixli izahatın 1-ci səhifəsində "İmza qrafalarındakı imzalar, 1-ci səhifənin aşağısında soldan-sağa 1-ci imza, 2-ci səhifəsində "Təqsirləndirilən şəxs" sözlərinin qarşısındakı imza; 46-cı vərəqində olan şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 50-ci vərəqində olan şübhəli şəxsə etiraz hüququnun izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 51-52-ci vərəqlərində olan şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqlərinin aşağısındakı soldan-sağa 1-ci imza, 2-ci vərəqində "İmza:" qrafasındakı imza; 53-54-cü vərəqlərində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərarın 2-ci vərəqində "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 56-cı vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza; 57-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 58-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 59-60-cı vərəqlərində olan xx.xx.2023-cü il tarixli bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 61-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs: qrafasındakı imza; 62-ci vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə "Bildirişi aldım:" qrafasındakı imza; 63-64-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli dindirmə protokolunun 1-ci vərəqində "İmza:" qrafalarındakı imzalar, 2-ci vərəqində "İmza:" qrafasındakı imza; 65-ci, 66-cı vərəqlərində olan xx.xx.2023-cü il tarixli protokollarda "Təqsirləndirilən şəxs:" qrafalarındakı imzalar; 108-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 117-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs: qrafasındakı imza; 119-cu vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs: qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılarkən məruz qaldığı qanunsuzluq və pis rəftarla bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 oktyabr 2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” və 29 yanvar 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,503 qram narkotik vasitə heroin və 1,399 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 01 ədəd DVD formatlı disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəmə istintaqı zamanı öyrənilərkən məlum olur ki, Sabir Soltanov xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron RPİ-nin əməliyyatçıları Şahid1 və Şahid2 tərəfindən saxlanılmış, Abşeron RPİ-nin təhqiqatçısı Aslan Allahverdiyev tərəfindən onun xidməti otağında xx.xx.2023-cü il tarix, saat 05:20-dən saat 05:40-a qədər üzərində şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarış zamanı da Şahid1 və Şahid2 iştirak etmişdirlər. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlanması ilə Sabir Soltanovun saxlanması arasında yaranmış vaxt fərqi Təqsirləndirilən şəxs saxlandıqdan sonra idarəyə təhvil verilməsinə, daha sonra Sabir Soltanovun saxlanılaraq idarəyə gətirilməsinə və daha sonra Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştirak etməsinə kifayət etmişdir. İş materiallarından məlum olur ki, hər iki şəxs ayrı-ayrı vaxtlarda Abşeron rayon polis idarəsində təhqiqatçılara təhvil verildikdən sonra ardıcıl olaraq üzərlərinə baxış keçirilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, ailə üzvləri ilə Abşeron rayonu Hökməli qəsəbəsi, M.Əliyev küçəsi, ev 35-də yaşayan Təqsirləndirilən şəxs barəsində Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq — xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X6 vardır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tutulan zaman üzərində ittiham aktında göstərilən narkotik vasitənin olmaması, psixotrop maddədən ümumiyyətlə istifadə etməməsi və üzərində olmaması, polis əməkdaşlarının təzyiqi nəticəsində qeyd olunan narkotik vasitə və psixotrop maddəni öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. X8 və X1 təqsirləndirilmələrinə dair cinayət işləri məhkəmə istintaqı zamanı tədqiq edilərkən məlum olur ki, Sabir Soltanov və Şahin Əliquliyev təqsirləndirildikləri cinayət işləri üzrə həm ibtidadi istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilə birlikdə saxlandıqlarını bildirməmiş, həmin xüsusatla bağlı ümumiyyətlə heç bir fikir səsləndirməmişlər. Məhkəmə istintaqı zamanı hər iki şəxs şahid kimi dindirilərkən onlar barəsində müvafiq hökm çıxmış və onlar cəzaçəkmə müəssisəsində olmuşdurlar. Ona görə də məhkəmə, X8 və X1 Təqsirləndirilən şəxs cinayət işi üzrə onun xeyrinə ifadə vermələrini istisna etməməklə həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 7,503 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 1,399 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 177 (yüz yetmiş yeddi) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 7,503 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 1,399 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 177 (yüz yetmiş yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar