Məhkəmə qərarları › İş №1(124)-320/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-320/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-320/2024 22.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1993-cü il tarixdə Kürdəmir rayonu, Mürtülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, orta təhsilli, Kürdəmir rayonu, Mürtülü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin dediyi kart hesabına əlli manat ödəməklə həmin naməlum şəxsin Abşeron rayonu, Saray qəsəbəsi, “Saray xəstəxanası” dairəsi adlanan ərazidə yolun kənarına qoyduğu külli miqdarda, 2,185 qram çəkidə narkotik vasitə heroini və 0,956 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək götürüb üzərində saxlamaqla oradan uzaqlaşarkən 25 may 2023-cü il tarixdə saat 04:00 radələrində Abşeron Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılıb, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına gətirildikdən sonra, həmin gün saat 05:00-dan 05:20-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq sarı rəngli cins şalvarının sağ yan cibindən həmin bir bükümdə külli miqdarda 2,185 qram çəkidə narkotik vasitə heroin və bir bükümdə 0,956 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, həqiqətən də onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuş, lakin ondan aşkar olunan heroinin çəkisi 1 qram və metamfetaminin çəkisi isə 1 qrama yaxın olmuşdur. Yəni onda ümumilikdə 2 qrama yaxın, lakin 2 qram olmayan çəkidə narkatik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Həqiqətən də həmin kütləni 50 manat müqabilində əldə etmişdir. İttiham aktında göstərilən tarixdə sosial şəbəkədə tanış olduğu iranlıya 50 manat ödəmiş, həmin şəxs ona konum atmış və o, gedib sözügedən kütləni götürmüşdür. O, gecə radələrində saxlanılaraq polis bölməsinə gətirilmiş, polis bölməsində döyülmüş, fiziki təsirə məruz qalmışdır. Ondan daha artıq kütləni boynuna alması tələb olunmuşdur. Hər dəfə o etiraz etdikdə video çəkiliş dayandırılmış, ona təzyiqlər olmuşdur. Bu barədə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən məhkəməyə söyləməsə də, istintaq təcridxanasına qəbul olunarkən orada bildirmişdir. Çünki onun həmin vaxt qolu sınmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəni ondan aşkar olunan narkotik vasitə heroinin çəkisi istisna olmaqla təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir ay olar ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Narkotik vasitələri əsasən sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı tanımadığı şəxslərdən alır. 25 may 2023-cü il tarixdə gecə saatlarında “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, tanımadığı şəxsin ona yolladığı lokasiya əsasında Abşeron rayonu, Saray qəsəbəsi, “Saray xəstəxanası” dairəsi adlanan ərazinin yaxınlığına gəlib 50 manat pul müqabilində 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini və 01 ədəd şəffaf sellofan bükümdə metamfetamini həmin yerdən götürüb boş “Sobrania” markalı siqaret qutusunun içərisinə qoyub istifadə etmək məqsədi ilə əynindəki şalvarın cibinə qoymuşdur. Bir qədər sonra üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq sorğu-sual etmişlər. Həmin vaxt o, qorxduğu üçün polis əməkdaşlarına üzərində narkotik vasitə gəzdirdiyini etiraf etmişdir. Daha sonra polis əməkdaşları onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən birlikdə Abşeron rayon Polis İdarəsinin X13 getmişdir. Bölmədə ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. O, heç bir etirazı olmadığını bildirdikdən sonra əvvəlcə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan açıq sarı rəngli cins şalvarının sağ yan cibində saxladığı “Sobrania” markalı siqaret qutusunun içərisindəki bir bükümdə heroini və bir bükümdə metamfetamini təqdim etmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Üzəri o, vəkili və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür (cild 01, iş vər. 53-55). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, üstündən xeyli vaxt keçdiyinə görə tam xatırlamasa da, 2023-cü ilin may ayında gecə radələrində 5716 çağırışlı avtopatrulla Abşeron rayonu, Saray qəsəbəsində iş yoldaşları Şahid3 və Şahid2la birlikdə xidmətdə olarkən Saray qəsəbəsinin hazırda yerini dəqiq xatırlamadığı ərazisində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Şəxs özünü şübhəli aparmışd, həmçinin həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığı üçün onu X13 dəvət etmişlər. X11 şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, şəxs özü üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra o, şübhəli şçəxs qismində tutulmuş, müdafiəçinin də iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində olan “Sobrania” markalı siqaret qutusunun içərisindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Daha sonra aşkar olunan maddələr qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmiş, özü könüllü üzərində narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, ona qarşı güc tətbiq olunmamış, şəxs nə saxlanılarkən, nə də polis bölməsində ona təsir və ya təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 01, iş vər. 97-100). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfərləri Şahid1, Şahid3 və Şahid2 həmin tarixdə xidmətdə olarkən gecə saat 04:00 radələrində Saray qəsəbəsində xəstəxana dairəsi yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmış, şəxsin üzərində şəxsiyyət vəsiqəsi olmadığından, o, polis bölməsinə dəvət edilmişdir. Növbətçi Hissədə məlum olmuşdur ki, bu şəxs xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Həmin şəxs üzərində narkotik vasitə olduğunu və ondan istifadə etdiyini bildirmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan açıq sarı rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə külli miqdarda 2,185 qram çəkidə narkotik vasitə heroin və bir bükümdə 0,956 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, müvafiq axtarış və götürməni əks etdirən video görüntü CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 23-24). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 25 may 2023-cü il tarixli, 6/3013 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 246" möhür ǝksi, ...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,185 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,956 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 29-31). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 08 iyul 2023cü il tarixli, 4249 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 110-111). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 avqust 2023-cü il tarixli 2287 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu (F.60.3) aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X4 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 118-120). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 122- 129). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfərləri Şahid1, Şahid3 və Şahid2 xidmətdə olarkən gecə saat 04:00 radələrində Saray qəsəbəsində xəstəxana dairəsi yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmış, şəxsin üzərində şəxsiyyət vəsiqəsi olmadığından, o, polis bölməsinə dəvət edilmiş, Növbətçi Hissədə həmin şəxsin xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, həmin şəxs üzərində narkotik vasitə olduğunu və ondan istifadə etdiyini bildirmiş, şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış nəticəsində onun üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, 01 ədəd bükümdə psixotrop maddə metanfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin çəkisinin polis əməkdaşları tərəfindən artırılması, o cümlədən polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Həmçinin, Bakı İstintaq Təcridxanasından sorğu edilərək götürülmüş şəxsin tibbi kartoçkasının surətindən görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına qəbul olunarkən müayinədən keçmiş, lakin onda hər hansı döyülməyə xarakterik xəsarət aşkar olunamamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası və 2017-ci il təvəllüdlü bir azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində fərdi yaşayış evində yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 102-103). İş materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Cəfərov Tunar Telman oğlu sağlamlıq imkanları məhdud uşaq olmaqla kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir (cild 01, iş vər. 105). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-in 333.1 və 333.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 81-83). Təqsirləndirilən şəxs əməlində CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallardan himayəsində bir azyaşlı uşağın olması müəyyən olunur, o cümlədən onun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 18, 63-64). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 2,085 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,906 qram olan psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 110 AZN (bir yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 2,085 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,906 qram olan psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 110 AZN (bir yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar