Məhkəmə qərarları › İş №1(124)-321/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-321/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-321/2022 31.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X6 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx xxx 1997-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 21.03.2022-ci il tarixdə saat 20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ,yəni sürücülük vəsiqəsi olmadan 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində Khazar LX markalı ** BN *** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobili 80-85 km/saat sürətlə idarə edib Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 14,8-ci kilometrliyində Bakı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyib piyada keçidi ilə yolun solundan sağına keçməkdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs onurğa beyninin zədələnməsi ilə müşayiət olunan 2-ci və 3-cü boyun fəqərələrinin sınıqları, kəskin daxilə qanaxma ilə nəticələnmiş qaraciyər və dalağın cırılmış yaraları, qarının və sol budun qançırları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin mart ayının 21-də saat 20 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan Khazar LX markalı avtomobillə Müşviq qəsəbəsindən çıxıb Bakı-Şamaxı yolu ilə üzü Bakı şəhəri istiqamətində hərəkət edərkən piyada keçidində piyada zolağı ilə yolu keçən piyada qadını vurmuşdur. O, piyada zolağına 6-10 metr məsafə qalanda piyadanı görmüşdür. Daha öncə onun piyada zolağı ilə yolu keçdiyini görməmişdir. Hadisədən dərhal sonra avtomobili saxlamış və oraya toplaşan adamlarla köməkləşib vurduğu piyada qadını yoldan keçən bir avtomobilə yerləşdirib xəstəxanaya aparmışdır. Bundan başqa, o, qeyd etmişdir ki, 2020-ci il 27 sentyabr tarixində başlanılmış 44 günlük Vətən müharibəsində iştirak etmiş və Zəngilan rayonunda minaya düşərək ayağının birini itirmişdir. Həmçinin o, 44 günlük Vətən müharibəsinə könüllü getdiyini, hərbi xidmətdə olduğu dövrdə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə də iştirak etdiyini, ayağını itirdiyinə görə mütəmadi olaraq dərmanlar, ağrıkəsicilər qəbul etdiyini və hadisə olan gün dərmanlar üzərində olmadığı üçün tez bir zamanda Bakıya çatıb dərmanları qəbul etmək üçün maşını sürətlə sürdüyünü göstərmişdir. Buna görə də o, hadisə baş verən yolda müəyyən edilmiş sürət həddi 70-75 km/saat olmasına baxmayaraq o, avtomobili təxminən 80-85 km/saat sürətlə sürmüşdür. Hadisədən az əvvəl piyada yolu piyada zolaqları ilə asta addımlarla keçsə də avtomobili görüb iti qaçışla yolu soldan sağa keçməyə başlamışdır. Elə həmin anda da piyadanı piyada zolaqlarında maşınla vurmuşdur. Qazi olduğu üçün həmin avtomobil ona dövlət tərəfindən verilmiş, lakin o, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Həmçinin o, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, lakin barışıq əldə edə bilmədiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Birgə nigahdan 3 övladları var. 2022-ci ilin mart ayının 21-də saat 19:45 radələrində təqsirləndirilən şəxs idarə etdiyi Khazar LX markalı avtomobillə yolu keçən piyada arvadı Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxtı o da azyaşlı oğlunun əlindən tutub Rəna ilə birlikdə piyada zolağı ilə yolu keçirmiş. Rəna qabaqda getdiyinə görə avtomobil yalnız Rənanı vurmuşdur. Hadisədən sonra yolla hərəkət edən taksini saxladıb arvadını həmin taksiyə yerləşdirib xəstəxanaya aparmışdır. Əmisi oğluna zəng edib hadisə barədə məlumat vermişdir. Lakin təqsirləndirilən şəxs onunla xəstəxanaya gəlməmişdir. Onlar xəstəxanaya çatdıqdan sonra təqsirləndirilən şəxs də xəstəxanaya gəlmişdir. Daha sonra polislər gəlib onu aparmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 mart 2022-ci il tarixli protokoldan, həmin protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəldən görünür ki, hadisə Bakı-Şamaxı- Yevlax yolunun 14,8-ci kilometrliyində piyada keçidi hissəsində baş vermişdir. Hadisə yerinin ətraflı sxemi tərtib edilməklə və hadisə yerinin, həmçinin avtomobilin müxtəlif hissələrdən ümumi görüntülərini əks etdirən fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 7-18) Cinayət işi materiallarına əlavə olunan BDYPİ-nin 710 saylı stasionar DYP postunda yerləşdirilmiş müşahidə nəzarət kamerasının görüntülərini özündə əks etdirən diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmə də tərəflərin iştirakı ilə baxılarkən müəyyən edildi ki, 21 mart 2022-ci il, saat 20 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 14.8-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olan Khazar LX markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkəti istiqamətində yolun solundan piyada keçidinə daxil olaraq yolun sağına doğru əvvəlcə asta yerişlə hərəkət edən, daha sonra qaçan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuşdur. (Cild 1, iş vərəqləri 50-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi müayinəsinə dair keçirilmiş ekspertizasının 08.04.2022-ci il tarixli, 38 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər onurğa beyninin zədələnməsi ilə ilə müşayiət olunan 2-ci və 3-cü boyun fəqərələrinin sınıqları, kəskin daxilə qanaxma ilə nəticələnmiş qaraciyər və dalağın cırılmış yaraları, qarının və sol budun qançırları həyati olub, ölümündən az əvvəl bərk kü əşya (əşyalar) təsirindən törənmişlər, 21.03.2022-ci il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb onurğa beyninin zədələnməsi ilə ilə müşayiət olunan 2-ci və 3cü boyun fəqərələrinin sınıqları fonunda daxili qanaxma ilə nəticələnmiş qaraciyərin və dalağın travmatik zədələnməsi olmuşdur İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək etmək olar ki, ölüm onun meyitinin meyitxanadakı (21.03.2022, saat 23:00) müaynəsindən 4-5 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 60-65) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının ekspertizasının 05 aprel 2022-ci il tarixli, 8/780 nömrəli rəyindən görünür ki, Khazar LX markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Khazar LX markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80-85 km/saat sürətlə idar etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. (Cild 1, iş vərəqləri 56-58) Cinayət işinin materiallarında olan 22 mart 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 20) Cinayət işinin materiallarında olan DİN-nin BDYPİ-nin Qİİ tərəfindən verilmiş 31.03.2022-ci il tarixli, 016-40008-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. (Cild 1, iş vərəqi 31) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 aprel 2022-ci il tarixli qərara əsasən yol-nəqliyyat hadisənin baş vermə video görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 66-68) Cinayət işinin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 mərhum Zərərçəkmiş şəxs əri kimi qeydə alınmışdır. (Cild 1, iş vərəqi 41) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində əsas və əlavə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 29-30) Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağın olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə təqdim olunaraq iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan SX seriyalı ******* №-li hərbi biletinin surətində görünür ki, Nicat Sultalı 29 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası MN-nin N saylı hərbi hissəsinin şəxsi heyətinin siyahısına daxil edilməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə iştirak etmiş və “sol bud baldır nahiyəsinin sınığı, sol daban nahiyəsinin qəlpəli sınığı, sol ayağının amputasiyası, burun nahiyəsinin sınığı və qulaq pərdələrinin partlaması” kimi yaralanmalar almışdır. Məhkəmədə təqdim olunaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası MN-nin Hərbi Həkim Komissiyasının 28 oktyabr 2020-ci il tarixli qərarına əsasən tərtib olunmuş 3611 №-li arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs aldığı travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Məhkəmədə təqdim olunaraq iş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci madddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə iştirak etməsi, bunun nəticəsində hərbi travma alaraq ayağını itirməsi, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsi, evli olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi də onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunun yuxarıda göstərilən tələblərini rəhbər tutub təqsirləndirilən şəxsə təyin ediləcək əsas cəza kimi azadlıqdan məhrum etmə cəzasının həddi və cəzaçəkmə müəssisəsinin növü ilə bağlı müzakirələr aparmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin saksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin edilməli və təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin saksiyası ilə əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə, Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə bu növdə əlavə cəzanın da təyin edilməsini əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək əsas və əlavə cəzaların həddi ilə nəticəyə gələrkən “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının izah və tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Plenum Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə əsasən, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın hesablanmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinin və icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan hadisənin baş vermə video görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Sultanlı Nicat Məmi oğluna təyin edilmiş əlavə cəza – nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza üçün müəyyən edilmiş müddətə şamil edilsin. Sultanlı Nicat Məmi oğlu barəsində seçilmiş başqa yerə getməmək növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sultanlı Nicat Məmi oğlunun məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Sultanlı Nicat Məmi oğlundan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar