Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-321/2024 14.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən 1 ədəd şəffaf sellofan bükümdə 5,574 qram çəkidə olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisinə daşıyaraq, üzərində saxlamış, 16 may 2023-cü il tarixdə saat 14 radələrində Abşeron RPİ-in X13 daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Ucuz” marketin qarşısında saxlanılaraq Abşeron RPİ-in X11 inzibati binasına gətirilib həmin gün saat 15:20-dən 15:45-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 5,574 qram olan külli miqdarda ağ rəngli kristallik-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, 16 may 2023-cü il tarixdə günorta radələrində Abşeron rayonu,Ceyranbatan qəsəbəsində yerləşən Ucuz marketin qarşısında iki yaşlı oğlu ilə birlikdə olarkən polis əməkdaşı ona yaxınlaşıb və ona bölməyə getməli olduğunu deyib. O uşağı anasına verdikdən sonra gələ biləcəyini desə də polis bölməyə getməkdə təkid edib. Bölmədə ikən ona təzyiq göstəriblər. Onun cibinə narkotik vasitə qoyublar. Daha sonra isə ona uşağı buraxmamaqla təzyiq göstəriblər. O isə belə olan halda razılaşmaq məcburiyyətində qalmışdır. Sonradan qardaşına məlumat verilmiş və o gəlib uşağını aparmışdır. Sonra Abşeron Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmişdir. Üzərinə çəkiliş aparılmadan şəxsi axtarış aparılmışdır. Ona övladı və ailəsi ilə təzyiq olunduğundan həmin narkotik vasitəni boynuna götürmüşdür Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, şiyə təriqətli namaz qılır. 2009-cu ildə İran İslam Respublikasının Qum şəhərinə gedib orada 5 il müddətində, yəni 2014-cü ilin sonunadək islam dini haqqında ali təhsil almışdır. 2015-ci ildən 2019-cu ilədək isə hər il mütəmadi olaraq İran İslam Respublikasında Məşəd və Kərbəla ziyarətlərinə gedib gəlmişdir. Lakin, 2019-cu ildən ümumdünya Covid-19 pandemiyasma görə sərhədlər bağlı olduğu üçün daha həmin ziyarətlərə gedə bilməmişdir. 16 may 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Ceyranbatan qəsəbəsində günorta namazını qılıb qurtardıqdan sonra digər küçədə yerləşən “Ucuzluq” marketə alış veriş üçün piyada gedərkən yol kənarında 1 ədəd şəffaf sellofan büküm görmüşdür. O, həmin sellofan bükümü yerdən götürüb baxarkən içərisində ağ rəngli kristall hissəciklərin olduğunu görüb psixatrop maddə olduğunu fikirləşib kiminsə istifadə etməməsi üçün götürüb əynindəki boz rəngli parça şalvarın sağ yan cibinə qoymuş ki, evə gedəndə ayaqyoluna atsın. O, yoluna davam edib həmin “Ucuzluq” marketə girib çıxdıqdan sonra iki nəfər mülkü geyimli şəxs həmin marketin qarşısında ona yaxınlaşıb özlərini təqdim edərək Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları olduğunu deyib onun üzərində qanununla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixatrop maddə olmasına dair onlarda əsaslı şübhələrin olduğunu buna görə də onlarla birlikdə Saray PB-nə getməyi bildirmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Saray PB-nin inzibati binasına gəlmişdir. Yolda gələrkən cibindəki 1 ədəd şəffaf sellofan bükümü atmaq istəsə də polis əməkdaşları ona nəzarət etdikləri üçün bunu edə bilməmişdir. Daha sonra xidməti otaqların birində təhqiqatçmın, müdafiəçinin, polis əməkdaşlarının və iki nəfər hal şahidinin iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməyi təklif etmişdir. O da əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin vaxt həmin büküm açılaraq baxılanda içərisində ağ rəngli kristallik hissəciklər olduğu görünmüşdür. Bu vaxt təhqiqatçı ona həmin bükümün içərisindəki kütlənin nə olduğunu və haradan nə məqsədlə əldə etdiyini soruşduqda o, tutulmaqdan qorxduğu üçün həmin bükümün onun üzərindən çıxmasına baxmayaraq özünə məxsus olmadığını demişdir. Lakin, əslində həmin bükümü yerdən tapıb ayaqyoluna atmaq üçün cibinə qoymuşdur. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Ona bölmədə heç bir fiziki güc və zorakılıq olunmamış, ilkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdəki imzalar özünə məxsus olub heç bir təzyiq olmadan imza etmişdir. Göstərmişdir ki, narkotik vasitə və psixatrop maddələri televizorda görüb tanımış, onlardan istifadə etməmiş, həmçinin satışı ilə də məşğul olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Abşeron rayon Pİ-nin Saray PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis leytenantıdır. xx.xx.1985-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi və dövriyyəsi və satışı ilə məşğul olması barədə Abşeron RPİ-nin Saray PB-nə əməliyyat məlumatı daxil olmuşdu. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən qərar çıxarılmış və Saray PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 16 may 2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı, Ucuz marketin qarşısında zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Saray PB-nə dəvət edilmişdir. Polis Bölməsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl otağa iki nəfər hal şahidi dəvət edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olubolmadığını soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən bir ədəd selofona bükülü büküm aşkar edilərək götürülmüşdür. Həmin bükümə baxdıqda onun içərisində kristalformalı psixotrop maddə metanfetaminə bənzər kütlə aşkar edilmiş, onun üzərinə şəxsi axtarış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin aşkar edilmiş maddə barədə sual verildikdə o, həmin maddənin özünə məxsus olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəyə oxşar kütlə zərfə qoyularaq möhürləndi və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Saray PBnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini deyib, bildirdi ki, 16 may 2023-cü il tarixdə günorta radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən Ucuz marketin qarşısında olarkən iki nəfər mülki formada olan polis əməkdaşı ona yaxınlaşmış və adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsi şübhəli şəxs qismində tutduqları üçün həmin şəxsi polis bölməsinə aparıb üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və onun həmin prosesdə hal şahidi qismində iştirak etməyi xahiş etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə X13 gəlmişdir. Polis bölməsində onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Polis Bölməsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığı soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən bir ədəd selofona bükülü büküm aşkar edilərək götürülmüşdür. Həmin bükümə baxdıqda onun içərisində kristalformalı kütlə aşkar edilmiş, polis əməkdaşları həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həmin aşkar edilmiş maddə barədə sual verildikdə sonuncu həmin maddənin özünə məxsus olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını demişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin X13 xx.xx.1985-ci il təvəllüdlü Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində psixotrop maddələrin qəbul etməsi, saxlaması, üzərində daşıması və satışı ilə məşğul olması barədə məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.1985-ci il təvəllüdlü Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Babayev X6 rayonu Ceyranbatan qəsəbəsində saxlanılaraq X13 gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə saat 14 radələrində Abşeron RPİ-in Saray PB-nə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Ucuz” marketin qarşısında saxlanılaraq Abşeron RPİ-in Saray PB-in inzibati binasına gətirilib həmin gün saat 15:20-dən 15:45-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristallik maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 17 may 2023-cü il tarixli, 6/2851 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Zərflər üçün №246» möhür əksi «....Təqsirləndirilən şəxs...» və sairə yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,574 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2023-cü il tarixli, 4299 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon məhkəməsinin 18.05.23-cü il tarixli qərarından müəyyən olunur ki, X9 barəsində əvvəli 16.05.23-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ailəlidir və himayəsində üç azyaşlı övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarix də Abşeron Rayon Polis İdarəsinin X13 xx.xx.1985-ci il təvəllüdlü Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində psixotrop maddələrin qəbul etməsi, saxlaması, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni ittiham elan olunduqdan sonrakı ifadəsini və məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün ibtidai istintaqın əvvəlində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə müdafiəçinin məhkəmə çıxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüququnun pozulması, polis əməkdaşları tərəfində hədəqorxu edilərək narkotik vasitənin onun üzərinə qoyulması, ibtidai istintaq orqanı tərəfindən cinayət prosessual məcəllənin tələblərinin kobud şəkildə pozulması və onun qanunsuz olaraq həbs edilməsi barədə fikirlərini, nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalı olması barədə qeyd etdiklərinə qiymət verməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə tutulmuşdur. Həmin tarixdə vəkilin və hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmış və həmin istintaq hərəkəti rəsmiləşdirilərək iş materiallarına əlavə edilmişdir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz ərizəsinə əsasən dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Yəni sonuncunun müqavilə əsasında onun hüquqlarını müdafiə edəcək vəkilin dəvət olunması barədə iş materiallarında hər hansı bir qeydi müəyyən olunmur. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs iş materiallarında olan 15 iyun 2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o tutulduqdan yalnız 1 ay sonra müqavilə əsasında hüquqlarını müdafiə olunması üçün vəkil Müdafiəçi1 dəvət olunması barədə istintaq orqanına ərizə ilə müracət etmiş və həmin müraciəti əsasında ərizəsini yazdığı gün müdafiəçisi ona təqdim olunmuşdur. Həmin gündən etibarən təqsirləndirilən şəxsin barəsində aparılan bütün istintaq hərəkətləri onun müqavilə üzrə vəkilinin iştirakı ilə həyata keçirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, istər dövlət hesabına təyin olunmuş vəkilin, istərsədə təqsirləndirilən Təqsirləndirilən şəxs müqavilə üzrə vəkilinin iştirakı ilə keçirilmiş prosessual hərəkətlərdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin hər hansı bir tələbinin pozulması iş materiallarında olan sənədlərdən müəyyən olunmur. Bundan başqa müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs hədə qorxuya məruz qaldığını bildirsədə bu hal cinayət işinin materiallarında olan heç bir sübutla öz təsdiqini tapmır, yaxud bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin yalnız müqavilə əsasında müdafiəçisi prosesə qoşulduqdan sonra bu halları qeyd etməsini müdafiə taktikasından irəli gələn hərəkətlər olması kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını (59.1.4) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan, ekspertizadan sonra qalan 5,474 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Abşeron Rayon Polis İdarəsində maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkisi 5,474 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-321/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-321/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver