Məhkəmə qərarları › İş №1(124)-322/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-322/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-322/2022 07.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1981-cı ildə Suqmayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 35, mənzil 25-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 592Ada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 14,055 qram çəkidə narkotik vasitə olan heroini üzərində daşıyaraq saxlamış və şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,930 qram çəkidə psixatrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib evində saxlamış, 07 fevral 2022-ci il tarixdə saat 16:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 592A-nın qarşısında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb yaşadığı ev 592A-nın həyətində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd polietilen sellofan bükümdə satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı külli miqdarda təmiz çəkisi 14,055 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə ev 592A-nın yataq otağındakı çarpayının ayaq hissəsinin sol yanında döşəyin altından 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,930 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin və üzərində heroin izləri olan 01 ədəd “AOSAİ” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrinin və psixotrop maddələrin dekabr ayından istifadəçisidir. Onun satış məqsədi olmamışdır. İttihamda göstərilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus olmuşdur. Lakin üzərində narkotik vasitə olmamış, ittihamda üzərində aşkar edildiyi qeyd edilən narkotik vasitə onun evindən aşkar edilmişdir. Həmin narkotik vasitəni Əhmədlidən almış, narkotik vasitələri aldığı şəxslərlə telefon vasitəsilə əlaqə saxlamışdır. Polis əməkdaşları onun evinə daxil olmuşlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamışdır. Narkotik vasitələrin və psixatrop maddələrin uzun müddətdir ki, istifadəçisidir. xx.xx.2022ci il tarixdə o, yaşadığı ünvandan çıxıb, sonra narkotik vasitəyə ehtiyacı yarandığından Bakı şəhərinə gedib və burda Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 120 manat dəyərində olan 1 büküm narkotik vasitəni almışdır. Bundan sonra yaşadığı evə gəlib. Daha sonra yaşadığı evin qarşısına çıxan zaman bir neçə nəfər şəxs onu saxlamış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra ona özünü təqdim etməsini demişlər. O, həmin polis əməkdaşlarına özünü təqdim edib. Sonra ona narkotik vasitələrin saxlanılmasında daşınmasında gəzdirilməsində, satışında şübhəli olduğu üçün saxlanıldığını və buna görə də üzərinə şəxsi axtarış aparılacağını demişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməyib və yaşadığı evin həyətinə daxil olmuşlar. Ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim olundu. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynimdə olan göy rəngli gödəkçənin sağ yan cibində olan 1 ədəd selofanda olan bükümü təqdim etmişdir. Həmin büküm açıldı, bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik maddələrin olduğu müəyyən edildi. Sorğu zamanı üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olduğunu, həmin maddəni Bakı şəhəri Əhmədli qəsbəsində tanımadığı şəxsdən 120 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Bundan sonra həmin narkotik vasitə çəkildi və sellofanla olan çəkisnin 15,24 qram olması müyyən edildi və qablaşdırıladı. Bundan başqa o, yaşadığı evdə otağında da psixatrop maddənin olmasını bildirdi, sonra əlavə olaraq otağada baxış keçirilidi və bu zaman otağında olan yataq dəstinin altında olan həmin 01 büküm metamfetamin və 1 ədəd tərəzi aşkar edilərək götürüldü. O, sorğu zamanı həmin psixatrop vasitəni 15 gün əvvəl Bakı şəhərindən aldığını dedi, sonra həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddələnin çəkisinin, 1,00 qram olduğu müəyyən olundu və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürləndi və çəkiliş dayandırıldı. Bundan sonra müvafiq sənədləşmə üçün Sumqayıt ŞPİ-nin 1-ci PB nə aparıldı. (cild 1, iş vərəqə 57-59) Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis leytenantıdır. xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektorları, polis baş serjantı Şahid2, polis serjantı Şahid4, polis serjantı Şahid3, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru Asəf Hacıyevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsinə Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına gəlmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çıxmış, saat 16 radələrində Təqsirləndirilən şəxs görüb onu saxlamışlar və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Təhqiqatçı özünü təqdim etdikdən sonra saxladıqları şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Əməliyyatçı, təhqiqatçı və vəkilinin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş, təqsirləndirilən şəxsin əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. Həmin bükümdə nə olduğu soruşulan zaman Təqsirləndirilən şəxs “Kakos” yəni narkotik vasitə heroin olduğunu bildirdi. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs narkotik vasitəni Bakı şəhəri, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 150 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığınını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 15,24 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçı tərəfindən həmin büküm zərfə qoyularaq qablaşdırıldı, möhürləndi. Sonra təhqiqatçı götürülmüş kütlədən başqa haradasa narkotik vasitə və ya psixotrop maddə saxladığını soruşduqada Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 592A-nın yataq otağındakı çarpayının döşəyinin altında psixatrop maddə metamfetamin və 01 ədəd tərəzi saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin evdə baxış keçirilməli olduğunu və buna etirazının olub olmadığını soruşduqda heç bir etirazının olmadığını bildirərək, ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin yerinin göstərilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə evə daxil olmuş, sonra evin yataq otağına gedərək həmin otaqda olan çarpayının üzərində olan döşəyi göstərərək həmin döşəyin altında psixotrop maddə olduğunu bildirmişdir. Döşəyin alt hissəsindən 01 ədəd sellofan büküm və 01 ədəd qara rəngli elektron tərəzi aşkar edilmişdir. Həmin bükümün içərisində olan kütlənin nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda o, həmin bükümün içərisində “Şüşə” yəni psixotrop maddə metamfetamin olduğunu demişdir. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdə olan kütləni 15 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra götürülmüş büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1,00 qram olması müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin kiçik inspektorları Şahid2 və Şahid4 Şahid1la oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir.(cild 1, iş vərəqi 151-153) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, eləcə də satışı ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4, 88) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 07 fevral 2022-ci il tarixdə saat 16:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 592A-nın qarşısında saxlanılıb, yaşadığı ev 592A-nın həyətində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd polietilen sellofan bükümdə satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı külli miqdarda təmiz çəkisi 14,055 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək, götürülmüşdür. (iş vərəqə 23-24) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/771 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: Üzərinə “Şübhəli şəxs... Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 14,055 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə ...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,930qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir, 01 ədəd “AOSAİ” markalı elektron tərəzinin üzərində heroin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir, Metamfetain “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1805 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. (iş vərəqə 159- 160) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair "xxxx" MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**- ** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, müxtəlif nömrələr ilə narkotik vasitələrin satış məqsdəli yazışmaların olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 90- 137) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin Pİ-nin əməkdaşları tərəfindən şəxsi axtarış və evə baxış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, qalıq çəkisi 14,005 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,880 qram olan psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir (İş vərəqə: 81-83) Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 05 ədəd birincisi “**********12.txt”, ikincisi “**********12_SMS.txt”, üçüncüsü “abunechiler.xls”, dördüncüsü “antena 2021.xlsx”, beşincisi “antena 2022.xlsx” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İş vərəqə: 90-137 ) Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş vərəqə: 89) Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 157) Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il təvəllüdlü bir övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmi narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması, elektron tərəzinin aşkar olunması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «metamfetamin» psixotorp maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar 0,15 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, istintaq zamanı xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Sumqayıt şəhər məhkəməsi tərəfindən barəsində barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş vərəqə 66-68) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan – təmiz çəkisi 14,005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,880 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (yüz on manat) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 5 il (beş) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan – qalıq çəkisi 14,005 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,880 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on manat) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar