Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-322/2023 19.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta-texniki təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən yaşadığı Abşeron rayonu Qobu qəsəbəsinə sərnişin kimi taksi ilə qayıdarkən həmin taksidə sərnişin kimi əyləşmiş 1960-cı il təvəllüdlü, alkoqol içkilərə aludə olub tüfeyli həyat tərzi sürən Zərərçəkmiş şəxs onunla ünsiyyətə girərək nəvəsinin nişanlanması münasibətilə onu öz evinə içki məclisinə dəvət etməsindən sonra, sonuncunun uşaqbazlığa, azyaşlılara qarşı seksual xarakterli hərəkətlər etməyə meyilli bir şəxs olması haqda məlumatı olduğundan həmin şəxsin ona qarşı da belə hərəkətlər etmək istəməsini yəqin etmiş və bu zəmində qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gələrək öz niyyətini reallaşdırmaq üçün Zərərçəkmiş şəxs dəvətini fürsət bilib qəbul etmiş, sonuncunun müvəqqəti yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yolunun Qobu Park yaşayış kompleksinə gedən istiqamətdə yolun sağ tərəfində yerləşən nömrəsiz fərdi yaşayış evində birlikdə spirtli içki qəbul etdikdən sonra Zərərçəkmiş şəxs “sənin azyaşlı uşaqlara meylin var, onların başına iş açırsan” deməsinə orta alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs “mənim azyaşlı oğlan və qız uşaqlarından xoşum gəlir, onlarla sevgi yaşamaqdan həzz alıram” deyə cavab verməsinə qəzəblənib, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onları idarə etmək iqtidarında olmaqla anlaqlı vəziyyətdə psixi-emosional sferasında yaranmış hirslilik və qəzəb fonunda ona “sən şərəfsizsən” və bu kimi digər ağır söyüşlər söyərək sonuncunu öldürmək niyyətini qətiləşdirib masada olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək xüsusi qəddarlıq nümayiş etdirib ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “döş qəfəsinin və qarın boşluğunun ümumilikdə 10 ədəd plevra və periton boşluqlarına nüfuz edərək, sol ağciyəri, ürək kisəsini, ürəyin sol mədəciyini, qaraciyər və mədəni yaralayaraq sol tərəfli hematoraksa və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmişkəsilmiş yaraları”, habelə sağlamlığa yüngül zərər vurmaya aid “döş qəfəsinin və qarın nahiyəsinin boşluğa nüfuz etməyən, həmçinin sol əlin 3-cü barmağının ümumilikdə 7 ədəd deşilmiş-kəsilmiş yaraları” xəsarətlərini yetirməklə, yəni çoxsaylı-cəmi 17 bıçaq zərbəsi ilə xəsarətlər yetirməklə onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, sözügedən şəxsi tanımamışdır. Qəsəbədə sözügedən şəxsin azyaşlı uşaqlara pis niyyətlə yaxınlaşması barədə söz gəzmişdir. Taksi şoferi olub ona da belə hərəkətlər etmişdir. Zaldan çıxanda onunla rastlaşmış, o, taksiyə oturanda o da orada oturmuşdur. Həmin şəxsin adını çəkmiş və ona onu tanıdığını demişdir. Həmin şəxsi başa salmaq üçün axtarmışdır. Sözügedən şəxsdən qorxurdular ki, onun silahı var, buna görə də ona yaxınlaşa bilməmişdirlər. Ona tanışlıq vermiş və elə onunla onun evinə getmişdir. Onun evinə getməkdə məqsəd ona niyə belə əməllər etdiyini soruşmaq olmuş, bu barədə yəni, 13-14 yaşlı uşaqlarla niyə yaxınlıq etməyə çalışdığını soruşduqda zərərçəkən ona demişdir ki, bundan həzz alır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, bir taksi şoferinə də belə təklif etmişdir. Həmin şəxs yaşlı adam olmuşdur. Həm yaşlı adamlara, həmdəki cavan adamlara belə təkliflər etmişdir. Hadisə günü onun evinə getmişdir. Şəxs tək yaşamış, ona 15-16 bıçaq zərbəsi vurmuşdur. Onu qətlə yetirəndən sonra oradan uzaqlaşmışdır. Bıçaq elə həmin evdə stolun üzərində olub, stolun üzərinə qoyub çıxıb getmişdir. Onu qətlə yetirməyinin səbəbi ətrafda gəzən şayiələr olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərdi ki, əri əvvəl Ağdam dəmiryol vağzalında yaşamışdır. Sonra isə indi yaşadığı yerdən ev almış və bura köçmüşdür. Yoldaşı tüfeyli həyat sürmüş, türmədə də olmuş, orada cəzasını çəkib bitirib çıxmışdır. Dalaşqan biri idi, amma bunun heç kəsə aiddiyyatı yoxdur, o sadəcə özü üçün idi. Əri ayın 26-sı qətlə yetirilsə də, ayın 31 bundan xəbəri olmuşdur. Ayın 31 müstəntiq günün erkən saatlarında zəng edərək yoldaşının qətlə yetirilməsi barədə məlumat vermişdir. Müstəntiq ona demişdir ki, yoldaşı morqdadır, mərhumu ona təhvil verməlidirlər. Mərhumu dəfn eləmişdir. Qarşı tərəflə barışmamış, çünki ona baş sağlığı verməklə bağlı gəlməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, işdən evə gəlmişdir. Oraya əkdiyi ağacları sulamağa getmişdir. Mərhumu çağırmış və səs vermədiyini görmüşdür. Yaxınlaşanda yerdə qan olduğunu görmüşdür. 102 xidmətinə xəbər vermişdir. Hadisənin baş verdiyi ev Abşeron rayonu Qobu qəsəbəsində yerləşir. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lökbatan qəsəbəsində qəbiristanlığın yanında daş-abidə düzəldilən sexdə daş ustası işləmiş, Zərərçəkmiş şəxs təxminən 2 il bundan öncə tanımış, o, həmin qəbiristanlıqda ağacları suvarmış, arada qəbiristanlığın divarlarını boyamış və qəbirləri təmizləmiş, həmin sexin müdiri Şahid7 Elmana qalmağa balaca bir otaq da vermişdir. Elman ilk dəfə özü söhbət açıb danışmağa başlamış, özünün əslən Gəncə şəhərindən olduğunu, ailəsinin Gəncə şəhərində yaşadığını və əvvəllər Bakı adlı restoranda aşbaz işlədiyini söyləmişdir. Elman hər axşam sexdə hamı gedəndən sonra spirtli içki qəbul edib ətrafda olan insanları narahat edərək tanımadığı insanları küçə söyüşləri ilə təhqir etmiş, ara-sıra tanımadığı adamlar sexin müdiri olan Vaqıf Əliyevin yanına gələrək şikayət etmiş, bunun nəticəsində Vaqif hər dəfə Elmanı danlamışdır. Hadisədən təxminən 15 gün öncə Elman ona yaxınlaşaraq yaşadığı sexdən qovulduğunu, həmçinin həmin sexdə qazandığı pulun yarısını sexin müdiri Vaqifə verdiyinə görə sərf eləmədiyini söyləmiş, yaşlı olduğuna görə Elmana yazığı gəlib 2021-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində özü üçün aldığı fərdi yaşayış evində bir müddət qalmağa icazə vermiş, həmin torpaq sahəsində bir otaqlı fərdi yaşayış evi olmuşdur. Səhərdən axşama qədər Lökbatan qəbiristanlığında gəzib iş görmüş, iki gündən bir özü gedib Elmanı yoxlamış, hər dəfə ora gələndə ətrafda çoxlu sayda boş araq butulkası görüb “atam hacıdır, gəlib araq butulkaların görəcək, səni buradan çıxardacaq” deyə Elmana bildirmiş, Elman da “narahat olma, bunları yığışdıracam və bir daha içməyəcəm, yaxınlarda bacım Gəncədən gələcək və onunla birlikdə yenidən Gəncəyə gedəcəm” deyə cavab vermişdir. Sonuncu dəfə Elmanı ölümündən üç gün qabaq həmin evdə görmüş, Elmana ətrafda olan araq butulkalarının təmizləməsini söyləmişdir. 27 avqust 2022-ci il tarixdə təxminən saat 18 radələrində işdən çıxaraq yaşadığı evə gəlmiş, axşam yeməyini yedikdən sonra bir az dincəlib Elmanın mobil nömrəsinə bir neçə dəfə zəng etsə də, telefona cavab verilməmiş, təxminən saat 21 radələrində yaşadığı evdən çıxıb tələsmədən Qobu qəsəbəsindəki Elmana bir müddət yaşamağa icazə verdiyi evə tərəf getmiş, təxminən 30-40 dəqiqədən sonra həmin yerə çatıb darvazanı açıb Elmanı səsləsə də, cavab səsi eşitmədiyi üçün evin qarşısına gəlmiş və həyətin işıqları yanmadığına görə telefonunun işığını yandırmışdır. İşıq salan kimi Elmanın evin giriş qapısının yanında çömbəlmiş vəziyyətdə olduğunu, bir az da işıq saldıqda ətrafının qan və bir az kənarda da bıçağın olduğunu görmüş, ilk öncə qorxmuş və Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə zəng edərək məlumat vermişdir. Elmanın əynində təkcə bir şortik olmuş, yəni üzərində köynək, mayka olmamış, daha sonra hadisə yerinə polis və prokurorluğun əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ona xəbəri əri evə gəldiyi vaxt vermişdir. O, bu hadisəyə inanmamışdır. Həmçinin hadisənin baş verməsini göməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid5 ilə oxşar məzmunu ifadə verərək hadisəni görmədiklərini, hadisə barədə onlara Orxanın ata-anasının məlumat verdiyini bildirmişdirlər. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, oğlu Orxan sakit təbiətli insan olmuş, lakin idmanla məşğul olmağa başladıqdan sonra davakar olduğunu hiss etmiş, spirtli içki qəbul etməsi barədə məlumatı olmamış, siqaret çəkdiyini eşitsə də, görməmiş, ailədə heç kimlə problemi olmamışdır. 2022-ci ilin aprel ayında Orxan qonşuluqda yaşayan Nail adlı şəxsi bıçaqladığına görə barəsində cinayət işi başlanmış və iş 25 avqust 2022-ci il tarixdə yekunlaşmışdır. Orxana hər dəfə evdə yatmamasını, avara-avara gəzməməsini, gedib işləməsini demiş, Orxan da ara-sıra Bakı şəhərində “Meyvəli” deyilən bazara gedib fəhlə kimi işləyib arada evə pul gətirmiş, amma kimlərlə oturub-durub və ya dostluq etməsi barədə heç bir məlumatı olmamışdır. Sonuncu dəfə Orxanı 25 avqust 2022-ci il tarixdə təxminən saat 09 radələrində evdən arvadı Ülkərlə birlikdə çıxan zaman görmüş, Orxanla arvadı birlikdə Yasamal rayon polis idarəsinə getməli olmuş, həmin gün isə o, işə getməmişdir. Təxminən saat 19 radələrində arvadı Ülkər evə gələndə ondan Orxanın harada olduğunu soruşmuş, Ülkər Orxanla polis idarəsindən çıxdıqdan sonra əmisi Bəhruzgilə gedəcəyini söyləmiş, həmin gecə Orxanın qardaşı Bəhruzgildə qaldığını fikirləşib onu axtarmamış, səhəri gün yenə evdə olmuş, lakin arvadı Ülkər həmişəki kimi işə getmiş və axşam evə gəldikdə Orxanın evə gəlmədiyini görüb onun mobil nömrəsinə yığıb Bakı şəhəri, Yasamal rayonunda yaşayan bacısı, yəni xalası Qənirəgildə olduğunu və bu gecə orada qalacağını öyrənmişdir. 27 avqust 2022-ci il tarixdə arvadı Ülkərin istirahət günü olduğundan evdə olmuş, o isə, dəmir əritmə sexində iş tapdığından Qaradağ rayonuna getmiş, orada iş yeri olmadığına və Bakı şəhəri, Keşlə qəsəbəsində işçi yeri olduğuna görə evə tərəf geri qayıtmışdır. Təxminən saat 13 radələrində qardaşı Bəhruz onun mobil nömrəsinə zəng edib Abşeron rayonu, Qobu qəsəbəsində qətl hadisə olduğunu və polislərin oğlu Orxanı axtardıqlarını demiş, o, buna inanmayıb dərhal Orxana zəng edib harada olduğunu və bu hadisəni edib-etmədiyini soruşmuş, Orxan Bakı şəhərində xalası Qənirəgildə olduğunu və bu hadisəyə aidiyyəti olmadığını, dərhal evə gələcəyini söyləmişdir. Özü evə çatmış və evdə olan arvadı Ülkərə bu qətl barəsində məlumat vermiş, həmçinin polis əməkdaşlarının oğlunu axtardıqlarını və bu hadisənin törədilməsində Orxandan şübhələndikləribi söyləmişdir. Arvadı Ülkər də bununla qəti razılaşmayaraq “Orxan bunu edə bilməz” deyə bildirmiş, amma bir müddət sonra qardaşı Bəhruz yenidən zəng edərək Orxanın polislər tərəfindən tutulduğunu, Orxanın baş vermiş qətl hadisəsini törətdiyini etiraf etdiyini və Qobu polis bölməsinə aparıldığını bildirmiş, həmin bölməyə gedəndə oğlunun Zərərçəkmiş şəxs adlı yaşlı bir kişini çoxsaylı bıçaq xəsarətləri yetirməklə öldürdüyünü öyrənmiş, adisə baş verməmişdən öncə Zərərçəkmiş şəxs adlı şəxsi tanımamış, hadisədən sonra isə onun Lökbatan qəsəbəsində yerləşən qəbiristanlığında işlədiyini, spirtli içki aludəçisi olduğunu bilmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq eilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid7 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 5-6 ay bundan öncə tanımış, Elman Lökbatan qəsəbəsində kirayə işlətdiyi daş-abidə düzəldən sexə gəlib əslən Gəncə şəhərindən olduğunu, yenicə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığını, qalmağa yeri olmadığını, arvadının 30 ildir ki, vəfat etdiyini və iş axtardığını bildirmiş, ona yazığı gəldiyinə görə sexdə işləməsinə icazə vermiş, hətta fəhlələrin istirahət otağında qalmağa şərait yaratmışdır. Elman ağır işlər görə bilmədiyi üçün ona yüngül yəni, divarların boyanmasını, qəbirlərin təmizlənməsi tapşırmış, bir müddət Elmana nəzarət etmiş, lakin Elmanın əlindən heç bir iş gəlməmişdir. Elman bir neçə qohumunun Bakı şəhərində yaşadığını, övladlarının böyük olduqlarını və Rusiyada yaşadıqlarını demişdir. Bir müddət sonra Elmanın sexdə axşam vaxtlarında tanımadığı adamları başına yığaraq orada spirtli içki qəbul etdiyini eşitmiş, o, ümumiyyətlə axşamlar sexə gəlməmiş, bir dəfə isə gəlib belə yeyib-içmək məclisinin üstünə çıxmış, ona “belə bir məclislərin burada olması qadağandır və bir daha olduğu təqdirdə səni buradan çıxaracağam” deyə bildirmişdir. Bir neçə ay sonra sexdə olduğu zaman bir tanımadığı taksi sürücüsü gəlib Elmanın taksini qəsəbənin mərkəzindən qəbiristanlıqdakı sexə gətirdiyini, gediş haqqının 3 manat tutduğunu, pulu vermək üçün içəri çağıraraq çay təklif etdiyini və sonra 20 manat pul təklif edərək qeyri-təbii yolla cinsi əlaqədə olmağını xahiş etdiyini bildirmişdir. Həmin vaxt Elman sexdə olduğu üçün onu yanına çağıranda adını bilmədiyi taksi sürücüsü Elmanı göstərərək gecə sexin içərisinə çağırıb qapını bağlayıb cinsi əlaqədə olmağı xahiş etməsini Elmanın üzünə deyib onu söymüş, həmin şəxsi sakitləşdirərək yola salmış və bu barədə Elmandan soruşduqda o, “taksi sürücüsü düz deyir, içkili olmuşam, özümdə olmamışam” deyə bildirmiş, Elmana sexdə olan paltarlarını yığmasını və bir daha bu tərəflərdə görünməməsini tapşırmışdır. 27 avqust 2022-ci il tarixdə yaşadığı ünvana polis əməkdaşları gələrək Elman barədə sorğu-sual edəndə onun Abşeron rayonu, Qobu qəsəbəsində qətlə yetirildiyini öyrənmişdir. Ölümündən sonra Elmanın Abşeron rayonu, Qobu qəsəbəsində Murad adlı şəxsin evində yaşadığını, arvadının sağ olduğunu, spirtli içki aludəçisi olduğunu və dəfələrlə məhkum olunduğunu öyrənmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2022-ci il tarixli raportdan görünür ki, Şahid1 yaşadığı evin yaxınlığında qəbirstanlıqda ağaclara baxan təqribi 65-70 yaşlı Elman adlı şəxsə köməklik məqsədi ilə qeyd olunan ünvandakı yeni tikli evində 10-15 gün yaşaması üçün icazə evrməsi, bu gün evinə yaxınlaşan zaman həmin şəxsin yerdə meyitini tapması, meyitin yanında bıçaq və qan izlərinin olması barədə 102 xidmətinə xəbər vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Qobu qəsəbəsi, “Qobu park” yaşayış kompleksinə gedən istiqamətdə Qobu- Lökbatan yolunun sağ tərəfində yoldan 100 metr məsafədə yerləşən fərdi yaşayış evi və onun həyətyanı sahəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X5 bacısı oğlu Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə onların yaşadığı evə gələrək qoyduğu sellofan torbada olan əşyaları könüllü təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 baldızı oğlu Təqsirləndirilən şəxs tərəfindən onun yaşadığıə evdə qoyulmuş sellofan torbada olan qara rəngli villur köynəyi könüllü təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokol, həmin protokola əlavə edilmiş fotocədvəl və CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə də göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “müşahidə kamerasının görüntülərinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin görüntülər 26 avqust 2022-ci il tarixdə saat 01:03 radələrini əhatə etmiş və marketin kassa hissəsinin üzərində yerləşdirilmiş müşahidə kamerasından götürülmüşdür. Göründüyü kimi, kassa aparatında qırmızı qısaqol maykada cavan bir kişi cinsli şəxs dayanmış, kassaya əynində qara qısaqol mayka və göy rəngli cins şalvar olan cavan oğlan, yəni Təqsirləndirilən şəxs əlində araq şüşəsi ilə yaxınlaşıb onu kassa stolunun üstünə qoymuş və kənara çəkilmiş, bu zaman kassanın qabağına Zərərçəkmiş şəxs yaxınlaşıb satıcıya müraciət etmiş, satıcı da yanında olan soyuducu vitrindən kolbasa olması ehtimal edilən ərzaq məhsulunu çıxarıb bir hissəsini kəsib çəkisini ölçmək üçün arxaya getmişdir. Bu ərəfədə Zərərçəkmiş şəxs soyuducu vitrinin qarşısında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşıb ona əl verib görüşərək üzündən öpmüş və sonra kassanın qarşısına yaxınlaşmış, Təqsirləndirilən şəxs də çörək götürərək kassa stoluna qoymuşdur. Bundan sonra satıcı arağı, kolbasanı, çörəyi, “Cola” içkisini elektron kassaya vurmuş, Zərərçəkmiş şəxs də ödəniş edərək onları götürmüş, az sonra geri qayıdaraq bir neçə ədəd sosiska da alıb pulunu ödəyərək çıxıb getmişdir. Görüntülər saat 01:03-də başlanmış və 01:08-də başa çatmışdır. Beləliklə, 26 avqust 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə birlikdə olduğu, onların marketdən spirtli içki və digər ərzaq məhsulları alaraq çıxıb getdikləri müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 121 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş “döş qəfəsinin və qarın boşluğunun ümumilikdə 10 (on) ədəd plevra və periton boşluqlarına nüfuz edərək, sol ağciyəri, ürək kisəsini, ürəyin sol mədəciyini, qaraciyər və mədəni yaralayaraq sol tərəfli hematoraksa və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş yaraları” xəsarətləri həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Döş qəfəsinin və qarın nahiyəsinin boşluğa nüfuz etməyən, həmçinin sol əlin 3-cü barmağının ümumilikdə 7 (yeddi) ədəd deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Qeyd olunan xəsarətlər iti deşici-kəsici alətin (alətlərin) təsirindən, ola bilsin ekspertizaya maddi sübut qismində təqdim olunmuş bıçağın və yaxud ona oxşar bıçaqların təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqələri vardır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş və qarın boşluğuna nüfuz edərək sol ağciyəri, ürək kisəsini, ürəyin sol mədəciyini, qaraciyər və mədəni yaralayaraq kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmişkəsilmiş yaralar olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitxanadakı müayinəsindən (27 avqust 2022-ci il saat 11:30) 24- 36 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1.8 % (promilli) qatılığında etil spirti aşkar edilmiş, bu miqdar və qatılıqda etil spirti rəsmi cədvəl üzrə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 516-2022/MKTŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus şortik, corab və çəkələk, Təqsirləndirilən şəxs məxsus köynək və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır, deşici-kəsici xassəyə malikdir və soyuq silah hesab olunmur. Bıçağın üzərində heç bir düzəliş edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 639/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Oalfa,beta/İ/-dir. Ekspertizaya təqdim olunan 01 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus şortik, 01 cüt corab, 01 cüt çəkələk, Təqsirləndirilən şəxs məxsus köynək və 01 cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri O alfabeta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli 3/1561 nömrəli rəyindən görünür ki, təqdim edilmiş oturacağın üzərində aşkar edilmiş iz ayaqqabının sol tayının altlığı vasitəsi ilə qoyulmuşdur. Həmin izdə əks olunmuş ümumi əlamətlərə - nisbətən düzbucaqlı formalı relyef və çevrə formalı naxışlara əsasən təqdim edilmiş ayaqqabının sol tayının altlıq hissəsindən qalması istisna edilmir. İzdə iz qoyan obyektin xüsusi əlamətləri əks olunmadığından izin konkret olaraq təqdim edilmiş ayaqqabının sol tayının altlıq hissəsindən qalmasını, ayaqqabının növünü və ölçüsünü müəyyən etmək mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 2839 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İnadkarlıq, özünə qarşı ətrafdakılardan hörmət tələb etmək, öz üstünlüyünü nümayiş etdirməyə meyillilik, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd şortik, bir cüt corab və bir cüt çəkələk, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir cüt ayaqqabı, cinayətin aləti olan bir ədəd mətbəx bıçağı, bir ədəd oturacaq maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 03 (üç) ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işində olan Təqsirləndirilən şəxs doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, o, xx xxxxxxx 2004-cü il təvəllüdlü olmaqla, cinayət əməlini törətdiyi 26 avqust 2022-ci il tarixdə 17 yaşı olmaqla yetkinlik yaşına çatmamış, hal hazırda isə yetkinlik yaşına çatmışdır. Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 86-cı maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən, məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən olunmuş hallardan başqa, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə CM-nin 85.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal cinayəti törədərkən yetkinlik yaşına çatmaması və 59.1.10-cu maddəsinə əsasən təqsirini boynuna almaqla cinayətin açılmasına fəal kömək etməsidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Azərbaycan Respublikası CM-nin 60-cı və 85.5-ci maddələrini rəhbər tutmaqla Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza 07 il 06 ay müddətindən çox ola bilməz. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkilməsinin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-388/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsi müddətinin əvvəli, hökmün elan edildiyi tarixdən, yəni 30 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarını rəhbər tutaraq belə qərara gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 03 (üç) ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixlə 2 saylı qərarının 12-ci bəndinə əsasən ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri AR CM-nin 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd şortik, bir cüt corab və bir cüt çəkələk zərərçəkmiş şəxsin yaxınlarına qaytarılmalı qəbul etmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir cüt ayaqqabı təqsirləndirilən şəxsə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, cinayətin aləti olan bir ədəd mətbəx bıçağı, bir ədəd oturacaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edildiyi 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 03 (üç) ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd şortik, bir cüt corab və bir cüt çəkələk zərərçəkmiş şəxsin yaxınlarına qaytarılsın qəbul etmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir cüt ayaqqabı təqsirləndirilən şəxsə qaytarılsın qəbul etmədikdə məhv edilsin, cinayətin aləti olan bir ədəd mətbəx bıçağı, bir ədəd oturacaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-322/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-322/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver