Məhkəmə qərarları › İş №1(124)-324/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-324/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-324/2022 21.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X4 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olmaqla həmin üvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxil edilən təmiz çəkisi 7,812 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 11:30-da Quba rayonu, Aşağı Atuc kəndinin ərazisində saxlanılaraq Quba Rayon Polis Şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 7,812 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2021-ci ilin oktyabr ayının 23-də səhər saatlarında Quba rayonu Atuc kəndinin icra nümayəndəsi onu çağırmaqla, polislərin onun evinə baxış keçirəcəklərini demişdir. Nə üçün evinə baxış keçiriləcəyini anlamamış, lakin evdə oturub polislərin gəlməsini gözləmişdir. Sonra icra nümayəndəsi ona zəng edib polislərin onun evinə baxış keçirməyəcəklərini, onunla söhbət aparacaqlarını demişdir. Evdən çıxıb icra nümayəndəssinin dediyi yerə doğru getməyə başladıqda, yolda gedərkən arxası ilə gələn ağ “Hyundai” markalı maşından iki nəfər düşmüş və onun əlini qandallayaraq Quba RPŞyə aparmışlar. Maşında olarkən ondan sağ tərəfdə oturan polis ciblərini yoxlamışdır. Polis şöbəsinə gəldikdə ona üzərində narkotik vasitə olmasını boynuna almasını, buna əməl etdiyi halda isə işinin yüngül olacağını, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona ittiham veriləcəyini, 2 gün sonra evə buraxılacağını demişlər. Oktyabr ayının 27-də qızının doğum günü olduğundan bununla razılaşmışdır. Daha sonra, Quba rayon polis şöbəsinə müdafiəçi gəlmiş, "banditizmin” işçiləri onu Quba RPŞ-ə təhvil vermişlər, lakin 3-4 saat sonra çəkilişdə problem olduğunu deyib yenidən çəkiliş aparmışlar. Tərtib edilmiş sənədləri imzaladıqdan sonra onu BNMİ-nin binasına aparmışlar, oradan isə Bakı istintaq təcridxanasına təhvil vermişlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, o, heç bir vast narkotik vasitələrdən istifadə etməmiş, heç kimə narkotik vasitə satmamış, İranın vətəndaşı olan heç kəsi tanımamış və bu kimi insanlar ilə əlaqəsi olmamış, tutulmasına səbəb isə Almaniyada siyasi fəaliyyətlə məşğul olması olmuşdur. Bundan başqa, o, ifadəsində göstərdi ki, onun tutulmasına yönəlmiş proseslər 22 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində başlamışdır. Belə ki, yaşadığı Aşağı Atuc kənd icra nümayəndəsi Tural onun evinə gələrək Quba RPŞ-nin rəis müavini Bəhruz müəllimin ona çağırmasını demişdir. Quba RPŞ-yə gəldikdə onu cinayət axtarış şöbəsinin rəisinin otağına aparmışlar. Həmin otaqda onu təhqir etmişlər, soyundurub videoya çəkmişlər, sonra isə həmin videoları sosial şəbəkələrdə yayacaqları ilə hədələmişlər. Sonra Bəhruz müəllim otağa girib onu döymüş, qarşısına şampan şüşəsi qoyub hədələməklə sosial şəbəkələrdə heç bir siyasi fəaliyyətlə məşğul olmamağı ona tapşırmışdır. Onunla razılaşaraq paltarlarını geyinib evə getmişdir. Sabahısı günü icra nümayəndəsi Tural onu yenidən çağırmış və tutulması ilə bağlı olan göstərdiyi hadisələr baş vermişdir. Məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsindən isə görünür ki, o, özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə sosial şəbəkələrdən tanış olduğu İran İslam Respublikası vətəndaşı «Zöhrab» adlı şəxsdən öz istifadəsi üçün bir büküm heroin almışdır. Belə ki, o, «Zöhrab»ın göndərdiyi plastik bank kartına «Milliön» aparatı vasitəsi ilə 200 manat pul ödəmiş və sonuncudan öz istifadəsi üçün 7 qram heroin sifariş vermiş, «Zöhrab» da həmin heroini tanımadığı öz adamlarının vasitəsi ilə Quba şəhərinə «atdırmış», o da həmin heroini atıldığı yerdən götürüb üzərində saxlamışdır. 23 oktyabr 2021-ci il tarixdə saat 11:30 radələrində yaşadığı Quba rayonu, Aşağı Atuc kəndində olarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiyi mülki geyimdə olan üç nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş, daha sonra polis əməkdaşları ondan özünü təqdim etməsini istəmiş, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyətsiz olduğunu görüb səmimi olaraq etiraf edərək üzərində istifadə etmək üçün narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Quba Rayon Polis Şöbəsinə dəvət etmişlər, o, da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Quba RPŞ-yə getmişdir. Orada hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, bu zaman o, əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra təqdim etdiyi sellofan büküm polis əməkdaşı tərəfindən açıldıqda bükümün içərisində heroin aşkar edilmişdir. Polis əməkdaşları ondan üzərindən aşkar edilmiş heroini haradan alıb əldə etdiyini soruşduqda o, səmimi olaraq heroini «Zöhrab» adlı İranlıdan aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqləri 84-86) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il oktyabr ayının 22-də Quba rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə edib satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 2021-ci il oktyabr ayının 23-də Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Aşağı Atuc kəndində yol kənarında hərəkət edərkən saat 11 radələrində saxlamışlar və Quba Rayon Polis Şöbəsinə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə videoçəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən içərisində heroin olan bir ədəd büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik vasitə heroini “zakladka” üsulu ilə İran İslam Respublikası vətəndaşı «Zöhrab» adlı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra o, verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi yaşadığı yerin yaxınlığında yol kənarında saxlamışlar və saxlanıldığı yerdə şərait olmadığı üçün Quba RPŞ-də üzərinə baxış keçirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il oktyabr ayının 22-də Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edib satması barədə daxil olan məlumat əsasında Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və 2021-ci il oktyabr ayının 23-də saat 11 radələrində Quba rayonu, Aşağı Atuc kəndində yol kənarında hərəkət edərkən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs Quba Rayon Polis Şöbəsinə aparıb videoçəkliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən içərisində heroin olan bir ədəd büküm aşkar edilmişdir. Soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən götürülən narkotik vasitə heroini “zakladka” qoyan İran İslam Respublikası vətəndaşı Zöhrabdan şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid2lə oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının Aşağı Atuc kəndi üzrə İcra nümayəndəsi X2 ifadəsində göstərdi ki, Quba RPŞ-nin rəis müavini Bəhruz Bədəlov ona zəng edib Mütəllim haqda “sizin kənddə belə bir şəxs yaşayır?” deməklə soruşmuş və onunla danışdırmasını xahiş etmişdir. Buna görə Mütəllimin yanına gedib Quba RPŞ-nin rəis müavinin onunla danışmaq istədiyini deyib telefonu ona vermiş və Mütəllim onunla danışmışdır. Daha sonra, Mütəllim ilə birlikdə polisin çağırışına əsasən Quba RPŞ-yə getmişdir. Daha sonra, o, göstərmişdir ki, növbəti günü Quba RPŞ-nin rəis müavini Bəhruz Bədəlov ona zəng edib Mütəllim ilə əlaqə saxlaya bilmədiklərini demişdir. Buna görə Mütəllimə zəng edib polislərin onu axtardığını və çölə çıxmasını demişdir. Bundan bir həftə sonra isə Mütəllimin tutulduğunu eşitmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, polis şöbəsində Təqsirləndirilən şəxs qarşı işgəncə verilməsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon Polis Şöbəsinin rəis müavini X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Almaniyadan gəldikdən sonra onun yaşadığı kəddən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olduğu üçün onu çağırıb profilaktik söhbət aparmış və xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs ərazi üzrə icra nümayəndəsi vasitəsilə çağırmışdır. Təqsirləndirilən şəxs barədə daxil olan məlumatlar məxfi kitab olan məlumatların qeydiyyat jurnalında qeydə alınmışdır. Təqsirləndirilən şəxs siyasi fəaliyyətlə məşğul olması barədə onunla söhbət aparmamış, ona qarşı hər hansı bir şəkildə təzyiq və işgəncə edilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. ( Cild 1, iş vərəqləri 28-30) “Şəxsi axtarış keçirilməsi barədə” 23 oktyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 24 oktyabr 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqi 71) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 oktyabr 2021-ci il tarixli 6/4727 nömrəli rəyindən görünr ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən.....» sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 7,812 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqat zamanı heroindən 0,05 qram istifadə edilmiş və qalıq çəkisi 7,762 qram təşkil edir. (Cild 1, iş vərəqləri 42-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın 26 oktyabr 2021-ci il tarixli 4134 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 149-150) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 03 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra 7,762 qram çəkidə qalıq qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 22 oktyabr 2021-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli midqrada narkotik vasitə və psixotrop maddələri əldə edib Quba rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. (Cild 1, iş vərəqləri 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(027)-142/2021 nömrəli qərarı ilə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqləri 129-130) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Cinayət işindən materialın ayrılması haqqında” 14 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, hazırki işdən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata material ayrılmışdır. (Cild 1, iş vərəqləri 107-108) Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Quba rayon prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat öz təsdiqini tapmamışdır. (Cild 1, iş vərəqləri 162-163) Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraatən ilkin mərhələsində verdiyi ifadə işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, bu ifadə iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin məhkəmə şahid Tural Hacıyevin ifadəsində göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs icra nümayəndəsi vasitəsi ilə çağırması narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasından dəlalət edən edən bir hal kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 7,812 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 52 dəfə, külli miqdardan isə təxminən 3,9 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 oktyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( Cild 1, iş vərəqləri 96-100) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, işdə olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməklə, qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 7,762 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan 7,762 qram olan narkotik vasitə heroin məhv edilsin, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar