Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-324/2024 23.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran rayon Kirov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu Osaküçə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1016,841 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və evində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16:50-də yaşadığı Sumqayıt şəhəri Metallurq bağları 122 saylı evin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarzə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş və orada xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 31,841 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, daha sonra xx.xx.2023-cü il tarixdə saat 20:30-dan 20:44-dək yaşadığı ünvan 1-yə baxış keçirilən zaman evin yataq otağındakı qutunun üzərindəki 01 ədəd ağ rəngli torbanın içərisindən 01 ədəd elektron tərəzi, 05 ədəd ayrı-ayrı bükümlərdə 195 qram, 205 qram, 195 qram, 210 qram, 180 qram cəmi təmiz çəkisi 985 qram olmaqla tərkiblərinə görə eyni olan külli miqdarda ümumi təmiz çəkisi 1016,841 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu Ceyranbatan ərazisində, evinin yaxınlığında saxlayaraq yaşadığı evə gətirmişlər. Saxlanılan zaman üzərində narkotik vasitə olmamış, evindən 300 qram marixuana aşkar olunmuş, amma onun boynuna artıq miqdarda narkotik vasitə qoymuşlar. Polis bölməsində çəkilişlə üzərinə şəxsi axtarış keçirildikdən sonra evə gəlmişlər və evə çəkiliş vasitəsi ilə baxış keçirilmiş, 05 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 4-5 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu yaşadığı həyət evinin yaxınlığında, mağazaya gedən zaman saxlamışlar. Evində 300 qram-01 bükümdə marixuana olmuş və həmin narkotik vasitəni “Əhməd” adlı İran İslam Respublikası vətəndaşından almışdır. Bir gün evdə oturan zaman “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə ona mesaj gəlmiş və mesajda ona narkotik vasitə satmaq istədikləri, pulunu isə istədiyi vaxt ödəyə biləcəyi qeyd olunmuşdur. Daha sonra “whatsapp” proqramı vasitəsi ilə həmin şəxslə 10-15 gün mesaj vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs iranlı olduğunu ona bildirmiş və telefon nömrəsini vermişdir. Həmin şəxsin adını telefonunda “Əhməd” kimi qeyd etmişdir. İranlı şəxs narkotik vasitəni Novxanı ərazisindən götürəcəyini söyləmişdir. Tutulmamışdan 2 gün əvvəl narkotik vasitəni həmin şəxsin atdığı konum əsasında Novxanıda, dəniz kənarından götürmüş, 300 qram narkotik vasitəyə ödəniləcək 1200 manatı isə kart vasitəsi ilə hissə-hissə ödəməsi barədə razılaşmışlar. Daha sonra iranlı şəxs ona yenə də narkotik vasitə göndərəcəyini söyləmişdir. O, fəhlə işləmiş və aylıq qazancı 700-800 manat olmuşdur. Həmin şəxs ona kart nömrəsi göndərməmişdir. Gündəlik təxminən 1 qram marixuana istifadə etmişdir. Narkotik vasitəni götürdükdən sonrakı gün, axşam radələrində polis əməkdaşları onu tutmuşdur. Həmin narkotik vasitə bir bükümdə olmuş və narkotik vasitədən istifadə etmişdir. Evində elektron tərəzi olmamışdır. Polis əməkdaşlarının onu evə gətiribapardıqlarını Minayə adlı qadın görmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə onun arasında düşmənçilik olmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra evə, daha sonra polis bölməsinə aparmışlar. Polis bölməsində çəkilişlə üzərinə şəxsi axtarış keçirildikdən sonra evə gəlmişlər və evə çekiliş vasitəsi ilə baxış keçirilmiş, 05 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Evinə baxış keçirilən zaman müdafiəçi iştirak etmişdir. Polis əməkdaşları onun evinə narkotik vasitə qoyacaqlarını bildirmişlər. Onu tutan zaman üzərindəki marixuananı tərəzidə ölçmüşlər və 300 qram olmuşdur. İranlı şəxs də əvvəldən narkotik vasitənin 300 qram olduğunu bildirmişdir. İranlı şəxs ona kuryerlik etməsini təklif etmişdir. Polis əməkdaşları onu buraxacaqlarını söylədikləri üçün üzərindən və evindən artıq miqdarda narkotik vasitənin çıxmasına etiraz etməmişdir. Polis əməkdaşları ona fiziki təzyiq göstərməmişlər. O, saxlanılan zaman evdə həyat yoldaşı və uşaqları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsində hakim qarşısına çıxarılan zaman narkotik vasitənin ona məxsus olmadığını bildirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs fəhlə işləmiş, səhər evdən çıxaraq axşamüstü gəlmişdir. O, Rəşadın narkotik vasitə istifadə etdiyini görməmişdir. Onlar kirada yaşamışlar və o, qonşuların evinə təmizlik işinə getmiş. Həmin gün o, qonşuya köməyə getmiş və həmin qonşusu sonra rəhmətə getmişdir. Hadisə günü Rəşad siqaret almaq üçün mağazaya getmiş, o isə qapını bağlayaraq yatmışdır. Qapının döyülməsi səsinə ayılmış, qapını açan zaman Rəşadın əlini bağlı görmüş və polis əməkdaşları evə daxil olmuşlar. Polis əməkdaşları evi axtarmağa başlamışlar. Daha sonra evindən narkotik vasitənin aşkar olunduğunu görmüşdür. Həmin narkotik vasitədən xəbəri olmamışdır. Polis əməkdaşları yarım saata yaxın evdə olmuş və Rəşadı sorğu-sual etmişlər. Həmin gün həyət polislərlə dolu olmuşdur. Daha sonra Rəşadı polis şöbəsinə aparmışlar, evdə isə 3 nəfər polis əməkdaşı qalmış, həmin şəxslərdən birinə rəis deyə müraciət edirmişlər. Həmin şəxslər ondan su istəmişlər. O, polis əməkdaşlarına çay vermişdir. Daha sonra bir polis əməkdaşı da gəlmiş və ona mətbəxdən çölə çıxmağa icazə verməmişlər. O, polis əməkdaşlarının içəridə nə isə bağlamağa çalışdıqlarını hiss etmişdir. Polis əməkdaşlarının danışığından eşitmişdir ki,çəkiliş gələcək. Daha sonra Rəşadı çəkilişlə yenidən evə gətirmişlər, ondan narkotik vasitənin harada olduğunu soruşmuşlar və böyük bir bağlama çıxarmışlar. Onun gördüyü balaca bağlamanı böyük bir bağlama etmişlər. Çəkiliş zamanı bağlamalardan birini bıçaqla açaraq göstərmişlər, digər bağlamaları açmamışlar. Daha sonra onu və Rəşadı polis bölməsinə aparmışlar. Polis bölməsində olan zaman ona imza çəkdirmişlər, amma o, oxuyub-yaza bilmədiyi üçün nəyə imza çəkdiyini bilməmişdir. Daha sonra ona getməsini, Rəşadı isə buraxacaqlarını söyləmişlər. O, taksi çağıraraq evə qayıtmış, amma Rəşad gəlməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Rəşadın narkotik vasitə istifadə etməsindən xəbəri olmamış, ilk dəfə evdən aşkar olunan bağlama balaca olmuşdur. Axtarış zamanı onu da kameraya çəkmişlər. Çəkiliş zamanı Rəşadın nə dediyini eşitməmişdir. Otaqdan xışıltı səsləri gəldiyi üçün nə isə bağladıqlarını hiss etmişdir. Video çəkiliş zamanı ondan narkotik vasitədən xəbəri olubolmadığını soruşmuşlar. Polis əməkdaşları Rəşadı yarım saat evdə saxladıqdan sonra rəis deyə müraciət edikləri polis əməkdaşına zəng gəlmiş və Rəşadı polis bölməsinə aparmışlar. Rəşad gedən zaman evdə 3 nəfər polis əməkdaşı qalmış, bir nəfər isə sonradan gəlmişdir. Həmin vaxt evdə ondan başqa heç kim olmamışdır. Rəhmətə gedən qonşuları evdə polis olduğunu görərək onlara gəlmişdir. O, qardaşıgilə getməli imiş, amma gedə bilmədiyi üçün Minayə adlı qardaşı arvadı onlara gəlmişdir. Həmin qadın evin içərisinə girməmiş, həyətdə gözləmiş, polis əməkdaşları onu sorğu-sual etməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onların kəbinləri olsa da, nikahları yoxdur. Onlar birlikdə ünvan 1-də yaşamışlar. Məlum hadisə baş verdikdən sonra o həmin evdən çıxaraq hazırda qardaşı Qurban Əzimovun Sumqayıt şəhəri BTZ bağları fərdi evdə yaşayır. 09 mart 2023-cü il tarixdə ərim Təqsirləndirilən şəxs narkotikə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduqdan və üzərinə Sumqayıt şəhər Polis İdarəsində şəxsi axtarış keçirildikdən sonra polis əməkdaşlarının onların birlikdə yaşadıqları ünvan 2 ünvanına baxış keçirilməsi zərurəti yarandığından o evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra onların iştirakları ilə videçəkilişlə evə baxış keçirilməsinə başlanılmışdır. Evə baxış zamanı Rəşad yaşadığı mənzilin yataq otağındakı qutunun üzərindəki 01 ədəd ağ rəngli torbanın üçərisindən 01 ədəd elektron tərəzi, 05 ədəd ayrı-ayrı bağlamada qurudulmuş marixuana, 01 ədəd plastik bank kartını təqdim etmişdir. Sonra marixuana tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş marixuana, elektron tərəzi qablaşdırılmış, möhürlənmiş, üzəri o, Rəşad, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Yaşadıqları mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Sorğu zamanı o aşkar olunmuş kütlələrdən xəbərinin olmadığını, Rəşadla birlikdə qeyri-rəsmi bir yerdə yaşadığını bildirmişdir (cild 01, iş vər. 171-172). Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, polis əməkdaşlarının dediklərini yazdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 9 mart 2023-cü il tarixdə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs Sumqayıt şəhəri Metallurq bağları ərazisində piyada hərəkət edən zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş və Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində təhqiqatçı və müfadiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən marixuana aşkar edilmiş və təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra onlar birlikdə Rəşadın yaşadığı ünvan 1-yə getmişlər. Ünvana baxış zamanı 05 ədəd ayrı-ayrı bağlamada qurudulmuş marixuananı təqdim etmiş, ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə aşkar olunmuş, təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı Əhməd adlı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsin barəsində məlumat məxfi mənbədən daxil olmuş, əməliyyatı iki nəfərdən ibarət tərkibdə həyata keçirmişlər, şəxsi saat 5-6 raddələrində saxlamışlar, şəxsi tutduqdan sonra Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar, şəxs saxlanılan zaman həmin əraziyə mal qoyduğunu bildirmiş, həmin əraziyə şəxsin özünün iştirakı ilə baxış keçirilmiş, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman marixuana aşkar olunmuş, şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, həmçinin evində də narkotik vasitə saxladığını söyləmiş, o, əməliyyat qrupunun rəhbəri olmuş, şəxsin yaşadığı evə baxış keçirilən zaman axşam saatları olmuş, təqsirləndirilən şəxs onlara müqavimət göstərmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1984-cü il tarixdə Lənkəran şəhəri, Kirov qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Lənkəran rayonu, Osakücə ərazi dairəsi, Osakücə kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri xx.xx.1984-cü ildə Lənkəran şəhəri, Kirov qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuyan, Lənkəran rayonu, Osakücə ərazi dairəsi, Osakücə kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 09 mart 2023-cü il tarixdə, saat 16:50 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 33 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu DVD cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 28-29). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 30). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Şahid3 yaşadığı ünvan 3 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 32). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Metallurq bağları 122 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağındakı qutunun üzərindəki 01 ədəd ağ rəngli torbanın içərisindən 01 ədəd elektron tərəzi, 05 ədəd ayrı-ayrı bağlamada qurudulmuş marixuana, 01 ədəd **********593988 plastik bank kartını aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 34-35). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/364 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdə 01 ədəd sellofan torbada təmiz çəkisi - 31,84 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixunadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlələr və 01 ədəd elektron tərəzi” yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen bağlamadakı 5 (beş) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 195 qram, 205 qram, 195 qram, 210 qram, 180 qram ümumi çəkisi 985 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin polietilen bağlamada olan 01 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir (cild 01, iş vər. 43- 47). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 3613 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardı. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 122-123). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada «Nomrenin_Mexsusluq_Tarixcesi_ 552119610, «Nomrenin_Mexsusluq_TarixcesL558101008»,”Nomrenin_Mexsusluq_Tarixcesi_5553573 97”, “SMS_TarixcesL555357397”, «Zenglerin_Detallasması-555357397», «Zenglerin_Detallasması-558101008», «Zenglerin_Detallasması 552119610», «Zenqlerin_Məxsusluq_Tarixceleri-555357397», «Zenqlerin_Məxsusluq_ Tarixceleri- 558101008»,«Zenqlerin_Məxsusluq_Tarixceleri-552119610” adlı parkaları var. «Zengİerin_Detallasması-558101008» papkasına daxil olduqda müəyyən olunur ki, polis əməkdaşı Şahid1 istifadəsində olan ***-***-**-** sayh mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 16:53-də Sumqayıt şəhəri Yaşıl Dərə bağları ərazisində qeyd olunur. «Zenglerin_Detallasması-552119610» adlı papkaya daxil olduqda müəyyən edilir ki, polis əməkdaşı Şahid2 istifadəsində olan ***-***-**-** sayh mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 16:52-də Sumqayıt şəhəri Yaşıl Dərə bağları ərazisində qeyd olunur. Sumqayıt şəhəri Yaşıl Dərə bağları ərazisi də Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt şəhəri Metallurq bağları 122 sayh evin yaxınlığındakı ərazisidir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilmir (cild 01, iş vər. 174). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 206-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 194-204). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1984-cü il tarixdə Lənkəran şəhəri, Kirov qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Lənkəran rayonu, Osakücə ərazi dairəsi, Osakücə kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 33 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, daha sonra şəxsin yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvandan 01 ədəd ağ rəngli torbanın içərisindən 01 ədəd elektron tərəzi, 05 ədəd ayrı-ayrı bağlamada qurudulmuş marixuana. Götürülmüş maddələr məhkəmə bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmaması, evdən aşkar olunan narkotik vasitənin çəkisinin az olması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun üzərindən və yaşadığı evdən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Şahid3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, həmin xanım təqsirləndirilən şəxlə faktiki ər-arvad münasibətində olan qadındır. Bu hal onun təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə kollegiyası şəxsin həmin ifadəsinə tənqidi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərərk təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasında həmin ifadəni qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş məktub və xasiyyətnamədən görünür ki, Nəcəfov X7 rayonunun Osakücə kəndində qeydiyyatdadır və uzun müddət kənd ərazisində yaşamış, yaşayış yeri üzrə yaxşı səciyyələndirilir (cild 01, iş vər. 192-193) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 182). Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, o cümlədən CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 20, 75-76). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 1016,541 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin və 01 ədəd CD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlə tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 1016,541 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin və 01 ədəd CD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-324/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-324/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver