Məhkəmə qərarları › İş №1(124)-326/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-326/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-326/2023 31.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1980-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham verilmişdir ondan ötrü ki, o, tanışı Zərərçəkmiş şəxs Xaçmaz rayonu Qobuqırağı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq inşa etdiyi ümumi sahəsi 181 kv.metr olan qeyri-yaşayış obyektinə “tikintiyə icazə” sənədinin alınmasının mümkün olmadığını bildiyi halda müvafiq sənədin alınması üçün, yəni bilə-bilə qanunsuz hərəkətlərə görə vəzifəli şəxs hesab olunan, Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri- baş memar Şahid2 rüşvət verməklə bu işin müsbət həll olunacağına və sənədləşmə işinin aparılması üçün dövlət rüsumu ödəyəcəyinə dair Zərərçəkmiş şəxs yalan vədlər verib aldadaraq 2022-ci ilin aprel ayının ortalarında saat 10 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Şahdağ” marketin qarşısında X3 məxsus “VAZ 2106” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildə 1000 manat, 2022-ci ilin aprel ayının sonlarında saat 12 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "Şahdağ” marketin qarşısında həmin avtomobildə 600 manat, 2022-ci ilin may ayının əvvəllərində saat 11 radələrində Zərərçəkmiş şəxs Xaçmaz rayonu Qobuqırağı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin qarşısında qeyd olunan avtomobildə 500 manat olmaqla, ümumilikdə sonuncuya məxsus 2100 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmiş, yəni aldatma yolu ilə özgə əmlakını ələ keçirmiş, habelə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə Zərərçəkmiş şəxs rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsin özü üçün, dolayı yolla, vasitəçidən istifadə etməklə vəzifəli şəxsə maddi nemətin verilməsinə təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirli bilir. 2018-ci ildə işkəncələrə qarşı agentlikdə çalışmışdır. Orada 2 il işləmişdir. Ondan əvvəl heç bir yerdə çalışmamışdır. Hadisə 2022-ci ilin iyul-avqust aylarında olmuşdur. Rasim Mübariz ilə qonşu olmuşdur. Rasim ona Mübarizə sənədi düzəltməyə kömək etməyini xahiş etmişdir. Rasim vasitəsilə Mübarizlə tanış olmuşdur. Mübarizlə danışmış, onun daha əvvəl icra hakimiyyətinin baş memari Kamil müəllimin yanında olduğunu bilmımişdir. O, gedib Kamil müəllimlə danışmış, gəlib əraziyə baxan kimi Mübarizi görüb ərazidə icazəsiz tikinti aparıldığını bildirib çıxıb getmişdir. İcra hakimiyyətində çalışan Kamil müəllimlə münasibəti olmamışdır. Mübarizə məhkəmə yolu ilə ona sənəd alıb verəcəyəni demişdir. Mübarizə kömək edib 200-300 manat pul qazanmaq istəmişdir. Mübariz kiçik mağazasına sənəd almaq istəyirdi. O, Mübarizdən aprel ayında 2100 manat pul almışdır. Həmin pulu məhkəmə vasitəsilə mağazaya sənəd düzəltmək üçün almışdı. Lakin məhkəməyə müraciət etməmişdir. Pul almamışdan qabaq Kamil müəllimin yanına getmişdir. Mübarizə sənədi Kamil müəllim vasitəsilə düzəldəcəyini deməmişdi. Kamilə torpağın sənədlərini verib baxmağını xahiş eləmiş, o da gəlib torpağa baxmış, icazəsiz tikildiyini deyib sənəd verilməsinin mümkün olmayacağını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də iş üzrə qiymətləndirilməklə mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 10 il əvvəl qaynı Sitalov Xanlar ilə Xaçmaz rayonu, Qobuqirağı kəndində şərik 0.16 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsini çıxarışla Xanların arvadı Sitalova Gülbahar adına rəsmiləşdirmişlər. Həmin torpaq sahəsinin 4 sotunda özü üçün fərdi yaşayış evi tikmiş, hazırda da həmin evdə yaşayır. Torpaq sahəsinin digər 4 sotunda da qaynı Xanlar özünə fərdi yaşayış evi tikib hazırda öz ailəsi ilə birlikdə orada yaşayır. Qalan 8 sot torpaqda Xanlarla şərik olaraq ümumilikdə 181 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyekti tikmişlər. Həmin tikilinin içərisində çayxana, avtomobilin təmir sexi, ərzaq mağazası və bərbərxana olmalı idi. Həmin obyekti 3 il əvvəl özü tikmişdir. Obyektə dair sənədlərin hamısı düz olmasını, gələcəkdə sənədləşməyə görə obyektin fəaliyyətinə zərər gəlməməsini istədiyi üçün 2022-ci ilin fevral ayında torpağa dair “Çıxarış”ı götürüb Xanlarla birlikdə Xaçmaz Rayon İcra Hakimiyyətinin memarı Kamil müəllimin yanına getmişlər. Obyekt üçün müvafiq sənədləri almaq istədiyini Kamilə bildirdikdə o, həmin obyekti icazəsiz tikdiyinə görə sənəd verə bilməyəcəyini, ancaq məhkəmə qaydasında həll edə biləcəyini demişdir. Qardaşı Pərvizlə obyektin sənədlərini düzəltmək üçün bir neçə dəfə icra hakimiyyətinə və gedib gəlmişlər, lakin düzəlməmişdir. Növbəti dəfə Xaçmaz Rayon İcra Hakimiyyətindən evə gedən zaman küçədə həmkəndlisi Rasimlə rastlaşmış, ona məsələ barədə danışmışdır. Rasim Rauf adlı tanışının bu işi düzüb-qoşacağını demişdir. Səhəri gün Rasimlə danışıb torpaq sahəsinin sənədlərini və tikilinin layihəsini götürüb 2022-ci ilin aprel ayının ortalarında çayxanada sənədləri Raufa təqdim eləmiş, Rauf gətirdiyi sənədlərə baxaraq sənədləri aparıb Kamil müəllimə göstərməli olduğunu demişdir. Sənədləri Raufa vermişdir. Təxminən yarım saat sonra Rauf zəng edərək dedi ki, “Kamil müəllim dedi ki, təcili 1 alma, yəni 1000 manat çatdırsın”. Həmin gün 1000 manat pulu Rasimin yanında Raufa vermişdir. Rauf işin bununla yekunlaşmayacağını, yenə pul verməli olacağını, bundan sonra 1000 manat da xərcinin çıxacağını dedikdə, problem olmadığını bildirmişdir. 5-6 gün sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin memarı Kamil müəllim obyektə gəlmişdi. Kamil müəllim obyektə yaxınlaşıb baxmış və orada ölçü işləri apararaq söz verə bilməyəcəyini, ancaq nə isə etməyə çalışacağını deyib getmişdir. Təxminən 3-4 gün sonra Raufa zəng edərək 500 manat, daha sonra 100 manat, daha sonra sənədləşmə üçün rüsumları ödəmək məqsədi ilə 500 manat pul vermişdir. Ümumilikdə Raufa sənədləşmə üçün 2200 manat pul vermişdir. Üstündən xeyli müddət keçməsinə baxmayaraq sənədlər hazır olmadığı üçün Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək şikayət etmişdir. Hal hazırda ona vurulmuş ziyan tamamilə ödənilmiş və o, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus “VAZ 2106” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin aprel ayının ortalarında Xaçmaz rayonu, Qobuqırağı kəndində olanda Mübarizi qardaşı Pərviz ilə piyada gəldiklərini görmüşdür. Avtomobil ilə onların yanından keçəndə Mübariz əl edib onu saxlamış və maşına minmişlər. Mübariz söhbət əsnasında evin yerləşdiyi torpaq sahəsində qeyri-yaşayış obyektləri tikdirdiyini, lakin sənəd ala bilmədiyini demişdir. O, da Mübarizə Raufun sənəd düzəltmək işi ilə məşğul olduğunu, bu barədə Raufdan kömək istəyə biləcəyini demişdir. Raufla danışdıqdan sonra Mübarizə zəng edib Raufun sənədləri görmək istədiyini demişdir. Mübariz sənədləri götürüb Xəzər marketin qarşısına gəlmişdir. Mübariz gəldikdən sonra sənədləri Raufa vermiş, Rauf da sənədlərə baxdıqdan sonra “düzələr, gedib Kamil müəllimlə məsləhətləşim, xəbər edərəm” demişdir. Sonra çayxanadan çıxıb getmişlər. Sonra bir daha görüşəndə onun maşınında Mübariz cibindən 1000 manat pulu çıxarıb Raufa vermişdir. Təxminən 4-5 gün sonra Rauf zəng edib Kamil müəllimin Mübarizin tikilisinə baxacağı üçün Raufla Mübarizin tikilisinin yanına getməyini xahiş etmişdir. Kamil müəllim gəlib tikiliyə baxış keçirib getmişdir. Daha sonra onun maşınında Mübariz 500 manat, sonra 100 manat, 500 manat Raufa pul vermişdir. Daha sonra nə olması barədə hər hansı bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri vəzifəsində işləyir. 2022-ci ilin fevral ayının əvvəllərində Mübariz Xaçmaz rayon İcra Hakimiyyətinə gəlib yaşadığı evin həyətyanı torpaq sahəsində qeyri-yaşayış obyekti tikdirdiyini, həmin tikiliyə sənəd düzəltdirmək istədiyini demişdir. O, da həmin tikilinin sənədlərinin düzəldilməsinə köməklik edə bilməyəcəyini, həmin tikiliyə məhkəmə qaydasında iddia qaldırıb sənəd ala biləcəyini demişdir. Təxminən 2022-ci ilin aprel ayının 20-25-i arasında Rauf yanına gəlib bir nəfər tanışının Xaçmaz rayonu, Qobuqırağı kəndində qeyri-yaşayış obyekti tikdirdiyini, həmin tikiliyə baxıb sənədləşmə üçün məsləhət verməyini xahiş eləmişdir. Raufun sözünü yerə salmayıb 2022-ci ilin aprel ayının sonlarında həmin tikiliyə gedib baxış keçirmişdir. Oraya gedəndə tikilinin Mübarizə məxsus tikili olduğunu anlamışdır. Tikilini nəzərdən keçirib həmin obyektə sənəd düzəltdirilməsinə köməklik edə bilməyəcəyini və ümumiyyətlə həmin tikilinin standartlara uyğun tikilmədiyini demişdir. Sonra nə baş verməsi, həmin tikliyə sənədlərin düzəldilməsinə görə kimin kimdən nə qədər pul almasından məlumatı olmamışdır. Raufun Mübarizdən aldığı puldan məlumatım olmamışdır. O, sadəcə gedib həmin tikiliyə baxış keçirmiş və tikilinin standartlara uyğun olmadığını demişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Xaçmaz Rayon İcra Hakimiyyətindən daxil olmuş 29 noyabr 2022-ci il tarixli, 2258 nömrəli məktubdan görünür ki, Xaçmaz rayonu Qobuqırağı kəndi ərazisində yerləşən, X2 mülkiyyətində olan torpaq sahəsində Zərərçəkmiş şəxs tərəfindən inşa edilmiş qeyri-yaşayış obyekti müvafiq sənədləşmə işi aparılmadan özbaşına tikilmiş və tikintisi başa çatmışdır. Azərbaycan Respublikası ərazisində mövcud tikililər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tənzimlənir, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində tikintisi başa çatmış, özbaşına tikilmiş tikililərə müvafiq layihə, tikintiyə icazə sənədi və digər sənədlərin verilməsi qaydaları mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq mülkiyyətdə olan torpaq sahələrində özbaşına tikilmiş tikililərə dair mülkiyyət hüququnun əldə edilməsi məhkəmə qaydası ilə həyata keçirilir. (Cild 1, iş vərəq 100) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 76 saylı əmrindən çıxarışdan görünür ki, Şahid2 Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar vəzifəsinə təyin edilmişdir. (Cild 1, iş vərəq 112) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluğun yoxlanılmasına dair tələbnamədən, eləcə də məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 49-69) Xaçmaz rayon məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. (Cild 1, iş vərəqləri 74-75) Qeyd edilən Qərarın 7-ci bəndinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs qismində tanınmalıdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilirlər. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tamamilə ödənilməsini və təqsirləndirilən şəxslə barışmasını göstərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədviri ləğv edilməlidir. Lakin iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon polis şpbəsində istintaq olunan digər cinayət işi üzrə Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin dərhal həbsdən azad edilməsinin mümkünsüzlüyü nəzərə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmiş, məhkəmə xərcləri yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40-43, 321.2.1, 344- 347-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara alır: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə həmin Məcəllənin 73.1-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və onun digər iş üzrə həbsdə olması nəzərə alınsın. Qərardan elan olunduğu, Təqsirləndirilən şəxs isə qərarın surətinin ona verildiyi andan andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar