Məhkəmə qərarları › İş №1(124)-327/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-327/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-327/2022 25.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 02 ədəd ağ rəngli sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 2,423 qram, 1,755 qram olmaqla ümumi təmiz çəkisi 4,178 qram narkotik vasitə olan heroini və 01 ədəd bükümdə təmiz çəkisi 1,433 qram psixatrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 26 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 112-nin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan boz rəngli şalvarının sağ yan cibindən külli miqdarda 02 ədəd ağ rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 2,423 qram, 1,755 qram olmaqla ümumi təmiz çəkisi 4,178 qram narkoitik vasitə olan heroin və 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,433 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir, narkotik vasitə və psixotrop maddələrin istifadəçisidir. 26 yanvar 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı evin qarşısında tutulmuş və polis bölməsinə aparılmışdır, tutularkən üzərində 4 qram heroin olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilən narkotik vasitəni tapmışdır. Əvvəllər mobil telefon istifadə etsə də son zamanlar istifadə etməmiş və heç kimlə narkotik vasitənin satışı ilə bağlı mesaj yazışması olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq heç kimə narkotik vasitə satmadığını, üzərindən aşkar edilən narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. 1.433 qram metamfetamin 2-3 günlük, 4 qram heroin isə 3-4 gün günlük istifadə etməsi üçün onda olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilən narkotik vasitəni həmin gün tapmış, ondan istifadə etmək imkanı olmamışdır. Tapdığı narkotik vasitənin növünü polis bölməsində öyrənmişdir. Belə ki, narkotik vasitələr sellofanda olduğundan onun içərisində heroin olduğu görünmüşdür. Həmçinin ibtidai istintaq zamanı da bu cür ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 bildirmişdir ki, 2022-ci ilin yanvar ayında axşam saatlarında Şahid3 və Şahid2 ilə birlikdə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Corat qəsəbəsində yerləşən evinin yaxınlığında saxlamış və polis bölməsinə gətirmiş, polis bölməsində onun üzərinə video-çəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış nəticəsində narkotik vasitələr aşkar olunmuş və müvafiq sənədləşdirmə aparılmışdır. Şahid1 dövlət ittihamçısının sualına cavab olaraq əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi, daşıması və satışı ilə bağlı olduğunu bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 bildirmişdir ki, 26 yanvar 2022-ci il tarixdə təxminən axşam saat 21 radələrində o, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs onun yaşadığı evin yaxınlığında yaxınlaşmışlar. Ona özlərini təqdim etdikdən sonra narkotik vasitənin gəzdirilməsində, saxlanılmasında şübhəli olduğunu bildirmişlər və polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olarkən Təqsirləndirilən şəxs üzərindən üç büküm narkotik vasitə aşkar olunmuşdur. Aşkar edilən narkotik vasitənin çəkisi külli miqdarda olmuşdur. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən iki büküm heroin, bir büküm də metamfetamin aşkar edildiyini bildirmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai stintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 112-də yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis leytenantı Şahid3, kriminalistik təhqiqatlar bölməsinin baş inspektorkriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət tərkibdə əməliyyat qrupu təşkil edilmiş və Sumqayıt Regional Vəkillər Bürosunun vəkili X2 iştirakını təmin etmişlər. Saat 21 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 112-nin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbsəi, ev 2-nin yaxınlığına gəlmiş, təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Saat 21:40-da Təqsirləndirilən şəxs görüb onu saxlamış və özlərini təqdim etdikdən sonra onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə hansı əsaslarla saxlanıldığını bildirilmiş və onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişdir. PB-də xidməti otaqların birində üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Videogörüntü ilə şəxsi axtarış başladıqda təhqiqatçı tərəfindən təkrar olaraq Təqsirləndirilən şəxs saxlanılmasının əsasları bildirilərək, hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edilmiş və Təqsirləndirilən şəxs onun hüquqlarını müdafiə edən vəkili Günay Cəfərova təqdim edilmişdir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Bundan sonra ona üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş etmişlər. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxladığı 03 ədəd ağ rəngli sellofan bükümü təqdim etmiş, həmin bükümlərdə nə olduğu soruşulan zaman Təqsirləndirilən şəxs 02 ədəd bükümdə “Kakos” yəni narkotik vasitə heroin, 01 ədəd bükümdə “şüşə” yəni psixatrop maddə metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs narkotik vasitəni və psixatrop maddələr olan 03 ədəd bükümü xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manat ödəyərək aldığını bildirmişdir. Saxlanılan şəxsin üzərindən aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, imzalanmış və videoçəkiliş dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz gəzdirilməsi, satması və istifadəsi barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə” barədə protokol və qeyd olunan əməliyyat axtarış tədbirinin video görüntülərini əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən ağ sellofana bükülmüş 3 (üç) ədəd bükümləri təqdim etmiş, həmin bükümlərdən ikisinin içərisində narkotik vasitə olan heroin, birinin içərisində isə narkotik vasitə metamfetamin olduğunu bildirmişdir. Həmin ağ sellofana bükülmüş 3 (üç) ədəd bükümlərin içərisinə baxarkən onlardan birinin içərisində metamfetamin, digər iki bükümün hər birinin içərisində heroin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələri tutulduğu gün səhər Bakı şəhəri 20 Yanvar metrosunun yanından tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, içərisində narkotik vasitələr olan bükümlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “məhkəmə fiziki-kimyəvi ekspertizası”nın xx.xx.2022-ci il tarixli, 6/531 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 125” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən....” sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfdə iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,423 qram, 1,755 qram ümumi təmiz çəkisi 4,178 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,433 qram ağ rəngli kristallik maddə kustar üsulla hzırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 550 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 25 aprel 2022-ci il tarixli “məlumat daşıyıcısına baxış keçirilməsi” barədə protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan (077) ******* nömrəsinə narkotik vasitə və psixotrop maddələrin satışını ehtiva edən çoxsaylı mesaj mətnləri gəlmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan və xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 4,078 qram heroin və 1,383 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş üzrə "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında 04 ədəd birincisi “SMS_Tarixçəsi__**********3007__773004091”, ikincisi “SMS_Tarixçəsi_”, üçüncüsü “Zənglərin detallaşması_”, dördüncüsü “Zənglərin Məxsusluq Tarixçəsi_” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-182/2021 saylı, xx.xx.2021ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-182/2021 saylı, xx.xx.2021-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 21-2/3-4151 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə qeydiyyata götürülmüş, onun xx.xx.2021-ci il tarixə çəkilməmiş 01 il 04 ay 09 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-301/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmış və çəkilməmiş 04 ay 09 günün cəzasını həbs olunduğu xx.xx.2022-ci il tarixədək çəkmiş, xx.xx.2022-ci il tarixə çəkilməmiş cəzası 01 ay 18 gün təşkil etmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 266 və 267 saylı arayışlardan, doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Corat qəsəbəsi 112 nömrəli evdə qeydiyyatdadır. Ailə tərkibi həyat yoldaşı – X1, qızı - 2018-ci il təvəllüdlü X3, oğlu – 2020-ci il təvəllüdlü Abbasov Sərdar Ənvər oğlundan ibarətdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah edilməsi üçün cəmiyyətdən təcrid edilməlidir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 21-2/3-4151 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, xx.xx.2021-ci il tarixə qalan cəzası 01 il 04 ay 09 gün təşkil etmişdir. «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Sumqayıt şəhər məhkəməsinin 7(060)-301/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmış və çəkilməmiş 04 ay 09 gün azadlığın məhdudlaşdırılması cəzasını tutulduğu xx.xx.2022-ci il tarixədək çəkmiş, xx.xx.2022-ci il tarixə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 01 ay 18 gün təşkil etmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-182/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 1 (bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu qaydasında birləşdirilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, 28 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 26 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 1,383 qram psixotrop maddə olan metamfetamin, 4,078 qram narkotik vasitə olan heroin məhv edilməli, “şəxsi axtarış və götürmə” əməliyyat axtarış tədbirini özündə əks etdirən bir ədəd disk və iş üzrə "xxxx" MMC-i tərəfindən təqdim edilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-182/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 1 (bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablamaq yolu ilə 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzr təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il 6 (altı) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 65.0 (altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 1,383 qram psixotrop maddə olan metamfetamin, 4,078 qram narkotik vasitə olan heroin məhv edilsin, “şəxsi axtarış və götürmə” əməliyyat axtarış tədbirini özündə əks etdirən bir ədəd disk və iş üzrə "xxxx" MMC-i tərəfindən təqdim edilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar