Məhkəmə qərarları › İş №1(124)-327/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-327/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-327/2023 19.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 , Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- X4, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1958-ci ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Çuxurazəmi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdə, saat 07:45 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi ** BA *** dövlət qeydiyyat nişanlı QAZ 69 markalı avtomobili Siyəzən-Xaltan avtomobil yolunun 21-ci kilometrliyində Siyəzən rayonu istiqamətində hərəkətdə olan zaman rayonunun Daş Quşçu kəndi ərazisindən keçən hissəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməli və avtomobilin idarəolunmaz vəziyyətə düşməsinə, aşmasına səbəb olan hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunlara riayət etməyərək, avtomobilin idarə etməsini itirərək, avtomobili aşırmış və nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlərdən Şahid sol bazu, sol said, sol diz və sağ baldır nahiyələrinin hərəsinin bir ədəd qançırları ilə müşahidə olunan sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs sol kürək sümüyünün qapalı sınığı, alın nahiyyəsinin qançırı və burun belinin sıyrığ xəsarətləri ilə müşahidə olunan səhhətin uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid edilən, X6 başın, boynun və gövdənin qapalı travması, baş beyin toxumasına, baş beyin yumşaq qişasına və beyin mədəciklərinə geniş qansızmalar, baş beynin və onurğa beyninin ödemi, 5-ci boyun fəqərəsinin cisminin, sol 7-8-ci qabırğaların və burun sümüyünün sınıqları, ağ ciyər toxumasına qansızmalar, başın alın-təpə gicgah nahiyyəsinin hematoması, başın ahn nahiyyəsinin, sol dirsəyin, sol kürəkaltı nahiyənin və sol budun sıyrıqları, başın və döş qəfəsinin yumşaq örtüyünün altına qansızmalar ilə müşahidə olunan, sonuncunun ölümü ilə nəticələnən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şabran rayonunun Çuxurazəmi kəndində yaşayır. QAZ 69 markalı avtomobili atası Əlifşahdan qalmışdır, 1960-cı ilin maşınıdır. Sürücülük vəsiqəsi yoxdur, həmçinin etibarnamənin müddəti də bitmişdir. Avtomobil idarə etməyi bacarır. Zərərçəkmiş şəxs özünün, Şahid isə qardaşı Abubəy İbrahimovun arvadıdır. X11 qudası Nurağanın bacısının əridir, X7 isə Ənvərin qardaşıdır. Bacanağı Beydullahın arvadı Gülcahan rəhmətə getmiş və 14 avqust 2022-ci il tarixdə Siyəzən şəhərində onun qırx mərasimi olduğu üçün Ənvərlə Məhəmməd onları da QAZ 69 markalı avtomaşınla Siyəzən şəhərinə qırx mərasiminə aparmağı xahiş etmiş, razılaşaraq 14 avqust 2022-ci il tarixdə, saat 07 radələrində onları yaşadıqları Siyəzən rayonunun Qəriblik kəndindəki evdən götürmüşdür ki, avtomobili ilə Siyəzənə getsinlər. Məhəmməd avtomobilində qabaq sağ oturacaqda, avtomobilin arxa tentli hissəsində sol tərəf oturacaqda arvadı Gülümnaz, onun yanında, sağ tərəfində Xuraman, sol tərəf oturacaqda isə Ənvər təkbaşına oturmuşlar. Saat 07:45 radələrində Xaltan-Siyəzən avtomobil yolu ilə Siyəzən rayonunun Daq Quşçu kəndindən keçən hissəsində döngədə üzü Siyəzən rayonu istiqamətində hərəkətdə olduğu zaman idarə etməni itirmiş, avtomobil yolun sol tərəfində uçuruma tərəf getməyə başlamış, tormuza basmışdır ki, avtomobil çaya düşməsin, avtomobili sağ tərəfdə dağa tərəf çevirmiş, lakin avtomobil oynamış, bundan sonra sağ tərəfdə yolun sağ ehtiyat hisəsinin yaxınlığında bir dəfə aşmış, sonra yenidən sağ ehtiyat hisədə üzü Xaltan istiqamətində düzəlib dayanmışdır. Bundan sonra özü və Məhəmməd avtomobildən düşmüş, tentli hissəyə tərəf tez gəlmişlər, orada olan Xuraman və Gülümnaz danışsa da Ənvərin səsi gəlməmişdir. Bundan sonra Ənvəri yoldan keçən tanımadığı şəxsə məxsus olan avtomobillə xəstəxanaya çatdırmış, xəstəxanada bilmişdir ki, Ənvər ölüb, avtomobildə olan sərnişinlər isə müxtəlif bədən xəsarətləri almışlar. Hadisədən əvvəl avtomobilin hərəkət sürəti təxminən 50-60 km/saat olmuşdur. Avtomobildə onunla cəmi beş nəfər sərnişin olmuş, avtomobili özü idarə etmiş, sağ qabaq oturacaqda Məhəmməd, tentli hissədə sol arxa oturacaqda Ənvər, sağ arxa oturacaqda Gülümnaz və Xuraman oturmuşlar. Hadisənin baş verməsinə səbəb Xaltan-Siyəzən avtomobil yolu ilə Siyəzən rayonu istiqamətində hərəkətdə olan zaman döngədə idarə etməni itirməsi, avtomobilin üzü çaya tərəf getməyə başlaması, tormuz verib, sükanı sağa tərəf döndərməsinə baxmayaraq avtomobil oynamağa başlaması olmuşdur. Daha əvvəllər yol nəqliyyat hadisəsi törətməmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş və yorğun olmamışdır. Sürücülük vəsiqəsi yoxdur. Sürücülük vəsiqəsi olmadan beş-altı il olar ki, avtomobil idarə edir və elə sənədi olmadığı üçün avtomobili yalnız rayon ərazisində sürmüşdür. Hətta bu səbəbdən avtomobili texniki baxışdan da keçirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini həm ibtidai, həm də məhkəmə istintaqı zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şabran rayonunun Çuxurazəmi kəndində yaşamışdır. Maşın əri Gülmirzənindir və sonuncuya da atasından qalmışdır. Özünün sürücülük vəsiqəsi yoxdur, amma, maşın idarə edə bilir. Şahid qaynının arvadıdır. X1 qudası Nurağanın bacısının əri, X7 isə onun qardaşıdır. 14 avqust 2022-ci il tarixdə mərhum bacısı Gülcahanın Siyəzəndə olan qırx mərasiminə getmək üçün saat 07 radələrində Gülmirzənin maşınına əyləşərək yola düşmüşlər. Məhəmməd avtomobildə qabaq sağ oturacaqda, avtomobilin arxa tentli hissəsində sol tərəf oturacaqda özü, yanında Xuraman oturmuşlar, sol tərəf oturacaqda onlarla üzbəüz isə Ənvər təkbaşına oturmuşdur. Saat 07:45 radələrində Xaltan-Siyəzən avtomobil yolu ilə Siyəzən rayonunun Daq Quşçu kəndindən keçən hissəsində ani vaxt ərzində avtomobil oynayaraq aşmış, sonra yenə düzəlmişdir. Bu zaman Gülmirzə və Məhəmməd avtomobildən düşmüşlər, Gülümnaz ilə o özlərində olmuş, danışa bilmişlər, Ənvərin isə səsi gəlmirdi. Gülmirzə Vaz 2107 markalı avtomobili saxladaraq həmin avtomobillə Ənvəri xəstəxanaya çatdırmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdığını bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərdi ki, Şabran rayonunun Qəribli kəndində yaşayır. X12 onun əri olmuşdur. Təqsirləndirilən şəxs qonşu kənd sakinidir. Onunla özünün və ərinin münasibəti yaxşı olmuşdur. 14 avqust 2022-ci il tarixdə Siyəzən şəhərində yaşayan qohumları Beydullanın arvadının qırx mərasimi olduğu üçün Gülmirzə ilə Ənvər bir gün əvvəldən danışıb razılaşmışlar ki, Gülmirzə özünə məxsus UAZ markalı avtomobillə Ənvəri də götürər və birlikdə yasa gedərlər. Qayını, Ənvərin qardaşı Məhəmməd də onların evində olmuşdur. 14 avqust 2022-ci il tarixdə Gülmirzə idarə etdiyi avtomobillə onun evinin qarşısına gəlib, Ənvər və Məhəmmədlə görüşmüşdür. Məhəmməd qabaq oturacaqda, Ənvər isə avtomobilin arxa oturacağında oturmuş, yola çıxmışlar. Təxminən saat 09 radələrində Gülmirzənin yol nəqliyyat hadisəsi törətməsi və Ənvərin həmin yol nəqliyyat hadisəsi zamanı ölməsini eşitmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Gülmirzənin arvadı Gülümnaz və qardaşı arvadı Xuraman da avtomobildə olmuşdur. Təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şabran rayonunun Çuxurazəmi kəndində yaşayır. Maşın qayını Gülmirzənindir, ona atasından qalıb. Gülmirzənin sürücülük vəsiqəsi yoxdur, amma maşın idarə edə bilir. Gülümnaz Gülmirzənin arvadıdır. X1 qudası Nurağanın bacısının əri, X7 isə qardaşıdır. Gülümnazın bacısı Gülcahan rəhmətə getdiyi üçün 14 avqust 2022-ci ildə onun qırx mərasimində iştirak etmək məqsədilə saat 07 radələrində Gülmirzənin maşınına əyləşərək Siyəzənə yola düşmüşlər. Məhəmməd avtomobildə qabaq sağ oturacaqda oturmuş, avtomobilin arxa tentli hissəsində sol tərəf oturacaqda Gülümnaz, onun yanında özü, sol tərəf oturacaqda onlarla üzbəüz isə Ənvər təkbaşına oturmuşdur. Saat 07:45 radələrində Xaltan-Siyəzən avtomobil yolu ilə Siyəzən rayonunun Daq Quşçu kəndindən keçən hissəsində ani vaxt ərzində avtomobil oynamış və aşmış, sonra yenidən düzəlmişdir. Bu zaman Gülmirzə ilə Məhəmməd avtomobildən düşmüşlər. Həmin vaxt Gülümnazla o özlərində olmuşlar, Ənvərin isə səsi gəlmirdi. Gülmirzə Vaz 2107 markalı avtomobili saxladaraq Ənvəri həmin maşınla xəstəxanaya çatdırmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Siyəzən RPŞ-nin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi ** BA *** dövlət qeydiyyat nişanlı QAZ 69 markalı avtomobili Siyəzən-Xaltan avtomobil yolunun 21-ci kilometrliyində Siyəzən rayonu istiqamətində hərəkətdə olan zaman rayonun Daş quşçu kəndi ərazisindən keçən hissəsində asfalt yolda idarə etməni itirərək aşırmış, özü sol bazu oynağının küt travması, sol qolun cırılmış yaraları xəsarətləri almış, avtomobildə olan sərnişin X10 aldığı xəsarətlərdən hadisə yerində ölmüş, avtomobildə olan digər sərnişinlər Zərərçəkmiş şəxs kürək sümüyünün yerdəyişməyən sınığı, Şahid qarının küt travması xəsarətləri alaraq Siyəzən Rayon Müalicə Diaqnostika Mərkəzinə daxil olmuşlar (iş vərəqi 04). Cinayət işinin materiallarında olan Siyəzən RPŞ-nin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, nəticədə tərtib olunmuş sxem və fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 08-20). Cinayət işinin materiallarında olan Siyəzən RPŞ-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, avtomobilə texniki baxış keçirilmiş və avtomobilin sükan, əyləc, tormuz sisteminin, şinlərin görüntüsünün saz vəziyyətdə olması müəyyən edilmişdir (iş vərəqi 21). Cinayət işinin materiallarında olan X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, məhkəmə-tibbi ekspertizadan keçirilməsindən imtina etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirlyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin meyitin ekspertizasına dair 14 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X6 meyidindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatında qanda etil, metil, probil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, salisilatlar və benzodiazepin törəmələri aşkar edilməmişdir; Ənvər Türbətovun meyitinin müayinəsində başın, boynun və gövdənin qapalı travması, baş beyin toxumasına, baş beyin yumşaq qişasına və beyin mədəciklərinə geniş qansızmalar, baş beynin və onurğa beyninin ödemi, 5-ci boyun fəqərəsinin cisminin, sol 7-8-ci qabırğaların və burun sümüyünün sınıqları, ağ ciyər toxumasına qansızmalar, başın alın-təpə gicgah nahiyyəsinin hematoması, başın alın nahiyəsinin, sol dirsəyin, sol kürəkaltı nahiyənin və sol budun sıyrıqları, başın və döş qəfəsinin yumşaq örtüyünün altına qansızmalardan ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın(əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş avtonəqliyyat qəzası zamanı yarana bilər, yaranma müddəti şəxsin ölümündən saatlarla ölçülən qısa müddət əvvəl baş vermiş və 14 avqust 2022-ci il tarixə uyğun gəlir və hamısı birlikdə canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir; Ənvər Türbətovun ölümünə səbəb başın və boynun küt travması nəticəsində baş beyin toxuması və baş beyin yumşaq qişasına qansızmalardan törəyən baş beynin və onurğa beynin kəskin ödemi olmuşdur. Onun ölümünün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən onun meyitinin meyitxanada müayinə anından (xx.xx.2022ci il, saat 13:00) 6 saata qədər əvvələ uyğun gəlir; Ənvər Türbətovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı qanda etil spirti və narkotik maddələr aşkar olunmamışdır (iş vərəqi 43-46). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyəti Başçısının Çuxurazəmi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin Çuxurazəmi kəndində yaşayır və orada qeydiyyatdadır (iş vərəqi 47). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyəti Başçısının Çuxurazəmi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqi 48). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 61). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirlyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 182 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Şahid bədəni üzərində sol bazu, sol said, sol diz və sağ baldır nahiyyələrinin hərəsinin bir ədəd qançırları aşkar olunmuşdur. Həmin xəsarətlr bərk küt əşyanın (əşyaların). təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərdiyi şəraitdə baş vermiş yol nəqliyyat qəzası zamanı yarana bilər, yaranma müddəti 14 avqust 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduqlarına görə dərəcələri təyin edilmir (iş vərəqi 63- 64). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirlyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 183 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində üzün və sol dizin sıyrıqları, sol çiyin qurşağının əziyi və sol saidin kəsilmiş yaraları aşkar olunmuşdur. Həmin xəsarətlr bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərdiyi şəraitdə baş vermiş yol nəqliyyat qəzası zamanı yarana bilər, yaranma müddəti 14 avqust 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduqlarına görə dərəcələri təyin edilmir ( iş vərəqi 65-66). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirlyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X21 3087/K saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisində alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (iş vərəqi 68-70). Cinayət işinin materiallarında olan X9 və Şahid 05 və 06 oktyabr 2022-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı ödədiyi, onlarla barışdığı üçün ona qarşı şikayət və tələbləri yoxdur (iş vərəqi 80). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikaıs Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2022-ci il tarixli 016-302-7693-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına kompüter bazasına əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur (iş vərəqi 92). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirlyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 196 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol kürək sümüyünün qapalı sınığı, alın nahiyəsinin qançırı və burun belinin sıyrığı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərdiyi şəraitdə baş vermiş yol nəqliyyat qəzası zamanı yarana bilər, yaranma müddəti 14 avqust 2022-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (iş vərəqi 93-94). Cinayət işinin materiallarında olan Siyəzən RPŞ-nin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs barəsində son bir il ərzində yol hərəkəti qaydalarını pozması ilə əlaqədar heç bir inzibati protokol tərtib edilməmişdir (iş vərəqi 95). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2879 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məluatlara əsasən QAZ 69 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı madəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs QAZ 69 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir ( iş vərəqi 96-99). Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə yardım göstərməklə onlardan birinin həyat və sağlamlığına dəyə biləcək zərəri azaltmağa nail olmasını, 59.1.12-ci maddəyə əsasən zərərçəkmiş şəxslə, həmçinin digər zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, 59.1.13-cü maddəyə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilməli olan beş ildən artıq təşkil edəcək qəti cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməli olmasına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış materialları araşdıraraq, Təqsirləndirilən şəxs ittiham olunduğu maddi normanın ümumilikdə məzmununu nəzərə alaraq onun barəsində əlavə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza- nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar