Məhkəmə qərarları › İş №1(124)-328/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-328/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-328/2025 18.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X10, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuror Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi – X1, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Pro Bono Vəkil Bürosunun vəkili Nümayəndə və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 2007-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Əmiralılar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, «Bərəkət» marketin yanında nömrəsiz fərdi evdə faktiki yaşayan, barəsində “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək sürücülük hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Kia Optima» markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi ilə Qobu- Hökməli yolu istiqamətində hərəkətdə olarkən, həmin ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü nəqliyyat vasitəsini icazə veriləndən artıq 90-100 km/saat sürətlə hərəkət etdirərək hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun göstərilən maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin qaydalara riayət etməmiş, avtomobil yolunun sağ kənarı ilə hərəkət edib yolu sağ səkidən çəpinə olaraq sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin sağ qabaq qanad hissəsi ilə vurub, ona ehtiyatsızlıqdan müştərək travma, qapalı kəllə beyin travması, baş beyin toxumasına və qişaları altına qansızma, baş beyin ödemi, ağ ciyərin kompresion atelektazı, ağ ciyər köklərinə qansızma, qarın boşluğuna qansızma, dalağın və mədənin cırılmış yaraları, sol gicgah nahiyəsinin hematoması, sağ baldırın, sağ diz nahiyəsinin, sağ baldırın, İİ barmağının əsas falanqasının arxa səthinin, sağ kürəkaltı nahiyənin, sol əlin, sol bazunun, bel nahiyəsinin, hər iki baldır, çənəaltı nahiyənin sıyrıqları kimi həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuraraq, Ağəmi İsmayılovun qapalı kəllə beyin travması, baş beyin toxumasının altına qansızmalar fonunda baş vermiş daxilə-qarın boşluğuna qanaxmadaxili orqanların, dalağın, mədənin cırılması nəticəsində Bakı şəhər KTM-də ölməsinə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu Qobu qəsəbəsində yaşayır. Hadisə günü evdə onun anası, bacısı və qohumu olmuş, atası isə evdə olmamışdır. O, qohumu Elvin Babayevə məxsus “Kia Optima” markalı avtomobili götürərək ərzaq almaq üçün “Oba” marketə yollanmışdır. Qəza “Bərəkət” marketin yanındakı döngədən dönəndə baş vermişdir. Qəzanı törədən zaman şəxsi görməmiş, lakin avtomobilin nəyəsə dəydiyini hiss etmişdir. Qəzadan dərhal sonra avtomobili saxlamış və düşərək geriyə baxmışdır. Atasına zəng edib məlumat vermiş, atası polisə təslim olmağını, özünün də 10 dəqiqəyə gələcəyini bildirmişdir. Avtomobili qəza yerində saxlamış, taksi ilə Xırdalan şəhər polis idarəsinə getmişdir. 15 dəqiqə ərzində polis idarəsindən hadisə yerinə qayıtmışdır. Geri qayıdan zaman mərhum şəxs orada olmamışdır. Qəzadan sonra mərhumu görməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə mötəbər sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, onun iki oğlu var. Hadisə günü işdə olmuşdur. Böyük oğluna zəng etmiş, hara gedəcəyini soruşduqda oğlu məscidə gedəcəyini bildirmişdir. O, kiçik oğlunun evdə tək qalmaması üçün böyük oğluna evə tez getməyini bildirmişdir. Evə qayıdarkən hadisə baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nurlan adlı şəxslə dost olmuş, həmin gün qonaq gəlmişdir. O, ağ rəngli “Kia Optima” markalı avtomobili həyətdə saxlayıb yatmış, açarı isə stolun üstünə qoymuşdur. Onun avtomobili Nurlanda olmuşdur, Nurlan isə İsmayılın qohumudur. İsmayılın avtomobil sürdüyünü görməmiş, avtomobili ona verməmişdir. İsmayıl avtomobilin açarını stolun üstündən götürmüşdür. Daha sonra qəza baş verdiyini öyrənmişdir. O, 08:00-09:00 radələrində Xırdalan polis şöbəsinə getmiş, orada izahat vermişdir. Polis şöbəsinə taksi ilə getmiş, orada Təqsirləndirilən şəxsla qarşılaşmışdır. O, avtomobil haqqında maraqlanmamış, polis əməkdaşları avtomobilin harada olduğu barədə məlumat verməmişdir. Nurlan onunla birgə tutulmuş və o da həbsdədir. Nurlan Ağcabədidə yaşayırdı. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, X3 onun həyat yoldaşı, Təqsirləndirilən şəxs onun oğlu, X6 və X5 isə onun qızlarıdır. Oğlu Elvin 2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşma çatmayan şəxs olduğundan sürücülük vəsiqəsi olmamışdır, lakin onlar Xocavənd rayonunda yaşadığı müddətdə onun şəxsi avtomobilim olduğu üçün Elvin rayonda maşın idarə etməyi özü öyrənmiş və rayonda olduğu müddətdə həm onun və həm də qardaşının avtomobilini sərbəst idarə etmişdir. Oğlu İsmayılın sərbəst avtomobil sürdüyünü yaxın qohumlarım da görmüş və hər kəs onun sürücülük vəsiqəsinin olduğunu zənn etmişdir. Şahid1 qohumudur və o, Ağcabədi rayonunda yaşayır “Kia Optima” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil Elvinə məxsusdur. 07 oktyabr 2024-cü il tarixdə Ağcabədi rayonunda yaşayan qohumu Şahid1 onlara qonaq gəlmiş və gecəni evində qonaq olmuşdur. 08 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində yataq otağında olmuşdur. Evə bir sıra ərzaq məhsulları almaq lazım olmuş, o, avtomobilini ustaya aparmalı olmuş, buna görə də oğlu İsmayıla bu barədə bildirmiş və pul vermişdir ki, ərzaq alıb evə gətirsin. Təxminən 5 dəqiqə sonra evdən çıxıb maşını qəsəbədə yerləşən avtomobil təmiri sexinə aparmışdır. Təxminən saat 15 radələrində, sexdən çıxmaq istəmiş, bu anda oğlu İsmayıl ona zəng vurmuş və yaşadığı qəsəbədə Qobu-Hökməli yolu istiqamətində hərəkət edərkən Məscidin yanında maşınla qəza törətdiyini bildirmişdir. Oğlundan kimə məxsus avtomobil idarə etməsini soruşduqda ona qohumu X13 markalı maşınını icazə alıb götürdüyünü və həmin avtomobillə dükana getdikdə hadisə törətdiyini bildirmişdir. Belə olduqda oğlu İsmayıla hadisə yerində qalmağı demiş və cəld avtomobili ilə hadisə yerinə gəlmişdir. Hadisə yerində oğlu İsmayılın qohumu Elvinə məxsus Kia Optima markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurduğunu və piyadanın huşsuz vəziyyətdə olduğunu görüb cəld yardım göstərməyə çalışmış və oğlu İsmayıla da bildirmişdir ki, polis idarəsinə gedib hadisə barədə məlumat versin. Oğlu İsmayıl polisə məlumat üçün getdiyi anda o da xəsarət almış piyada adını sonradan bildiyi Zərərçəkmiş şəxs həyatını xilas etmək mümkün olmamış və həmin şəxs xəstəxanada rəhmətə getmişdir. Bundan sonra həmin şəxsin meyidini Bakı şəhər Respublika Xəstəxanasında yerləşən meyitxanaya gətirmiş və sonra ailə ülvlərinə təhvil verilmişdir. Göstərmişdir ki, oğlu dəfələrlə rayonda avtomobili tək və sərbəst sürmüş və bunu da Elvin rayonda olarkən görmüş, hər kəs oğlunun sürücülük vəsiqəsinin olduğunu zənn etmiş, Elvin özü ondan bu barədə soruşmamış və o da İsmayılın sürücülük vəsiqəsi alması üçün yaş həddi çatmadığını bildirməmişdir. O, avtomobilimi ustaya aparmalı olduğundan evə bazarlıq etməyi İsmayıla tapşırıb evdən çıxmış, o evdən çıxandan sonra İsmayıl Elvinin maşınının açarını ondan alıb sürüb getmiş, o, bunun əvvəlcədən şahidi olmamışdır.(Cild 1, iş vərəqləri 56-59) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “ifadənin yerində yoxlanması haqqında” 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dindirmə zamanı danışdığı yeri göstərməsi, orada baş vermiş hadisəyə (faktiki hallara) dair ifadə verməsi təklif olunmuşdur. İfadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə yerində avtomobili təxminən 90-100 km/saat sürətlə hərəkət etdirmiş, sürücü üçün təhlükə piyadanın sağ səkidən çəpinə hərəkət etdirərək onun hərəkət yoluna daxil olduğu andan yaranmışdır. Piyada hərəkətdə olduğu sağ səkidən çəpinə olaraq vurulduğu yerə kimi 7 metr məsafıə qət etmiş, avtomobilin sağ yan hissəsi ilə vurulmuş və vurulduqdan sonra 7,4 metr sol hərəkət hissəsinə düşüb qalmışdır. (Cild 1, iş vərəqləri 88-92) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasımn xx.xx.2024-cü il tarixli 142 saylı rəyindən görünür ki, mərhum 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi müayinəsi zamanı xəsarətlər aşkar edilmişdir: müştərək travma - qapalı kəllə beyin travması, baş beyin toxumasına və qişaları altına qansızma, baş beyin ödemi. Ağ ciyərlərin kompresion atelektazı. Ağ ciyər köklərinə qansızma. Qarın boşluğuna qansızma, dalağın və mədənin cırılmış yaraları. Sol gicgah nahiyəsinin hematoması. Sağ baldırın, sağ diz nahiyəsinin, sağ baldırın, İİ barmağının əsas falanqasının arxa səthinin, sağ kürəkaltı nahiyənin, sol əlin, sol bazunun, bel nahiyəsinin, hər iki baldır, çənəaltı nahiyənin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən bir qədər əvvəl bərk küt əşyanın təsirindən, yəni xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdir, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yüksək sürətlə hərəkətdə olan avtomobilin Zərərçəkmiş şəxsn vurması nəticəsində əmələ gəlmələri mümkündür. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb - qapalı kəllə beyin travması, baş beyin toxumasının altına qansızmalar fonunda baş vermiş daxilə-qarm boşluğuna qanaxma-daxili orqanların, dalağın, mədənin cırılmaları olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü KTM-lə xx.xx.2024-cü il tarixdə saat 21:00-da baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 60-63) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-yolnəqliyyat hadisələri ekspertizasımn 03 aprel 2025-ci il tarixli 8/449/2025 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Kia Optima» markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (Cild 1, iş vərəqləri 98-102) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəq 81) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə törədilən cinayət ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətlərin tərkibi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185 və 264-cü maddələrinin tərkiblərinin olması ilə bağlı zərərçəkən tərəfin mövgeyi ilə bağlı vurğulayır ki, evlərinə qonaq gələn şəxsin avtomaşınını sürmək məqsədi ilə götürən, sonra isə avtonəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaq niyyəti olmadan polisə təqdim olunan yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri həmin maddələrin tərkibinin obyektiv və subyektiv cəhətləri ilə eyniləşdirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı 09 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2024-cü il tarixdə MSY-dən azad edilmiş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində yetkinlik yaşma çatmayanı nəzarət altına vermə qətimkan tədbiri qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 40-41, 52, 114-115, 134-139) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı 18 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin saksiyası ilə əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə, Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə bu növdə əlavə cəzanın da təyin edilməsini əsaslı hesab edir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın hesablanmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinin və icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 170 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 10 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza – nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar