Məhkəmə qərarları › İş №1(124)-329/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-329/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-329/2022 18.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Qusar rayonu Kuzun kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Qusar rayonu Kuzun kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə, saat 16 radələrində sərxoş vəziyyətdə Qusar rayonu Kuzun kəndində yaşadığı evə gələrək doğma qızı Şahid2 ilə mübahisə edərək yumruq-təpik zərbələri ilə onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, səs-küyə gəlmiş arvadı Zərərçəkmiş şəxs ilə buna görə aralarında mübahisə yaranmış, daha sonra sonuncu evin həyətindəki yardımçı tikilidə çörək bişirən zaman, Təqsirləndirilən şəxs evdən özünə məxsus təsərrüfat-məişət təyinatlı turist bıçağını götürüb yardımçı tikiliyə daxil olmuş, Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəsdən bir dəfə bıçaqla vuraraq, sonuncuya “döş qəfəsinin arxa səthinin 4-5-ci qabırğaarası nahiyəsinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası” ilə ifadə olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verərkən o, içkili vəziyyətdə olmuş, baş verənlərin necə olduğunu özü də bilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən qeyd etdi ki, Sənubərə bir bıçaq zərbəsi endirmiş, zərər çəkmiş şəxslə barışmışdır. Bütün günah onun olmuş, içkili olduğu üçün mübahisənin niyə baş verdiyini bilməmiş, əvvəllər Sənubərlə aralarında bu formada mübahisələr olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və həmin ifadə də göstərmişdir ki, təxminən 10 il əvvəl Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş, bundan əlavə mütəmadi olaraq spirtli içkilər də qəbul etmişdir. 18 fevral 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı kənddə küçədə xatırlamadığı həmkəndliləri ilə spirtli içki olan araq qəbul etmiş, bundan sonra yaşadığı ünvana qayıtmışdır. Həmin vaxt evə daxil olmuş və yatmaq istəmiş, evdə qızı Leana, gəlini Raksana, eləcə də oğlu Elşad evin ikinci mərtəbəsində yatmışdır. O, çay içmək istədiyi üçün qızı Leanadan arvadı Sənubərin harada olduğunu soruşmuş, lakin Leana anasının harada olduğunu bilmədiyini demiş, Leanaya anasına zəng etməsini bildirmiş, bu zaman Leana ona fikir vermədən ikinci mərtəbəyə qalxmışdır. Buna görə də o, Leananı aşağı, yəni birinci mərtəbəyə çağırmış və sərxoş olduğu üçün sillə ilə bir neçə dəfə Lenanın sifətinə vurmuşdur. Həmin vaxt gəlini Raksana da orada olmuş, Leana qışqırdığı üçün arvadı Sənubər evə gəlmiş, Leana isə evdən çıxıb getmişdir. Bundan sonra Sənubər onun dayısı Hacıbəyə zəng edərək oraya çağırmış, bir neçə dəqiqə sonra Hacıbəy ora gəlmişdir. Həmin vaxt o, yardımçı tikilidə çörək bişirməyə davam edən arvadını əl zərbəsi ilə vurmuş, eyni zamanda arvadı da onu itələyib həyətə çıxmışdır. Bu zaman o, yenidən evə getmiş, evdə öz otağından özünə məxsus cib bıçağını götürüb cibinə qoyub yenidən xərək evinə geri qayıtmış, həmin vaxt Hacıbəy də ona sakit olmağını tövsiyyə etmişdir. Daha sonra o, Raksananı xərək evindən çölə çıxartmış, sonra qapını örtüb cibindəki bıçağı çıxardaraq arvadının kürək nahiyəsinə bir dəfə zərbə endirmiş, bundan sonra Hacıbəy içəri daxil olmuş və onu həyətə çıxartmışdır. Həmin vaxt arvadı həyətə qaçmış, o isə əl-üzünü yumuş və paltarını dəyişmiş, çünki polis əməkdaşlarının onu aparmağa gələcəklərini bilmişdir. Bundan sonra ora polis əməkdaşları gəlmiş, o, polis əməkdaşlarına yaxınlaşıb təslim olmuş, daha sonra bıçağı da polis əməkdaşlarına təqdim etmiş, eləcə də hadisə törətdiyi yeri göstərmişdir. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli və həmin əmələ görə onun təqsirliliyi məhz onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmuyu ilə aşağıda şərh olunan qaydada kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə baş verən gün o, həyətdə çörək bişirən zaman Əlimurad içkili vəziyyətdə evə gəlmiş, onlar mübahisə etdikləri vaxt Əlimurad onu bir dəfə kürəyinin arxasından bıçaq zərbəsi ilə yaralamışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını qeyd etmiş, Əlimuradın hər gün spirtli içki qəbul etdiyini, spirtli içki qəbul etdiyini zaman evdə dava saldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, atası Əlimurad mütəmadi olaraq spirtli içkilər qəbul etmiş və ailədə münaqişə yaratmışdır. 18 fevral 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı evdə olmuş, eyni zamanda evdə qardaşı Elşad ikinci mərtəbədə yatmış, gəlinləri Raksana da evdə olmuşdur. Həmin vaxt anası evin həyətindəki xərək evində çörək bişirmiş, bu zaman atası sərxoş vəziyyətdə evə gəlmiş və ondan anasının harada olduğunu soruşmuş, o, atasının sərxoş olduğundan əsəbləşərək anasının harada olduğunu bilmədiyini demiş, ona anasına zəng etməsini bildirmiş, o da konturu olmadığını demişdir. Bu zaman atası yumruq və təpik zərbələri ilə onun sifətinə və bədəninin digər hissələrinə vuraraq onu döymüş, həmin vaxt orada gəlinləri Raksana da olmuşdur. Həmin vaxt qışqırdığı üçün anası xərək evindən çıxıb gəlmiş və atasını sakitləşdirməyə çalışmış, bu zaman o, evdən çıxıb yaxınlıqdan yaşayan xalası Əzizəgilə qaçmışdır. Bu zaman Əzizə ona “sən evdə otur mən gedim anana baxım gəlim” demiş və onun yaşadığı evə getmişdir. Xalası evdən çıxıb onlara getmiş və təxminən 4-5 dəqiqə sonra evə qayıtmış, ona su vermişdir. Bundan sonra Raksana da ora gəlmiş, yenidən öz evlərinə qayıtmış, bu zaman atasının bıçaqla anasını kürək nahiyəsindən vurduğunu bilmişdir. Bundan sonra qonşuları Əmrahın avtomobili ilə anasını Qusar rayon Mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, hadisə günü o, qocalar evində nərd oynayarkən arvadı ona zəng edərək Sənubərgilə getməyini söyləmiş, o, isə arvadına oyun oynadığını, gedə bilməyəcəyini demişdir. Daha sonra arvadı yenidən ona zəng edərək Sənubərgilə getməyini təkrar söyləmiş, o da arvadına “Nə var axı orada, niyə gedirəm?” deyə soruşduğunda arvadı ona“Get ora, özün biləcəksən” demişdir. O, Sənubərgilə çatdığı zaman Əlimuradla Sənubərin mübahisə etdiyini görmüş və Əlimurada “Ayıbdır sənə, camaat baxır” demişdir. Bundan sonra Əlimuradla Sənubər mübahisə etməyi dayandırmışlar. Daha sonra Sənubər çörək bişirən zaman hadisə baş vermiş, hadisə baş verərkən o, çöldə olmuş, birbaşa hadisənin şahidi olmamışdır. Raksananın səsini eşitdikdən sonra onların yanına getmiş və Sənubərin bıçaqlandığını görmüşdür. X2 ifadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən qeyd etdi ki, Sənubəri xəstəxanaya o, aparmamış, Əlimuradın Sənubəri bıçaqladığını, həmçinin Əlimuradın əlində bıçaq olduğunu görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə günü o, evdə olarkən Əlimuradın Sənubəri bıçaqladığını eşitmiş, daha sonra avtomobili ilə Əlimuradgilin evinə getmiş və Sənubəri xəstəxanaya aparmışdır. Şahid4 ifadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən qeyd etdi ki, hadisənin birbaşa şahidi olmamış, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə zamanı o, qayınanası Sənubər ilə birlikdə xərək evində olmuş, lakin sonradan qayınatası Əlimurad onu oradan çıxartmışdır. Daha sonra qayınanası Sənubərin bıçaqlandığını görmüşdür. Şahid1 ifadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən hadisənin birbaşa şahidi olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:21-də Kuzun kəndində yaşayan Raksana adlı şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, qaynatasının qaynanasını döyüb bıçaq ilə xəsarət yetirməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:30-da Qusar RMX-nın həkimi E.Nurməmmədova Qusar RPŞ-nin Şahdağ PB-nin növbətçi hissəsinə zəng edərək Qusar rayonu Kuzun kənd sakini xx.xx.1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “kürək nahiyəsinin bıçaqlanmış yarası” diaqnozu ilə Qusar RMX-na daxil olduğunu bildirmişdir. Həkimin dediyinə görə xəstə həmin xəsarəti yardımçı tikilidə çörək bişirən zaman, əri içkili vəziyyətdə arxadan bıçaqla vurması nəticəsində almışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Qusar rayonu Kuzun kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvana polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs ümumi uzunluğu 213 mm olan açılıb-bağlanan, tiyəsi zavod istehsalı, dəstəyi kustar üsulla hazırlanmış cib bıçağını təqdim edib, həmin bıçaqla arvadı Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə zərbə endirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə sonuncunun Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri, yəni yaşadığı evin həyətində yerləşən çörək bişirmək üçün nəzərdə tutulmuş yardımçı tikiliyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs oturmuş vəziyyətdə çörək bişirdiyi yerdə evdən götürdüyü özünə məxsus bıçaqla bir dəfə kürək nahiyəsinə vurduğunu təsdiq etmişdir. Hadisə yerinə baxış zamanı həyətdə daşın üzərində qan ləkələri müşahidə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 19 fevral 2022-ci il tarixli 72 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - döş qəfəsinin arxa səthinin 4-5-ci qabırğaarası nahiyəsinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara kəsici-deşici alətin təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçaq zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 595 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Onda həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 16 mart 2022-ci il tarixli 3/262 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq tiyəsi zavod, dəstəyi isə kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəsdən bir dəfə bıçaqla vuraraq, sonuncuya “döş qəfəsinin arxa səthinin 4-5-ci qabırğaarası nahiyəsinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası” ilə ifadə olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Odur ki, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar Rayon Mərkəzi X9 şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 559/03-22 nömrəli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Qusar Rayon Mərkəzi X9 şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar RİHB-nin Zindan Muruq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 101 və 102 nömrəli arayışlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs öz ailə üzvləri ilə birlikdə Kuzun kəndində yaşamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar RİHB-nin Zindan Muruq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə Zindan Muruq kənd İƏD-si üzrə nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medallarının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X1 Müharibəsinin iştirakçısı olmuş və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X11 Birliyi tərəfindən verilmiş vəsiqənin surətinə əsasən X6 İİ qrup müharibə əlilidir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, onun övladı X3 Vətən Müharibəsində iştirak edərək medalla təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Qusar Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 4(029)-6/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 19 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Odur ki, iş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd turist bıçağı məhv edilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd xalat, 01 ədəd köynək və 01 ədəd jiletka Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 19 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 64.0 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd turist bıçağı məhv edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd xalat, 01 ədəd köynək və 01 ədəd jiletka Zərərçəkmiş şəxs qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar