Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-33/2022 12.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1979-cu ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 29A/18, mənzil 83-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncundan 24.03.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Xırdalan şəhəri ərazisində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 18 bükümdə ümumi təmiz çəkisi 2,818 qram narkotik vasitə heroini və 05 bükümdə ümumi təmiz çəkisi 0,153 qram psixotrop maddə olan metamfetamini 80 manata əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 13:25-də Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd «Maqna» markalı siqaret qutusunun içərisində sellofan və kağız bükümlərə bükülmüş 18 ədəd bükümün 10 bükümü xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,022 qram, 0,035 qram, 0,033 qram, 0,013 qram, 0,034 qram, 0,022 qram, 0,027 qram, 0,025 qram, 0,042 qram heroinlərlə 08 büküm xarici görünüş əlamətlərinə və tərkib kimyəvi komponentlərinə görə öz aralarında eyni olan, lakin 10 ədəd bükümlə fərqli olan 0,324 qram, 0,235 qram, 0,318 qram, 0,346 qram, 0,364 qram, 0,308 qram, 0,328 qram, 0,320 qram tünd qəhvəyi rəngli heroinlər olmaqla ümumi təmiz çəkisi 2,818 qram narkotik vasitə heroin, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olan 05 ədəd kağız bükümlərdə ayrı-ayrılqda təmiz çəkisi 0,058 qram, 0,027 qram, 0,023 qram, 0,022 qram, 0,023 qram ümumi təmiz çəkisi 0,153 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, gödəkçənin sağ yan cibindən üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, ittihamda göstərdiyi vaxtda deyil, iki gün əvvəl yəni 21 mart 2021-ci il tarixdə gecə saat 9-10 radələrində 11-12 polis əməkdaşları tərəfindən onun evinə basqın edilməklə saxlanılmışdır. Polis əməkdaşları onu və oğlunu polis bölməsinə aparmışlar və ondan oğurluq malları haradan alması ilə bağlı sorğu-sual aparmışlar. Polis əməkdaşları onu Yaşar Quliyevin evindən oğurluq etməkdə günahlandırmaqla bunu etiraf etməsini tələb etmişlər. Bundan imtina etdiyinə görə isə üzərinə narkotik vasitə qoymuşlar, onu döymüşlər və oğlunun da tutulacağı ilə hədələmişlər. Buna görə də o, narkotik vasitənin ona məxsus olmasını demişdir. Daha sonra o, göstərmişdir ki, narkotik vasitədən istifadə etmir və onun satışı ilə də məşğul olmur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsinə əsasən o, 24 mart 2021-ci il tarixdə, səhər saatlarında şəxsi işi ilə əlaqədar Abşeron rayonu Xırdalan şəhərinə getmişdir. Orada olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxslə görüşərək ondan satmaq üçün 01 ədəd «Maqna» markalı siqaret qutusunun içərisində 18 ədəd bükümdə heroin və 05 ədəd bükümdə psixotrop maddə olan metamfetamini 80 manata almış, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur. Həmin gün günorta saatlarında o Sumqayıt şəhərinə qayıtmışdır. Saat 13:25də Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində evə doğru gedərkən futbol meydançasının yanında Daşınmaz Əmlakın Dölət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazxi İdarəsinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Onların yanında polis geyimində olan bir nəfər şəxs də videoçəkiliş aparmışdır. O, da özünü təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olunduğu üçün saxlanıldığı izah edilərək, müvafiq şərait olmadığı üçün sənədləşdirməni aparmaq və üzərinə şəxsi axtarış keçirmək üçün onu aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. Buna etiraz etməyərək onlarla birlikdə xidməti avtomobillərinə əyləşərək videoçəkiliş dayanmadan həmin bölməyə gətirilmişdir. Orada videoçəkiliş davam etdirilməklə ona hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkilinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək təklif olunmuşdur. O da sağ əli ilə əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd «Maqna» markalı siqaret qutusunu çıxardaraq, onun içərisindən 23 bükümdə, yəni 08 ədəd şəffaf sellofana, 04 ədəd siqaretin qızılı rəngli kağızına, 04 ədəd siqaretin qırmızı rəngli kağızına, 04 ədəd siqaretin göy rəngli kağızına və 03 ədəd siqaretin gümüşi rəngli kağızına bükülmüş bükümləri, daha sonra sağ əlimlə gödəkçəsinin sağ yan cibində olan 01 ədəd elektron tərəzini, cib dəsmalını çıxardaraq onlara təqdim etmişdir. Həmin bükümlərin nə olduğunu və onları haradan və kimdən əldə etməsi soruşulduqda, o da bildirmişdir ki, 23 bükümdən 18 bükümündə narkotik vasitə olan heroin, 05 bükümündə isə psixotrop maddə olan metamfetamindir, onları 24.03.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Xırdalan şəhəri ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, satmaq və şəxsi istifadəsi üçün 80 manata almışdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini aldığı şəxsin anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuşdur. Narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmək üçün tanımadığı şəxsə vermiş olduğu 80 manat məbləğində pul vəsaiti özünə məxsus olan pul olmuşdur. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Sumqayıt şəhəri ərazisində hər hansı bir tanımadığı şəxslərə satmaq və özü də istifadə etmək üçün üzərində gəzdirmişdir. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini almaqda ona kömək edən olmamışdır, bunu tək etmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzini sözügedən ayrı-ayrı bükümlərdə olan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetaminin çəkisini müəyyən etməkdən ötrü üstündə gəzdirmişdir. O saxlanılarkən ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, təsir və təziq göstərilməmiş və heç bir hüququ pozulmamışdır. Onun istifadəsində mobil telefon və mobil nömrə olmamış, uzun müddətdir mobil telefondan istifadə etməmişdir. (Cild 1, iş vərəqləri 161-163) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 24 mart 2021-ci ildə Sumqayıt şəhərində Yalçın adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, əldə olunmasında vasitəçilik etməsi barədə daxil olan məlumat əsasında həmin gün saat 13 radələrində anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhərində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin yaxınlığında videoçəkiliş aparılmaqla saxlamışlar. Əməliyyat qrupunda 3 nəfər polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə müvafiq şərait olmadığı üçün sənədləşməni aparılması və üzərinə şəxsi axtarış keçirmək üçün onu aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-ə aparmışlar. Orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla vəkilinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunduqda o, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən içərisində 23 bükümdə, yəni 08 ədəd şəffaf sellofana, 04 ədəd siqaretin qızılı rəngli kağızına, 04 ədəd siqaretin qırmızı rəngli kağızına, 04 ədəd siqaretin göy rəngli kağızına və 03 ədəd siqaretin gümüşi rəngli kağızına bükülmüş bükümlər olan 01 ədəd «Maqna» markalı siqaret qutusu, gödəkçənin sağ yan cibindən 01 ədəd elektron tərəzini təqdim etmiş və bu əşyalar ondan götürülmüş və qablaşdırılmışdır. Həmin bükümlərin nə olduğunu və onları haradan və kimdən əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs aşkar edilən bükümlərin 18 bükümündə narkotik vasitə olan heroin, 05 bükümündə psixotrop maddə olan metamfetamin olduğunu, onları 24 mart tarixində Abşeron rayonu Xırdalan şəhəri ərazisində olarkən təsadüfən tanış olduğu şəxsdən 80 manata aldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi polis leytenantı Şahid3 ifadəsi və məhkəmədə elan olunaraq tədqiq olunmuş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsi ilə müəyyən edilir ki, onlar da Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 102-103) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 24 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin yaxınlığında videoçəkiliş aparılmaqla müəyyən olunaraq saxlanılmış və Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət edilmişdir. Orada xidməti otaqların birində videoçəkiliş davam etdirilməklə ona hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkilinin iştirakı ilə hüquq və vəzifələri izah olunur, daha sonra üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək təklif edilmişdir. Yalçın da sağ əli ilə əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd «Maqna» markalı siqaret qutusunu çıxardaraq, onun içərisindən 23 bükümdə, yəni 08 ədəd şəffaf sellofana, 04 ədəd siqaretin qızılı rəngli kağızına, 04 ədəd siqaretin qırmızı rəngli kağızına, 04 ədəd siqaretin göy rəngli kağızına və 03 ədəd siqaretin gümüşi rəngli kağızına bükülmüş bükümləri, daha sonra sağ əli ilə gödəkçənin sağ yan cibində olan 01 ədəd elektron tərəzini, cib dəsmalını çıxardaraq təqdim etmişdir. Həmin bükümlərin nə olduğunu və onları haradan və kimdən əldə etməsi soruşulduqda, o da bildirmişdir ki, 23 bükümdən 18 bükümündə narkotik vasitə olan heroin, 05 bükümündə isə psixotrop maddə olan metamfetamindir, onları 24.03.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Xırdalan şəhəri ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, satmaq və şəxsi istifadəsi üçün 80 manata almışdır. (Cild 1, iş vərəqləri 20-21) Şəxsi axtarış və götürmə haqqında” 24 mart 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 29 mart 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 91-93) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24.03.2021-ci il tarixli, 6/1170 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124» dairəvi möhür əksi olan, iki ədəd zərfdə olan; Üzərində «Təqsirləndirilən şəxs götürülmüş…» sözləri və imzalar qeyd edilmiş zərfdə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,058 qram, 0,027 qram, 0,023 qram, 0,022 qram, 0,023 qram ümumi təmiz çəkisi 0,153 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin. Digər 18 ədəd sellofan və kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,324 qram, 0,235 qram, 0,318 qram, 0,346 qram, 0,364 qram, 0,308 qram, 0,328 qram, 0,320 qram tünd qəhvəyi rəngli, 0,022 qram, 0,022 qram, 0,035 qram, 0,033 qram, 0,013 qram, 0,034 qram, 0,022 qram, 0,027 qram, 0,025 qram, 0,042 qram qəhvəyi rəngli ümumi təmiz çəkisi 2,818 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər aşkar edildi. Tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,324 qram, 0,235 qram, 0,318 qram, 0,346 qram, 0,364 qram, 0,308 qram, 0,328 qram, 0,320 qram tünd qəhvəyi rəngli heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş təmiz çəkiləri 0,022 qram, 0,022 qram, 0,035 qram, 0,033 qram, 0,013 qram, 0,034 qram, 0,022 qram, 0,027 qram, 0,025 qram, 0,042 qram heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təmiz çəkisi 0,324 qram, 0,235 qram, 0,318 qram, 0,346 qram, 0,364 qram, 0,308 qram, 0,328 qram, 0,320 qram tünd qəhvəyi rəngli heroinlər ilə təmiz çəkiləri 0,022 qram, 0,022 qram, 0,035 qram, 0,033 qram, 0,013 qram, 0,034 qram, 0,022 qram, 0,027 qram, 0,025 qram, 0,042 qram heroinlər bir-biriləri ilə xarici görünüş əlamətlərinə və tərkib kimyəvi komponentlərinə görə fərqlidirlər. (Cild 1, iş vərəqləri 32-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 17 iyun 2021-ci il tarixli, 1937 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 123-124) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma barədə” 25 mart 2021ci il tarixli, “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 19 iyun 2021-ci il tarixli qərarlara əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 2,638 qram narkotik vasitə heroin, 0,103 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 45-46, 91-93, 125-131) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 20 iyun 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 235-236) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən üzərinə qoyulması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 2,818 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 18,8 dəfə, külli miqdardan isə təxminən 1,4 dəfə artıq olması, narkotik vasitənin 18 bükümə bölünməsi, həmçinin üzərində şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetaminin də olması onun məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 07.03.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 17.10.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək onun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş və 18.04.2016-cı il tarixdə onun cəza müddəti bitdiyi üçün o, qeydiyyatdan çıxarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 17.10.2014-cü il tarixli qərarı cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab edilir. (Cild 1, iş vərəqləri 99-101, 107-116) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80 və 83-cü maddələrinə əsasən, xüsusilə də Cinayət Məcəlləsinin 83.6 “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 26 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 16, 69-70) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 2,638 qram olan narkotik vasitə heroin, 0,103 qram olan psixotrop maddə metamfetamin hazırki cinayət işindən narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılan ********** nömrəli cinayət işində saxlanılmalı, iş materiallarında olan maddi sübut kimi tanınmış 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatının ilkin mərhələsində təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan: 2,638 qram çəkidə narkotik vasitə - heroin, 0,103 qram çəkidə psixotrop maddə - metamfetamin hazırki cinayət işindən ayrılan ********** nömrəli cinayət işinə əlavə edilsin, 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-33/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-33/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver