Məhkəmə qərarları › İş №1(124)-33/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-33/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-33/2023 24.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Salyan rayonu, Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq təmiz çəkisi 17,010 qram olan qəhvəyi rəngdə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, təmiz çəkisi 2,004 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib, daşıyaraq üzərində saxlamış, 05 okyabr 2021-ci il tarixdə, saat 20:00-da Sumqayıt şəhəri, 2-ci mikrorayon, 25/63 saylı binanın qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 17,010 qram külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz şəkisi 2,004 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, Seyidəli İbrahimov ilə 2 ildir ki, qeyri- rəsmi nikah münasibətində yaşayır. Seyidəli heç bir yerdə işləməmiş, özü isə gözəllik salonunda çalışmışdır. O, narkotik vasitə istifadəçisi olmamış, Seyidəlinin də narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Seyidəli ona Sumqayıt şəhəri, 13-cü mikrorayona gedib orada qoyulmuş olan pulu götürməli olduğunu demişdir. O da uşaqları ilə birlikdə gedib tanımadığı bir şəxsi gözləmiş, lakin həmin adam gəlməmişdir. Sellofan paketi götürəndə polislər onu tutub Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə aparmışlar. O, götürdüyü paketdə narkotik olduğunu bilməmişdir. Seyidəli onu ilk dəfə harasa pul götürməyə göndərmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 077 *** ** ** onun mobil telefon nömrəsi olsa da, nömrəni Seyidəli işlətmişdir. O, həmçinin istintaq dövründə verdiyi ifadəsini təzyiq altında imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, iki azyaşlı uşağı 2011-ci il təvəllüdlü oğlu Ənvər və 2012-ci il təvəllüdlü oğlu Əkbərlə birlikdə yaşayır, heç yerdə işləmədiyindən uşaqlarını saxlamaq üçün iş yeri axtarmış və təxminən 2021-ci ilin oktyabr ayının əvvələrində onunla özünü İran Respublikası vətəndaşı Əsgər kimi təqdim edən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq onda narkotik vasitə olan heroin və psoxotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitələri sərfəli qiymətə ona verə biləcəyini, onun isə həmin narkotik vasitə və psixotrop maddələri satarsa yaxşı xeyir əldə edə biləcəyini bildirdikdə, o həmin şəxsə onunla necə görüşüb narkotik vasitələri ala biləcəyini soruşmuşdur. Həmin şəxs onunla görüşməyəcəyini, heroin və metamfetamini Sumqayıt şəhəri Novxanı bağlar massivində yerləşən göz xəstəxanasının yaxınlığından keçən yolun kənarında daşın altına qoyacağını, onun həmin narkotik vasitələri götürdükdən sonra pulu onun ona göndərəcəyi kartın hesabına yatıracağını bildirmişdir. O, Əsgər adlı şəxsdən onun qeyd olunan heroin və metamfetaminə görə ona hansı məbləğdə pul göndərəcəyini soruşduqda o, qiymətin 800-900 manat arası olacağını qeyd etmişdir. O, elə həmin gün yəni, 04 oktyabr 2021-ci il tarixdə axşam saatlarında sözügedən göz xəstəxanasının yaxınlığından keçən yolun kənarına getmiş və nisbətən iri bir daşın altından iki ədəd sellofan bükümlərdə heroin və metamfetamini götürüb cibinə qoymuş, fikirləşmişdir ki, münasib müştəri tapsa onları satıb Əsgərin də borcunu göndərər. O, evə gəldikdən sonra istifadəsində olan mobil telefonun da cibində olmadığını aşkar edib, itirdiyini başa düşmüş, telefonu itirdiyi üçün İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxslə də əlaqə saxlaya bilməmiş, Əsgər adlı şəxsin başqa anket məlumatlarını, harada olduğunu bilməmiş, onun mobil telefon nömrəsi də onun mobil telefonunun yaddaşında yazılmış, o nömrəni əzbərdən bilməmiş, xatırlamamış, lakin mobil telefonu itirdiyi üçün onun nömrəsini deyə bilməmişdir. 05 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində o, təklikdə Sumqayıt şəhəri 2-ci mikrorayon, 25/63 saylı binanın qarşısında olarkən narkotik vasitələri satmaq üçün müştəri axtararkən ona polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli bilindiyi üçün saxlandığını bildirərək 4-cü PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə PB-yə gəldikdən sonra otaqlardan birində ona videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər, o isə buna etiraz etməmiş, daha sonra hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiəsini həyata keçirmək üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim edilmiş, o vəkilə də etiraz etmədikdən sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmadığı sual olunan zaman özü əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu sellofan bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisində də iki ədəd sellofan bükümlər olmuş, onlar da açıldıqda isə birinci sellofan bükümdə spesifik iyli qara rəngli maddənin, ikinci sellofan bükümdə isə ağ rəngli kristal şəkilli maddənin olduğu müəyyən olunmuşdur. Narkotik vasitə olan heroin onun iştirakı ilə tərəzidə çəkilərkən çəkisinin 19,62 qram, metamfetamin isə çəkisinin 2,26 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. O, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmiş, sadəcə satıb pul əldə etmək istəmiş, həmin narkotik vasitəni satmaq üçün əldə etmiş, heç kimə narkotik vasitə satmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, Sumqayıt ŞPİ-nin 4-cü PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. O, tutulmamışdan 1 gün əvvəl istifadəsində mobil telefon olmuşdur. Sonradan mobil telefonu itirdiyi üçün mobil telefondan istifadə etməmiş, istifadəsində də ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olmuşdur. (Cild 1, iş vərəqləri 51-53, 64-66) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də mütəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, 05 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin gün saat 20 radələrində əməliyyat qrupunun rəhbəri Şahid1lə birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində saxlayıb 4-cü PB-nə aparmışlar. Polis Bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilərkən o, sellofan paketin içərisində olan 2 ayrı bükümdə heroin və metamfetamini təqdim etmişdir. Həmin narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsdən alıb satmaq məqsədilə üzərində gəzdirdiyini demişdir. Saxlanılarkən yanında uşaqları da olmuşdur. Təqsirləndirilən şəxs polis bölməsindən başqa yerə aparılmamış, yaşadığı evə baxış keçirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbulu, üzərində gəzdirməsi və satışı barədə məlumat daxil olmuş, bu məlumat əsasında 05 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Şahid2la birlikdə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Təqsirləndirilən şəxs saxlayıb 4-cü PB-ə aparmışlar. Polis Bölməsində otaqların birində müdafiəçinin iştirakı təmin edilməklə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əlində olan sellofan paketin içərisində olan iki ayrı bükümdə heroin və metamfetamini aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni satmaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilən narkotik vasitə və psixatrop maddənin çəkiləri çox olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin PPXT-un polis nəfəri, polis serjantı Şahid3 ifadəsindən görünür ki, o, digər şahidlər Şahid1 və Şahid2la oxşar məzmunlu ifadələr verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 128-130) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəlcə təklif olunur ki, üzərində hər hansı qadağan olunmuş əşya varsa təqdim etsin, o isə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd sellofan bükümü təqdim etmiş, həmin sellofan büküm açıldıqda içərisindən 02 ayrı-ayrı bükümlər də müyyən olunmkş, həmin bükümlər açıldıqda onlardan biri narkotik vasitə olan heroinə bənzər, digəri isə psixotrop maddə olan metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 28-29) “Şəxsi axtarışın keçirilməsi haqqında” 05 oktyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 14 noyabr 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 110-112) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd diskdə olan SMS tarixçələrindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********55 və +**********55 saylı mobil telefon nömrələri ilə müxtəlif mobil nömrələrin sahibləri arasında: 1. 18 sentyabr 2021-ci il tarixdə, saat 18:09-da +**********48 saylı mobil telefon nömrəsindən “Kolani 16dana ela”, 2. 18 sentyabr 2021-ci il tarixdə saat 18:10-da +**********48 saylı mobil telefon nömrəsindən “Kola 16dana oksun” və digər bu məzmunlu “SMS” mətnləri müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 140-145) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4409 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 128” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs Qəbirxan qızının üzərindən...” və s. yazılar, imza olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,004 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 17,010 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Cild 1, iş vərəqləri 39-44) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4464 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 120-121) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,960 qram heroin, 1,954 qram metamfetamin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 152-157) Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi, sellofan paketin içərisində narkotik vasitə olduğunu bilməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 17,010 qram heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 113 dəfə, külli miqdardan isə təxminən 8 dəfə artıq olması, həmçinin 2,004 qram metamfetaminin də şəxsi istehlak miqdarından artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. (Cild 1, iş vərəq 116) Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 118) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti yenidən uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 20, 74- 75) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 16,960 qram heroin, 1,954 qram metamfetamin məhv edilməlidir. 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 109 manat 90 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 16,960 qram heroin, 1,954 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar