Məhkəmə qərarları › İş №1(124)-330/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-330/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-330/2024 28.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Ardanış kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən həmin hökm dəyişdirilərək şəxs 01 il 07 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə qərarına əsasən ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 05 ay 12 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrotansiyasmın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq 20 manat müqabilində külli miqdarda bir ədəd şəffaf selofon bükümdə çəkisi 2,460 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Masazır kəndinə daşımış və üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsi, 27 saylı evin qarşısında saxalnılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, orada xidməti otaqda həmin gün saat 20:20-dən saat 20:40-a kimi olan vaxt ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf selofon bükümdə təmiz çəkisi 2,460 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları evə daxil olmamışdan 5-6 dəqiqə əvvəl Abşeron rayon, Masazır qəsəbəsində sahə rəisi ona zəng edərək çölə çıxıb sənədlərə imza çəkməsini söyləmişdir. Daha sonra polis əməkdaşları evə daxil olaraq ona ağır işgəncə verərək onu Abşeron Rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona təziq göstərilərək külli miqdarda narkotik vasitə heroini boynuna almasını söyləmişlər. Çəkiliş aparılan zaman narkotik vasitəni Yasamal rayonu ərazisindən əldə etdiyini bildirməsinə məcbur etmişlər. Bakı İstintaq Təcridxanasına getdiyi gün yoxlanış zamanı çiynində və belində göy izlər aşkar olunmuş, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, heç bir zaman narkotik vasitələrdən istifadə etməmişdir. Narkotik maddələrdən istifadəyə görə əvvəlki məhkumluğu zamanı da o, narkotik istifadəçisi olmamışdır. Azərbaycanda “Eurovision” ərəfəsində məhkumluğu olan şəxsləri bir il müddətinə azadlıqdan məhrum etmişlər və o, 2012-ci ildə azadlığa çıxmışdır. 2015-ci ildə qanunsuz narkotik maddə istifadəsinə görə məhkumluğu zamanı da cinayəti boynuna qoymuşlar. Polis əməkdaşları tərəfindən ona psixi təzyiqlər edilməsini barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, 26 mart 2023-cü il tarixdə saat təxminən 10 radələrində şəxsi işi ilə bağlı Bakı şəhəri, Yasamal rayonunda İnşaatçılar metrostansiyası yaxınlığında olarkən orada təsadüfən bir nəfər orta yaşlı şəxslə söhbət əsnasında narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs özü də narkotik vasitədən istifadə etməsini bildirmişdir. O, isə həmin şəxsdən ona bir büküm heroin təşkil edə bilməsini soruşmuşdur. Həmin şəxs ona demişdir ki, “20 manat verim bir büküm heroin gətirsin”, o da razılaşmışdır. Həmin şəxs ona gözləməyi deyib uzaqlaşmış, 15-20 dəqiqə sonra onun yanına qayıtmış və özündə olan bir ədəd sellofan bükümü ona verib heroin olduğunu bildirmişdir. O, həmin bükümü açıb baxmış və heroin olduğunu görüb 20 manat pul verib ondan narkotik vasitəni götürmüşdür. Həmin narkotik vasitə heroini üzərində saxlamışdır ki, lazım olduğu halda istifadə edər. 27 mart 2023-cü il tarixdə bir gün əvvəl aldığı narkotik vasitə heroini idman şalvarının sağ yan cibində qoymuşdur ki, evdən çıxıb başqa yerdə istifadə etsin. Saat təxminən 19 radələrində yaşadığı evdən çıxıb küçədə dayanıb siqaret çəkmişdir. İki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması üçün onlarla polis idarəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Bundan sonra Xırdalan şəhər Vəkil Bürosundan növbətçi vəkil Sirac Əsgərov polis idarəsinə dəvət olunmuş və vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri barədə məlumat verilmişdir. Özündə olan qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya kütləni təqdim etməsi təklif olunmuş, o, isə Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığı bir ədəd sellofan bükümdəki narkotik vasitə heroini təqdim etmişdir. Bundan başqa üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirmişlər, lakin başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi sellofan bükümü açıb içərisini yoxlamışlar və narkotik vasitəyə oxşar kütlə olduğunu bildirib kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o, həmin qablaşdırma üzərində imza edərək təsdiq etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş və həmin protokolu o, və digər iştirakçılar imzalarla təsdiq etmişlər (cild 01, iş vər. 48-50). Təqsirləndirilən şəxs son söz mərhələsində psixi xəstəlikdən əziyyət çəkdiyini bildirərək ona ən aşağı həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Rizavan oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin mart ayında Masazır qəsəbəsində Təqsirləndirilən şəxs saxlayıb polis idarəsinə gətirmişlər. İdarədə olan zaman təhqiqatçının otağında vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və heroinə bənzər maddəni çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitə heroini Yasamal rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, daxil olan əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsi Masazır qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Əməliyyat məlumatı daxil olduqdan sonra raport yazılıb təxirə salınmaz tədbir keçirilmişdir. Saxlanılan zaman təqsirləndirilən şəxsə heç bir fiziki zorakılıq göstərilməmiş, həmçinin təqsirləndirilən şəxs də polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 Rizavan oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1985-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Abşeron rayonu Masazır kəndi ərazisində narkotik vasitə qəbulu ilə məşğul olması və üzərində qanunsuz olaraq gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə xx.xx.1985-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə təxirə salınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayonu, Masazır kəndində “Zeynəb” marketin arxasında M.Araz küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroinə bənzəyən kütləni təqdim edərək həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonunda İnşaatçılar metrostansiyası yaxınlığında tanımadığı şəxsən 20 manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmiş, şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 33-35). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 28 mart 2023-cü il tarixli, 6/1741 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “....Təqsirləndirilən şəxs üzərindən..sözləri və imalar qeyd edilmiş kağız paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,460 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 41-42). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 3473 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin istifadə etmə halları olsa da, lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 01, iş vər. 139- 140). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1800 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 22.1-ci maddəsinin təsiri altına düşsə də, məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır (cild 01, iş vər. 153-155). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 206.3.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 102-108). Cinayət işinin materiallarında olan Abşeron rayon prokurorluğunun 26 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi xüsusatı ilə bağlı araşdırma aparılmış, əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 147-149). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır kəndi ərazisində narkotik vasitə qəbulu ilə məşğul olması və üzərində qanunsuz olaraq gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxalnılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin də iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofon bükümdə təmiz çəkisi 2,460 qram olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, sözügedən xüsusatlar Abşeron rayon prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş xəstəlik tarixindən çıxarışdan (epikrizdən) görünür ki, X4 qırtlağın karsinoması (qərtlaq xərçəngi, 3-cü mərhələ) diaqnozu ilə Milli Onkologiya Mərkəzində müalicə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətməsini CM-in 59.1.9-cu maddəsinə əsasən, atasının xərçəng xəstəliyindən əziyyət çəkməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən həmin hökm dəyişdirilərək şəxs 01 il 07 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə qərarına əsasən ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 05 ay 12 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 134-137). Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 23, 83-84). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,360 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 55 AZN (əlli beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,360 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 55 AZN (əlli beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Elçin Məmmədov Nurəddin Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar