Məhkəmə qərarları › İş №1(124)-330/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-330/2025

29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-330/2025 29.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs, tərcüməçi - X6 iştirakları ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, rus, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs internet sosial şəbəkəsinin “İnstagram” səhifəsində tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Əhməd” adlı İran İslam Respublikası vətəndaşı ilə qabacadan əlbir olub cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq ona göndəriləcək xüsusilə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin hər bir qramına görə alacağı 2 manat müqabilində deyiləcək yerlərə qoymaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, 17 avqust 2024-cü il tarixdə saat 13 radələrində bir qrup şəxs halında “Əhməd” adlı şəxsin Abşeron rayonu, Şəfəq qəsəbəsi ərazisində qoyduğu 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 365 qram və 454 qram olmaqla ümumi çəkisi 819 qram xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bağlamada 321 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək üzərində saxlamış, həmin tarixdə, saat 13:40 dəqiqədə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən “Grandmart” marketin yaxınlığında saxlanılıb Abşeron rayonu, Qobu qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən Qobu polis bölməsinin inzibati binasına gətirilərək, orada həmin gün saat 16:04-dən 16:19a kimi üzərində şəxsi axtarış aparılan zaman həmin 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 365 qram və 454 qram olmaqla xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ümumi çəkisi 819 qram xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bağlamada 321 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əlində olan qara rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, tutulana qədər təxminən 7-8 il nikahdan kənar Viktoriya Şvetsova ilə birlikdə yaşayıb. xx.xx.2024-cü il tarixdə Viktoriya ona zəng edərək onu deyəcəyi ünvana aparmağını xahiş edib. Əvvəl razı olmasa da, sonradan onu həmin yerə aparıb. Oraya çatanda bilib ki, Viktoriya narkotik vasitə götürmək üçün gedib. Bu zaman polis əməkdaşları onları saxlayıblar. Özlərini təqdim etdikdən sonra onları PB-nə aparıblar. PBdə polislər ona deyiblər ki, Viktoriyanı o şərtlə buraxarıq ki, o narkotik vasitənin özünə məxsus olduğunu boynuna götürsün. Həmçinin işinin yüngül olacağını deyiblər. O da məcbur qalıb onlara inanıb və onların dediyi ilə razılaşıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, tutulana qədər təxminən 10 ildən çox narkotik vasitələrdən istifadə edib. Əsasən “kakos” və “patı”dan istifadə edib. Telefonuna “Əhməd” adlı İran vətəndaşının nömrəsini Viktoriya qeyd edib. Ondan əvvəl telefonunda elə bir nömrə olmayıb. Tutulan zaman ***- ***-**-** saylı mobil telefon nömrəsini istifadə edib. Telefonunda, ümumiyyətlə, narkotik vasitənin satışı ilə bağlı hər hansı mesaj və ya konum olmayıb. PB-də hər hansı təsir və ya təzyiqlərə məruz qalmayıb. Tutulan zaman polisdən qaçmağa çalışarkən xəsarət alıb. Narkotik vasitəni qoyulduğu yerdən Viktoriya götürüb. Bu zaman o, Viktoriyanı yolun kənarında gözləyib. Polislər onu saxlayan zaman PB-də videoçəkiliş zamanı ayın 17-si tutulduğunu deməsini istəyiblər. Lakin o, avqustun 16-sı gecə saat 23 radələrində saxlanılıb. Elə həmin vaxt onu birbaşa PB-nə aparıblar. PB-də üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmayıb, Viktoriyaya məxsus olub. Viktoriya ona zəng edəndə o, Rövşən adlı dostu ilə birlikdə olub. Bəzi vaxtlarda Viktoriya ilə birlikdə narkotik vasitə istifadə edib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası vətəndaşıdır, azərbaycan dilində oxuya bilir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, 17 avqust 2024-cü il tarixdə, saat 13:40 dəqiqədə Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən “Grandmart” marketin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və onu Qobu PB-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Qobu PB-nə getmiş, orada tərcüməçi təqdim edildikdən sonra hüquqlarının müdafiəsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra əlində olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Torbanın içərisindən iki ədəd bağlamada narkotik vasitə heroin və bir ədəd bağlamada psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan şalvarının cibindən üzərində ***-***-**-** saylı bakcell kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş, üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefonu bu barədə izah verildikdən sonra götürülmüşdür. Təxminən 3 ay bundan əvvəl, yəni 2024-cü ilin may ayında “İnstagram” sosial şəbəkə vasitəsilə “Əhməd” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrəndikdən sonra mobil telefon nömrəsini almış və həmin şəxslə “whatsapp” proqramı vasitəsilə danışmağa başlamışdır. İstifadəsində “Samsung Galaxy A10” markalı mobil telefon vardır və həmin mobil telefonunda olan “whatsapp” proqramında +**********01 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş, mobil telefonuna “Əhməd” adlı İran İslam Respublikasının vətəndaşının adını “AxıMed” kimi qeyd etmişdir. Bundan sonra sonuncu ilə “whatsapp” proqramında istifadəsində olan +**********27 saylı mobil telefon nömrəsi ilə danışmışdır. Əvvəllər Əhməddən bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış, daha sonra isə ona Bakı şəhəri ərazisində deyəcəyi ünvanlara narkotik vasitə və psixotrop maddə yerləşdirəcəyi halda yerləşdirdiyi hər bir qram narkotik vasitə və ya psixotrop maddə qarşılığında ona 2 manat pul veriləcəyini bildirmişdir. Onun da pula ehtiyacı olduğu üçün Əhmədin təklifi ilə razılaşmışdır. 2024-cü ilin iyul ayının sonlarında ona narkotik vasitə və psixotrop maddə göndərmiş, həmin narkotik vasitəni və psixotrop maddəni Əhmədin ona dediyi ünvanlara yerləşdirmişdir. Yerləşdirdikdən sonra isə həmin ünvanların şəkillərini mobil telefonu ilə çəkib Əhmədə göndərmişdir. Bunun müqabilində Əhməd onun pulunu dediyi kimi vermişdir. 17 avqust 2024-cü il tarixdə səhər saatlarında Əhmədlə danışmış və ona sonradan deyəcəyi ünvana narkotik vasitə və psixotrop maddə qoyduracağını və həmin maddələri oradan götürüb özünün sonradan deyəcəyi ünvanlara yerləşdirəcəyini və razılaşdıqları kimi yerləşdirdiyi hər bir qrama görə ona 2 manat pul verəcəyini yenidən təklif etmişdir. O da razılaşmış və 17 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Əhməd onun mobil telefonuna Abşeron rayonu, stansiya Sumqayıt ərazisinin, yəni Şəfəq qəsəbəsi ərazisində bir ünvanı göndərmiş və maddələrin həmin ünvanda olduğunu bildirmişdir. O da həmin ünvana getmiş, oranı dəqiq tanımadığı üçün Əhmədin ona göndərdiyi ünvan vasitəsilə oranı tapmış və yolun kənarında qara rəngli sellofan torba olduğunu görüb götürmüşdür. Həmin tarixdə, saat 13:40 dəqiqədə Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən “Grandmart” marketin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Qobu PB-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Qobu PB-nə getmişdir. Orada aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin maddələri Əhməd göndərdiyindən onların konkret çəkilərini bilmir, lakin ona əvvəlcədən təxminən bir kiloqrama qədər narkotik vasitə heroin və 300 qramdan artıq psixotrop maddə metamfetamin göndərəcəyini demişdi. Əhmədlə “whatsapp” proqramında danışmağa başladıqdan sonra “İnstagram” sosial şəbəkəsini ümumiyyətlə silmişdir. Əhmədlə hər dəfə “whatsapp” proqramında danışdıqdan sonra onunla olan yazışmalarını da silmişdir. 17 avqust 2024-cü il tarixdə də Əhmədin dediyi ünvandan narkotik vasitəni və psixotrop maddəni götürdükdən sonra telefonundan həmin yazışmaları silmişdir. O, saxlanılan zaman və üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona qarşı kimsə fiziki zorakılıq tətbiq etməmişdir. Əhmədin Bakı şəhəri ərazisində narkotik vasitələri və psixotrop maddələri kimin vasitəsilə yerləşdirməsindən hər hansı bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2024-cü ilin avqust ayında Abşeron RPİ-nin Qobu PB-nə şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və pixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Daha sonra polis serjantı Şahid2lə birlikdə Abşeron rayonu Şəfəq qəsəbəsi ərazisində şəxsi saxlayıblar. Bu zaman o, üzərində narkotik vasitə olduğunu bildirib, daha sonra şəxsi PB-nə gətiriblər. Orada təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkilişlə şəxsin üzərinə axtarış keçirilib və şəxs üzərində olan narkotik vasitəni təqdim edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ona verilən suallara cavab olaraq bildirdi ki, şəxsin üzərindən təxminən ***-**** qram heroin və 400 qram metanfetamin aşkar olunub. Sergey saxlanılan vaxt yanında heç kim olmayıb. Şəxsi küçədə piyada hərəkət edən zaman saxlayıblar. Şəxsi saxladıqları zaman əlində sellofan paket olub. Aşkar olunan narkotik vasitə həmin paketin içərisində olub. Viktoriya adlı qadını tanımır. Təqsirləndirilən şəxsi əvvəlcədən tanımayıb. Şəxsi saat 13-14 radələrində saxlayıblar. Şəxsi saxladıqları zaman yanında avtomobil olmayıb. Şəfəq qəsəbəsi ərazisində narkotik vasitələrdən istifadə edildiyi ilə bağlı PB-nə həmin ərazidə yaşayan şəxslərin müraciətləri də daxil olub. Şəxsə qarşı təsir və ya təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2024-cü ilin avqust ayının ortalarında o Sergey ilə danışan zaman Sergey telefonunda enerjinin azaldığını bildirib və ondan 1-2 saatlıq telefonunu istəyib. Sergey olduğu yeri deyib və o, axşam saatlarında Sergeyin yanına gedib. Parkda telefonunu Sergeyə verdikdən sonra evə qayıdıb. Sergeyin nömrəsini əzbər bilmədiyi üçün başqa nömrədən öz nömrəsinə zəng etsə də, nömrəsinə zəng çatmayıb. Səhəri günü isə Sergeyin tutulduğunu öyrənib. Daha sonra ona Pİ-dən zəng gəlib və o da gedib telefonunu oradan götürüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verilən suallara cavab olaraq bildirdi ki, 2024-cü ilin avqust ayının ortalarında o, Sergey ilə danışan zaman telefonunda enerjinin azaldığını bildirdi və ondan telefonunu 1-2 saatlıq ona verməyi istədi. O da ona dedi ki, “problem deyil”. Sergey olduğu yeri dedi və o, axşam saatlarında onun yanına getdi. Parkda telefonu ona verdikdən sonra evə qayıtdı. Sergeyin nömrəsini əzbər bilmədiyi üçün başqa nömrədən öz nömrəsinə zəng etsə də nömrəsinə zəng çatmırdı. Sabahısı günü isə Sergeyin tutulduğunu öyrəndi. Daha sonra ona Pİ-dən zəng gəldi və o da gedib telefonunu oradan götürdü. Bu hadisələrin baş verdiyi dəqiq tarixi xatırlamır. O Sergeyin yanına çatanda Sergey tək olub. O narkotik vasitələrdən istifadə etmir. Həmin vaxt ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə edib. Təxminən 12 ildir ki, Sergeyi tanıyır. Sergeyin narkotik vasitənin istifadəçisi olduğunu bilib. Bildiyi qədəri ilə o, narkotikə görə əvvəllər də tutulub. Lakin Sergey ona müxtəlif səbəblərdən tutulduğunu deyib. Təqsirləndirilən şəxs ilə rəsmi qohumluğu yoxdur. Təxminən 4 il Sergey ilə nikahdan kənar yaşayıb. 2023-cü il təvəllüdlü bir uşağı var. Müxtəlif vaxtlarda da Sergey ondan telefonunu istəyib. Hətta elə olub ki, o, 1 ay telefonsuz qalıb. Sergey tutulan vaxt o, Sergeyin yanında olmayıb, telefonunu ona verib geri qayıdıb. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, (St. Sumqayıt) Şəfəq qəsəbəsi ərazisində narkotik vasitələri üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə, saat 13:40-da Abşeron rayonu, Stansiya Sumqayıt Şəfəq qəsəbəsi ərazisində Qrandmart marketin yaxınlığında saxlanılaraq, Abşeron RPİ-nin Qobu PB-nə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan torbanı təqdim etmiş, həmin torbaya baxış keçirilən zaman içərisində üç ədəd şəffaf sellofan aşkar edilmiş və həmin sellofanların ikisinin içərisində narkotik vasitə heroinə bənzər kütlə, birinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynindəki şalvarın yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanı içərisində olan narkotik vasitə və psixotrop maddə ilə birlikdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” proqramında danışdıqdan sonra Abşeron rayonu, Şəfəq qəsəbəsi ərazisindən götürdüyünü və ünvanlara yerləşdirdikdən sonra yerləşdirdiyi hər bir qram narkotik vasitə və ya psixotrop maddəyə görə ona 02 (iki) manat veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qara rəngli sellofan torba içərisində olan maddələr ilə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı xüsusatlar və şahidlərin ifadələri həmin istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapdı. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefonun SMS, MMS mesajlarının göndərildiyi və daxil olduğu “Mesajlar” bölməsinə, “Telefon” bölməsinə, şəkil və videofaylların saxlanıldığı “Qalereya” bölməsinə, mobil nömrələrin qeyd edildiyi “Kontaktlar” menyusuna, həmçinin istifadə edilən “Whatsapp” sosial şəbəkəsinə və digər bölmələrə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı “Ахмедик” adlı şəxsdən aldığını, mobil telefonuna həmin şəxsin adını qeyd etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs mobil telefonunun “Kontaklar” bölməsinə baxış keçirilən zaman həqiqətəndə “AxıMed” adı İran İslam Respublikasına aid +**********27 saylı mobil nömrəyə qeyd edildiyi müəyyən edilmişdir. “Qalereya” bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mobil telefonunda narkotik vasitə və ya psixotrop maddə olması ehtimal edilən maddələri deyilən ünvanlara çatdırdıqdan sonra həmin ünvanları izah etmək üçün çəkilmiş şəkillər, elektron tərəzinin üzərinə qoyulmaqla çəkiləri 72,31 qram və 30,73 qram olan sellofan torbanın içərisində narkotik vasitə heroinə bənzər kütlənin şəkilləri, İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxslə narkotik vasitə və psixotrop maddənin miqdarını qeyd edərək hansı ünvanlara yerləşdirməsi barədə “whatsapp” proqramı vasitəsilə yazışdığının əks olunduğu şəkil əks olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4215 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddələr..” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 2 (iki) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 365 və 454 qram ümumi təmiz çəkiləri 819 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd paketdə təmiz çəkisi 321 qram olan ağ rəngli kristal maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddə olduğundan onlar arasında müqayisəli tədqiqat aparılmadı. Qeyd: metamfetaminin təmiz çəkisi 321 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 320,9 qram; heroinin təmiz çəkisi 819 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 818,8 qram. xx.xx.2025-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, şahid X4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı X4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş və onu ifşa etmişdir. Azercell Telekom MMC-dən daxil olan 06 yanvar 2025-ci il tarixli, 6 nömrəli məktuba əlavə edilmiş bir ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı +**********61 saylı nömrənin X2 məxsus olduğu və anten məlumatlarına baxış keçirilən zaman anten məlumatları 16 avqust 2024-cü il tarixdə saat 22 radələrində ünvan 6 ünvanında, 17 avqust 2024-cü il tarixdə, saat 14 radələrində isə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində olduğu təsdiq edilmişdir. Bakcell MMC-dən daxil olan 10 mart 2025-ci il tarixli, 3331/25 nömrəli məktuba əlavə edilmiş bir ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı +**********01 saylı nömrənin Təqsirləndirilən şəxs məxsus olduğu və anten məlumatlarına baxış keçirilən zaman isə Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində olduğu təsdiq edilmişdir. Qeyd edilən anten məlumatları məhkəmə iclasında da tədqiq edilmiş və həmin faktların həqiqiliyi öz təsdiqini tapmışdır. (xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolu) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7343 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarına əsasən xx.xx.2016-cı il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ilkin təmiz çəkisi 819 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 818,8 qram narkotik vasitə heroin və təmiz çəkisi 321 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 320,9 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron Rayon Polis İdarəsinin sübutların saxlanması yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs ilə bir qrup şəxs təşkil edən İran İslam Respublikasının vətəndaşının müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4-1ci maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmiş, ayrılan cinayət işinə bəzi sənədlərin əsli bəzi sənədlərin isə surəti əlavə olunmuş və ayrılan cinayət işi ********* saylı statistik nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmin qərarın 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarının konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Vurğulamaq zəruridir ki, təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunmuş kütlələrin ona aid olmaması, polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Əksinə üzərinə şəxsi axtarış və baxış aparılması barədə protokollara əlavə edilmiş videogörüntülərdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsindən görünür ki, ki, təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitənin ona aid olduğunu etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün məhkəmədə fərqli ifadə vermişdir. Qeyd olunanlara və cinayət işi üzrə sübutların müqayisəli təhlilinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin çəkisi təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib üzərində daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, mobil telefona baxış keçirilməsinə dair protokol və ona əlavə edilmiş fotoşəkillər, digər istintaq və məhkəmə iclas protokolları, şəxsi axtarış keçirilməsinə dair protokola əlavə edilmiş videoçəkiliş, anten məlumatları və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların təhlili və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımış, bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Yuxarıda göstərilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və amnistiya aktına əsasən xx.xx.2016-cı il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilir və əməlində cinayətin residivi yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, cəzanın məqsədlərinə də müvafiqdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2024-cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 16 dekabr 2024-cü il, 17 mart 2025-ci il və 16 aprel 2025-ci il tarixli qərarları ilə həbs qətimkan tədbirinin müddəti 03 ay, 01 ay və 15 gün uzadılmış və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 58-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə, cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 818,8 qram narkotik vasitə heroin və 320,9 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılmalı, 05 (beş) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, ibtidai istintaq dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 818,8 qram narkotik vasitə heroin və 320,9 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılsın. İş üzrə maddi sübut olan 05 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar