Məhkəmə qərarları › İş №1(124)-332/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-332/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-332/2022 18.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Əsəbəli oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Abşeron rayonunda doğulmuş, subay Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmiş, eləcə də qaçaqmalçılıq, yəni külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirmə cinayətinin törədilməsinə köməkçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu, “Baba” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabacadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin hər qramına 5 manat pul veriləcəyi müqabilində Azərbaycan Respublikasının ərazisində narkotik vasitə tiryək, heroin, metadonun və psixotrop maddə metamfetaminin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 09 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində bir qrup şəxs halında “Baba” adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya gizli keçirib Bakı şəhəri “Koroğlu”metrostansiyasının yaxınlığında yerləşən sarı rəngli zibil yeşiyinin yanına qoyduğu qara rəngli sellofanda külli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 1 ədəd bükümdə təmiz çəkisi 9,353 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 225,125 qr., 2,884 qr., 0,850 qr., 0,390 qr., 0,872 qr., 0,739 qr., 0,869 qr., 0,899 qr., 0,797 qr., 0,390 qr., 0,642 qr. - ümumi təmiz çəkisi 234,457 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, 2 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 20 ədəd (hər konvolyutda 10 ədəd həlb olmaqla) təsir maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi olan metadonu, - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 100,894 qr., 2,044 qr., 0,427 qr., 0,490 qr., 0,424 qr., 0,439 qr., 1,814 qr., 17,589 qr. ümumi təmiz çəkisi 124,121 qram olan kustar üsulla hazırlanmış eyni tərkbli psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi həmin külli miqdarda narkotik vasitə tiryək, heroin, metadon və psixotrop maddə metamfetamini yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə daşıyıb saxlamış, 10 noyabr 2021-ci il tarixdə saat 15:40-da ünvan 2 ünvanın yaxınlığında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Abşeron RPİ-yə gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əlindəki üzərində “A 50” yazı olan qutudan, əynində olan şalvarının sağ yan cibindən həmin külli miqdarda 11 ədəd bükümdə ümumi 234,457 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 8 ədəd bükümdə ümumi 124,121 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə çəkisi 9,353 qram olan qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 2 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 20 ədəd (hər konvolyutda 10 ədəd həlb olmaqla) təsir maddəsini ümumi miqdarı 0,8 qram təşkil edən “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi olan metadon, 1 ədəd səthində heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, polis əməkdaşları tərəfindən valideynlərinin gözü qarşısında evində tutulmuş, polis əməkdaşları narkotik vasitələri onun cibinə qoyduqdan sonra onu polis idarəsinə aparmışlar. Polis idarəsində onu döydükləri üçün o da polis əməkdaşlarının dedikləri ilə razılaşaraq həmin narkotik vasitələrin ona məxsus olduğunu söyləmişdir. Ancaq narkotik vasitələrin satıcısı və alıcısı olmadığını, hadisə vaxtı da üzərində narkotik vasitə olmadığını bildirərək başına bu hadisənin gəlməsini evinin qarşısında narkotik vasitə alveri ilə məşğul olan şəxslə bağlı olmasını göstərmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq polis əməkdaşları tərəfindən saxlandığı tarixi xatırlamadığını, yaşadığı evin qarşısında narkotik vasitələrin alveri ilə məşğul olan şəxslərin olduğunu, buna görə tutulduğunu, lakin həmin şəxslərdən rəsmi olaraq heç bir quruma şikayət etmədiyini demiş, şikayət etməməyinin səbəbi kimi isə polis əməkdaşları tərəfindən ciddi tədbir görülməməsi ilə izah etmişdir. Həmçinin polis əməkdaşları onu tutduqları ərəfələrdə həmin şəxsləri ətrafda görmüşdür. Təqsirləndirilən şəxs “Baba” ləqəbli şəxslə danışmadığını, telefonlarının da baxışdan keçirilərkən bununla bağlı heç nə aşkar olunmadığını, ümumiyyətlə ittihamda qeyd olunan vaxtda “Koroğlu” metrostansiyasına getmədiyini, təxminən saat 12:00 radələrində tutulduğunu, həmin vaxt qum almaq üçün “Daş Bazarı”na getdiyini, evə qayıtdıqda anasının ona “dostların gəlib” dediyini, o da anasına “Nə dostları, məndən xəbərsiz kimdi ki gələn” dediyini, daha sonra gələnləri görüb “Siz kimsiz?” soruşduğunu, həmin vaxt evdə olan polis əməkdaşlarının onu döyüb qollarını bağlayaraq “səndə narkotik var” dediyini, o da narkotik olmadığını söylədikdə bir nəfər şəxsin avtomobilindən gətirdiyi ağ rəngli kütləni onun bir cibinə, qara rəngli kütləni isə digər cibinə qoyaraq “Səndə yoxdusa biz də var, gəl gedək” deyərək onu Abşeron RPİ-ə apardıqlarını bildirmişdir. Həmçinin hadisə vaxtı “*** *** ** **” mobil nömrəsindən istifadə etdiyini, həmin telefonda internetin olduğunu və istifadə etdiyini, idarədə olarkən polis əməkdaşlarının “Çəkiliş edəcəyik, sonra səni buraxacayıq, gedib 5.000 manat pul gətirəcəksən. Çəkilişi də ona görə edirik ki, bizim əlimizdə sübut olsun, amma sabah pulu gətirməsən səni çəkilişlə tutacayıq” dediklərini, o da onların bu təklifi ilə razlılaşdığını, bundan sonra dövlət hesabına vəkil gəldiyini, sonra da çəkiliş edildiyini və müvəqqəti saxlama yerinə aparıldığını göstərdi. Təqsirləndirilən şəxs tutulması ilə çəkiliş aparmaları arasında 20-25 dəqiqə vaxt keçdiyini, həmin gün cibində bıçaq olduğunu, həmin bıçağın açılaraq belini dərin yaraladığını, əl və burnunun da sındığını göstərmişdir. O cümlədən heç vaxt narkotik vasitə istifadə etmədiyini və hazırda söylədiklərini barəsində “həbs” qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq Abşeron rayon məhkəməsində olarkən hakimə də bildirdiyini qeyd etdi. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin sualına cavab olaraq bildirmişdir ki, yaşadığı evin qarşısında narkotik vasitə alveri ilə məşğul olan və onunla eyni məhəllədə yaşayan Anar adlı şəxsə “Burada mal satma, mənim də körpələrim var, qız uşağım var” deyib irad bildirərək vurduğuna görə başına bu hadisələr gəlmişdir. Anar barəsində polisə şikayət etmədiyini, onun bu hərəkəti nəticəsində “Anarın bazarı bağlandığı” üçün tutulduğunu düşündüyünü göstərmişdir. İbtidai istintaq zamanı ifadəsində və çəkiliş aparılarkən bunları söyləməmiş, çünki polis əməkdaşları çəkiliş apardıqdan sonra onu buraxacaqları barədə vəd vermişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqında tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərində sosial şəbəkədə “whatsapp” vasitəsi ilə “Baba” adlı şəxslə təsadüfən tanış olmuş, “Baba” İran İslam Respublikasının vətəndaşı olduğunu, hazırda İran İslam Respublikasında yaşadığını bildirmişdir. Aralarındakı danışıq zamanı “Baba” ondan harada işlədiyini və nə işlə məşğul olduğunu soruşduqda, ona heç yerdə işləmədiyini, özünə iş tapa bilmədiyini, heç bir məşğuliyyəti olmadığını dedikdə, “Baba” ondan yaxşı pul qazanmaq istəyib-istəmədiyini soruşduqda ona, əlbətdə pul qazanmaq istədiyini, pula ehtiyacı olduğunu demişdir. Sonra “Baba” ona çoxlu pul qazanmaqda kömək edəcəyini, yaşadığı İran İslam Respublikasından gömrükdən və sərhəddən gizli yolla Azərbaycan Respublikasına satmağa psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək, heroin və metadon göndərəcəyini və onların satılmasına kömək etməsini, satdığı həmin maddələrin hər qramına görə ona 5 manat zəhmət haqqı verəcəyini təklif etdikdə, maddi vəziyyəti çətin olduğundan, pula ehtiyacı olduğuna görə həmin təklifə razı olmuşdur. Bir neçə gündən sonra 09 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində “Baba” ona “whatsapp” ilə zəng edərək İrandan göndərdiyi və Bakı şəhəri “Koroğlu” metrostansiyasının sol tərəfində, yaxınlığında sarı qutunun yanında olan, külli miqdarda narkotik və psixotrop maddələrin olduğu qara rəngli sellofan torbanı götürməsini dedikdə, yoldan keçən tanımadığı taksi ilə “Baba”-nın dediyi həmin ünvana getmiş, ərtafda heç kimin olmadığına tam əmin olduqdan sonra deyilən yerdə gördüyü qara rəngli selofan torbanı götürüb yaşadığı, ünvan 3 ünvana gətirmiş, torbanı açıb içinə baxmış, orada hazırda dəqiq saylarını xatırlamadığı çoxlu sayda narkotik vasitə heroin, tiryək bükümləri, metadon həbləri və psixotrop maddə metamfetamin bükümləri və elektron tərəzi olduğunu görmüşdür. Sabahı günü yəni, 10 noyabr 2021-ci il tarixdə saat 15:40-da yaşadığı evin yaxınlığında üstündə həmin maddələr olduğu vaxt piyada gedərkən iki nəfər mülki geyimli tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında olan qərar ilə onu tanış etdikdən sonra, özləri ilə yaxınlıqdakı Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron Rayon Polis İdarəsində, otaqların birində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtariş başlanmazdan əvvəl ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra sol əlində tutub saxladığı üzərində “A50” yazısı olan masanın üzərinə qoymaqla təqdim etdiyi qutuya baxış zamanı içərisində 1 (bir) büküm narkotik vasitə olan heroin və 2 (iki) bükümdə psixotrop maddə olan metamfetamin, ümumilikdə 20 ədəd “metadon 40” həbi və 1 ədəd elektron tərəzi aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra üzərində şəxsi axtarış keçirilən zaman, əynindəki şalvarının sağ yan cibində ümumilikdə 6 (altı) ədəd bükümdə metamfetamin, 10 (on) bükümdə heroin olan yaşıl rəngli qutu, 1 (bir) ədəd üzərində müvafiq yazılar aparılan dəftərçə, 1 ədəd üzərində mobil nömrə olmayan “KGTEL” markalı mobil telefon, əynində olan gödəkçəsinin sağ yan cibindən üzərində 077-315- 56-46 GSM nömrə olan “Samsung” markalı mobil telefon və “**********911025” saylı “Kapital” banka məxsus plastik bank kartı aşkar olaraq götürülmüşdür və onlar zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışdır. İş üçün əhəmiyyət kəsb etdiyinə görə 1 ədəd üzərində müvaviq yazılar aparılan dəftərçə, 1 ədəd üzərində mobil nömrə olmayan “KGTEL” markalı mobil telefon, üzərində 077-315- 56-46 GSM nömrə olan “Samsung” markalı mobil telefon və 6768 6771 7791 1025 saylı “Kapital” banka məxsus plastik bank kartı götürülmüşdür. Əvvəllər “Baba” adlı şəxsdən iki dəfə götürdüyü narkotik vasitə tiryəkin qramını 15 manatdan, heroinin qramını 30 manatdan, metamfetaminin qramını 50 manatdan satmışdır. Özünün narkotik vasitə istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, üzərindən aşkar olunmuş plastik karta narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyini, verilən sualları tam başa düşdüyünü bildirirərək, ona qarşı saxlanılan zaman və polis idarəsində olan zaman heç bir fiziki və mənəvi zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə “Vüsal” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar əsasında təxirəsalınmaz hal kimi 10 noyabr 2021-ci il tarixdə Saray qəsəbəsində əməliyyat tədbiri keçirilmiş, əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 15:40 radələrində tərəflərindən saxlanılmış və Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Polis idarəsində olarkən Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə baxış keçirilmiş və onun üzərindən “A50” markalı mobil telefon qutusunun içərisindən bir bükümdə heroinə bənzər kütlə və bir bükümdə tiryəkə bənzər kütlə, həmçinin 20 ədəd metadon həbi, metanfetamin aşkar olunaraq götürülmüşdür. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı sağ yan cibindən metanfetaminə bənzər kütlə, 10 bükümdə heroinə bənzər kütlə aşkar edilmiş və sorğu zamanı o, üzərindən aşkar olunan narkotik vasitələri bir gün əvvəl “Koroğlu” metrosunun yaxınlığında İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsin vasitəsilə yerləşdirilən yerdən götürərək aldığını bildirmişdir. Həmçinin şahid Vüsal adlı şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının ona və digər əməkdaşlara daxil olduğunu, şəxsən əməliyyat tədbirində iştirak etdiyini və əməliyyat tədbirinin Saray qəsəbəsi, Ələkbərov küçəsində baş tutduğunu göstərmiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış və məlumat əsasında Saray qəsəbəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmiş, polis idarəsində olarkən onun üzərinə video-çəkiliş müşayiətində baxış keçirilmiş və Təqsirləndirilən şəxs əlində olan qutudan, həmçinin cibindən narkotik vasitə aşkar edilmişdir. Müdafiəçinin suallarına Şahid2 əməliyyat məlumatı Şahid1 daxil olduğunu, əməliyyat tədbiri təxminən günorta saatlarından sonra həyata keçirildiyini, təqsirləndirilən şəxsin ölkə xaricinə getməsi ilə bağlı tərəflərindən hər hansı məlumat araşdırılmadığını, Təqsirləndirilən şəxs kimləsə əlbir olması ilə bağlı tərəflərindən hər hansı tədbir keçirilmədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixatrop maddələri satış məqsədi ilə əldə etməsi və Abşeron ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “A50” yazısı olan qutunu masanın üzərinə qoyaraq təqdim edir, qutunun içərisinə baxış zamanı içərisində 1(bir) ədəd tünd qəhvəyi rəngli büküm, 1(bir) ədəd açıq qəhvəyi rəngli büküm, 2 (iki) ədəd də içərisində ağ kristal şəkilli maddə olan büküm aşkar olunaraq götürülür. Qeyd olunan maddələr qablaşdırılır və möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində ümumilikdə 6 (altı) ədəd içərisində ağ kristal şəkilli maddə olan büküm, 10 (on) ədəd açıq qəhvəyi rəngli büküm olan yaşıl rəngli qutu, 1 ədəd dəftərçə, 1 ədəd üzərində mobil nömrə olmayan “KGTEL” markalı mobil telefon, “Samsung” markalı mobil telefon və 6768 6717 ******* nömrəli plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq bildirir ki, üzərindən aşkar edilmiş həmin kütlələrin ona məxsusdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2021-ci il tarixli, 6/4988 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 9,353 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 225,125 qr., 2,884 qr., 0,850 qr., 0,390 qr., 0,872 qr., 0,739 qr., 0,869 qr., 0,899 qr., 0,797 qr., 0,390 qr., 0,642 qr., ümumi təmiz şəkisi 234,457 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 8 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 100,894 qr., 2,044 qr., 0,427 qr., 0,490 qr., 0,424 qr., 0,439 qr., 1,814 qr., 17,589 qr., ümumi təmiz çəkisi 124,121 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibi psoxotrop maddə metamfetamindir, 2 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 20 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in sıyahısına (Siyahı İ) daxildir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in sıyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in sıyahısına (Siyahı İİ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “maddi sübut kimi tanıma haqqında” və “sübutları qiymətləndirmə haqqında” qərarlardan görünür ki, 1 ədəd bükümdə təmiz çəkisi 9,353 qram narkotik vasitə tiryək, 11 ədəd bükümdə ümumi təmiz çəkisi 234,457 qram narkotik vasitə heroin, 8 ədəd bükümdə ümumi təmiz çəkisi 124,121 qram psixotrop maddə metamfetamin, 2 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutları, bir ədəd elektron tərəzi, 1 ədəd üzərində mobil nömrə olmayan “KGTEL” markalı mobil telefon, “Samsung” markalı mobil telefon və “6768 6717 7911025” nömrəli plastik bank kartı maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq çəkisi 124,041 qr. psixotrop maddə olan metamfetamin, 234,347 qr. narkotik vasitə olan heroin, 9,253 qr. narkotik vasitə olan tiryək, 19 ədəd narkotik vasitə metadon həbi, bir ədəd elektron tərəzi, Abşeron RPİ-nin maddi sübutların saxlanma yerində saxlanır. İş üzrə maddi sübut olan təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində «Şəxsi axtarış və götürmə aparılması haqqında» 01 ədəd «DVD» disk cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd “Samsung” və 1 ədəd “KGTEL” markalı mobil telefonlar, üzərində Zaur Abbasov yazısı olan **********911025 nömrəli “Kapital” banka məxsus plastik kart Abşeron RPİ-nin maddi sübutların saxlanma yerində təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefonlara baxış keçirilməsi haqqında 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1 ədəd “KGTEL” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar işlək vəziyyətə gətirilərək baxış keçirilmişdir. Baxış zamanı “KGTEL” markalı mobil telefonda mobil nömrə olmadığı aşkar olunmuşdur. “Samsung” markalı mobil telefona baxış zamanı üzərində ***-***-**-** mobil nömrə olduğu, telefonun ekranı açıldıqda, telefonun yaddaş blokunda bir çox telefon nömrələrin qeyd olunduğu, lakin həmin nömrələri istifadə edən şəxsin adı və ya hər hansı bir qeyd aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin telefon ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Baba” adlı şəxslə danışaraq əlaqə saxladığını, lakin həmin nömrələrdən hansının “Baba” adlı şəxsə məxsus olduğunu xatırlamadığını bildirmişdir. Telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 847 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 499 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu (F.60.3) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri – hərbi xidmətə çağırış zamanı SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, ambulator qaydada psixiatr tərəfindən müalicə olunması, həmçinin hazırki müayinə zamanı əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən emisional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, hal hazırda da öz hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malikdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə nəzarətini həyata keçirən məhkəmə kimi Təqsirləndirilən şəxs onun üçün ilk əlçatan məhkəmə olan Abşeron rayon məhkəməsində barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən qətimkan tədbirinin seçilməsinin əsası kimi çıxış edən ittihamla razı olmadığını, fiziki və psixi zorakılığa məruz qaldığını ifadə etməmiş, onun hüquqlarının müdafiəsini həyata keçirən müdafiəçi isə çıxışında Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etdiyini və əməlindən peşman olduğunu bildirməklə vəsatətin təmin edilməməsini xahiş etdiyini bildirmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin onun üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, eyni zamanda narkotik vasitələrin satışı ilə məşğul olmaması və qaçaqmalçılıqda köməkçi qismində iştirak etməməsi, polis əməkdaşları tərəfindən göstərilən fiziki və psixoloji təzyiq altında həmin narkotik vasitə və psixatrop maddənin ona məxsus olması barədə etirafedici ifadə verməyə məcbur olması hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri ibtidai istintaq zamanı öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs saxlanılarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən döyülərək işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması barədə verdiyi məlumat əsasında Abşeron rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində qeyd olunan xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Abşeron rayon İHB-nın Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 753 saylı, xx.xx.2022-ci il tarixli arayışı və ona əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X1 ibarətdir, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi ərizə, şikayət daxil olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İşdə olan qərarın surətindən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2021-ci ildən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 124,041 qr. psixotrop maddə olan metamfetamin, 234,347 qr. narkotik vasitə olan heroin, 9,253 qr. narkotik vasitə olan tiryək, 19 ədəd narkotik vasitə olan metadon həbi, “**********911025” nömrəli “Kapital” banka məxsus plastik kart məhv edilməli, “şəxsi axtarış və götürmə” əməliyyat axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş 1 ədəd “Samsung” və 1 ədəd “KGTEL” markalı mobil telefonlar təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 32,5 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 124,041 qr. psixotrop maddə olan metamfetamin, 234,347 qr. narkotik vasitə olan heroin, 9,253 qr. narkotik vasitə olan tiryək, 19 ədəd varkotik vasitə metadon həbi və üzərində Zaur Abbasov yazısı olan **********911025 nömrəli “Kapital” banka məxsus plastik kart məhv edilsin. Bir ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun. 1 ədəd “Samsung” və 1 ədəd “KGTEL” markalı mobil telefonlar Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılsın. 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar