Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-332/2024 01.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240A, “Absheron City” yaşayış kompleksi, mənzil 178 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, “Baba” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın satışını həyata keçirməsi və bunun müqabilində istifadə etməsi üçün ona narkotik vasitə verilməsi barədə ümumi razılığa gəlmiş, 19 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran İslam Respublikası vətəndaşının Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığına qoyduğu 1536,362 qram (1 kq, 536,362 qram) çəkidə olan tərkibində bitki mənşəli narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədilə qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240A, “ünvan 3 ünvanına daşıyıb hissələrə ayıraraq 1490,087 qramını həmin mənzildə, 46,275 qramını isə üzərində saxlamış, 23 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri “Abşeron City" yaşayış kompleksində “Bravo" adlı marketin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib saat 21:30-dan 21:41-dək üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibindən həmin narkotik vasitə - 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 46,275 qram olan qurudulmuş marixuana, yaşadığı mənzilə həmin tarixdə saat 22:35-dən saat 22:51-dək baxış keçirilən zaman isə eyvanda olan taxta dolabın alt hissəsindən 1 (bir) ədəd mavi rəngli polietilen bağlamada təmiz çəkisi 1490,0 qram olan qurudulmuş marixuana və üzərində çəkisi 0,087 qram narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu yaşadığı binanın qarşısında saxlayaraq polis bölməsinə aparacaqlarını və onda narkotik olduğunu söyləmişlər. O isə narkotikin olduğunu etiraf etmiş və onu təqdim edə biləcəyini söyləmişdir. Daha sonra yaşadığı mənzilə qalxmış və bacısı mənzildə olmuşdur. Polis əməkdaşları ilə birlikdə mənzilə keçib narkotik vasitəni təqdim etdikdən sonra “Bravo” adlı marketin yaxınlığına gəlmişlər və orada polis əməkdaşları ondan buraxılması üçün 50000 manat pul istəmişlər. O, polis əməkdaşlarına etiraz edərək o qədər pulu olmadığnı, bu barədə qanuni tədbir görmələrini bildirmişdir. Biraz saxladıqdan sonra onu yenidən yaşadığı mənzilə gətirmişlər və orada üzərinə narkotik vasitə qoymuşlar. O, etiraz edən zaman həyat yoldaşının boynuna narkotik vasitə qoyacaqları barədə onu hədə-qorxu gəlmişlər. O da məcbur qalaraq narkotiki boynuna almışdır. Həmçinin barəsində “həbs” qətimkan tədbiri seçilərkən qeyd etdiyi qanun pozuntuları barədə hakim Sevinc Quliyevaya həmin narkotik vasitənin ona məxsus olmaması, məcbur qalıb boynuna götürməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, bir ilə yaxın olar ki, qurudulmuş marixuanadan istifadə edir. Onda olan narkotik vasitəni bariqalardan əldə etmiş, çox vaxt onun kartına pul ödəyərək dediyi yerdən narkotik vasitəni götürürmüş. “Baba” adlı İran İslam Respublikası vətəndaşını tanımamışdır. Onda şəkər xəstəliyi olduğu üçün marixuananı kibrit qutusuna doldurub onu 3 gün istifadə edirmiş. Sonuncu dəfə aldığı marixuanaya 80 manat pul vermişdir. Həmin marixuananın çəkisi 5 qram olmuşdur. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı Daxili İşlər Nazirliyinə və Baş prokurorluğa müraciət etmiş, Baş prokurorluğun əməkdaşı onun ifadəsini almış, amma nəticəsiz qalmışdır. Onu saxladıqdan sonra mənzilə qaldırdıqda mənzildə bacısı, bacısının həyat yoldaşı, uşaqlar olmuşdur. Saxlanıldıqdan 1 saat sonra Abşeron Rayon Polis İdarəsində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onu 6 nəfər polis əməkdaşı saxlamışdır. Onun üzərinə şəxsi axtarış keçirildikdən 30-40 dəqiqə sonra onu yenidən yaşadığı mənzilə gətirmişlər. Həmin vaxt evdə həyat yoldaşı, bacısı, bacısının həyət yoldaşı və uşaqlar olmuş, həmçinin polis əməkdaşları 2 nəfər şəxsi şahid qismində gətirmişlər. 23 noyabr tarixdə, axşam saat 7 radələrində saxlanılmış, saxlanıldıqdan 3 saat sonra polis idarəsinə aparılmış, 40 dəqiqə sonra isə evə baxış keçirmək üçün gətirmişlər. Saxladıqdan sonra üzərində olan mobil telefonu ondan götürmüş və baxış keçirmişlər, heç bir məlumat aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, həbs edilənədək ailə üzvləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 240A, “Absheron City” yaşayış kompleksi mənzil 178 ünvanında yaşamışdır. 23 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində həmin yaşayışm kompleksinin yaxınlığındakı “Bravo” adlı marketin qarşısında dayanan zaman mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları olaraq təqdim etmiş və onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Onu barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış etdikdən sonra Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. Buna etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş verilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bağlama, sağ yan cibindən 30 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və yaşadığı mənzilin 3 ədəd açarını, qara rəngli idman şalvarının sol yan cibindən isə özünə məxsus 1 ədəd “Huawei” markalı mobil telefon çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ona məxsus pul və açarlar özünə qaytarılsa da, mobil telefon götürülmüşdür. Təqdim etdiyi sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 51 qram olması müəyyən edilmişdir. Bundan başqa yaşadığı mənzildə də narkotik tərkibli maddələr olduğunu, həmin maddələri könüllü təqdim edə biləcəyini, bununla əlaqədar yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Mənzilə baxış keçirilən zaman eyvanda olan taxta dolabın aşağı hissəsindən 1 ədəd sellofan torbada saxladığı qurudulmuş marixuananı və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitə də elektrin tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 1 kiloqram 510 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üzərindən və yaşadığı mənzildən aşkar edilən kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onları ona deyilən yerə qoymaq üçün üzərində və mənzilində saxladığını, uzun illərdir narkotik vasitə aludəçisi olduğunu, başqa heç yerdə narkotik vasitə saxlamadığını və qanunsuz olaraq narkotik vasitə saxlamasından başqa heç kimin məlumatı olmadığını bildirmişdir. Narkotik vasitələri saxlanılmazdan təxminən 4 gün öncə Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında ona deyilən yerə qoymaq üçün Baba adlı İran İslam Respublikası vətəndaşından götürmüş və bunun müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə əldə etməli olmuşdur. Təxminən 4 ay əvvəl bu işlə məşğul olmağa başlamış, Baba adlı şəxsin mobil nömrəsini telefonunda qeyd etmişdir. Saxlanılan zaman, eləcə də polis idarəsinin inzibati binasında ona qarşı zor tətbiq edilməmiş, dodağındakı xəsarət izləri isə saxlanılmadan öncə yıxılması nəticəsində yaranmışdır (cild 01, iş vər. 76). İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs həmin ifadəni məcburiyyət qarşısında qalaraq verdiyini və həmin ifadəni təsdiq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri nəticəsində şəxs Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Bravo” adlı marketin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış və polis idarəsinə dəvət olunmuşdur. Polis idarəsində üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmuşdur. Daha sonra şəxs yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirmiş və şəxsin yaşadığı mənzilə baxış keçirilərək narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsdən marixuana aşkar olunmuş, evdən aşkar olunmuş narkotik vasitənin miqdarı təxminən 1 kiloqram olmuşdur. Həmin narkotik vasitəni Saray qəsəbəsi ərazisində iranlı şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxsi Xırdalan şəhəri ərazisində saxlamışlar. Həmin şəxs barəsində əməliyyat məlumatı 23 noyabr tarixdə daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan 4-5 saat sonra şəxs piyada hərəkətdə olan zaman “Bravo” marketin yaxınlığında saxlanılmışdır. Şəxs saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, müdafiəçinin və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsin olduğu yeri müəyyən etmək məqsədi ilə əməliyyat tədbirləri keçirilmişdir. Şəxsi o və Şahid2 saxlamışlar. Üzərinə şəxsi axtarışda onlar, təhqiqatçı və müdafiəçi iştirak etmişdir. Şəxs saxlanıldıqdan 2 saat sonra yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə heç kim olmamış və bütün otaqlara baxış keçirmişlər. Şəxsin avtomobilinə baxış keçirilməmişdir. Mənzilə baxış zamanı eyvandakı dolabın içindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitədən əlavə orada tərəzi də olmuşdur. Aşkar olunan narkotik vasitənin miqdarı təxmini 1 kiloqram olmuşdur. Mənzilə baxışda təhqiqatçı, vəkil və onlar iştirak etmişlər. Baxış zamanı mənzilə heç kim daxil olmamışdır. Şəxsin avtomobilinin olması barədə onlarda heç bir məlumat olmamışdır. Əvvəllər onlarda həmin şəxsin barəsində əməliyyat məlumatı olmamışdır. Şəxsin barəsində təxirəsalınmaz əməliyyat tədbirləri keçirilmiş, vaxt olmadığı üçün əməliyyat qeydiyyat işi açılmamışdır. Təqsirləndirilən şəxsə heç bir təsir və təzyiq olunmamışdır. Şəxs saxlanılan zaman onlara müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, şəxsi saxladıqdan sonra onu Abşeron Rayon Polis İdarəsinə aparmışlar və o da şübhəli şəxslə birlikdə polis idarəsinə getmiş, idarədə şəxsin üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. O özü də həmin prosessual hərəkətin aparılmasında iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində uşağı məktəbdən götürməli olduqları üçün Anarla əlaqə saxlamaq istəmiş amma ona zəng çatmamış və mesajlarına geri dönüş etməmişdir. O, yaşadığı mənzildən çıxıb Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alan uşağını evə gətirməyə getmişdir. Həmin vaxt evdə baldızı, baldızının əri, baldızının uşaqları və onun uşaqları olmuşdur. O, məktəbdə olarkən baldızı mobil telefonuna zəng edərək ona qapının döyüldüyünü, gözlükdən baxıb qapının qarşısında Anarı gördüyü üçün qapını açdığını, bu zaman Anarla birlikdə 4 nəfər şəxsin mənzilə daxil olduqlarını demişdir. Həmin şəxslər Anarın qollarını tutub saxlamış, Laləyə və ərinə uşaqlarını da götürüb başqa otağa keçmələrini söyləmişlər. Onlar başqa otağa keçmək istəməsələr də, polis əməkdaşları Anara təsir göstərmiş, Anarın onlara başqa otağa keçmələrini deməsindən sonra bunu etmişlər. Daha sonra Anarı özləri ilə apardıqlarını bildirmişdir. O, evə gəldikdən sonra da Anardan heç bir məlumat ala bilməmişlər. Həmin gün saat 20:50 radələrində 2 nəfər mülki geyimli şəxs tərəfindən qapı döyülmüş, gözlükdən baxaraq kim olduqlarını soruşmuş, onlar polis əməkdaşları olduqlarını, Anarın işi ilə bağlı gəldiklərini bildirmişdir. O isə Anarın evdə olmadığını, onların nə üçün gəldiyini soruşduqda ona hədə-qorxu gələrək onu da cinayətə alət edəcəklərini bildirmişlər. Məcbur qalaraq qapını açmışdır. Qapını açdıqdan sonra polis əməkdaşları mənzilə daxil olaraq üst geyimlərini çıxararaq mətbəxə asmış və ondan çay istəmişlər. Onlardan özlərini təqdim etmələrini istədikdə Şahin adlı polis əməkdaşı vəsiqəsini ona uzatmışdır. Şahin adlı şəxs onları tanımadıqlarını, evinə gedən zaman ona zəng edərək filan ünvana getmələrini və orada oturaraq evə nəzarət etmələrini söyləmişdir. Anarın harada olduğunu soruşduqda Anarın rəisin yanında olduğunu, onunla pul söhbəti etdiklərini bildirmişlər. Həmin şəxslər mənzilə daxil olan zaman onların telefonlarını almışlar. Biraz oturduqdan sonra kiminləsə telefonla danışıb yenə də onlardan başqa otağa keçmələrini tələb etmişlər. Onlar mənzilin yataq otağına keçdikdə həmin şəxslər otaqda sakit dayanmalarını, Anarın rəisləri ilə danışıb razılaşdığını, Anarı mənzilə gətirib videoçəkiliş aparacaqlarını, evdə kimsənin olmasının bilinməməsi üçün səslərini çıxarmamalarını bildirmişlər. Biraz keçdikdən sonra otaqdan Anarın səsi gəlmiş, Anar polis əkdaşlarının dediklərini təkrar etmişdir. Baldızının əri qapıya yaxın dayandığı üçün Anarın dediklərini daha rahat eşitmiş, Anara narkotiki iranlı şəxsdən aldığını söylətdirdiklərini bildirmişdir. Polis əməkdaşı isə çəkilişi ehtiyat üçün etdiklərini bildirmişdir. Daha sonra bir polis əməkdaşı otağa daxil olaraq işığı yandırmış və onu digər otağa çağırmışdır. O, otağa daxil olan zaman Anarın kənarda dayandığını və əməliyyatdan təzə çıxdığı üçün halının yaxşı olmadığını görmüşdür. Anarın yanına yaxınlaşmaq istədikdə polis əməkdaşları onu itələyərək icazə verməmişdir. Məsələnin nə olduğunu soruşduqda Anar ona hədə-qorxu gəldiklərini bildirmişdir. Daha sonra bir polis əməkdaşı onu kənara çəkərək nə qədər pul verə biləcəyini, pul verdikdən sonra Anarı buraxacaqlarını, pul üçün gəldiklərini bildirmiş, o isə etiraz etmişdir. Daha sonra Anarı Badamdar qəsəbəsində yerləşən idarəyə aparacaqlarını, rəislə danışdıqdan sonra 2-3 saat ərzində onlara zəng edəcəklərini, Anarın ona olanları danışacağını bildirmişlər. Daha sonra Anarı da götürüb çıxıb getmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, polis əməkdaşlarından biri ondan pul istəmiş, o, bu barədə Daxili İşlər Nazirliyinə və Baş prokurorluğa şikayət etmişdir. Anar sonradan narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Şahin adlı polis əməkdaşı onların evinə gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Polis əməkdaşları evə gələn zaman baldızının əri evdə olmuşdur. Polis əməkdaşları ilk dəfə evə gəldikdə qapını baldızı açmış, qapını Anar döydüyü üçün onun gəldiyini bilərək qapını açmış, 4 nəfər şəxsin gəldiyini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, tez-tez qardaşının evinə gəlib-getmiş, heç vaxt qardaşının səhv bir hərəkətini görməmişdir. Hadisə günü günorta saatları bir yerdə yemək yedikdən sonra qardaşı evdən çıxmış, üstündən bir neçə saat keçdikdən sonra Fatimə uşağı məktəbdən götürmək məqsədi ilə evdən çıxmış, evdə o, yoldaşı və uşaqlardan başqa heç kim olmamışdır. Qapı döyülmüş və o, qapıya yaxınlaşaraq qardaşını və ətrafında bir neçə kənar şəxs görmüşdür. Həmin şəxslərin kim olduğunu soruşduqda onu təkidlə başqa otağa keçirmişlər. Həmin şəxslər içəri daxil olduqdan sonra Anar onu çağırana qədər nə baş verdiyindən xəbəri olmamışdır. Qardaşı onu çağıraraq Fatimənin harada olduğunu soruşmuş, o isə məktəbə getdiyini bildirmiş və qardaşının əlində qandal olduğunu görmüşdür. Qardaşı ona narahat olmamasını, onunla bağlı bir problemin olmadığını bildirmiş və həmin şəxlər qardaşını da götürərək çıxıb getmişlər. Onlar getdikdən sonra Fatiməyə zəng edərək olanları məlumat vermişdir. Fatimə evə gəldikdən sonra axşam saat 9 radələrində qapı döyülmüş və Fatimə qapıya yaxınlaşdıqdan sonra qapının arxasındakı şəxsləri tanımadığı üçün kim olduqlarını soruşmuş, qapının arxasındakı şəxs təkidlə əgər biabırçılıq olsun istəmirsə qapını açmasını bildirmişdir. Qapını açdıqdan sonra Fatimə onların evə girməsinə icazə verməyən zaman onlar polis əməkdaşı olduqlarını bildirmişlər. Fatimə onlardan vəsiqə tələb etmiş və vəsiqəni ucadan oxuyan zaman Şahin adlı şəxs olduğunu bilmişlər. Polis əməkdaşları içəri girən zaman Fatiməyə kobud davranmış və bir polis əməkdaşı “bizə çay verməkdən hələ kim olduğumuzu soruşursan. Sənin də bizə işin düşəcək. Onda da sən bizə yalvaracaqsan. Bir çay qoyun, gəlmişik söhbət etməyə” söyləmişdir. Şahin adlı şəxsin yanında bir nəfər bəstə boy polis əməkdaşı olmuşdur. Onun yoldaşı polis əməkdaşlarından Anarla nə problemləri olduğunu soruşmuş və polis əməkdaşı Anarı tanımadığını, evə gedən zaman tapşırığa əsasən bura gəldiyini bildirmişdir. Fatimə ilə polis əməkdaşları arasında söz mübahisəsi olmuş və polis əməkdaşı Fatiməyə “Allah sənin üzünə baxıb ki, səni də yoldaşınla aparmayıblar, yoxsa sizin verdiyiniz pulla sən belə qurtula bilməzdin” söyləmişdir. Həmin vaxt polis əməkdaşı heç kimlə əlaqə saxlamasınlar deyə onların telefonlarını əllərindən almışlar. Həmin vaxt evdə onun 2 uşağı və qardaşının 3 uşağı olmuş, uşaqları digər otağa keçirmişlər. Daha sonra Şahin adlı polis əməkdaşı onlarla söhbət etməyə başlamış, yanındakı digər şəxs isə telefonla məşğul olmuşdur. Vaxt qazanmaq məqsədi ilə Şahin onlarla boş-boş söhbət etmiş və arada zəng gələn zaman əsəbləşmişdir. Digər şəxs Anarın rəisin yanında olduğunu, pul məsələsi həll olunduğu təqdirdə Anarı onlara təhvil verəcəklərini və narahat olmamalarını bildirmişdir. Axşam saat 11 radələrində yenidən qapı döyülmüş və onları başqa otağa keçirmişlər. Polis əməkdaşlarından biri Anar evdə tək yaşayırmış kimi şərait yaratmalarını tələb etmiş və ışığı söndürərək qapının ağzında dayanmışdır ki, onlar digər otağa keçə bilməsinlər. Polis əməkdaşları əşyaların yerini dəyişərək çəkiliş zamanı Anarın evdə tək yaşaması barədə təsəvvür yaratmağa çalışmışlar. Çəkiliş zamanı onlar danışılanları eşitmişlər. Polis əməkdaşı Anardan çəkiliş zamanı narkotik vasitələri iranlı şəxsdən aldığını bildirməsini tələb etdikdə həyat yoldaşı müdaxilə edərək Anarın boynuna narkotik vasitə qoyacaqlarını bildirmişdir. Polis əməkdaşları isə əllərində sübut olması məqsədi ilə çəkiliş etdiklərini bildirmişdir. Daha sonra qapı açılmış və polis əməkdaşlarından biri Anarın yoldaşının kim olduğunu soruşmuş və Fatimədən onlara nə verə biləcəyini soruşmuş, Fatimə isə nə vərməli olduğunu soruşmuş, daha sonra qapı bağlanmışdır. Bir müddət keçdikdən sonra polis əməkdaşlarının getdiyini və Anarı da özləri ilə apardıqlarını, daha sonra Anarı onlara təhvil verəcəklərini bilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, polis əməkdaşlarının nə qədər pul istədiyini və nə üçün istədiklərini bilməmiş, polis əməkdaşları qonaq otağında uşaqların oyuncaqlarını, qab-qacağı yığışdıran zaman səsküyü onlar eşitmişlər, mənzilin balkonu var, amma balkonda axtarış olmasından məlumatı olmamış, Anarın maşını olmuş və maşını da yoxa çıxmış, qardaşının əvvəlki məhkumluğu barədə məlumatı olmamış, Fatimə qanunsuzluq barədə bütün orqanlara məlumat vermiş, Anar ilk dəfə evə 7-8 radələrində gəlib getdikdən sonra iki nəfər polis əməkdaşı axşam saat 9 radələrində gəlmişlər, polis əməkdaşları onları otağa keçirdikdən sonra otaqdan çıxmalarına mane olmuşlar, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 23 noyabr 2022ci il tarixdə, saat 20:00 dəqiqədə Abşeron rayonu ərazisində həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "Absheron City" yaşayış kompleksinin yanında, Bravo marketin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 30-33). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 240A, “Absheron City" yaşayış kompleksində yerləşən 178 nömrəli mənzilə baxış keçirilmiş, baxış zamanı eyvanda olan taxta dolabın alt hissəsindəki 1 ədəd mavi rəngli polietilen bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuana hissəsikləri olan 01 ədəd elektron tərəzi aşkar edilmiş, həmin bağlama və elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 36-38). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli 7/1342 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan ..." yazısı və imzalar olan 01 (bir) ədəd mavi rəngli polietilen bağlamadakı təmiz çəkisi 1490 qram və üzərində “Təqsirləndirilən şəxs üzərindən ..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 46,275 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 1536,275 qramdır (1 kiloqram 536,275 qram). Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan ...1 ədəd tərəzi...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində təmiz çəkisi 0,087 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Təqdim edilmiş bir ədəd mavi rəngli polietilen bağlamada, bir ədəd sellofan bağlamada və bir ədəd elektron tərəzinin üzərində olan marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 49-50). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 noyabr 2022ci il tarixli 2786 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət və xəsarətin izi aşkar olunmamışdır (cild 01, iş vər. 209). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2023- cü il tarixli 317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 210-211). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 243- 259). İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 46,275 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, daha sonra şəxsin yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvandan 1490 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və üzərində çəkisi 0,087 qram olan narkotik vasitə marixuana hissəsikləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuana hissəsikləri olan 01 ədəd elektron tərəzinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmaması, evdən aşkar olunan narkotik vasitənin çəkisinin az olması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə bildirməmiş, əksinə əməlindən peşman olduğunu qeyd edərək özünü qismən təqsirli bilmiş və barəsində olan təqdimatın təmin olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində deyil, yalnız müqavilə əsasında müdafiəçisi cinayət prosesinə qoşulduqdan sonra bu halları qeyd etmişdir ki, məhkəmə bütün bunların müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Məhkəmə istintaqı zamanı dindirilən şahidlər Şahid3 və Şahid4 ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslər Təqsirləndirilən şəxs yaxın qohumlarıdır (arvadı və bacısı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Odur ki, məhkəmə kollegiyası həmin ifadələrə də tənqidi yanaşır və onlarla razılaşmır. Ona görə də, həmin ifadələri həqiqəti əks etdirən obyektiv sübut kimi qəbul etmir. Həmçinin, məhkəmə istintaqı zamanı müdafiə tərəfi iş üzrə şahid polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışda iştirak etmədiyini və daim onların yaşadığı evdə olmaqla onları nəzarətdə saxladığını qeyd edərək sübutların saxtalaşdırıldığını bildirmişdir ki, sözügedən məsələ məhkəmə istintaqı zamanı diqqətlə araşdırılmış, lakin məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş DVD disk və məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunmaqla tədqiq olunmuş "xxxx" MMC-dən daxil olmuş CD diskdən müəyyən olunmuşdur ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı mənzildə olmamış, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətində iştirak etmiş və videoçəkilişi özü aparmışdır. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin əldə olunması, saxlanılması və daha sonra onun üzərindən və yaşadığı evdən polis əməkdaşları tərəfindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə ünvan 6 ünvanında yaşayır, himayəsində 2010-cu il və 2019-cu il təvəllüdlü iki azyaşlı uşaqları var, Təqsirləndirilən şəxs barədə Xırdalan şəhər İƏD-üzrə Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 240-244). İş materiallarına əlavə edilmiş “X14” PHŞ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü qızı X1 penvmotoraks dəqiqləşdirilməmiş pnevmaniya, ağciyər ürək damar çatışmazlığı diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuş, birinci dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2003cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2003-cü il tarixli “Amnistiya” Qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuş, ikinci dəfə Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli hökmünə əsasən CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-in 70-ci maddəsi tətbiq edilməklə 03 il sınaq müddəti müəyyən edilərək hökmlə təyin edilmiş cəza şərti hesab olunmuş, 14 dekabr 2015-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 143-145). Məhkəmə kollegyası Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağın olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızının ölümünü isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 20, 89-92). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 1536,075 qram olan qurudulmuş marixuana və üzərində çəkisi 0,067 qram marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 78 AZN (yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 1536,075 qram qurudulmuş marixuana və üzərində çəkisi 0,067 qram marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 78 AZN (yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-332/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-332/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver