Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-334/2024 16.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1968-ci il tarixdə Quba rayonu Tülər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 may 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 24 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və ya götürülməmiş, Quba rayonu Tülər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində yerləşən 4 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığı və aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisənin gedişində onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, mobil telefon vasitəsi ilə nalayiq “SMS”-lər yazmış Quba rayon Rustov kənd sakini Zərərçəkmiş şəxs ilə münasibətlərinə aydınlıq gətirmək üçün 28 may 2023-cü il tarixdə, saat 12 radələrində Quba şəhəri, köhnə avtovağzal adlanan ərazidə yerləşən “Səma” kafesində görüşmüş, görüş zamanı aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun yenidən onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi fonunda ondan söylədiklərinə görə qisas almaq qərarına gələrək alkoqol sərxoşluğu vəziyyətində özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub, özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin yanında masanın üzərində olan pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya təpə nahiyəsinin əzilmiş-çapılmış yarası olmaqla sağlamlığına yüngül zərər vurub qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, daha sonra istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla gəzdirdiyi bir ədəd kustar üsulla hazırlanmış, üzərində sonradan dəyişiklik edilmiş və təyinatı dəyişdirilmiş deşici-kəsici xassəyə malik soyuq silahla, qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya müvafiq olaraq döş qəfəsinin sağ yan səthinin orta qoltuqaltı xətti üzrə 9-cu qabırğaarası nahiyəsinin və döş qəfəsinin sağ ön tərəfinin aşağı şöbəsinin döş və qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yaraları olmaqla yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü CM-nin 126.1 və 228.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə keçmiş kürəkəni onun qızı Nüşabəyə kəllə ilə vuraraq burnunu sındırmış və evdən çıxmışdır. Həmin günü ona tez Bakıya gəlməsi barədə zəng gəlmişdir. O, Bakıya qızıgilə gəlmiş evdə qızı və nəvəsinin olmadığını, keçmiş kürəkəni və onun atasının olduğunu görmüşdür. Məsələnin nə olduğunu soruşduqda aralarında mübahisə yarandığını və Nüşabənin evi tərk etdiyini bildirmişlər. Daha sonra uzun müddət Nüşabəni axtarmışlar. Həmin gün Ağayev X4 qaçırmışdır. Daha sonra o, qızını bağışlamış, amma ona zəng etməmələrini, onun evinə gəlməmələrini, öz həyatlarını yaşamalarını bildirmişdir. Bir müddət sonra Seyfəddin zəng edərək, mesaj yazaraq onu təhqir etməyə, alçaltmağa başlamışdır. Hər dəfəsində o, Seyfəddinə söyüş söyməməsi, söyüşü xoşlamaması barədə xəbərdarlıq etmişdir. Sonuncu dəfə Seyfəddin ona “sən kişi deyilsən, sən peysərsən. Əgər kişisənsə gəl görüşək” məzmunlu təhqiramiz SMS göndərmişdir. O da Seyfəddinlə görüşməyə razı olmuş və kafeye gələrək, özü üçün yemək, 100 qram araq və bir bakal piyvə aldıqdan sonra Seyfəddinə zəng edərək olduğu kafenin ünvanını demiş və yarım saat sonra Seyfəddin həmin kafeyə gəlmişdir. Seyfəddin onunla üzbəüz əyləşmiş və o, Seyfəddinə yemək təklif etmiş, Seyfəddin isə 100 qram araq içəcəyini bildirmişdir. Daha sonra onlar söhbət etməyə başlamış, o, Seyfəddinə atası yaşda kişi olduğunu, niyə onu utanmadan təhqir etdiyini, söyüş yazdığını soruşmuş, o isə yenə də onu təhqir etməyə, keçmiş kürəkəninin anasını, bacısını söyməyə başlamışdır. O, yenə də Seyfəddinə söyüş söyməməsi barədə xəbərdarlıq etmiş və Seyfəddin ona “sən kişi deyilsən” demişdir. O, artıq dözə bilməyərək stolun üzərində olan piyvə bakalını götürüb Seyfəddinin başından bir dəfə zərbə endirmişdir. Seyfəddinin başı fırlanmış və onun üzərinə gəlmək istəyən zaman o, üzərində saxladığı bıçağı çıxarıb Seyfəddini qorxutmaq istəmiş, Seyfəddin qaçmaq istədikdə onun qolundan tutmuş və onu qorxutmaq istəmiş həmin vaxt ona bıçaq xəsarəti yetirmiş və Seyfəddin qaçaraq oradan uzaqlaşmış, o isə taksiyə oturaraq getmişdir. Daha sonra o, polisə zəng edərək bu barədə məlumat vermiş, polislər gələn zaman baş verənləri onlara danışmış və bıçağı təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə günü 200 qram araq içmiş, həmin vaxt kafedə heç kim olmamış, hadisə gündüz saat 10-11 radələrində baş vermişdir, kafedə ofisiant işləyən bir qız səs-küyə çölə çıxmış və qorxaraq içəri girmişdir. Onlar stol arxasında oturan zaman Seyfəddin söyüş söymuş, o, kişi söyüş söyməz deyən zaman isə ona “sən kişi deyilsən” demişdir. Birinci dəfə onun başına bakalla vurmuşdur. O, bıçağı çıxarıb vurduqdan sonra Seyfəddin qaçmışdır. O, bıçağı evdən götürmüşdür. O, qoca kişi, Seyfəddin isə cavan oğlan olduğu, onu davaya çağırdığı üçün, onu qorxutmaq və özünü qorumaq məqsədi ilə bıçağı üzərində götürmüşdür. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. O, polis idarəsinə zəng edərək hadisəni bildirmişdir. Zərərçəkmiş şəxsin və qızı Nüşabənin ona təhqiramiz ifadələr işlətməsinin səbəbi onların telefonuna cavab verməməkləri olmuşdur. Qızı ilə Seyfəddinin münasibətlərini sonradan öyrənmişdir. Hadisədən sonra o, evə gəlmiş oğlunu çağıraraq olanları ona danışmış, daha sonra polis idarəsinə - Şəmsəddin adlı əməliyyat müvəkkilinə zəng etmiş və hadisəni ona danışmış, o da evdə olmasını və gələcəyini bildirmişdir. Daha sonra 3 nəfər şəxs gəlmiş və o, bıçağı çıxararaq onlara təqdim etmiş və polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Həmin gündən faktiki olaraq tutulmuş, polis şöbəsində saxlanılmış, lakin 13 gündən sonra onun tutulması rəsmiləşdirilmişdir. O, kafeyə gedib yemək sifariş edən zaman kafede başqa müştəri olmamış, onun yeməyini bir qız ofisiant gətirmişdir. Hadisə günü kafenin sahibi orada olmamışdır. Zərərçəkmiş şəxs gəldikdən sonrada kafedə müştəri olmamış, onlar mübahisə edən zaman yanlarında heç kim olmamışdır. O, bakalı Seyfəddinin başına vurduqdan sonra Seyfəddin 5 saniyə dayanmış, daha sonra qalxaraq onun üzərinə gəlmiş, o isə bıçağı çıxarmış, Seyfəddin bıçağı görən zaman qaçmaq istəmiş, amma o, Seyfəddini bıçaqla vurmuşdur. O, kafedən çöldə Seyfəddini vurmuş, içəri qayıdan zaman ofisiyant qızın dayanaraq baxdığını görmüş, o masadan siqaretini götürüb cibinə qoyaraq kafedən çıxmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nüşabə xəstə olduğu üçün onu Xaçmaz rayonunda xəstəxanaya aparmış, xəstəxanada olan zaman Elman zəng edərək onun Tülər kəndinə gəlməyini istəmiş, o isə Nüşabənin xəstə olduğunu söyləmişdir. Həmin günün səhəri onlar Quba rayonda bir kafedə görüşmüşlər. Elman ona içki içib, narkotik istifadə etdiyi üçün oğlunu evdən qovduğunu, Nüşabə ilə barışmaq istədiyini bildirmişdir. Elman yemək yeyib araq və piyvə içmişdir. Elman ona da yemək və araq təklif eləmişdir. O yemək istəməmişdir. Elman 100 qram araq içməyini istəmiş, o isə o qədər deyil, yarısını içə biləcəyini demişdir. Həmin vaxt o, Nüşabəyə gələcəyi, narahat olmaması barədə mesaj yazırmış. Birdən Elmanın pivə bakalını götürüb getdiyini görmüş, pivə süzəcəyini düşünmüşdür. Bir az keçdikdən sonra başına nə isə dəydiyini hiss etmiş, başı fırlanmış 5 saniyə sonra ona istilik gəldiyini hiss etmiş durmaq istəyən zaman sağ tərəfindən qan axdığını görmüş və özünü itirərək qaçmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Nüşabə ilə əlaqə qurduqdan sonra münasibətləri normal olmuşdur. Elman ona 1-2 dəfə zəng edərək təhqiramiz ifadələr işlətmiş, həmçinin o da Elmana qarşı kobud ifadələr işlətmişdir. Hadisə günü onlar danışan zaman o, Elmanın özünə və ailə üzvlərinə qarşı nalayiq ifadələr işətməmişdir. Elmanın onu söhbətə çağırmaqda məqsədi qızı ilə barışmaq istəməsi olmuşdur. Nüşabə atasından qorxduğu üçün evdən qaçan zaman qardaşından və atasından kömək istəməmişdir. Elmana qohumları tərəfindən təsir olunduğu üçün ona xəsarət yetirdiyini düşünmüşdür. Elman onu söydüyü üçün o da Elmana təhqiramiz ifadələr yazmış, hətta Elman onu öldürəcəyi barədə söz göndərmişdir. Nüşabə ona atasına söyüşlü mesajlar yazmasını söyləməmiş, sadəcə atasına zəng edib onun sənədlərini istəməsini söyləmişdir. Nüşabə ona atası ilə görüşməyə getməməsini, atasının onu öldürəcəyini söyləmişdir. O, kafeyə gələn zaman kafedə onlardan başqa 4-5 nəfər müştəri olmuşdur. Elmanın ona xəsarət yetirməsi anını yəqin ki, ətrafdakılar görmüşdür. Elman bakalı ona vurduqdan sonra özünü itirmiş, nə etdiyini bilməmiş, Elmanın da hərəkətlərinin nədən ibarət olduğunu bilməmişdir. Ona xəstəxana xərci ilə bağlı heç bir ödəniş olunmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyildir, ona qarşı heç bir tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Elmanı hadisədən bir il əvvələ yaxın görməmişdir. Həmin gün Elman səhər saat 10-11 radələrində onun işlətdiyi kafeyə gəlmiş, həmin vaxt Elman saqqallı olmuş, onlar görüşdükdən sonra Elmandan niyə görsənmədiyini soruşduqda, Elman işi ilə bağlı Rusiyada olduğunu bildirmişdir. Elman ondan bir bakal pivə istəmiş, o da Elmana pivə süzüb verdikdən sonra şəkər xəstəsi olduğu üçün sistem vurduracağını və xəstəxanaya gecikdiyini bildirərərək, Elmanla sağollaşmış, Elman ona demişdir ki, “bəlkə də 10 il bir-birimizi görmüyəcəyik". O, nə baş verməsini soruşduqda Elman ona Rusiyaya gedəcəyini demiş və o, kafedən çıxmışdır. O, hadisədən sonra kafeyə gəldikdə kafenin girişində solda yerləşən birinci stolun ətrafında yerdə pivə bakalının sınıqları olmuşdur. Elmanın kafedə kiminləsə mübahisə etdiyini və həmin şəxsə pivə bakalı ilə zərbə endirib xəsarət yetirdiyini öyrənmişdir. O, zərərçəkmiş şəxsi görməmiş, kafedən çıxan zaman Elman tək olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Elmana pivə süzən zaman kafedə 3-4 nəfər müştəri olmuşdur. Onlar kafedə bir xanımla bərabər işləyirlər. Elmanla sağollaşan zaman yanında heç kim olmamış, Elman uzun müddət onu görməyəcəyini, Rusiyaya gedəcəyini bildirmişdir. Elman kafedə olarkən çöldə stolda oturmuşdur. Kafedə içəridə oturan müştərilər çöldəki müştəriləri görə bilir. O, kafeyə tezdən saat 6 radələrində getmiş, Elman isə 10-11 radələrində gəlmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun oğludur. 2013-cü il tarixdə oğlu Seyfəddin ailə həyatı qurmuşdur. Seyfəddinin evliliyindən üç azyaşlı övladı olmuşdur. Onun bildiyinə görə oğlu Seyfəddin Nüşabə adlı qadınla münasibəti olmuşdur. Nüşabə 2016-cı il tarixdə ailə həyatı qurduqdan sonra onların münasibəti bitmişdir. Sonradan Nüşabə oğluna internetdən yazaraq danışmaq istədiyini bildirmişdir. X13 evli olduğunu desə də Nüşabə onunla yenidən münasibətlərini bərpa etməyə israr etmişdir. 2021-ci il tarixdə Nüşabə Seyfəddinə zəng edərək evdən qaçdığını və onu yolun kənarından götürməsini xahiş etmişdir. Seyfəddin də onun zəngindən sonra Nüşabəni olduğu yerdən götürmüşdür. Nüşabəni götürəndən sonra Seyfəddin bir neçə müddət evə gəlməmişdir. Seyfəddin Nüşabə ilə qaçdığından təxminən 1 ay sonra bir nəfər şəxs onun yaşadığı Quba rayonu, Qam-qam kəndindəki evinə gəlmişdir. Həmin şəxs onunla salamlaşaraq söhbət etmək istədiyini bildirmişdir. O, həmin şəxsi evə, çay içərək söhbət etməyi təklif etmişdir. Həmin şəxslə söhbət əsnasında Nüşabənin atası olduğunu, adının Elman olmasını bilmişdir. Elmanla söhbət əsnasında ona Seyfəddinin öz həyat yoldaşından boşanmasını onun qızı Nüşabə ilə evlənməli olduğunu bildirmişdir. O, isə Elmana cavabında Seyfəddinin üç azyaşlı övladının olduğunu boşana bilməyəcəyini bildirmişdir. Daha sonra Elman çayını İçib bitirərək çıxıb getmişdir. O bir daha həmin şəxslə görüşməmişdir. Həmin söhbətdən sonra Seyfəddin Nüşabə ilə onun yaşadığı evə bir neçə dəfə gəlib getmişdir. 28 may 2023-cü il tarixdə günorta saatlarında ona, Elmanın oğlu Seyfəddini bıçaqla vuraraq xəsarət yetirməsi xəbər edilmişdir (cild 01, iş vər. 159-162). Məhkəmə istintaqı zamanı şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Quba şəhəri Köhnə avtovağzal adlanan ərazidə Səma adlı kafedə xadimə işləyir. Maddi imkanı zəif olduğundan ara-sıra həmin kafeyə gedib təmizlik işləri görüb, gördüyü işin qarşılığında müəyyən qədər məvacib alır. 28 may 2023-cü il tarixdə səhər saatlarında kafeyə təmizliyə getmişdir. Həmin günü mətbəxdə qabları yuyan zaman kafedə stolların birində mübahisə olduğunu eşitmiş və butulka sınığı səsinə oxşar səs eşitmişdir. Kafenin mətbəxindən çıxanda stolların yanında heç kimin olmadığını görmüşdür. Kafenin girişində solda yerləşən birinci stolun ətrafında yerdə pivə bakalının sınıqlarının olduğunu görmüşdür. Daha sonra isə həmin sınmış bakalın qırıqlarını təmizləməyə başlamışdır. Bu zaman Şahin də işə gəlmiş və nə baş verməsini soruşmuşdur. O isə heç nədən məlumatı olmadığını, sadəcə səs küy eşitdiyindən mətbəxdən çıxdığını və şüşə qırıqlarını təmizlədiyini demişdir. O, hadisəni görməmiş, hadisə zamanı kafenin mətbəxində qabları yumuşdur. Mübahisə səsini eşidib mətbəxdən çıxmış və kafenin girişində solda yerləşən birinci stolun ətrafında yerdə pivə bakalının sınıqlarının olduğunu görüb təmizləmişdir (cild 01, iş vər. 166-167). Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 2016-cı ildə Ceyhun Davidovla ailə həyatı qurmuşdur. Həmin evlilikdən bir övladı olmuşdur. O, Ceyhunla evlənən zaman atası Elman həbsxanada cəza çəkmişdir. Onu mərhum anası məcburi şəkildə Ceyhunla evləndirmişdir. Ceyhunla evli olduqları müddət ərzində ailə münasibətləri yaxşı olmamışdır. Ceyhun mütəmadi olaraq onunla mübahisə etmişdir. Ceyhunla münasibətləri yaxşı omadığından Ceyhunla ayrılmaq qərarına gəlmişdir. Ceyhunla evlənməmişdən qabaq Zərərçəkmiş şəxslə birbirlərini sevmişlər. Lakin Seyfəddin başqası ilə ailə qurduğundan o da Ceyhunla məcburi şəkildə evləndirildiyindən Seyfəddinlə münasibətləri kəsilmişdir. Ceyhunla ayrılmaq qərarına gəldiyindən 2019-cu ildə yenidən Seyfəddinlə münasibətləri bərpa olunmuşdur. Hər dəfə Seyfəddinlə danışanda əri Ceyhunla yola getmədiyini, ailəsində hərdəfə mübahisə olduğunu deyib Seyfəddinlə dərdləşmişdir. Atası Elman və qardaşı Münasib ailəsində olan problemləri həll etmədiyindən məcbur qalıb Seyfəddinlə dərdləşmişdir. 2021-ci ilin sentyabr ayında evdən qaçıb ilk öncə atası Elmana zəng eləmişdir. Atası Elmanla danışanda əri Ceyhunun onunla yaxşı rəftar etmədiyini, ailəsində mütəmadi mübahisə olduğunu ona görə də dözməyib evdən qaçdığını demişdir. Atası Elman da cavabında “ərdən qayıdan qız mənə lazım deyil, gəlib sənin meyidini qəbiristanlığa aparacam” demişdir. Atasının belə danışmağından qorxub Seyfəddinlə əlaqə saxlamışdır. Seyfəddinlə danışan zaman yolda qaldığını və gəlib onu götürməyini istəmişdir. Seyfəddin isə onun ailəli olduğundan gəlib onu götürməyinin düzgün olmayacağını, qohumlarının söz söhbət yaradacağını demişdir. O, xahiş etdikdən sonra Seyfəddin razılaşmışdır. Bundan sonra taksi ilə Siyəzən rayonuna gəlib Seyfəddinlə görüşmüş və həmin vaxtdan sonra Seyfəddinlə birlikdə yaşamağa başlamışdır. Bundan sonra atası Elman Seyfəddinlə əlaqə saxlayıb onunla Seyfəddinin arxasında olduğunu, onlara heçkimin heçnə etməyəcəyini bildirmişdir. O isə getmək istəməmiş və atasının qaçdığına görə onları öldürəcəyini demişdir. Bundan sonra da atası Elman dəfələrlə Seyfəddinlə əlaqə saxlayıb onların gəlmələrini, kəbn kəsdirmələrini istəmişdir. Lakin o, hərdəfəsində atası ilə görüşməkdən qorxduğundan atası ilə görüşə getməmişlər. 2023-cü ilin may ayının sonlarında xəstələndiyindən Xaçmaz rayon Mərkəzi Xəstəxanasında müalicə almışdır. O, xəstəxanada olan zaman Seyfəddin axşam vaxtı xəstəxanaya gəlmiş və atasının Seyfəddinə zəng elədiyini demişdir. O da atasının hansı səbəbə Seyfəddinə zəng etdiyini soruşduqda Seyfəddin atasının onları Tülər kəndinə çağırdığını demişdir. O, yenə də etiraz edib atasının yanına getməyəcəyini demişdir. Bundan bir neçə dəqiqə sonra atası Elman yenidən Syefəddinə zəng eləmiş və Seyfəddin danışmaq üçün telefonu ona uzatmışdır. Danışıq zamanı atası Elman ona nə olmasını soruşmuşdur, o isə cavabında xəstələndiyindən müalicə aldığını demişdir. Atası Elman isə ona “narahat olma atan ölmüyüb, sənin yanına da gələcəm" demiş və bundan sonra atası ilə danışmamışdır. Daha sonra isə atasının Seyfəddini bıçaqla vurub xəsarət yetirməsini öyrənmişdir (cild 01, iş vər. 169-171). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 14:20-də Quba Rayon Diaqnostika Mərkəzinin tibb bacısı Qonaqova rayon polis şöbəsinin növbətçi hissəsinə zəng edərk, Quba rayonu Qam-Qam kənd sakini 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “qarının ön divarının kəsilmiş açıq yarası” diaqnozu ilə Quba Rayon Diaqnostika Mərkəzinə daxil olması barədə məlumat vermişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 28 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qarının ön divarının kəsilmiş açıq yarası diaqnozu ilə Quba Rayon Diaqnostika Mərkəzinə daxil olmuşdur. Qeyd olunan hadisəni əvvəllər məhkum olunmuş Quba rayonu Tülər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs törətməsi keçirilmiş əməliyyat axtarış tədbirləri ilə müəyyən edilmiş və Təqsirləndirilən şəxs hadisəni törətdiyi bıçaqla birlikdə rayon polis şöbəsinə gətirilərək istintaq bölməsinə təqdim edilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisəni törədiyi bir ədəd bıçağa baxış keçirilmiş, həmin bıçağın tutacaq yeri bərk plastmas materialdan olmaqla bıçağın kəsici dəmir hissəsinin üzərini örtmək üçün taxta material mövcuddur. Həmin taxta materialın bir tərəfində qartal digər tərəfində isə şir şəkili mövcuddur. Bundan başqa həmin bıçağın dəmir kəsici hissəsinin üzərində qan ləkələrinin də olması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı araşdırma üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 13- 15). Cinayət işinin materiallarında olan “Baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə Quba rayonu Köhnə avtovağzal ərazisində yerləşən “Səma” adlı kafedə baş vermişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 20- 24). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 İyun 2023-cü il tarixli 214 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-təpə nahiyəsinin əzilmiş-çapılmış yarası bərk küt əşyanın; döş qəfəsinin sağ yan səthinin orta qoltuqaltı xətti üzrə 9-cu qabırğaarası nahiyəsinin və döş qəfəsinin sağ ön tərəfinin aşağı şöbəsinin döş və qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaraları kəsici-deşici alətin (alətlərin) təsirindən, qərarın təsviri hissəsində gösətrilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə bıçaqla yetirilmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 01, iş vər. 42-43). Cinayət işinin materiallarında olan “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Nokia 106” markalı qara rəngli mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonda olan mesajlaşmalar bölməsində +**********80 saylı mobil nömrədən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05:22:36-da, xx.xx.2023-cü il tarixdə saat 05:21:56-da hadisədən bir neçə gün əvvəl ismarıclar gəlməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin ismarıcların Zərərçəkmiş şəxs tərəfindən ona yazıldığını və ifadəsində qeyd etdiyi kimi həmin ismarıclarla onu təhqir etdiyini bildirmişdir. Bundan başqa, baxış zamanı "Сафра" adı ilə qeydiyyata alınmış +**********73 saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 00:36:57-də, xx.xx.2022-ci il tarixdə saat 08:28:55də, 27.08 2022-ci il tarixdə saat 08:22:00-da, xx.xx.2022-ci il tarixdə saat 00:16:19-da ismarıclar gəlməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin ismarıcların Zərərçəkmiş şəxs tərəfindən ona yazıldığını və ifadəsində qeyd etdiyi kimi həmin ismarıclarla onu təhqir etdiyini bildirmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 109-144). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 iyul 2023cü il tarixli 2194/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirtli aşkar edildi. Etil spirtinin qatılığı - 0,5%-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 01, iş vər. 172-175). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 286/MTKŞ-2023 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın, qısaqol koftanın və köynəyin üzərində çoxsaylı kəsik xətləri vardır. Bu fonda maykanın, qısaqol koftanın və köynəyin hər birinin arxa səthinin sağ yarısında bir ədəd dəlib-keçən zədə var. Bu zədə deşilmiş-kəsilmiş zədədir, iti ucu və kəsici xüsusiyyətə malik kənarları olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus paltarların (mayka, kofta və köynək) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısında bir ədəd cırılmış zədə var. Bu zədə küt mexanizmlə, paltarın həmin hissəsinin kəskin dartılması (o cümlədən ilişib dartılması) nəticəsində törənməyə uyğun gəlir. Təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış, üzərində sonradan dəyişiklik edilmiş və təyinatı dəyişdirilmişdir, hazırda deşici-kəsici xassəyə malik soyuq silahdır (cild 01, iş vər. 177-181). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 387/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən - 0 (1). Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş 01 ədəd bıçağın, Zərərçəkmiş şəxs maykası, qara qısaqol köynəyi və qara düyməli koynəyi üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız 0(1) qrupunu əsas xarakterizə edən H antigeni alındı. Beləliklə, bu qan 0 (1) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər silahdır (cild 01, iş vər. 184-188). Cinayət işinin materiallarında olan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 22 iyul 2023-cü il tarixli 2013 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Onda özündən uydurmağa və başqa şəxslərin təsiri altında hərəkət etməyə və ya danışmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional halında hirslilik yaranmışdır (cild 01, iş vər. 189-192). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 avqust 2023cü il tarixli 214 (əlavə) saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - təpə nahiyəsinin əzilmiş-çapılmış yarası bərk küt əşyanın; döş qəfəsinin sağ yan səthinin orta qoltuqaltı xətti üzrə 9-cu qabırğaarası nahiyəsinin və döş qəfəsinin sağ ön tərəfinin aşağı şöbəsinin döş və qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaraları kəsici-deşici alətin (alətlərin) təsirindən, qərarın təsviri hissəsində gösətrilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə bıçaqla yetirilmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən təpə nahiyəsinin əzilmişçapılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Döş qəfəsinin sağ yan səthinin orta qoltuqaltı xətti üzrə 9-cu qabırğaarası nahiyəsinin və döş qəfəsinin sağ ön tərəfinin aşağı şöbəsinin döş və qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaraları isə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərə vurmaya aiddir (cild 01, iş vər. 203-205). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq cinayət hadisəsinin baş verməsi ilə bağlı, habelə həmin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşsa da, onun əməlinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs qarşı CM-in 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, məhkəmə kollegiyası ona qarşı məhz CM-in 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir və hesab edir ki, onun əməli bu hissədə CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir.. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Həmin cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilməsi CM-nin 126.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxsin CM-nin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq niyyəti ilə törədilməsi təsdiq olunsun. Xuliqanlıq niyyəti təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində qəsdən cinayət əməli törətmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinaytlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədiməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-nin 126.2.4-cü madəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə, saat 12 radələrində Quba şəhəri, köhnə avtovağzal adlanan ərazidə yerləşən “Səma” kafesində əvvəlcədən tanıdığı Quba rayon Rustov kənd sakini Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib alkoqol sərxoşluğu vəziyyətində özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub, özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin yanında masanın üzərində olan pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya təpə nahiyəsinin əzilmiş-çapılmış yarası olmaqla sağlamlığına yüngül zərər vurub qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, daha sonra istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla gəzdirdiyi bir ədəd kustar üsul ilə hazırlanmış, üzərində sonradan dəyişiklik edilmiş və təyinatı dəyişdirilmiş deşici-kəsici xassəyə malik soyuq silahla, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya müvafiq olaraq döş qəfəsinin sağ yan səthinin orta qoltuqaltı xətti üzrə 9-cu qabırğaarası nahiyəsinin və döş qəfəsinin sağ ön tərəfinin aşağı şöbəsinin döş və qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yaraları olmaqla yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur.. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etdiyi qənaətinə gələrək təqsirləndirilən şəxsin əməlini CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etsə də, xuliqanlıq motivinin nədən ibarət olduğunu, qeyd olunanların özünü nədə biruzə verdiyini, hansı hərəkətlərin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər olduğunu, hansı hərəkətlərin cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq normalarına qarşı saymazlıq olduğunu konkretləşdirərək ittiham aktında əks etdirməmiş, yəni gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, hazırki işdə məhkəmə istintaqı nəticəsində müəyyən olunan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərkən heç də xuliqanlıq niyyəti ilə hərəkət etməmiş, zərərçəkiş şəxs Zərərçəkmiş şəxs daha əvvəl ona və ailə üzvlərinə təhqiramiz sözlər söyləməsi və eyni məzmunlu “SMS”-lər yazması, daha sonra isə hadisə günü kafedə görüşdükləri zaman yenidən onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətməsi nəticəsində ondan etdiyi hərəkətlərə və dediyi sözlərə görə qisas almaq qərarına gələrək üzərində olan soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyyəsinə qəsdən bir dəfə zərbə vurmuşdur ki, bununla da Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə çərçivəsində hərəkət edərək Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Lakin nədənsə ibtidai istintaq orqanı şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “heç bir əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “cüzi səbəbin (hazırki halda onun və ailə üzvlərinin ünvanına edilmiş təhqiqarmiz söyüşlərin) bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməlinə subyektiv münasibətini xarakterizə edən halları, “əsaslı səbəbin olmaması” kimi dəyərləndirməklə, Təqsirləndirilən şəxs məhz bu motivdən, yəni xuliqanlıq motivindən çıxış etməsi qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, belə olan halda onun hərəkətləri xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi deyil, məhz şəxsi münasibətlər zəminində baş vermiş hadisə kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, bu cür yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin özünün qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqe və yaratdığı məhkəmə təcrübəsi ilə də uyğunluq təşkil edir. (Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında icmal) Bundan əlavə, məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin həmçinin CM-in 221.3 və 228.4-cü maddələri ilə də tövsif edilməsi ilə bağlı gəlinən nəticə ilə razılaşaraq qeyd edir ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Eləcə də, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna edildikdə cinayət əməli kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Hazırki iş üzrə həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub, özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin yanında masanın üzərində olan pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya təpə nahiyəsinin əzilmiş-çapılmış yarası olmaqla sağlamlığına yüngül zərər vurub qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, habelə soyuq silah hesab edilən bıçağı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirmişdir. Beləliklə, qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidin ifadələri, iş üzrə ifadələri elan olunaraq tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin təqsirli bilindiyi müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, yəni zərərçəkmiş şəxsə bıçaqla xəsarət yertirərkən özünü müdafiə etməsi ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və onunla razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən belə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı heç də özünü müdafiə etməmiş, pivə bakalı ilə zərərçəkmiş şəxsin başına xəsarət yetirdikdən sonra zərərçəkmiş şəxs hadisə yerindən qaçmağa çalışsa da, təqsirləndirilən şəxs buna imkan verməmiş və ona üzərində olan soyuq silah hesab edilən bıçaqla bir dəfə vuraraq onun sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Tülər kəndində qeydiyyatdadır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 36-38). Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyildir, ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünün polis əməkdaşlarına könüllü şəkildə xəbər verdiyini və bundan sonra polislərin gəlib onu polis şöbəsinə apardığını, cinayət aləti olan bıçağı da könüllü şəkildə təqdim etdiyini bildirdiyindən, bu məsələ məhkəmə istintaqı zamanı araşdırılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini araşdıraraq belə qənaətə gəlir ki, onun cinayət törətdikdən sonra könüllü olaraq polis əməkdaşlarına xəbər verib özünü və cinayətin alətini hüquq mühafizə orqanlarına təhvil verməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Quba Rayon Polis Şöbəsinin əməkdaşı X5 ifadəsində göstərmişdir ki, o, Quba Rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. Hadisə günü xəstəxanadan bıçaqlanma hadisəsi ilə bağlı məlumat daxil olmuş və o, xəstəxanaya getmişdir. Xəstəxanada olan zaman bıçaqlanan şəxsin telefonunun orada olduğunu söyləmişlər və o, telefonu götürərərk axırıncı zəngə baxmışdır. Öz telefonu ilə yığdıqda Elmanın nömrəsi olduğunu görmüş, çünki o, əvvəldən Elmanı tanımışdır. Həmin telefonla Elmanla danışmışdır. Birinci zərərçəkmiş şəxsin telefonu, daha sonra isə öz telefonu ilə Elmana zəng vurmuş və özünü təqdim etmiş, Elmandan harada olduğunu soruşduqda o, kənddə olduğunu bildirmişdir. O, Elmana orda qalmasını, onları gözləməsini bildirmiş, Elman da onları kənddə gözlədiyini bildirmişdir. O, polis əməkdaşları ilə birlikdə kəndə - Elmanın yanına getmiş, Elman bıçağı onlara təqdim etmiş, baş verənləri danışmış və onlar Elmanla birlikdə polis şöbəsinə gəlmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Elman onunla əlaqə saxlamamış, bir müddət öncə Elmanın türmə yoldaşı ondan Elmanı tapmasını xahiş etdikdən sonra o, Elmanı tapmış və həmin gün nömrəsini telefonuna qeyd etmişdir. O vaxtdan Elmanı tanımışdır. Xəstəxanada onun kürəkəninə gələn son zənglərə baxan zaman da Elmanın nömrəsi olduğunu müəyyən etmiş və öz telefonu ilə ona zəng etmişdir. Elman cinayəti törətdiyini özü etiraf etmişdir. Onların cinayətlə bağlı telefonda söhbətləri olmamışdır. Elman bıçağı təqdim edən zaman Seyfəddindən bezdiyini bildirmişdir. Elman bıçağı təqdim edib cinayəti törətdiyini deyənə kimi o, Seyfəddini kimin bıçaqladığını bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdikdən sonrakı hərəkətləri araşdırıldıqda müəyyən edilmişdir ki, o, könüllü şəkildə heç bir təsir altında olmadan özünü polis əməkdaşına təslim etmiş və hadisə barədə onlara ətraflı məlumat vermiş, həmçinin cinayət alətini polis əməkdaşlarına təqdim edərək baş vermiş hadisə ilə bağlı istintaqın gedişinə fəal köməklik etmişdir. Bu halı onun özünün məhkəmə istintaqı zamanı göstərdikləri, o cümlədən həmin ifadə ilə üst-üstə düşən və biri digərini tamamlayan əlavə şahid qismində dindirilən Quba Rayon Polis Şöbəsinin əmkdaşının şahid ifadəsi təsdiq edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hadisə baş verəndən dərhal sonra hadisə yerindən ayrılsa da, hüquq mühafizə oranlarından gizlənməmiş, olduğu Quba rayonunda yaşadığı ünvanda qalaraq özünü polis əməkdaşlarına təslim edərək cinayət hadisəsi törətdiyi bıçağı da polis əməkdaşlarına təqdim etmiş, cinayətin üstünün açılmasına fəal köməklik etmiş və baş vermiş hadisə barədə ətraflı məlumat vermişdir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonrakı hərəkətləri könüllü gəlmə kimi qəbul edilməli və bu hal cəzanı yüngülləşdirən hal kimi hökmdə öz əksini tapmalıdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almasını və cinayət aləti olan bıçağı onlara təqdim etməklə cinayətin açılmasına fəal köməklik etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 may 2004-cü il tarixli hökmü ilə CM-in 120.2.5-ci maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə 09 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 145). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin xüsusilə təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə şəxsin əməlində cinayətlərin xüsusilə təhlükəli residivi yaranmış olur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 may 2004-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum oluduğu cinayət əməli xüsusilə ağır cinayət sayıldığından və CM-in 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra 08 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli (CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli) törətdiyindən, onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin dördə üçündən az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumlarına diqqət yetirdikdə görünür ki, o, daha əvvəl xüsusi ilə ağır cinayət əməli törətməkdə təqsirli bilinərək məhkum olunmuş, lakin təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 63, 95-98). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.4-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli 10 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd bıçaq, 01 ədəd qolsuz mayka, 01 ədəd qısaqol kofta və 01 ədəd köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd mobil telefon isə hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə, yəni Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Quba Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd bıçaq, 01 ədəd qolsuz mayka, 01 ədəd qısaqol kofta və 01 ədəd köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd mobil telefon isə hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-334/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-334/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver