Məhkəmə qərarları › İş №1(124)-336/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-336/2022

23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-336/2022 23.08.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X2 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 17 fevral 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 01 bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxil olan 3,994 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edərək əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxlamaqla Abşeron rayonu, Saray qəsəbəsinə daşımış, həmin gün saat 22 radələrində Abşeron rayon polis idarəsinin X5 əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Abşeron rayon polis idarəsinin X5 inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin bir bükümdə 3,994 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, təxminən bir ildir ki narkotik vasitə istifadə edir, narkotik vasitə heroini gündə iki dəfə, çəkmək yolu ilə qəbul edir. Tutlarkən onun üzərindən heroin aşkar edilməmişdir, telefonunun arxasına “falqa” kəsib qoymuş, dükanda telefon ilə danışarkən polis əməkdaşları həmin “falqa”nı görmüşdürlər. Polis əməkdaşları ilk olaraq onunla bir yerdə olan Həsənov Əliyə, daha sonra ona yaxınlaşmışlar. Amma onun üstündə heroin olmamışdır. Polislər demişlər ki, “bunu əgər boynuna götürməsən, çəkilişlə evindən kilo çıxardacayıq”, ona görə etirafedici ifadə vermişdir. Döyülməsə də qorxmuşdur, polislər dediyi üçün narkotik vasitəni Hövsan qəsəbəsində, dəniz qırağında tapdığını bildirmişdir. Məhkəmədən əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edərək ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə təqsiri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə bərabər, toplanmış və tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Verilən ittihamla yalnız əməlin tövsifi hissəsində razılaşmamış, istintaq zamanı, həmçinin məhkəmədə əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CPM-nin 234.1-ci ilə özünü təqsirli bilir, törətdiyi əmələ görə peşmandır. Təxminən üç ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 17 fevral 2022-ci il tarixdə tanışı X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində dəniz kənarında balıq tutarkən iki büküm narkotik vasitə tapmış istifadə etmək məqsədi ilə bir bükümünü Əli Həsənov, digər bükümü isə o cibinə qoymuşdur. Bir neçə saat sonra Abşeron rayonu, Saray qəsəbəsində piyada hərəkət edərkən iki nəfər yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onların narkotik vasitə olan heroindən istifadə etməkdə və üzərilərində gəzdirməkdə şübhəli olduqlarını demiş, daha sonra Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə getməli olduqlarını söyləmişlər. Bu səbəbdən onlarla birlikdə X5 inzibati binasına getmiş, bölmədə ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkilişlə, dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Bu zaman o könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxardığı bir bükümdə narkotik vasitə heroini təqdim etmiş, həmin bükümün içərisində nə olduğu soruşulduqda narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin büküm onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 19 radələrində tanışı X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində dəniz kənarında balıq tutan zaman tapmışdır. Həmin narkotik vasitəni tapan zaman iki büküm olduğu üçün birini Əli, digər bükümü isə o əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin narkotik vasitədən heç kimə satmamış, hədiyyə verməmiş, öz istifadəsi üçün üzərində saxlamışdır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Şahid1 bildirdi ki, X3 və Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitələri qəbul etməsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə 17 fevral 2022ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 22 radələrində o, Şahid2la birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində piyada hərəkət edən X4 və Təqsirləndirilən şəxs yaxınlaşaraq onlara narkotik vasitələri istifadə etməkdə və üzərlərində saxlamaqda şübhəli olduqlarını bildirərək onları Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. X6 və Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə Saray polis bölməsinə getmişlər. Əvvəlcə xidməti otaqların birində Əli Həsənovun üzərinə baxış keçirilmiş, Əli Həsənov bir ədəd şəffaf rəngli sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, bu sənədləşdirilmişdir. Əli Həsənov təqdim etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxslə birlikdə Hövsan qəsəbəsində dəniz kənarında balıq tutan zaman tapdıqlarını və istifadə etmək məqsədilə cibinə qoyduğunu bildirmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxardığı bir ədəd şəffaf rəngli sellofanın içərisində olan tünd sarımtıl rəngli narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Əli Həsənovla birlikdə Hövsan qəsəbəsində dəniz kənarında balıq tutan zaman tapdıqlarını və istifadə etmək məqsədilə cibinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq üzəri möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra ona qarşı heç bir fiziki və digər təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 17 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 34, 47-48) İş materiallarında olan 17 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində hər hansı qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxardığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş, tünd sarımtıl rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Əli Həsənovla birlikdə Hövsan qəsəbəsində dəniz kənarında balıq tutan zaman 2 bükümdə narkotik vasitə tapdıqlarını və istifadə etmək məqsədilə hərəsi birini götürdüyünü bildirmişdir. (i.v 49-50) İş materiallarında olan "Diskə baxış keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi təsdiqini tapmışdır.(i.v 163) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə Abşeron Rayon Polis İdarəsinin X5 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 51) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2022-ci il tarixli, 6/1012 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi olan “...(imza) Qarayev. A...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,994 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir.(i.v.64-69) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli, 1576 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.208-209) İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən edilən zənglərin, daxil olan və çıxan SMS-lərin mətni, siyahısı, vaxtı, müddəti, əhatə dairəsi, nömrə sahibləri və digər anten məlumatları barədə məlumatlarla əlaqədar "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-5581/22 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (i.v. 203) İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 4(012)-104/2022 saylı xx.xx.2022-ci l tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci ildən hesablanmaşdır.(i.v 126-130) İş materiallarında olan sənədlərdən görünür ki, X6 xx.xx.2022-ci ildə Abşeron Rayon Polis İdarəsinin X5 əməkdaşları tərfindən Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış, onun üzərinə baxış keçirilmiş, üzərindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, tünd sarımtıl rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. 03 may 2022-ci il tarixdə ********* nömrəli cinayət işindən X6 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunmuş və ayrıca icraata qəbul edilmişdir. (i.v.3-30, 222-223) İş materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2022-ci il tarixli və “Sübutların qiymətləndirilməs haqqında” xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,944 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlanması otağına təhvil verilmişdir. Abşeron Rayon Polis İdarəsinin X5 əməkdaşları tərfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu videogörüntü olan bir ədəd disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-5581/22 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (i.v 51, 142-143, 181, 210-220) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Qarayev X1 rayonu, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3, mənzil 30-da yaşayır, yaşadığı müddətdə 11 saylı MKİSnə barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 150) İş materiallarında olan arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009 və xx.xx.2013-cü il təvəllüdlü 2 uşağı var.(i.v 149, 151- 152) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v165-166) “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. İşdə əsas sübutlardan biri videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarətdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Saray qəsəbəsində qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə gətirilməsi və üstünə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə 3,994 qram çəkidə narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi təsdiq edilir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilən zaman verilən suallara cavab olaraq bildirmişdir ki, hər hansısa qanunsuz hərəkətlərə məruz qalmamış, polislər tərəfindən onun üzərinə hər hansısa qanunsuz əşya qoyulmamış, narkotik vasitəni tapmışdır, şikayəti yoxdur. İşin halları, Təqsirləndirilən şəxs üzərində 3,994 qram çəkidə narkotik vasitə heroinin aşkar olunması onun satış məqsədini təsdiq edir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs döyülməsə də, qorxması və bu səbəbdən etmədiyi əməli etiraf etməyə məcbur olması ilə bağlı göstərdikləri tam, obyektiv və hərtərəfli qaydada, digər sübutlarla müqayisə edilməklə araşdırılmış, amma təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, o məsuliyyətdən yayınmaq və özünü müdafiə etmək üçün bu cür ifadə verir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı olmasını və ilk dəfə məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 81(səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,944 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən alınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 17 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin “Maddi sübutların saxlanılması otağı”na təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,944 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən alınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fikrət Əliyev Hakimlər: Fəhmin Hümbətov Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar