Məhkəmə qərarları › İş №1(124)-336/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-336/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-336/2023 20.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2005-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 17-ci mikrorayon ev 66 mənzil 56-da qeydiyyatda olub, Sumqayıt şəhəri 17ci mikrorayon ev 16 mənzil 10-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 07 sentyabr 2022-ci il tarixdə, saat 02 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən 4 nömrəli tam orta məktəbin qarşısında aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən bir dəfə zərbə endirməklə, sonuncuya döş qəfəsinin sol yarısının boşluğa keçən kəsilmiş-deşilmiş, sol tərəfli hemopnevmotoraks kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş zərər çəkmiş və şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəl yaşadığı məhəllədən tanımışdır. O, hadisə günü 4 nömrəli məktəbin qarşısında dayandığı zaman Asif ona zəng etmiş və harada olduğunu soruşmuşdur. O, isə ona 4 nömrəli məktəbin qarşısında olduğunu söyləmişdir. Daha sonra o, onun olduğu yerə gəlmiş, onlar danışarkən sözləri düz gəlməmiş, Asif, ona söyüş söydüyü üçün onu bıçaqlamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, bıçağı evdən götürmüş, özünü qorumaq məqsədilə üzərində gəzdirmişdir. Asif ona zəng etdikdən sonra o evə gedib bıçağı götürmüşdür. Onların arasında mübahisə zarafat üstündə olmuşdur. Asiflə aralarında mübahisə olacağından, ona gücü çatmayacağından ehtiyat etdiyi üçün bıçağı özü ilə götürmüşdür. Əməlindən çox peşmandır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onların arasında əvvəldən mübahisə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsi əvvəldən tanımış, onun 24 yaşı olmuşdur. Asifin etdiyi zarafat onun xoşuna gəlməmiş, onu itələmiş və bu zaman o “Sən niyə məni itələdin” demiş və bundan sonra mübahisə başlamışdır. Asif onu taxta ilə vurduğu üçün ona gücü çatmayacağını düşünərək bıçaqla sonuncuya xəsarət yetirmişdir. Asif taxtanı 4 nömrəli məktəbin qarşısından götürmüşdür. Asif onu taxta ilə vurmaq istəyərkən zərbələrin çoxu onları aralayan Nicat ilə Turala dəymiş, onun isə qoluna xəsarət yetirmişdir. O da Asifə bir dəfə xəsarət yetirmişdir. İstifadə etdiyi bıçaq açılıb-bağlanan olmuş, bıçağı Bakı şəhərindən almışdır. Elektron məhkəmə sistemindən əldə edilmiş “Sərhədkeçmə məlumatları”dan aydın olur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əmisigil ilə birlikdə yaşayır. Atası Almaniyada müalicə alır, anası ilə atası təxminən 10 il bundan öncə ayrılmışlar. Şahid2 və Təqsirləndirilən şəxs çoxdan tanıyır, dost münasibəti vardır. Şahid1 yay ayından tanıyır, normal münasibəti vardır. 06 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində Tural ilə görüşmüş, axşama qədər birlikdə vaxt keçirmişlər, saat 17 radələrində marketdən “Go” adlı spirtli içki alıb qəbul etməyə başlamış, gecə saat 01 radələrində Turala demiş ki, Nicatla əlaqə saxlayıb harada olduğunu soruşsun, Tural da Nicatla əlaqə saxlamış, Nicatın 4 nömrəli məktəbin həyətində olduğunu demişdir. Bir yerdə oraya getmişlər və Nicatın yanında Eminin də olduğunu görmüşlər. Bir müddət ümumi söhbət etməyə başlamışlar. Bundan sonra Eminlə əl-qol zarafatı etməyə başlamış, həmin vaxt Emin ona zarafatı yığışdırmasını, biraz ciddi olmasını demiş, bu söz ona təsir etmişdir. O, Eminə balaca olduğunu, onunla ciddi danışa bilməyəcəyini demiş, bundan sonra özünü saxlaya bilməyib Emini söymüşdür. Həmin vaxt Emin belindən bıçaq çıxararaq üzərinə gəlmiş, o da bu zaman yerdən taxta parçası götürmüş, Emin onun sol sinə nahiyəsindən bir dəfə vurmuş, o da taxta ilə onu vurmuşdur. Bundan sonra o, bədənindən qan axdığını görmüş, həmin vaxt pilləkəndə əyləşmiş və Tural gəlib koftasını qaldırıb baxmış, həmin vaxt Emin qanı görüb qorxduğundan qaçaraq uzaqlaşmış, Tural da təcili tibbi yardıma zəng etmiş və bir müddət sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılaraq əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs həmçinin ifadəsində aralarında olan söhbətin ucadan olmadığını və səs-küy yaranmadığını, hadisə zamanı ətrafında ancaq dostları Nicat və Turalın olduğunu, hadisəyə Tural və Nicatın şahidlik etdiklərini və hadisənin təxminən 5 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günü o Zərərçəkmiş şəxsla birlikdə Şahid1 yanına getmiş, bu zaman Təqsirləndirilən şəxs orada olmuş və onlar söhbət etmişdirlər. Bir anda Emin ilə Asif arasındakı söhbət davaya çevirilmişdir. Belə ki, Asifin etdiyi zarafat Eminə pis təsir etmiş və onların arasında mübahisə başlamışdır. Mübahisə zamanı Asif Eminə söyüş söymüş, daha sonra Emin bıçaqla Asifə xəsarət yetirmişdir. Emin ilə Asif zarafatlaşarkən o, telefon ilə məşğul olmuş, bir anda onlar arasında mübahisə yarandığını görüb araya girmişdir. Mübahisə zamanı Emin Asifə bıçaqla xəsarət yetirmişdir. Emin ilə Asif dalaşdığı zaman o və Nicat onları aralamağa çalışmışdırlar. Mübahisə zamanı Asif taxta ilə Emini vurmağa çalışmışdır. Asif həmin taxtanı yoldan götürmüşdür. Onları aralayarkən taxta onun qoluna da dəymişdir. Həmin taxta parçasının ölçüsü təxminən 30 sm olmuşdur. Mübahisə zamanı o Emini, Nicat isə Asifi saxlamağa çalışmış, lakin Nicatın Asifi saxlamağa gücü çatmamışdır. Asif taxta ilə Emini 2-3 dəfə vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü təxminən axşam saat 23 radələrində məktəbin qarşısında oturduğu zaman Təqsirləndirilən şəxs yanına gəlmişdir. Daha sonra Asif ona zəng edib harada olduğunu soruşmuş, o, isə məktəbin qarşısında olduğunu dedikdə o, yanına gələcəyini söyləmişdir. Emin ilə Asif söhbət edib zarafatlaşarkən bir anda bir-birilərinə söyüş söymüşdürlər. Bu zaman Emin evinə tərəf qaçmış, onlar onun qayıtmayacağını düşünmüş, lakin Emin evdən bıçaq götürüb yanlarına gəlmişdir. Mübahisə zamanı Asif Eminə qarşı ağır söyüş söymüşdür. Bu zaman o, Asifi, Tural isə Emini saxlamış, lakin Emin bir anda bıçaqla Asifə xəsarət yetirmişdir. O, da Emini sakitləşdirmək üçün onu məktəbin həyətindən çıxartmışdır. İlk olaraq Asif Eminə söyüş söymüşdür. Zərər çəkən şəxsin əlində taxta olmuş, həmin taxta ilə Emini dəfələrlə vurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 11 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən 4 nömrəli tam orta məktəbin qarşısıdır. Cinayət işinin materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq götürülərək baxış keçirilmişdir. Bıçağın ümumi uzunluğunun 21.5 sm, tiyəsinin parlaq açıq qəhvəyi rəngli metaldan hazırlanması, tiyənin uzunluğunun 9.5 sm olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 4 saylı orta məktəbin qarşısında hadisəni törətdiyi yeri göstərir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 1509 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemopnevmotoraks xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarət deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 3633 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən hər hansı psixi xəstəlik keçirməyib, Təqsirləndirilən şəxs hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 568-MTKŞ/2022 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş X1 məxsus köynəyin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 3/1638 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 23 noyabr 2022-ci il tarixli, 715/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş kofta üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrupu göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə A beta /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. “Sübutların qiymətləndirilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək maddi sübut kimi tanınanaraq saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 13 sentyabr 2022-cil tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı turist bıçağı ilə qəsdən sonuncunun döş qəfəsinin sol yarısının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemopnevmotoraks ilə nəticələnən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi cinayət əməlinin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və ona dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum edilməməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında izah olunur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, lakin onun ittiham olunduğu əməli törədərkən və hazırda yetkinlik yaşına çatmadığını, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla onu cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək tutulmuş, 09 sentyabr 2022-ci il tarixdə barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan- Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək özünə qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılarkən yetkinlik yaşına çatmamış şəxs olmaqla mütəqil əmək haqqı və əmlakının olmadığını nəzərə alıb onun yuxarıda qeyd olunan məhkəmə məsrəfindən azad edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilsin, 01 ədəd köynək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. Dövlət büdcəsi hesabına məhkəmə-ballistik ekspertizasının keçirilməsinə sərf olunmuş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar