Məhkəmə qərarları › İş №1(124)-336/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-336/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-336/2024 17.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası, Quqark şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2mış, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,715 qram narkotik vasitə heroini və 1 (bir) ədəd qara rəngli “Aosai” markalı üzərində narkotik vasitə izləri olan elektron tərəzini əldə etmiş, xx.xx.2023-cü il tarixdə saat 19:20-də Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfi Hacıyev küçəsində yerləşən musiqi məktəbinin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə, külli miqdarda - təmiz çəkisi 2,715 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd qara rəngli “Aosai” markalı üzərində narkotik vasitə izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda xx.xx.2023-cü il tarixdə saat 19:20-də Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfi Hacıyev küçəsində yerləşən musiqi məktəbinin yaxınlığında saxlanılması göstərilsə də, əslində həmin tarixdə günorta radələrində öz yaşadığı evin girişində faktiki ər-arvad münasibətində olduğu Şahid3 ilə birlikdə olarkən saxlanılaraq polis idarəsinə gətirilmiş, polis idarəsində ona edilmiş həm fiziki təsir, həm də psixi təzyiq nəticəsində ona aid olmayan narkotik vasitəni boynuna almağa məcbur edilmişdir. Belə ki, əvvəla polis əməkdaşları tərəfindən döyülmüş, fiziki ağrılara məruz qalmış, daha sonra əgər onların dediklərini qəbul etməsə faktiki ər-arvad münasibətində olduğu Şahid3 da məsuliyyətə cəlb ediləcəyi ilə hədələnmiş, belə olub üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olması barədə ifadə vermək məcburiyyətində qalmışdır. İstintaq təcridxanasına qəbul edilən zaman üzərində xəsarətlər olmuş, həmin xəsarətləri harada alması ondan soruşulduqda, polis əməkdaşları tərəfindən ona yetirildiyini bildirmişdir. Belə olub, prokurorluğa məlumat verilmiş, prokurorluğun əməkdaşı təcridxanada olduğu zaman ora gələrək onun izahatını almış, bu xüsusatla bağlı prokurorluqda araşdırma aparılmışdır. Lakin aparılan araşdırmanın nəticəsindən xəbərsizdir, çünki ona bildirilmişdir ki, həmin araşdırmanın nəticəsində qəbul olunan qərar məhkəməyə göndərilən cinayət işində olur. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə polis əməkdaşları tərəfindən döyülməsi barədə heç bir məlumat verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni qəbul etmir, çünki həmin ifadəni polis əməkdaşlarının dedikləri əsasında vermişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərarın qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, instagram sosial şəbəkəsində kimliyini bilmədiyi İran İslam Respublikasının vətəndaşı Asəf adlı şəxs ilə tanış olmuşdur. Bundan sonra onunla whatsapp sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb ondan narkotik vasitə alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə gecə saatlarında İran İslam Respublikasının vətəndaşı ilə Asəf adlı şəxs ilə whatsapp sosial şəbəkə vasitəsi ilə danışmış və ondan 100 manat dəyərində narkotik vasitə heroin istəmiş və pulu həmin şəxsin ona göndərdiyi kart hesabına göndərmişdir. İran vətəndaşı da ona onların razılaşmasına əsasən Müşfiq qəsəbəsinə qoyduğunu bildirmiş və həmin yerin şəklini yollamışdır. Həmin ünvanı biləndən sonra həmin ünvana gedib oradan 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini götürüb yaşadığı ünvana gəlmişdir. Qeyd etmək istəyir ki, o, yaşadığı ünvanda qeyri rəsmi yaşadığı Şahid3 ilə birlikdə yaşayır. Lakin Şahid3 onun narkotik vasitələrdən istifadə etməyi barədə heç bir məlumatı yoxdur. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfi Hacıyev küçəsində yerləşən musiqi məktəbinin yaxınlığında qeyri rəsmi yaşadığı Şahid3 ilə birlikdə olan zaman ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişlər və onu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğu üçün polis idarəsinə dəvət etmişlər və o, da etiraz etməyərək onlarla birlikdə etiraz etməyərək polis idarəsinə gəlmişdir. Həmin zaman qeyri rəsmi yaşadığım Şahid3 da gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynində olan şalvarının sağ yan cibində olan bir ədəd bükümü və bir ədəd elektron tərəzini həmçinin sol yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefonu təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə “herion”-ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə gecə saatlarında İran İslam Respublikasının vətəndaşı ilə Asəf adlı şəxs ilə whatsapp sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığını, ondan 100 manat dəyərində narkotik vasitə heroin istədiyini və pulu həmin şəxsin ona göndərdiyi kart hesabına göndərdiyini, İran vətəndaşının onların razılaşmasına əsasən Müşfiq qəsəbəsinə qoyduğunu və həmin yerin şəklini yolladığını, həmin ünvana gedib oradan 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini götürüb yaşadığı ünvana gəldiyini bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin maddə tərəziyə qoyulub çəkilən zaman bükümün çəkisinin 3.02 qram olduğu müəyyən edilmişdir. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 4yan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində Sumqayıt şəhəri, 6-cı mkrorayon, Zülfi Hacıyev küçəsində yerləşən musiqi məktəbinin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. Polis idarəsində videoçəkilişlə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd içərisində “kokos adlanan narkotik vasitə olan sellofan büküm, bir ədəd elektron tərəzi və 01 ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq əvvəllər bu şəxs barəsində əməliyyat məlumatı daxil olmadığını, daxil olan məlumatla bağlı əməliyyatqeydiyyat işi açılmadığını, saxlanılan zaman şəxsin polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, ona güc tətbiq olunmadığını, ona qarşı heç bir işgəncə və qeyri-insani rəftara yol verilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yay aylarında tarixini dəqiq xatırlamadığı gün günortadan sonra faktiki ərarvad münasibətində olduğu Təqsirləndirilən şəxslə bazarlıq edib evə qayıdan zaman musiqi məktəbinin yanında polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğunu qeyd edib onları polis idarəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, səhv etmirsə saxlanılan zaman günortadan sonra olmuş, saxlanılan zaman onlara qarşı heç bir təzyiq və təsir olmamışdır. Polis şöbəsində ona qarşı heç bir təzyiq göstərilməmişdir. Hazırda da məhkəmə istintaqında ifadə verərkən və ya ondan öncə ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Heç kim ona ifadəsini təqsirləndirilən şəxsin ziyanına vermək üçün ona təzyiq etməmişdir, o nə görmüşdürsə onu qeyd edir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə (Təqsirləndirilən şəxs saxlanılma vaxtı ilə bağlı) məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, “... xx.xx.2023-cü il tarixdə təxminən saat 19:20 radələrində o, Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən musiqi məktəbinin yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşıb Rövşənin narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində bildirib Rövşəni Sumqayıt ŞPİ-nə dəvət etmişlər, həmin vaxt o, Rövşənin yanında olduğundan o, da polis idarəsinə dəvət olunmuş və o, da etiraz etməmişdir. O, konkret olaraq saxladınıqları zaman Rövşənin üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır.” Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra şahidə ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxslə saxlanıldığı yer musiqi məktəbinin yanı olmuş, saatını dəqiq xatırlamasa da, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstədiyi vaxt ola bilər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə Rövşən adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1982-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan və Sumqayıt şəh., 6-cı mkr., ev 3, m. 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan və Sumqayıt şəh., 6-cı mkr., ev 3, m. 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan və Sumqayıt şəh., 6-cı mkr., ev 3, mən. 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs və X7 həmin tarixdə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən musiqi məktəbinin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə, külli miqdarda - təmiz çəkisi 2,715 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütlə və 1 (bir) ədəd qara rəngli “Aosai” markalı üzərində narkotik vasitə izləri olan elektron tərəzi aşkar olunmuş, aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 29-30). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 6/3336 saylı rəyindən görünür ki, “Saxlanılan şəxs 1. “imza” Təqsirləndirilən şəxs ... ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 2,7415 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş 1 (bir) ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmamışdır (cild 01, iş vər. 38-41). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və elektron tərəzini haradan və kimdən əldə etməsi, eləcə də narkotik vasitələri kimlərə satıb-satmaması, bundan başqa əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub olmaması, həmçinin onun həyat tərzi, cinayət əlaqələri, bundan əlavə hər-hansı cinayətin törədilməsində iştirakının olub-olmaması əməliyyat tədbirləri ilə yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması və ya onda aşkar olunmuş narkotik vasitə olan heroini satacağı şəxs və ya şəxslərin şəxsiyyəti və olduğu yerin müəyyən edilməsi istiqamətində heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 01, iş vər. 83). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qurğusu (“diskovod”) vasitəsilə oxudarkən müəyyən edilir ki, həmin diskdə 02 ədəd Zənglərin detallaşması və 02 ədəd Nömrənin məxsusluq tarixçəsi formatında fayl vardır. Nömrənin məxsusluq tarixçəsi 1-ci formatında faylda birinci misrada ***-***-**-** mobil telefon nömrə Şahid2 məxsus olduğu görsənir və 1 səhifədən ibarətdir. 2-ci formatında faylda birinci misrada ***-***-**-** mobil telefon nömrə X8 məxsus olduğu görsənir və 1 səhifədən ibarətdir. Zənglərin detallaşması 1-ci formatında faylda ikinci səhifədə isə ***-***-**-** mobil telefon nömrə xx.xx.2023-cü il tarixdə saat 19:11:48 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon və Heydər Bağı parkı arasındakı ərazidə, Z.Hacıyev küçəsindəki bina ünvanında olması görsənir. Qeyd olunan tarixdə saat 19:20:00 radələrində məlumat görsənmir. 19:55:20 radələrində ünvan 9 ünvanında olması görsənir və 7 səhifədən ibarətdir. Zənglərin detallaşması 2-ci formatında faylda ikinci səhifədə isə ***-***-**-** mobil telefon nömrə xx.xx.2023-cü il tarixdə saat 19:19:20 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon və Heydər Bağı parkı arasındakı ərazidə, Z.Hacıyev küçəsindəki bina ünvanında olması görsənir. Qeyd olunan tarixdə saat 19:20:00 radələrində məlumat görsənmir. 19:36:03 radələrində ünvan 9 ünvanında olması görsənir (cild 01, iş vər. 95-97). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2023cü il tarixli, 4164 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 109-110). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.2, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 115-122). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin şəxsi işindən götürülmüş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmiş və xx.xx.2023-cü il tarixdə müayinə olunan zaman onun sol çiyin nahiyəsində 2 ədəd və hər iki sarğı nahiyədə 2 ədəd bənövşəyi rəngli qançır aşkar edilmiş, şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərlə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmış və qeyd olunan xüsusatlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Rövşən adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1982-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan və Sumqayıt şəh., 6-cı mkr., ev 3, m. 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş kütlə məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni musiqi məktəbinin yanında deyil, evinin girişində saxlanılması, axşamüstü 19 radələrində deyil, günorta radələrində saxlanılması, polis əməkdaşları tərəfindən döyülməsi, təsir və təzyiqlərə məruz qalması, aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, ər-arvad münasibətində olduğu xanımın məsuliyyətə cəlb olunması ilə hədələndiyi üçün məcbur qalıb etirafedici ifadə verməsi barədə müdafiəçisinə heç bir söz deməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə bildirməmiş, əksinə narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, tərəzini isə narkotik vasitənin miqdarında aldanmamaq üçün avtomobilində gəzdirdiyini, saxlanılarkən hər hansı fiziki və psixi təsirə məruz qalmadığını bildirmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş telefon məlumatlarından çıxarışdan da görünür ki, sözügedən tarixdə (xx.xx.2023-cü il) və sözügedən saatda (saat 19 radələrində) Təqsirləndirilən şəxs və onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının istifadəsində olan mobil telefon aparatlarının məhz Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində olması müəyyən olunur. Digər tərəfdən, əməliyyat tədbirinin keçirilməsi nəticəsində əldə olunacaq məlumatda heç bir marağı olmayan, bir növ neytral şəxs olan, hətta təqsirləndirilən şəxslə faktiki ər-arvad münasibətlərində olması səbəbi ilə onun xeyrinə ifadə vermə ehtimalı olan Şahid3 məhkəmə istintaqı zamanı heç bir təzyiq altında qalmadan, öz azad iradəsi ilə şahid qismində verdiyi ifadəsində onların, yəni onun və Təqsirləndirilən şəxs məhz xx.xx.2023-cü il tarixdə axşamüstü radələrində Sumqayıt şəhəri, 6-cı mkrorayon ərazisində yerləşən musiqi məktəbinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, sözügedən xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir. Beləliklə, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, həmin məhkumluqları ödənmişdir. Sonuncu dəfə isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəzasına hesablanmaqla çıxılmış və üzərində 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır, hazırda həmin hökm qanuni qüvvəsini almış və icraya yönəldilmişdir, şəxs faktiki olaraq xx.xx.2024-cü il tarixdə həmin cəzanı çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırda Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl onun törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyindən, onun əməllərində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmçinin, sözügedən həmin qərarın təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu ilə cəza təyin edilməli, onun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunan 06 ay müddət azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmaqla qəti cəzadan həmin cəza çıxılmaqla onun üzərində yekun azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 20, 69-71). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,665 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd ədəd “Xiomi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunan 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunan 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın və hazırki hökmlə ona qəti olaraq təyin olunan 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasından həmin 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası çıxılaraq onun üzərində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,665 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd ədəd “Xiomi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar